Balakən: sabah və gələcək
üçün nəzərdə tutulan proqramlar icra edilir
Bölgə müxbiri
kimi bir neçə zonada fəaliyyət göstərmişəm.
İstənilən zonadan qəzet materialı hazırlayanda nədənsə
mütləq tələbəlik illərimizi, universitet
auditoriyasında öyrəndiyimiz bilikləri, konkret
faktları xatırlamışam. Həmin faktların əksəriyyətini
müxtəlif yazılarda qələmə alsam da, çoxunu
dostlar, yoldaşlar arasında danışıb şirin xatirə
kimi yada salmışıq. Bu yaxınlarda tələbəlik
dostum Rauf Ağayevlə söhbətimiz zamanı həmin
xatirələri yenə də yada saldıq. Daha doğrusu,
Rauf mərhum müəllimimiz Nəsir İmanquliyevin bizə
verdiyi bir tövsiyəni yada salaraq soruşdu ki, indi həmin məqamlar
köməyinə çatırmı?
Həmin məqamlar nədən ibarət idi? “Baku” və “Bakı” axşam qəzetlərində bir şöbədə çalışırdıq. Bir gün yenə hansı yazı iləsə bağlı Nəsir müəllim bizi yanına çağırdı. Xeyli danladı. Dedi ki,“Bakı” qəzetində işləməyimizə baxmayaraq, Azərbaycanın tarixini, coğrafiyasını da dərindən bilməlisiniz, çünki sabah hansısa dövlət qəzeti sizi bölgə müxbiri kimi rayonlara göndərə bilər. O zaman konkret vəzifəni yerinə yetirmək əvəzinə həmin bölgənin spesifik xüsusiyyətlərini öyrənməli olacaqsınız. Ona görə də... Bax elə indi sizə bir sual verim, – deyə, – Nəsir müəllim söhbətinə davam etdi: – Antik yunan coğrafiyaçısı Strabon Azərbaycanın rayonlarından biri haqqında “Məbədlər diyarı” ifadəsini işlədib. O, hansı rayondur?
Doğrusu, özünü “çoxbilmiş” sayan bizlər üçün bu çətin sual idi. Ona görə də bizi bu vəziyyətdən Nəsir müəllimin özü çıxardı: “Bu ifadə Balakən rayonu haqqında deyilib”. Aradan neçə illər keçib. Və hər dəfə Balakənə gələndə həmin unudulmaz gün düz gəlib gözümün önündə dayanır.
Sonuncu görüşümüzdə Rauf məndən bu məqamları soruşurdu və ona görə də elə o zamankı kimi cavab verdim:
– Xəbərin yoxdur, gəl öz gözlərinlə gör. “Məbədlər diyarı”nın sakinləri bu gün Balakəndə yeni məbədlər, bugünkü həyatımızı özündə əks etdirən tarixi abidələr yaradırlar. 1200 metr uzunluğunda kanat yolu, 72 metr hündürlüyündə bayraq qülləsi, son üç ildə əsrin dörddə birində tikilmiş məktəblərdən üç dəfə çox məktəb binası...
Rauf sözümü kəsdi:
– Və sairə....
– Bəli, və sairə.
Həmin “və sairə”nin nələrdən ibarət olduğunu ancaq son aylar Balakəndə olmuş adamlar təsəvvür edə bilərlər. Cənubi Qafqazın təbii gözəlliklərinin ümumiləşdirilmiş nümunəsi kimi təsir bağışlayan Balakən, bəlkə də, MDB məkanının ən iti sürətlə inkişaf edən bölgəsinə çevrilir. Bütün bu təəssüratlar haqqında, ən başlıcası, Balakənin inkişafını təmin edən sadə insanların zəhmətinin qəzetçilik baxımından qiymətləndirilməsi üçün hələ yanvar ayının ikinci yarısında bir yazı hazırlamaq istəyirdim. Kifayət qədər faktlar və rəqəmlər də toplamışdım. Ancaq rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov bu təklifin bir qədər təxirə salınmasını istədiyini bildirdi:
– Gəlin, kampaniyaçılıqdan uzaq olaq. Belə çıxmasın ki, biz əldə etdiyimiz nailiyyətlərə hesabat xatirinə, yaxud mətbuatda təbliğ olunmaq üçün can atmışıq. Qətiyyən elə deyil. Biz illik fəaliyyətimizi qiymətləndirək, növbəti ildə qarşıda duran vəzifələri müəyyənləşdirək, nəyin yaxşı, nəyin pis olduğunu öyrənək, sonra istəsəniz yazarsınız.
Başçının fikirlərinə diqqətlə qulaq asandan sonra “kampaniyaçılıqdan uzaq olaq” ifadəsini bir neçə dəfə götür-qoy etdim. Doğrudan da, Asif müəllim öz fəaliyyətini gözə soxan, gördüyü işin qiymətləndirilməsini istəyən adamlardan deyil. Bunu mən əvvəllər də bilirdim. Amma... qərəz, “Balakən” qəzetində rayon icra hakimiyyəti aparatının hesabatı ilə bağlı ümumrayon yığıncağı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini oxuduqdan sonra bu sətirləri yazmaq qərarına gəldim. Daha doğrusu, müraciətdəki bəzi ifadələr Balakənin 2008-ci ildəki ictimai-siyasi həyatı barədə elə dolğun təəssürat yaradırdı ki, artıq heç bir kampaniyaçılıqdan söhbət gedə bilməzdi: “Cənab Prezident! 15 sentyabr 2008-ci ildə Balakənə ikinci səfəriniz rayon əhalisinin hafizəsində xoş xatirə kimi yaşamaqdadır. Həmin gün rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki proqram xarakterli nitqiniz, Balakəndə görülən işlərə verdiyiniz yüksək qiymət balakənliləri daha da səfərbər edərək yeni qələbələr uğrunda mübarizəni gücləndirmişdir. Rayonda yaradılmış sabit ictimai-siyasi durum işgüzarlığın artırılmasına, sosial-iqtisadi sahədə inkişafa, rayon mərkəzində və kəndlərdə çoxsaylı tikinti-abadlıq işlərinin aparılmasına müsbət təsirini göstərir”.
Bu yazıda məhz həmin sosial-iqtisadi inkişaf və tikinti-abadlıq işlərini özündə əks etdirən bəzi məqamlara diqqət yetirmək istəyirik. Buradakı “bəzi” sözü təsadüfən işlədilmədi. Çünki sözün həqiqi mənasında Balakənin sosial-iqtisadi həyatının bütün faktlarını işıqlandırmaq mümkün deyil. Ona görə də bəzi məqamlara diqqət yetirək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin aprelində Balakənə səfərdən sonra imzaladığı “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bu rayonda möhtəşəm tikinti-quruculuq işləri həyata keçirilibdir. Təkcə ötən il sentyabrın 19-da Prezident İlham Əliyevin Balakənə səfəri zamanı 9 mühüm obyektin açılışı oldu, 2 obyektə isə baxış keçirildi. Rayon mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yaradılmış 1200 metr uzunluğunda kanat yolunun ilk sərnişinlərinin məhz dövlət başçısı və onun xanımı Mehriban Əliyevanın olması bu mühüm sosial obyektin tikintisində iştirak etmiş hər kəsin sevincinə səbəb olmuşdu. Təxminən 8 kilometrə yaxın (7700 metr) məsafədən, Siltikçay su mənbəyindən rayon mərkəzinə çəkilmiş yeni su xəttinin və yuxarıda qeyd etdiyimiz park kompleksinə daxil olan Heydər Əliyev muzeyinin açılışını da dövlət başçımız etmişdi.
Qeyd edək ki, 2008-ci ildə Balakəndə inşa edilmiş Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ərazisinə görə regionda ən böyük parklardan biridir. Burada kaskad pilləkən, uşaqların və gənclərin istirahəti və əyləncəsi üçün voleybol, basketbol, futbol meydanları tikilib, xaricdən gətirilmiş karusel quraşdırılıbdır. Parkın ərazisi tam abadlaşdırılıb, yaşıllıqlar salınıbdır. Burada 520 ədəd iri, 2500 ədəd 2 metrədək həmişəyaşıl ağaclar, 2000 ədəd bəzək kolları və dekorativ ağaclar əkilibdir. Park tam işıqlandırılıb, kommunikasiya və su xətləri çəkilibdir. Mərmərdən inşa edilmiş hovuz və fontan ərazinin gözəlliyini daha da artırır. Turistlər, qonaqlar və ümumiyyətlə, buraya üz tutan hər kəs park ərazisindəki kafe, qonaq evi, nikah evi, açıq havada yaradılmış konsert səhnəsini yüksək qiymətləndirir. Buradakı 5 mərtəbəli mehmanxananın da istifadəyə veriləcəyi gün yaxınlaşır. Ondan sonra Balakənin qonaqları daha çox olacaqdır.
Azərbaycan Prezidentinin ölkədə çoxsaylı yeni iş yerləri yaradılması barədə tövsiyə və tapşırıqları Balakəndə yüksək səviyyədə icra edilibdir. Təkcə 2008-ci ildə 209 daimi, 608 müvəqqəti, 800-dən çox mövsümi iş yerləri yaradılıbdır. İstehsal obyektləri olan yem və konserv zavodlarının işə salınması (həmin müəssisələrin işə düşməsini bildirən düyməni məhz dövlət başçısı basmışdır) yerli sakinlər üçün kifayət qədər iş yeri yaradıb, aqrar rayon olan Balakəndə kənd təsərrüfatının inkişafına böyük təkan veribdir. Bu məqamda qeyd edək ki, il ərzində balakənli fermerlər Bakı şəhərinə 111 ton kənd təsərrüfatı məhsulu göndəriblər. Yenidən qurulmuş, müasir memarlıq elementləri ilə zəngin olan avtovağzal binasının açılışı olubdur. Bu avtovağzalda Balakənə gələn və buradan gedən sərnişinlər üçün lazım olan hər cür şərait yaradılıbdır. Elə 2008-ci ildə istifadəyə verilən ticarət mərkəzi də çoxsaylı yeni iş yerlərinin yaradılması ilə yadda qalır. Burada ticarət obyektləri ilə yanaşı məişət və ictimai-iaşə obyektləri də nəzərdə tutulubdur. Ərazi tam abadlaşdırılıb, avtomobil dayanacağı və istirahət zonası yaradılıbdır. 325 çarpayılıq xəstəxananın və Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.
2008-ci ildə həyata keçirilmiş tikinti-quruculuq işləri Balakəni, demək olar ki, başdan-başa tikinti meydanına çevirmişdi. Mənim yadımdadır, ilin 9 ayının yekunları ilə bağlı material hazırlayarkən Asif müəllimlə bir neçə obyektə birlikdə baş çəkmişdik. Oktyabrın sonları olmasına baxmayaraq, qeyd edim ki, ötən il payız yağışları çox erkən düşmüşdü, Balakənin istənilən küçəsində tikinti, inşaat işləri davam edirdi. O vaxt mən bu müşahidəmi dilə gətirəndə Asif müəllim demişdi ki, fəsili, yağmuru ancaq bəhanə axtaranlar tez-tez yada salarlar. İş görmək istəyənlər isə bütün fəsillərdə və bütün havalarda öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Mən həmin ifadənin təsdiqini bu sətirləri qələmə almaq üçün Balakənə gedəndə də gördüm. Fevral ayı olmasına baxmayaraq tikintisi başa çatmayan obyektlərdə inşaat işləri yüksək templə davam etdirilirdi.
Yeri gəlmişkən, ötən il təkcə yuxarıda qeyd etdiyimiz və ya etmədiyimiz çoxsaylı tikinti obyektlərinin başa çatması ilə deyil, eləcə də daha bir neçə mühüm obyektin tikintisinin başlanması ilə əlamətdar olubdur. Məsələn, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 36 mənzilli yeni yaşayış evinin tikintisinə başlanılıb və artıq 374 min manatlıq iş görülübdür. Rayon mərkəzində inşa edilən 12 mərtəbəli, 60 mənzilli yaşayış evində dəmir-beton və hörgü işləri başa çatdırılıb. Statistika və baytarlıq idarələrinin inzibati binalarının isə istifadəyə verilməsinə az qalıb. Balakən sərhəd-gömrük terminalında 1,2 milyon manatlıq tikinti-quraşdırma işləri görülübdür.
Ölkənin hər yerində olduğu kimi məktəb və yol tikintisi Balakəndə də prioritet məsələ olaraq daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən istənilən layihə Balakəndə özünəməxsus təşəbbüskarlıqla icra edilir. Biz ötən yazılarımızda bu barədə, eləcə də yol, körpü və məktəb tikintisi haqqında dəfələrlə söz açmışıq. Növbəti yazılarımızda həmin mövzulara yenə də qayıdacağıq.
Balakənin səhiyə, rabitə, mədəniyyət, nəqliyyat, ictimai iaşə, xidmət sahələrindəki uğurları da böyükdür, əhatəlidir. Biz həmin sahələrdəki uğurları iki səbəbdən sadalamadıq. Birincisi, Asif müəllimin dediyi kimi, kampaniyaçılıq tendensiyasından qaçdıq. İkincisi, qələmə aldığımız yazıya “Sabah və gələcək üçün nəzərdə tutulan proqramlar icra edilir” sərlövhəsi vermişik. Sabahı və gələcəyi nəzərdə tutan proqramlar barədə isə az-çox söz açdıq.
Bu sətirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gətirdiyimiz sitatla başlamışıq. Elə son abzası da cənab Prezidentin bir ifadəsini sitat kimi xatırlatmaqla başlamaq istəyirik: “Biz idmanı təkcə yarışlar, medallar üçün təbliğ etmirik. Biz idmanı xalqımızın sabahı, gələcəyi üçün inkişaf etdirir, olimpiya idman kompleksləri tikirik, yeni idmançılar nəsli yetişdiririk”. Seçdiyimiz sərlövhə, qələmə aldığımız faktlar və Balakəndən hazırladığımız yazının sonuncu faktını təqdim etmək üçün misilsiz bir sitatdır. Çünki balakənlilər 2008-ci ildə öz idmançılarının uğurları ilə sözün həqiqi mənasında fəxr edirlər. Bu iftixar hissi rayon rəhbərinin sözlərində daha çox hiss olunurdu: “Hazırda Balakəndə 1 nəfər yunan-Roma güləşi üzrə Avropa çempionu, 1 nəfər Pekində keçirilmiş paralimpiya oyunlarının qızıl medalçısı vardır”.
Uğur olsun, bu siyahının davamı gəlsin...
İlqar HƏSƏNOV
Xalq qəzeti.-2009.-1 mart.-S.3.