Qusar tərəqqi və yüksəliş yolunda

 

Bu gün artıq tam əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə hazırlanıb qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizin hər yerində böyük uğurla həyata keçirilib. Regionların dinamik inkişafını Qusar rayonunun timsalında da aydın müşahidə etmək olar. Başqa sözlə, ötən beş il ərzində rayonun iqtisadiyyatı tənəzzül və durğunluqdan xilas olaraq hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Rayonda ümumi məhsul istehsalının 2,8 dəfə, kənd təsərrüfatı məhsulları istehsalının 2,1 dəfə iqtisadiyyata yönəldilən investisiyaların 5,6 dəfə, büdcə xərclərinin 5,1 dəfə, işçi-qulluqçuların orta aylıq əmək haqqının 4,5 dəfə artması – bütün bunlar Qusarın iqtisadi yüksəlişindən xəbər vermirmi?!

Fevralın 25-də ötən ilin yekunlarına dair keçirilən rayon fəalları toplantısında çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun hesabat məruzəsində Dövlət Proqramının icrası sahəsində görülən işlər barəsində ətraflı bəhs olunmuşdur.

Məruzədə qeyd olunduğu kimi, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ona görə də aqrar sektorun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş, sahibkarlara, fermer-kəndli təsərrüfatlarına istehsalın genişləndirilməsi, yeni istehsal sahələrinin inkişafı üçün münbit şərait yaradılmışdır. 2008-ci ildə sahibkarlara ümumilikdə 3 milyon 521 min manat kredit verilmiş, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi” və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamlarına uyğun olaraq taxıl və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qaydada 401 ton gübrə, 45 ton yüksək keyfiyyətli buğda toxumu satılmış, əkin sahələrinin becərilməsində istifadə edilən yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsi hesabına 8803 nəfər istehsalçıya 1 milyon 79 min manat, 2009-cu ilin məhsulu üçün əkilmiş buğda sahələrinə görə isə 7694 fiziki və hüquqi şəxsə 862 min manat vəsait ödənilmişdir.

Dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi qayğının nəticəsi olaraq keçən il rayonda 4660 ton taxıl, 58 ton dənlik qarğıdalı, 46 ton lobya və mərci, 2614 ton kartof, 2000 tondan çox tərəvəz, 652 ton meyvə toplanmışdır.

Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanılması və emalı məqsədi ilə hazırda Bədirqala kəndində modul süd zavodu, Şirvanovka kəndində fındıq emalı, Zindanmuruq kəndi ərazisində balıq emalı, Qusar şəhərində isə qazlaşdırılmış mineral suların istehsalı müəssisələri tikilir.

Hesabat dövründə rayonda 4272 ton ət, 22262 ton süd, 8 milyon 549 min ədəd yumurta, 182,8 ton yun istehsal edilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın baş sayı nəzərəçarpacaq dərəcədə artmışdır.

2009-cu ilin məhsulu üçün 27 min 485 hektar sahədə şum çıxarılmış, 27 min 137 hektarda payızlıq dənli bitkilər əkilmiş, 348 hektarda isə yazlıq bitkilər əkiləcəkdir ki, bu da ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə təqribən 23 faiz çoxdur.

Hesabat məruzəsində təhsil, səhiyyə və mədəniyyət sahəsində görülən işlər barəsində də ətraflı bəhs olundu. Qeyd olundu ki, 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş Yuxarı Ləgər, Balaqusar, Yuxarı Zeyxur və Xuray, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Qalacıq, Suvacal və Aşağı Ləgər, dövlət büdcəsi hesabına inşa olunmuş Xürel və Əvəcuq kənd məktəbləri istifadəyə verilmiş, Kirig kəndində məktəb binasının tikintisi başa çatdırılmış, Qusar şəhərinin “Aerodrom” yaşayış massivindəki məktəbin inşası davam etdirilməkdədir. Bunlardan əlavə, hesabat ilində Dövlət Neft Şirkəti tərəfindən 3 saylı məktəbdə, Heydər Əliyev Fondu tərəfindən 1 saylı məktəbdə, Təhsil Nazirliyi tərəfindən Hil kəndində, yerli büdcə hesabına isə Ukur, Zuxul, Cağar və Qayakənd məktəblərində əsaslı təmir işləri aparılmışdır.

2008-ci ildə rayonun səhiyyə və mədəniyyət müəssisələrində iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb. Bu cəhətdən Prezident İlham Əliyevin Qusara səfəri zamanı açılışında iştirak etdiyi Qusar Olimpiya İdman Kompleksi dövlət başçısının qusarlılara böyük hədiyyəsi kimi dəyərləndirilməlidir. Prezidentin xeyir-duası ilə mərkəzi rayon xəstəxanası üçün yeni binanın da təməli qoyulmuşdur. Ötən il Hil kənd sahə xəstəxanası və mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuş, yeni inventar və avadanlıqla təchiz edilmişdir.

Bununla belə, hesabat yığıncağında rayonun səhiyyə obyektlərinin maddi-texniki təchizatında bir sıra problemlər də olduğu qeyd edilmişdir. Belə ki, rayon ərazisində mövcud 4 sahə xəstəxanasının, həkim ambulatoriyalarının və bir sıra feldşer- mama məntəqələrinin əsaslı təmirə ehtiyacı vardır. Dağ kəndlərində həkim çatışmazlığı həmin ərazilərdə yaşayan əhaliyə normal səhiyyə xidmətinin göstərilməsinə imkan vermir.

Hesabat ilində rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri də diqqətdən kənarda qalmamış, mərkəzi mədəniyyət evi, mərkəzi kitabxana, tarix- diyarşünaslıq muzeyi, eləcə də N.Nərimanov adına Mədəniyyət və İstirahət Parkı əsaslı şəkildə təmir edilərək yenidən qurulmuş, Nizami adına kinoteatrın təmiri davam etdirilmişdir. 2008-ci ildə həmçinin Qusar İncəsənət Məktəbində, Kuzun, Zindanmuruq, Cağar kənd klublarında, Hil mədəniyyət evində təmir işləri görülmüşdür. Bundan başqa, Düztahir kəndində mərasim evinin, Balaqusar və Yasaboba kəndlərində isə kənd bələdiyyələri üçün inzibati binaların tikintisi davam etdirilmiş, Haçatala kəndində klub və kitabxana binası tikilib istifadəyə verilmişdir.

2008-ci ildə Qusar şəhərində Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilmiş 16 mənzilli yaşayış evi istifadəyə verilmiş, Heydər Əliyev prospektində 166, 168, 170, 117 və 117a saylı, Müqtədir küçəsində 92a və 96 saylı çoxmənzilli yaşayış binalarının dam örtükləri və fasadları əsaslı təmir edilmiş, həyətlərində və ətrafda abadlıq işləri görülmüşdür.

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində də bir sıra işlər görülmüşdür. Enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə hava elektrik verilişi xətlərində 696 ədəd yeni dayaq quraşdırılmış, 5180 metr naqil dəyişdirilmiş, Qusar şəhərində və 4 kənddə sıradan çıxmış və ya aşağı güclü 14 transformator yeniləri ilə əvəz edilmiş, şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar 2 transformator yarımstansiyasının yeri dəyişdirilmiş, 1 ədəd 400 və 1 ədəd 160 kilovatlıq yeni transformator yarımstansiyaları quraşdırılmış, 8,7 kilometr uzunluğunda SİP kabel xətti çəkilmiş, sayğaclaşma işi 95,9 faiz başa çatdırılmışdır. Heydər Əliyev prospektində, F.Musayev, Müqtədir, Azadlıq, M.Əbilov, N.Şərifov küçələrində, Qusar şəhərinin girişində, mərkəzi meydanında və N.Nərimanov adına Mədəniyyət və İstirahət Parkında işıqlandırma sistemləri müasir tələblərə uyğun yenidən qurulmuşdır.

Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması da diqqət mərkəzində olmuşdur. İlin əvvəllərində rayonun Hil, sonunda isə Qayakənd kəndlərinə təbii qaz verilmiş, beləliklə də vaxtilə qazdan istifadə edən 21 yaşayış məntəqəsinin hamısına təbii qazın verilişi bərpa olunmuşdur.

Qaz təchizatını yaxşılaşdırmaq məqsədilə şəhərin dairəvi qaz xəttinin 1,4 kilometrlik hissəsi yenidən qurulmuş “Yaşıl təpə” yaşayış massivi və Gedəzeyxur-İmamqulukənd qaz xətləri diametri 500 millimetrlik borularla əvəzlənmiş, Qayakənd və Urva kəndlərinə qaz xətləri çəkilmiş, ümumilikdə 2008-ci il ərzində rayonda müxtəlif diametrli 11 kilometr uzunluğunda yeni qaz xətləri istifadəyə verilmiş, 12 kilometr qaz xətti təmir olunmuşdur.

Əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə şəhərin solsahil yaşayış massivi üçün Qusar çayında su qəbuledici qurğu tikilmiş, 1240 metrlik ana su xətti, ümumi uzunluğu 8 kilometrdən artıq müxtəlif diametrli su xətləri, hər biri 500 kubmetrlik 2 ədəd su anbarının inşası başa çatdırılmış, Yuxarı Ləgər kəndi ərazisində təzə və köhnə su xətləri üçün əlavə su qəbuledici qurğu tikilmişdir.

Şəhərin Müqtədir, Z. Tağıyev, M. Vəliyev küçələrində, habelə Hil kəndində və Samur qəsəbəsində su xətləri təzələnmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Kənd əhalisinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 10 kənddə subartezian quyuları qazılmasına başlanmış, Kufoba, Gedəzeyxur, Bədişqala, Həsənqala, Balaqusar kəndlərində və Samur qəsəbəsində bu işlər başa çatdırılmış, Aşağı Ləgər, Quxuroba, Şirvanovka və Langu kəndlərində isə qazıntı işləri davam etdirilməkdədir.

Hesabat ilində rayonda əhaliyə göstərilən rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə Qusar şəhərində 480 Balaqusar kəndində 512, Kuzunqılaq kəndində 384 və Çiləgir kəndində 512 nömrəlik elektron ATS-lər istifadəyə verilmiş, Hil kəndində ATS-in tutumu 736 nömrəyə çatdırılmış, Samur və Şirvanovka ATS-lərinin hər biri 50 nömrə genişləndirilmiş, Quxuroba kənd üçün 384 nömrəlik EATS avadanlığı gətirilmişdir. Bunlardan əlavə, rayonun 25 yaşayış məntəqəsində 100 nömrəlik peyk telefonları, 5 kənddə 32 nömrəlik mini-elektron ATS-lər quraşdırılmışdır. Əhaliyə göstərilən poçt xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə Xuray və Kuzun kəndlərində yeni poçt binaları istifadəyə verilmiş, Əniğ və Cağar kəndlərində isə yeni poçt binalarının tikintisinə başlanılmışdır.

Ötən il şəhərdaxili küçələrin əsaslı təmiri və abadlaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Qusar şəhərinə girişdən Olimpiya İdman Kompleksinədək olan yol, N.Şərifov, M.Əbilov, Müqtədir, H.Əliyev, F.Musayev, F.Məlikov, H.Əfəndi, Əzizbəyov, S.Vurğun küçələrinə, Qusar-Çiləgir yoluna, digər küçə və səkilərə ümumilikdə 152 min kvadratmetrdən çox asfalt döşənmişdir. M.Vəliyev küçəsində yolun hərəkət hissəsi genişləndirilmiş, zəruri yerlərdə istinad divarları tikilmiş və kommunikasiya xətləri təzələnmişdir.

Heydər Əliyev prospektində 168, 174 və 144 saylı çoxmənzilli yaşayış binalarının həyətində, M.Əbilov küçəsində, 2 saylı məktəbin ətrafında yeni istirahət parkları istifadəyə verilmiş, Z.Tağıyev küçəsində 2 yerdə park tikintisi aparılmışdır. Bunlardan əlavə, çoxmənzilli yaşayış binalarının həyətlərində sakinlərin istirahəti və uşaqların əyləncəsi üçün uşaq meydançaları, yaşıllıqlar salınmışdır. Şəhərin girişində iri miqyaslı abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, Qusarın görkəmli yerində, dəniz səviyyəsindən 689 metr yüksəklikdə “Dövlət bayrağı kompleksi”nin tikintisinə başlanmış və orada Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Həmin ərazidə tikinti və abadlıq işləri davam etdirilir.

Hesabat dövründə avtovağzal və bazar ətrafı, həmçinin şəhərin mərkəzində olan ticarət obyektlərinin yenidən qurulması istiqamətində də əməli tədbirlər görülmüşdür. Şəhərin təbii relyefi nəzərə alınaraq əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə M.Vəliyev küçəsindən Q.Məmməd küçəsinə keçiddə 40 pilləli, Ağasiyev küçəsində 70 pilləli, S.Vurğun küçəsindən T.İsmayılov küçəsinə keçiddə 45 pilləli, M.Vəliyev küçəsinə keçiddə 20 pilləli pilləkənlər tikilmiş, digər abadlıq işləri görülmüşdür.

Ümumiyyətlə, 2008-ci il Qusarın tarixinə genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri ili kimi daxil olmuşdur. Bununla belə, rayonda hələ də həlli vacib problemlər çoxdur. Odur ki, rayon icra hakimiyyəti tərəfindən 2009-cu il üçün tərtib olunmuş inkişaf planı hazırlanmışdır. Planda yolların, körpülərin, məktəblərin, səhiyyə obyektlərinin tikintisi və təmiri, elektrik, su və qaz xətlərinin çəkilməsi, bir sözlə, əhalini narahat edən bütün problemlərin aradan qaldırılması üçün konkret tədbirlər nəzərdə tutulmuşdur.

Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi İ. Əliyev iştirak etmişdir.

 

 

Q. CƏFƏROĞLU

 

Xalq qəzeti.-2009.-1 mart.-S.4.