Peşəkarlar
Söhbət Bərdə Rayon Polis Şöbəsinin
cinayətkarlığa qarşı mübarizədə
qazandığı uğurlardan gedir
...Qəfil zəng Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyətini ayağa qaldırdı: Alaçadırlı kənd sakini Cəmilə Şükürova və onun 8 yaşlı qızı Arzu Qurbanova qətlə yetirilmişdi. Dərhal əməliyyat-axtarış qrupu yaradıldı, hadisə yerinə baxış keçirildi. Mərhumun qohumları, qonşuları, əlaqələri və s. dəqiqləşdirildi. Hadisə 2008-ci il noyabr ayının 22-də gecəyarı baş vermişdi.
Qətl hadisəsinin xüsusi şəraitdə və amansızlıqla törədildiyini nəzərə alaraq respublika Daxili İşlər Nazirliyinin peşəkar və təcrübəli əməkdaşları da axtarış-əməliyyat tədbirlərinə cəlb edildi. Fərziyyələr, ehtimallar, gümanlar.. İlk andan axtarış-əməliyyat tədbirləri bir neçə istiqamətdə aparıldı. Mərhum Cəmilə Şükürova kiçik ticarətlə məşğul olurdu, yüngül həyat tərzi keçirirdi. Üstəlik, qatillər evdən pul götürmüşdülər. Bunların hamısı isə ayrıca axtarış, xüsusi təhqiqat və araşdırma tələb edirdi.
Ancaq aparılan müşahidələrin, axtarış və şübhələrin hamısı bir nöqtədə birləşirdi: C.Şükürovaya axırıncı dəfə zəng axşam saat 19-da olmuş, bundan sonra telefon söndürülmüşdü. Əməliyyat işçilərini dərindən düşünməyə məcbur edən də elə bu idi. Lakin həmin nömrəli telefonun sahibi Cəfər Mirzəyev ona qarşı yönələn ittihamları inkar edirdi. Sonuncu gün isə Cəfər təkzibolunmaz faktlar qarşısında tab gətirə bilmədi. O, həqiqəti etiraf etməyə məcbur oldu.
Bu, son vaxtlar Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu axtarış-əməliyyat tədbirlərindən yalnız biridir. Biz bu siyahını uzada da bilərik. Lakin məqsədimiz təkcə bu deyil. Ən vacibi odur ki, Bərdə rayonunda cinayətkarlığa qarşı qəti və barışmaz mübarizə sahəsində ardıcıl və sistemli iş qurulmuşdur. Nəticədə, qısa müddət ərzində bir sıra ciddi uğurlar əldə edilmişdir. Bu gün Bərdə Rayon Polis Şöbəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin, nəzarət mexanizminin, normativ hüquqi bazanın müasir tələblər baxımından təkmilləşdirilməsi, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə əlavə tədbirlər görülmüşdür. Qanunçuluğa, xidməti, icra və uçot-qeydiyyat intizamına ciddi riayət edilməsinə tələbkarlıq artırılmışdır. Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini, axtarışda olan şəxslərin yerlərinin müəyyənləşdirilərək tapılması sahəsində maraq doğuran müsbət təcrübə qazanılmışdır.
Ümumiyyətlə, ötən il rayon ərazisində 278 cinayət hadisəsi qeydə alınmışdır ki, onun da 269-u, yəni 96,4 faizi açılmışdır. 2008-ci ildə 36 ağır və xüsusilə ağır cinayətin 35-nin, yəni 97,1 faizinin, 118 ağır cinayətin 112-nin, yəni 94,7 faizinin, böyük ictimai təhlükə törətməyən 120 cinayətin 117-nin, yəni 97,6 faizinin, şəxsiyyət əleyhinə 125 cinayətin 121-nin, yəni 96,9 faizinin açılması təmin edilmişdir. Rayon ərazisində asayişin, insanların həyatının, sağlamlığının, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqa zidd əməllərdən daha etibarlı qorunması istiqamətində təsirli tədbirlər işlənib həyata keçirilmişdir. Məsələn, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2007-ci ildə 72,4 faiz olduğu halda, 2008-ci ildə 90 faiz təşkil etmişdir.
Müqayisə olunan dövrdə mənzil oğurluğu 6 fakt azalmış, avtonəqliyyat vasitəsinin qaçırılması ilə bağlı cinayətlərin açılması isə tam təmin edilmişdir. Qəsdən adamöldürmə, adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, dövlət və ya bələdiyyə əmlakı oğurluğu, mənimsəmə və israfetmə, s avtoyğunçuluq,onəqliyyat qaçırılması, narkotik vasitələr, yol-nəqliyyat hadisələri, dövlət hakimiyyəti əleyhinə, korrupsiya və insan alveri ilə bağlı cinayətlərin hamısı yüz faiz açılmışdır.
2008-ci ildə Bərdə Rayon Polis Şöbəsində 75 nəfər barəsində axtarış işi olmuşdur ki, onun da 58 nəfəri, yəni 77,3 faizi tutulmuşdur. 30 nəfər şəxsin xəbərsiz itkin düşməsi barədə axtarış elan olunmuş, onlardan da 22 nəfərinin, başqa sözlə desək, 73,3 faizinin tapılması təmin olunmuşdur.
Ayrı-ayrı şəxslərdə hələ də qanunsuz saxlanılan silah-sursatın götürülməsini əks etdirən rəqəmlər də maraq doğurur. 2008-ci ildə əhali arasında aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ədəd “Maksimov” pulemyotu, 8 ədəd “Kalaşnikov” avtomatı, 15 ədəd tapança, 8 ədəd “Toz-8” və 4 ədəd yivli tüfəng, 10 ədəd yivsiz ov tüfəngi, 24 ədəd ”F-1” əl qumbarası, 16027 ədəd müxtəlif çaplı sursat, 5 ədəd AKM süngü bıçağı, 30 ədəd AKM sandığı, 3 ədəd zirehli gödəkçə və s.müsadirə edilmişdir.
Ötən il Bərdə Rayon Polis Şöbəsinin fəaliyyətində diqqəti daha çox cəlb edən və əhali arasında dərin razılığa səbəb olan məsələlərdən biri də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl, sistemli və barışmaz mübarizə aparılmasıdır. Heç kimə sirr deyildir ki, əvvəllər bu sahədə Bərdədə olduqca dözülməz vəziyyət yaranmışdı. Əlbəttə, belə təhlükəli hal haqlı olaraq ağsaqqalları, ziyalıları, ictimaiyyətin sağlam qüvvələrini ciddi narahat edirdi. Ona görə də bir-birinin ardınca hazırlanan və uğurla həyata keçirilən axtarış-əməliyyat tədbirləri əhali arasında dərin razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Gəlin, faktlara müraciət edək: 2008-ci ildə rayon ərazisində 45 fakt aşkar edilmişdir ki, ondan da 26 fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Aşkar edilmiş cinayət işləri üzrə 4819,5 qram narkotik tərkibli maddə götürülmüşdür. “Xaş-xaş–2008-ci il” şərti adı altında kompleks tədbirlər planına uyğun olaraq, 23,75 hektar ərazidən 23460 ədəd yabanı çətənə kolu yığılmışdır ki, onun da ümumi çəkisi 25 tondan çox olmuşdur.
Son 2 ayın statistikası da maraq doğurur: təkcə yanvar ayı ərzində narkotik maddələrin saxlanması, satışı və istifadəsi ilə bağlı 10 fakt aşkar edilmişdir. Həmin hadisələrin biri öz qeyri-adiliyi ilə diqqəti xüsusilə cəlb edir. Rayonda hamının “Yetim Elman” kimi tanıdığı vətəndaşın hərəkətləri, sözün həqiqi mənasında, detektiv əsərlərin süjetini xatırladır. Sən demə, “Yetim Elman”ın narkomanlara “ürəyi yanırmış”. Elə bu məqsədlə də xüsusi dərman “kəşf edib”. Özü də “metadon” adlı həmin dərmanı, necə deyərlər, su yoluna çevirdiyi İrandan gətirirmiş. Qəfil axtarış zamanı əməliyyatçılar təəccüblərini gizlədə bilmədilər: “Yetim Elman”ın evi əsl kimya laboratoriyasını xatırladırdı.
Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmovu çoxdan tanıyıram. Uzun illər polis orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Peşəkar, cəsarətli və təcrubəli polis işçisidir. Yüksək ziyalılığı, prinsipial mövqeyi və qətiyyəti ilə seçilir. Rayon rəhbərləri, ziyalılar və ağsaqqallar, hüquq-mühafizə orqanlarının nümayəndələri polis polkovnikini daha çox məhz bu keyfiyyətlərlə xarakterizə edirlər.
Polis şöbəsinin rəisi ilə söhbətimizdə bizi daha çox son bir ildə Bərdə rayonunda cinayətkarlığa qarşı mübarizə, asayişin etibarlı şəkildə mühafizəsi, əhalinin əmin-amanlığının qorunması sahəsində əldə edilmiş uğurlar maraqlandırırdı. Polkovnik bu barədə danışarkən dedi:
– Həyatımızın bütün sahələrində olduğu kimi, hüquq-mühafizə orqanlarında, o cümlədən polis orqanlarında əldə edilmiş böyük uğurlar, həyata keçirilən islahatlar xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bizim hər birimiz xaos və anarxiya, qarşıdurma və hərc-mərclik illərini yaxşı xatırlayırıq. Qanunsuz silahlı dəstələr, küçə döyüşləri adi hala çevrilmişdi. İnsanlar öz doğma şəhərlərində, kəndlərində sakit və təhlükəsiz yaşaya bilmirdilər. Ulu öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə belə neqativ hallara son qoyuldu, qanunsuz silahlı dəstələr ləğv edildi, bütün sahələrdə qayda-qanun və əmin-amanlıq yaradıldı. Burada, əlbəttə, digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisin də böyük və həlledici rolu olmuşdur.
Olduqca xoş və fərəhlidir ki, ulu öndərin müəllifi və yaradıcısı olduğu həmin strateji xətt bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və müdrikliklə davam etdirilir.
Biz indi elə bir dövrdə yaşayırıq ki, insanlar hüquq-mühafizə orqanlarından qorxmamalı, bura ümidlə gəlməli, öz ürək sözlərini deməli, arzu və təkliflərini bildirməlidirlər. Yalnız bu halda – qarşılıqlı inam və hörmət şəraitində işləməklə ciddi uğur qazanmaq mümkündür. Bu yaxınlarda şöbədə ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirirdik. Rəqəmlər, göstəricilər əvvəlki illərlə müqayisədə çox fərqlidir. Cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş uğurlar bir də onun nəticəsidir ki, adamlara münasibət dəyişib, işin təşkili təkmilləşdirilib, qarşılıqlı inam yaranıb.
Bərdədə son vaxtlar tikinti-abadlıq və quruculuq işləri görünməmiş sürətlə davam etdirilir. Rayon mərkəzi, eləcə də ayrı-ayrı yaşayış məntəqələri öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. İndi insanlar sakit, rahat və arxayın şəkildə tikir, qurur, yaşayır, sabaha dərin inam və ümidlə baxırlar. Burada, əlbəttə, hüquq-mühafizə orqanlarının, o cümlədən polis işçilərinin əməyi çoxdur. İnsanların rahatlığını etibarlı şəkildə qorumaq, ictimai asayişi daha da möhkəmləndirmək, cinayətkarlığa qarşı barışmaz mübarizə aparmaq biz polis işçilərinin müqəddəs peşə borcudur.
Bu şərəfli işinizdə Sizə daha böyük uğurlar arzulayırıq, cənab polkovnik.
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-1
mart.-S.4.