Konstitusiyaya əlavə və dəyişikliklər zamanın və inkişafımızın tələblərini özündə ehtiva edir

 

Azərbaycan xalqı növbəti dəfə tarixi seçim qarşısındadır. Martın 18-də seçicilərimiz Əsas Qanuna ediləcək əlavələrə və dəyişikliklərə münasibətlərini bildirməlidirlər.

Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat, vətəndaş cəmiyyətinə nail olmaq kimi mühüm vəzifələr Konstitusiyamızın preambulasında əsas niyyət kimi təsbit olunur.

Konstitusiya islahatı hansı zərurətdən irəli gəlir və nəyə xidmət edir? Hər bir ölkədə ali hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə malik olan Konstitusiya ictimai münasibətləri sivil şəkildə tənzimləyən, dövlət və vətəndaş arasında qarşılıqlı məsüliyyət və vəzifələri müəyyənləşdirən təkmil hüquqi mexanizm kimi xarakterizə edilir. Bu baxımdan cəmiyyətin inkişaf tempi, baş verən yeniliklərin pozitiv xarakteri, vətəndaşların siyasi və hüquqi düşüncə tərzinin kamilləşməsi, qanunların, o cümlədən Konstitusiyanın daha da təkmilləşdirilməsini, müasirləşdirilməsini obyektiv reallıq kimi gündəmə gətirir.

Dövlətin idarə olunmasında xalqın iştirakı seçki hüququnun necə reallaşmasından başlanır. Əsas Qanunumuzda xalqın hüquq və mənafelərilə bağlı məsələlərin referendum yolu ilə həlli nəzərdə tutulub. Üçüncü maddədə deyilir ki, xalq öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Konstitusiyanın qəbulu, ona dəyişikliklərin edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi referendum yolu ilə həll edilir. Amma sıravi vətəndaşların qanunvericilik təşəbbüsü Əsas Qanunumuzda təsbit olunmayıb. Mövcud variantda bu hüquq Azərbaycan Prezidentinə, Milli Məclisin deputatlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Baş Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə verilib. Azərbaycan Respublikasının Prokurorluğuna bu hüquq 2002-ci ilin avqustun 24-də Konstitusiyamıza edilən əlavələrdən sonra təsbit olundu. İndi isə bu səlahiyyətin seçki hüququ olan 40 min vətəndaşa da verilməsi təklif olunur. Bu əlavədən sonra 96-cı maddə belə olacaq: “Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur”. Bu, çox böyük yenilikdir. Hazırda mövcud qanunvericiliyə görə, referendumqabağı təşviqat aparmaq istəyən təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınması üçün 40 min seçici imzası tələb olunur. Prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün yenə 40 min seçici imzası tələb edilirsə, onda seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü hüququ verilməsi məntiqidir, ölkə vətəndaşlarına demokratik, hüququ, dünyəvi dövlət quruculuğu prosesində müvafiq qanunların meydana gəlməsində fəallığını artırır, dövlətin idarə olunmasında iştirakını genişləndirir.

Bu faktın özü həm də onu təsdiqləyir ki, hazırkı Konstitusiya islahatları insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsinə, dövlətin idarə olunmasında onların iştirakının genişləndirilməsinə, o cümlədən, mütərəqqi qanunların hazırlanmasında vətəndaşların ən müxtəlif təbəqələrinin cəlb olunmasına xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Əsas Qanunumuz barədə demişdir: “Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Əsas Qanunumuz həmçinin dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunmasına təminat verir. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsini təmin edir”.

Bütün bunlarla bərabər Əsas Qanunumuzda bu hüquqların daha geniş və səmərəli formada təsbit edilməsi dövlətin ali məqsədidir. Hazırki Konstitusiya islahatları da bu məqsədə xidmət edir. Məsələn, 12-ci maddədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, dövlətin ali məqsədi elan edilirdisə, indi buraya “Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin” təmin edilməsi də əlavə olunur. Çünki, indi dövlətimiz iqtisadi cəhətdən güclüdür, yüksək inkişaf tempi var. Dövlət bu gəlirləri əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, ümumi inkişafa yönəldib. Bu məqsədin də Əsas Qanunumuzda təsbit olunması çox mütərəqqi hadisədir.

Konstitusiyamızın 15-ci maddəsində təsbit olunub ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. İndi təklif edilən əlavədə sosial yönümlü iqtisadiyyatdan söhbət gedir. Bu, bir daha onu göstərir ki, dövlətimizin yeritdiyi siyasətin ana xəttində sosial yönümlülük prioritet təşkil edir, “sosial dövlət” modelinə doğru inkişafımız hüquqi cəhətdən əsaslandırılır.

Əsas Qanunumuzun 17-ci maddəsinə (Ailə, uşaq və dövlət) təklif edilən əlavələr özünün humanist mahiyyəti ilə seçilir. Mövcud variantda uşaqları gələcək himayəsi ilə bağlı dövlətin vəzifələri ümumi şəkildə deyilir. Amma məlumdur ki, son illər dövlət bu istiqamətdə çox böyük işlər görür, irimiqyaslı layihələr həyata keçirir. Xüsusən, valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısı çox ciddi şəkildə yerinə yetirilir. Digər tərəfdən, uşaq əməyinin istismarının qarşısını almaq üçün tədbirlər görür. Odur ki, təklif olunan əlavələr bu sahədə qanunda olan boşluğu aradan qaldıracaq: “Valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir; Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətlərə cəlb etmək qadağandır; 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər; Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”. Bu əlavələr uşaq hüquqlarının daha təminatlı müdafiəsini təmin etməyə xidmət göstərəcək, o cümlədən, uşaq əməyinin istismarının qarşısını alacaq.

Konstitusiyamızın 25-ci maddəsinin (bərabərlik hüququ) mövcud mətnində deyilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir, kişi və qadınların eyni hüquqları və azadlıqları var, dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi baxışından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, bu məsələlərə görə onların hüquqları məhdudlaşdırıla bilməz. İndi buraya təklif edilən əlavələr insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmini daha da təkmilləşdirir. Təklif edilən əlavələrdə deyilir ki, yuxarıda göstərilən əsaslara görə heç kəsə zərər vurula bilməz, güzəştlər və imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin olunur. Bunlar ölkəmizdə tolerantlığın güclü, Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha göstərir.

Konstitusiyamızın 29-cu maddəsinin 4-cü bəndində dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilə bilməsi göstərilmişdir. Təklif olunur ki, bu hissədən “və ya ictimai ehtiyaclar” sözləri çıxarılsın. Bu, mülkiyyətçinin iradəsi əleyhinə əmlakın özgəninkiləşdirilməsinin dairəsini məhdudlaşdırır. Təbii ki, bu, daha mütərəqqi haldır.

Təklif olunan əlavə və dəyişikliklərdən əsas müzakirəyə səbəb olanlardan biri 101-ci maddənin 5-ci bəndinin yeni redaksiyada verilməsidir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”. Bu, 84-cü maddəyə (Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti) Milli Məclis seçkilərinə də şamil edilir. Elə bilirəm ki, təklif olunan bu redaksiyaya geniş şərh verməyə ehtiyac da yoxdur. Çünki müharibə şəraitində hərbi əməliyyatların getdiyi bir zamanda yeni prezident seçmək heç bir məntiqə sığmaz.

Bu məqamda unutmayaq ki, prezident seçki yolu ilə seçilir. Yəni, prezident seçki yolu ilə seçilirsə, onun iki və ya daha çox seçilməsi demokratik prinsiplərə zidd deyil, əksinə demokratik dəyərlərin inkişaf etdirilməsi deməkdir. Bir çox ölkələrdə, məsələn, Fransada belə məhdudiyyət yoxdur.

Məlumdur ki, parlament tipli ölkələrdə baş nazir əsas simadır. Məsələn, Türkiyədə, İngiltərədə və s. Bu ölkələrdə bir şəxsin neçə dəfə baş nazir seçilməsinə məhdudiyyət yoxdur. Bizdə isə dövlət quruluşu prezident idarəsi tiplidir. Onda hansı məntiqə görə bir şəxs iki dəfədən artıq prezident seçilə bilməsin. Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdana qədər ölkəmizə rəhbərlik edən şəxslər heç bir il də öz postunu qoruyub saxlaya bilmədi, xalq onlardan imtina etdi. Odur ki, - kimin neçə dəfə prezident seçilməsi də xalqın iradəsi ilə reallaşa bilər.

Referendum Aktı layihəsini ötəri də olsa nəzərdən keçirən hər kəs görür ki, təklif olunan əlavə və dəyişikliklər ölkəmizin ümumi inkişafına, dünyaya inteqrasiyasına, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsinə xidmət edir. Və əslində, bu əlavələr mövcud qanunvericiliyimizdə tətbiq olunur, dövlət onları icra edir. Deməli, onların Konstitusiyamızda da təsbit edilməsi zəruridir. Odur ki, referendum günü xalqın səsvermədə mütəşəkkil iştirakı, təklif olunan bu dəyərlərə səs verməsi labüddür. Çünki bu əlavə və dəyişikliklər yalnız və yalnız xalqın mənafeyinə xidmət edir.

 

 

Natiq DÜNYAMALIYEV,

“Tərəqqi” referendum üzrə

təşviqat qrupundan vəkil

 edilmiş şəxs

 

Xalq qəzeti.-2009.-1 mart.-S.5.