Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər insan hüquqlarının daha dolğun təminatına zəmin yaradır

 

Azərbaycanın sürətli siyasi-iqtisadi və mədəni inkişaf yoluna qədəm qoyması respublikamızı nəinki Cənubi Qafqaz regionunda, o cümlədən dünya miqyasında qabaqcıl dövlətlərdən birinə çevirmişdir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmlənməsi onu etibarlı bir tərəfdaşa çevirmişdir. Bu da təsadüfi deyildir. Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf etmişdir. Düşünülmüş, tarazlaşdırılmış xarici və daxili siyasət, köklü siyasi və iqtisadi islahatlar Azərbaycanı daha da güçləndirmiş, gələcəyə daha nikbin baxmağımıza əsas yaratmışdır.

Son illərdə qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması, dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri ilə müxtəlif sahələr üzrə sazişlərin imzalanması, irimiqyaslı beynəlxalq nəqliyyat və kommunikasiya layihələrində iştirakı onun dünya ölkələri birliyində nüfuzunu daha da yüksəltmişdir.

Ötən müddət ərzində bütün sahələrdə sürətli inkişaf yolu keçən Azərbaycan hüquqi, sivil dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində də böyük müvəffəqiyyətlər qazanmış, insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi istiqamətində yeni konvensiya və sazişlərə qoşulmuş, ən əsası, ictimai şüurda demokratik dəyərlərin dərin kök salması üçün münbit şərait yaratmışdır. Bu gün Azərbaycanda demokratik, sivil vətəndaş cəmiyyətinin qurulması dövlətin prioritet məqsədlərindən biridir. Təcrübə göstərir ki, demokratikləşmə prosesi təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin, qanunun aliliyinin təmin edilməsi, qanunçuluğun möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş ardıcıl islahatların aparılması ilə şərtlənir.

Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi və dövlət təminatı üçün möhkəm hüquqi baza formalaşdırılmışdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümümxalq referendumu yolu ilə qəbul edilmiş ilk Konstitusiyası ölkədə hüquqi dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Azərbaycan qısa tarixi müddət ərzində bütün insani dəyər və azadlıqların möhkəm qorunduğu, sivil cəmiyyətin yaradılması yolunda mühüm addımların atıldığı bir ölkəyə çevrildi. Dünyada çox az konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarının müdafiəsinə və onların təmin edilməsminə yönəlsin.

Ulu öndəmizin layiqli davamçısı, xalqın iradəsi ilə 2003-cü və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş möhtərəm İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət də dahi sələfi kimi insana, şəxsiyyətə yüksək qayğı və hörmət prinsipi üzərində kökləndiyindən vətəndaş hüquq və azadlıqlarının konstitusiya təminatının daha da gücləndirilməsi məqsədinə istiqamətlənmiş əlavə və dəyişikliklərin labüdlüyü məsələsini yenidən ölkənin siyasi həyatı gündəminə gətirmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktında əks olunmuş əlavə və dəyişikliklər də zərurətdən, yəni cəmiyyətin müxtəlif sahələrində özünü bariz şəkildə göstərən sürətli inkişafdan irəli gəlir və ölkəmizin dünya birliyi ölkələri qarşısında üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam uyğundur.

Konstitusiya ilk növbədə cəmiyyət tərəfindən yaradılmış qanunlar toplusudur. Hətta ən mükəmməl qanunların belə zamanın tələbi ilə təkmilləşməyə ehtiyacı olur. Bəşəriyyət tarixində belə misallar çoxdur. Müqəddəs kitabımız olan “Qurani-Kərim”in mütləq hökmlərində belə zaman-zaman Allahdan gələn vəhylərlə müəyyən düzəlişlər edilmişdir. Məsələn, islamın yarandığı ilk dövrlərdə müsəlmanları yeni dindən uzaqlaşdırmamaq məqsədilə halal buyrulan bir şey, sonralar tədricən qadağan olunur, bir ayənin hökmü başqa bir ayə ilə ləğv olunur, Quranın öz təbiri ilə desək, ondan daha yaxşısı, daha mükəmməli ilə əvəz edilirdi. Dinamik bir din olan, cəmiyyətin inkişaf mərhələlərinin qanunauyğunluqlarını həmişə nəzərə alan islamın Qurandan gələn bu ənənəsi sonralar “elmdə qüvvətli və möhkəm olan” müctəhidlər, alimlər tərəfindən davam etdirilmişdir.

Konstitusiyaya da düzəliş və ya əlavələrə ehtiyacı olmayan ehkam kimi baxmaq da düzgün olmazdı. Muvafiq dövrün siyasi şəraitində qəbul edilmiş Konstitusiyanın elə onun öz bazasında təkmilləşdirilməsi qanunauyğun və təbii prosesdir. Şübhəsiz ki, dəyişikliklər və əlavələr edilərkən cəmiyyətin siyasi, iqtisadi, mədəni inkişaf səviyyəsi və sürəti, müasir dünyada baş verən kardinal dəyişikliklər, meydana çıxmış yeni münasibətlər, qlobal problemlər, Konstitusiya müddəalarının real həyatda tətbiq edildiyi müddətdə qazanılmış pozitiv təcrübə nəzərə alınmalıdır. Müvafiq dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya zəruri əlavələrin və dəyişikliklərin edilməməsi onun real həyatla uyğunlaşmamasına və tədricən səmərəsiz bir hüquqi sənədə çevrilməsinə səbəb ola bilər. Hətta, ən mühafizəkar və skeptik qüvvələr belə son 15 il ərzində dünyada, eləcə də Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində baş verən köklü dəyişiklikləri inkar edə bilməzlər.

Konstitusiyalara dəyişikliklər edilməsi prosesinə müasir konstitusiya hüququnda tez-tez təsədüf edilir. Bu da ilk növbədə ictimai həyatda, siyasi qüvvələr nisbətində dəyişikliklərlə bağlıdır. Dünyanın əksər ölkələrinin konstitusiyaları dəyişikliklərə məruz qalmışdır. Məsələn, 230 il ərzində ABŞ Konstitusiyasına 10 mindən artıq dəyişiklik və əlavələr təklifi daxil olmuşdur. İndiyədək onlardan 27-si qəbul edilmişdir. Finlandiya Konstitusiyasına 1926, 1930, 1943, 1950-ci illərdə, Yunanıstan Konstitusiyasına isə 1986-cı ildə əsaslı düzəlişlər edilmişdir. 1978-ci il RSFSR Konstitusiyasına 80-90-cı illər hüdudunda 300-dən çox düzəliş edilmişdi. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan SSR-in 1978-ci il tarixli Konstitusiyasına qısa müddət ərzində, 1991-1994-cü illərdə bir çox dəyişikliklər və əlavələr edilmişdi.

Bir sıra ölkələrin əsas qanunlarında müəyyən dövr ərzində konstitusiyaya dəyişikliklər edilməsi qadağan edilir. Belə ki, Yunanıstan Konstitusiyasına növbəti dəyişiklik edilməsi yalnız əvvəlki dəyişiklik prosedurasının başa çatmasından 5 il sonra həyata keçirilə bilər. Fransa Konstitusiyasının 89-cu maddəsi dövlətin ərazi bütövlüyünə qəsd şəraitində konstitusiyaya dəyişikliklər edilməsini qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi yalnız ümumxalq referendumu yolu ilə mümkündür. Həmin dəyişikliklərin və əlavələrin edilməsini məhdudlaşdıran hal kimi 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Seçki Məcəlləsinin 121-ci maddəsini göstərmək olar. Həmin maddəyə görə, Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində referendum keçirilə bilməz.

Göründüyü kimi, Azərbaycan Konstitusiyasına dəyişikliklərin və əlavələrin edilməsinin xüsusi qaydalarının müəyyən olunması xalqın taleyüklü məsələlərində onun sabitliyinə hüquqi təminat verir. Bir sıra ölkələrdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üçün parlamentdə kvalifikasiyalı səs çoxluğu tələb olunur. Məsələn, Rusiya Federasiyasında Konstitusiyaya əlavə və dəyişikliklər federasiya subyektlərinin üçdə ikisinin razılığı ilə həyata keçirilə bilər. Ölkə parlamenti – Federal Məclis Konstitusiyaya dəyişiklik edə bilməz. Yunanıstanda Konstitusiyaya dəyişikliklər Deputatlar Palatasının iki ardıcıl cağırışı tərəfindən qəbul edilməlidir (Yunanıstan Konstitusiyası, maddə 110). ABŞ Konstitusiyasına dəyişikliklər edilməsi üçün Konqresin hər iki palatasının üzvlərinin üçdə ikisinin və ştatların dörddə üçünün (38 ştat) qanunverici məclislərinin razılığı tələb olunur. Bəzi ölkələrdə konstitusiyanın ayrı-ayrı bölmələrinə dəyişiklər müxtəlif vasitələrlə edilir. Belə ki, Hindistan Konstitusiyasının icra və məhkəmə hakimiyyəti, prezident seçkiləri haqqında qaydalarında dəyişikliklər edilməsi üçün ölkə parlamentinin hər iki palatasının üzvlərinin üçdə ikisinin qərarı sonradan ştatların yarısının qanunverici məclisləri tərəfindən bəyənilməlidir.

Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi prosedurları müxtəlifdir. Bir sıra ölkələrdə (Rusiya, Belçika, Fransa) dövlət başçısının konstitusiyaya dəyişikliklər edilməsi təşəbbüsü irəli sürmək hüququ vardır. Azərbaycan Konstitusiyasında belə bir qayda 153-cü və 157-ci maddələrdə nəzərdə tutulmuşdur. Təklif olunan dəyişikliklərə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. Lakin bu rəy yalnız tövsiyəedici xarakter daşıyır. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının prisiplərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul etməlidir. Eyni zamanda, 154-cü maddədə göstərildiyi kimi, Konstitusiya Məhkəməsi təklif edilən dəyişikliklər haqqında mənfi rəy verdikdə belə, referendumla qəbul edilən dəyişikliklər qüvvəyə minir.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası da kifayət qədər sərtdir (Maddə 156). Burada Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin 95 səs çoxluğu ilə Konstitusiya qanunu şəklində qəbul edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin respublikanın prezidenti və ya Milli Məclisin azı 63 deputatı təklif edə bilərlər (Maddə 157). Bununla yanaşı əlavələrin təklif edilməsinə də müəyyən məhdudiyyət qoyulur: “Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz”. (Maddə 158). Yuxarıda göstərilənlər Azərbaycan Respublikası Konstitusiyasının sabitliyinin kifayət qədər güclü müdafiə olunmasını əyani şəkildə sübut edir. Bu qəbildən olan məhdudiyyətlərə bir çox ölkələrin konstitusiyalarında da rast gəlinir. Məsələn, Fransa Konstitusiyasının 89-cu maddəsinə görə, dövlət idarəetmə forması Konstitusiyanın yenidən baxılması üçün predmet ola bilməz. Analoji maddələrə Finlandiya, İtaliya, Yunanfıstanın konstitusiyalarında da rast gəlmək olar. Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsü məhdudlaşdırılır: “Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər edilməsi haqqında 3-cü fəsildə nəzərdə tutulmuş müddəaların məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”. Bu qayda hakimiyyətin mənbəyi, xalqın suverenliyi, hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, dövlətin əsasları, Azərbaycan dövlətinin başçısı haqqında maddələrə, əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında fəslə aiddir.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsvrməsinə çıxarılmış hissələrinin müqayisəli təhlilindən aydın olur ki, təklif edilən 29 əlavə və dəyişikliyin 16-sı insan və vətəndaşın hüquq və azadlıqlarının konstitusion əsaslarının daha da gücləndirilməsinə, cəmiyyətdə hüquq qaydalarının möhkəmləndirilməsinə, məhkəmələrin səviyyəsinin yüksəldilməsinə, insanların seçki hüququnun, qanunvericilik təşəbbüsünün genişləndirilməsinə, onların daha dolğun şəkildə reallaşdırılması məqsədlərinə xidmət edir.

Konstitusiyanın 96-cı maddəsinə təklif edilən dəyişiklik - 40 min Azərbaycan vətəndaşına qanunvricilik təşəbbüsü hüququnun verilməsi xalqın konstitusion hüquqlarının daha da genişləndirilməsinə xidmət edir. Bununla da Azərbaycanda hakimiyyətin yeganə mənbəyinin xalq olması hüquqi cəhətdən bir daha təsbit olunur.

İnsan hüquq və azadlıqlarının, vətəndaşların passiv seçki hüququnun daha dolğun təmin edilməsi istiqamətində Konstitusiyanın 101-ci maddəsinə təklif edilən dəyişikliyin böyük əhəmiyyəti isə xüsusi qeyd olunmalıdır. İlk növbədə vətəndaşların, seçicilərin seçim hüququnu məhdudlaşdıran bu maddəyə düzəliş edilməsinin yetişdiyi, ictimai fikir tərəfindən müsbət qarşılandığı çoxdan məlum idi. Qeyd etmək yerinə düşərdi ki, xeyli vaxtdır ABŞ, Fransa, Rusiya və bir sıra digər ölkələrdə də bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət insan və vətəndaşın hüquq və azadlıqlarını məhdudlaşdıran norma kimi ciddi diskussiyalara səbəb olmuşdur. Müasir dünyada demokratik dəyərlər məhdudiyyət deyil, fikrin azad ifadə edilməsi, seçmək və seçilmək hüququnun daha sərbəst şəkildə reallaşdırılması üzərində qurulmalıdır.

Prezident seçilməsində bu məhdudiyyətin aradan qaldırılması çox mürəkkəb bir dövrdə, müharibə şəraitində, ümumdünya iqtisadi böhranı əhatəsində yaşayan Azərbaycanı hakimiyyət uğrunda yersiz çəkişmələrdən, dövlətə, millətə zidd qüvvələrin, diletantların, naşı siyasətçilərin hakimiyyəti ələ keçirmək cəhdlərindən xilas edə bilər. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev dünyanın sayılıb-seçilən dövlət başçılarından biridir. O, yeritdiyi müdrik siyasətlə xalqın tam dəstəyini qazandığını ikinci müddətə prezident seçilməyi ilə bir daha sübut etdi. Xalqın prezidentinə olan məhəbbəti, inamı, dəstəyi elə 101-ci maddəsinin 5-ci bəndində olan məhdudiyyətin aradan qaldırılmasına yönəlmiş ən böyük sosial sifarişdir. Azərbaycan xalqı müdrik xalqdır və bir vaxtlar onu öz məngənəsində sıxan hüquqi nihilizmin buxovlarından azad olmağı bacarmışdır. Qəti şəkildə əminəm ki, Azərbaycan xalqı martın 18-də özünə xas olan müdriklik və uzaqgörənlik nümayiş etdirərək hüquq və azadlıqlarının, daha layiqli həyat səviyyəsinin təmin olunmasına, gələcək rifahının yaxşılaşmasına, qanunlarımızın təkmilləşdirilməsinə, vətəndaşların mənafelərinin daha dolğun qorunmasına, dövlətimizə ən layiqli insanların başçılıq etməsi imkanının reallaşmasına səs verəcəkdir.

 

 

Mirafərim SEYİDOV,

“Zəka” referendum üzrə təşviqat

qrupundan vəkil edilmiş şəxs,

AMEA Fəlsəfə, Sosiologiya Hüquq

İnstitutunun böyük elmi işçisi,

 hüquq elmləri namizədi

 

Xalq qəzeti.-2009.-1 mart.-S.6.