Lerik: zamanla ayaqlaşan inkişaf
Ötən əsrin
30-cu ilində yaradılmış Lerik inzibati rayonu hazırda
özünün ikinci gəncliyini yaşayır. Son beş
ildə rayonun sosial-iqtisadi həyatında bir çox yeniliklər
baş verib. Uğurla başa çatmış regional
inkişaf Dövlət Proqramı üzrə burada həyata
keçirilən tədbirlər sayəsində 4557 iş yeri
yaradılıb. Dövlət qayğısı ilk öncə
56 kilometrlik Lənkəran-Lerik magistral yolunun əsaslı
şəkildə yenidən qurulmasında, rayona ilk dəfə
olaraq təbii qazın verilməsində, istehsal-emal və xidmət
sahələrinin işə salınmasında, əhalinin
güzəranının ilbəil yaxşılaşmasında
təzahürünü tapıb.
...Lənkəran-Lerik
avtomobil yolu ilə dağlar diyarına illik hesabat
yığıncağına gedirəm. Təxminən bir əsr
əvvəl, 1912-ci ildə əsası qoyulmuş bu yol sonralar
hissə-hissə çəkilsə də,
yarımçıq qalmış, bərbad hala
düşmüşdü. Bir saatlıq yolu maşınlar
güc-bəla üç-dörd saata qət edir,
yolçular əziyyət çəkirdilər. Nəhayət,
2005-ci ildə Prezident İlham Əliyevin
tapşırığı ilə yolun əsaslı şəkildə
yenidən çəkilməsi reallaşdırıldı. Həmin
il sentyabrın 8-də keçirilən istifadəyə verilmə
mərasimində mən də iştirak edirdim. Camaatın necə
sevinməsi indi də gözlərimin önündədir.
Dövlət başçısı rəmzi lenti kəsdikdən
sonra maşınlar yola çıxıb rahatlıqla
şütüməyə başladı. Eni 7 metr olan asfalt yol
boyunca 10 körpü yenidən qurulmuş, istinad divarları bərkidilmişdi.
Əvvəllər sərt döngələrin, dərin dərələrin
vahiməsindən ətrafa baxıb təbiətin gözəlliklərini
görmək barədə heç düşünməzdik də.
İndi isə başı qarlı zirvələrə,
zümrüd meşələrə, çay vadisinə,
gül-çiçəyə doyunca tamaşa etmək
imkanı vardı. Hamı deyib-gülür, fərəhlənirdi.
Doğrudan da, abad yol həyat deməkdir, inkişaf deməkdir.
Bir saat keçmədi
ki, “dağlar gözəli” Lerikə çatdıq. Rayon mərkəzində
təşkil olunan mitinqdə qeyd edildi ki, yeni yolun istifadəyə
verilməsi rayonun yaradılmasının 75 illiyi ərəfəsində
Azərbaycan Prezidentinin leriklilərə ən gözəl hədiyyəsidir...
İndi yenidən Lerikə
gedirəm. Duman seyrəldikcə sanki dağların ovcunda
tutub göyə qaldırdığı rayon mərkəzi
gözəlliyi ilə gözlərim qarşısında
canlanır. Lerikin son illərdə xeyli böyüməsi,
gözəlləşməsi Prezident İlham Əliyevin 20
iyun 2008-ci il tarixli sərəncamı ilə bu qəsəbəyə
şəhər statusunun verilməsi ilə nəticələnib.
Lerikin yeni statusuna
uyğun abadlaşdırılması məqsədi ilə
şəhərdə mühüm addımlar
atılmaqdadır. Elə hesabat
yığıncağının keçirildiyi 400 yerlik rayon
mədəniyyət evi Dövlət Neft Şirkətinin maliyyə
dəstəyi ilə başdan-başa əsaslı təmir
edilib. Binanın zahiri görkəmi göz oxşayır,
daxili tamamilə yeniləşdirilib. Burada adam özünü
həqiqətən də əsl şəhərdəki kimi
hiss edir.
Yığıncaqdan öncə foyedə rayonun istehsal sahələrində buraxılan məhsullardan, sənətkarların əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. Çeşid-çeşid kənd təsərrüfatı və ərzaq məhsulları, mineral süfrə suları, yerli rəssamların çəkdiyi əlvan rəsmlər, turizm mərkəzlərinə aid guşələr böyük maraq doğururdu.
Yığıncağın əvvəlində iştirakçılara “Zamanla ayaqlaşan inkişaf yolu” video-filmi təqdim edildi. Son beş ildə dağlıq bölgədə baş verən yeniliklər filmdə ətraflı əks etdirilirdi. Bütün epizodlar Prezident İlham Əliyevin Lerikin inkişafına qayğısından, leriklilərə istək və ehtiramından soraq verirdi.
Lerik Rayon İcra
Hakimiyyətinin başçısı
Rövşən Bağırovun
hesabat məruzəsi maraqla dinlənildi. O, bildirdi ki, Prezident
İlham Əliyevin apardığı ardıcıl
siyasət ölkənin
hər yerində olduğu kimi, Lerikdə də işgüzar mühit formalaşmasına şərait
yaradıb. Dövlət
Proqramına uyğun olaraq beş ildə rayonda 3500 əvəzinə 4557 iş
yeri açılıb.
Hesabat ilində 1291 nəfər lerikli işlə təmin edilib. Cənab Prezidentin birbaşa göstərişi ilə
rayona qaz xətti çəkilib. 1320 ev təbii qazla təmin olunub, adamlar odun sobalarının
his-pasından qurtarıb.
Hesabat ilində sərf olunan təbii qazın haqqını istehlakçılar
101,2 faiz ödəyiblər. Yaşayış məntəqələrinin qazlaşdırılması
ilə bağlı işlər davam etdirilir. Artıq Ordahal kəndindəki
34 evə qaz xətti çəkilib, orada qazpaylayıcı məntəqənin tikintisi
sona çatmaqdadır.
2009-cu ildə qaz xəttinin keçdiyi əraziyə yaxın bütün kəndlər mavi yanacaqla təmin ediləcək.
Rayonun daxili imkanları hesabına şəhərdə
köhnə su xətləri dəyişdirilir. Kilometrlərlə boru yenisi ilə
əvəz edilib.
Üç kənddə artezian
quyuları qazılıb,
daha üç kəndin su xətləri dəyişdirilib.
Bütün bunlar öz
yerində, amma su təchizatının birdəfəlik müsbət
həllindən ötrü
alternativ mənbələr
də tapılmalıdır.
Əhalinin elektrik enerjisi ilə etibarlı təminatı məqsədilə
müəyyən tədbirlər
görülüb. Kəndlərarası yollar da tədricən
bərpa edilir. Bu işdə, eləcə
də kənd məktəblərinin və
xidmət obyektlərinin
tikintisində daxili imkanlardan hərtərəfli
istifadə olunur.
Dörd kəndə məktəbin,
üç kənddə
feldşer-mama məntəqəsinin
inşası bu yolla reallaşdırılıb.
İl ərzində 25 kilometrlik yol əsaslı təmir edilib. Telefonlaşdırılmamış on bir kənddə
peyk antenləri quraşdırılıb və
44 evə telefon rabitəsi çəkilib.
Ərazilərdə “Azərsell”, “Baksell”
və “NarMobile” şirkətlərinin antenləri
də quraşdırılıb
ki, əhali dağlıq zonada mobil rabitədən problemsiz istifadə edə bilsin. Rayonda, demək olar, bütün abonentlər üçün elektrik və qaz sayğacları
quraşdırılıb.
Rayonun Piran kəndi ərazisində yerləşən
kərpic zavodunda yeni beton sexi
yaradılıb. Zavodda dörd növdə gündəlik istehsal norması 15 min ədəd
olan kərpic, gündəlik 200 kubmetr çınqıl, 250 kubmetr
beton, 30 kvadratmetr tamet və beton
tavalar hazırlanır.
Lerikin “Xansu”, “Zərinqala”, “Zuvand”, “Monidiqo” və digər adda olan süfrə suları ölkədə
böyük alıcılıq
qabiliyyətinə malikdir.
Təbiətin dilbər guşələrində
turizm ilbəil inkişaf edir. İstirahət-əyləncə mərkəzlərində eyni vaxtda 600-ə yaxın turist dincələ və xidmətlərdən istifadə
edə bilər.
Lerik indi böyük tikinti meydanına çevrilib. Şəhərin küçələrinə çınqıl döşənib,
51298 kvadratmetr sahəyə
asfalt örtük döşənib. Rayon icra hakimiyyəti üçün yeni inzibati bina, Heydər Əliyev muzeyi tikilir. Mərkəzi xəstəxananın təmirində son işlər
görülür. Mərkəzi meydan yenidən qurulur. DSMF-nin
rayon şöbəsi və
ƏSMM üçün yeni
binalar inşa edilib. Baytarlıq idarəsi üçün
tikilən binada son tamamlama işləri aparılır.
Heydər Əliyev meydanına yaxın kommunal binaların, N.Nərimanov küçəsindəki fərdi
yaşayış evlərinin
dam örtükləri dəyişdirilib,
fasadları rənglənib
ki, şəhərin ümumi görkəminə
xələl gəlməsin. Küçə və meydanların işıqlandırma sistemləri
bərpa edilib. Səki və xiyabanlara 500 kvadratmetrdən artıq üzlük daş döşənib. İstinad divarları
milli ornamentlərlə
yenidən inşa edilib. Havalar imkan verdikcə
abadlıq-quruculuq işləri
qış günlərində
də sürətlə,
keyfiyyətlə davam
etdirilir.
Ötən il
rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul
istehsalı artıb. Adambaşına düşən
gəlir 2007-ci ilə nisbətən 186 manat artaraq 736 manata
çatıb. Rayon üzrə əhalinin
orta aylıq nominal əmək haqqı 81 faiz artaraq 209
manatı keçib. Hazırda qeydə
alınmış 884 sahibkarlıq subyektindən 546-sı tam fəaliyyət
göstərir. Aqrar sahənin
uğurları diqqətə layiqdir. Ət,
süd, yun, yumurta istehsalı yüksələn xətlə
gedir. Kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan Pirasora Dövlət
Damazlıq-qoyunçuluq istehsalı kooperativində 42
işçi çalışır. Burada
13 minədək qoyun-keçi saxlanır. Hesabat
ilində təsərrüfat 127 sentner ət və 222 sentner
yun istehsal edərək satıb. Bundan
başqa, hüquqi şəxs qismində 34 kəndli-fermer təsərrüfatı
və 13 ailə təsərrüfatı da məhsul
bolluğuna töhfələr verir.
Məruzəçi daha sonra təhsil, səhiyə, mədəniyyət, gənclərlə iş, rabitə sahələri üzrə fərəhli yekunları diqqətə çatdırdı. Əgər 1980-2003-cü illərdə Lerikdə cəmi 4 məktəb tikilmişdisə, 2003—2007-ci illərdə 10, hesabat ilində isə 12 təhsil ocağı inşa edilərək müəllim və şagirdlərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun təşəbbüsü, Dövlət Neft Şirkətinin vəsaiti ilə 350 yerlik Piran kənd orta və 120 yerlik Rəzgov kənd əsas məktəbləri, dövlət vəsaiti hesabına hər biri 200 yerlik Gürdəsər və Tikəband orta məktəbləri, hər biri 80 yerlik Buruq və Büzeyir kənd əsas məktəbləri, habelə daxili imkanlar hesabına beş kənddə hər biri 60 yerlik ibtidai məktəb və 120 yerlik Əliabad əsas məktəbi inşa edilib. Bəzi kəndlərdə məktəb tikintisi davam etdirilir.
Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasında, dövlət vəsaiti ilə Piran və Balaband kənd həkim məntəqələrində son tamamlama işləri aparılır. Ötən il rayon rəhbərliyinin təşəbbüsü ilə dörd kənddə feldşer-mama məntəqəsi tikilib.
Şəhərdə və kəndlərdə onlarla müasir ticarət mərkəzi tikilərək işə salınıb. Rayon mərkəzində ümumi görünüşə xələl gətirən bəzi dükanlar sökülərək yerində müasir obyektlər inşa edilib.
İl ərzində elektron tipli ATS-lərin quraşdırılması sayəsində 768 nömrə təzələnib, rabitə xidmətinin keyfiyyəti yüksəlib.
Sonra müzakirələr oldu. İdarə və müəssisə rəhbərləri, ziyalılar görülən işlərdən danışdılar, rayon rəhbərliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini dəyərləndirdilər. Milli Məclisin üzvü Miri Qənbərov və Prezidentin İcra Aparatının məsul işçisi Mikayıl Hüseynov hesabat yığıncağında çıxış edərək dövlətin sosialyönümlü iqtisadi siyasətinin uğurlarına diqqəti cəlb etdilər, qarşıda duran vəzifələrdən ətraflı söhbət açdılar.
Yığıncaqda rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.-1 mart.-S.6.