Texniki peşə təhsili sahəsində
Dövlət Proqramı uğurla həyata keçirilir
Məlum olduğu kimi,
möhtərəm Prezidentimiz cənab İlham Əliyev
ölkəmizdə texniki peşə təhsilinin
inkişafı məqsədilə 2007-ci il iyulun 3-də “Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı”nın qəbul olunması
barədə sərəncam imzalamışdı. Sərəncamda
2007-2012-ci illərdə peşə təhsilinin sürətli
inkişafını təmin etmək məqsədilə əsaslı
tədbirlərin həyata keçirilməsi, təhsilin bu sahəsinin
müasir tələblərə uyğun qurulması nəzərdə
tutulur. Artıq dövlət əhəmiyyətli bu sənədin
qəbulundan 2 ilə yaxın vaxt ötür. Ötən
dövr ərzində hansı yeniliklər baş vermişdir,
hansı problemlər hələ də həll olunmamış
qalır? Beləliklə, müsahibimiz Təhsil Nazirliyi texniki
peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovdur.
— Namiq müəllim,
bilmək istərdik ki, Dövlət Proqramının həyata
keçirilməsi sahəsində hansı işlər
görülmüşdür?
— Məlumat
üçün bildirim ki, respublikamızda 114 texniki peşə
təhsili müəssisəsi mövcuddur. Onlardan 6-sı
işğal olunmuş ərazilərdə fəaliyyət
göstərmiş və hazırda məlum səbəblərdən
onların fəaliyyəti dayandırılmışdır. Texniki
peşə təhsili müəssisələrindən 47-si
peşə liseyi, 60-ı peşə məktəbi, 1-i isə
peşə tədris mərkəzidir. Bu müəssisələrdə
101 peşə üzrə 24 mindən artıq şagird təhsil
alır. Hər il texniki peşə təhsili müəssisələrinə
orta hesabla 14 mindən yuxarı şagird qəbul olunur.
Dövlət Proqramının qəbul edilməsi peşə təhsili sahəsində ciddi dəyişikliklər edilməsi imkanını yaratdı. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ölkənin tərəqqisində peşə təhsili müstəsna rol oynayır və iqtisadiyyatın inkişafetdirici bazası hesab edilir. Məlum səbəblər üzündən peşə təhsili sahəsində baş vermiş durğunluq dövrü artıq geridə qalmışdır və indi dövlətin inkişaf istiqamətlərinə cavab verə biləcək peşə təhsili sisteminin qurulmasını müşahidə edirik.
Dövlət Proqramının həyata keçirilməsinin ilk ilində peşə təhsili sahəsində mühüm işlər görülmüşdür. Belə ki, Təhsil Nazirliyi peşə təhsili sahəsində qarşıda duran mühüm vəzifələrin həll edilməsi üçün müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının əsasnaməsini hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişdir. Artıq Əlaqələndirmə Şurası ilk iclasını da keçirmişdir. Peşə təhsili müəssisələrinin 5 günlük iş həftəsinə keçməsi təmin edilmişdir, Avropa Komissiyasının “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi” layihəsinin həyata keçirilməsi üçün texniki tərəfdaş təşkilat seçilmişdir və s. Bundan əlavə, Təhsil Nazirliyi yerli və beynəlxalq təşkilatlarla birlikdə bir sıra layihələrin həyata keçirilməsinə başlamışdır.
Dövlət Proqramının icrası ilə əlaqədar olaraq 2008-ci ildə 7 peşə təhsili müəssisəsinin əsaslı təmiri, 1 məktəbin isə yenidən qurulması nəzərdə tutulmuşdur.
— Yeri gəlmişkən, son illər yeni peşə məktəbi istifadəyə verilmişdirmi?
— Son 10 ildə ilk dəfə olaraq yeni peşə təhsil müəssisəsi inşa olunmuşdur. Belə ki, Dağlıq Şirvan zonasının turizm potensialı nəzərə alınaraq regionda turizm və otelçilik üzrə peşə ixtisaslı kadrların hazırlanması səviyyəsini yüksəltmək məqsədilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır. Mərkəz tədris binası, yeməkxana, laboratoriyalar, emalatxana, yataqxana və tibb otaqlarından ibarətdir və müasir avadanlıqlarla təchiz edilmişdir.
Mərkəzdə 1-2 illik kurslarla yanaşı, həmçinin qısamüddətli kursların da təşkil edilməsi planlaşdırılmışdır. Bundan əlavə, fasiləsiz təhsil konsepsiyasına uyğun olaraq istənilən yaş həddində olan vətəndaşlar da müraciət edərək peşə mərkəzində müxtəlif peşələrə yiyələnmək imkanı qazanacaqlar. Bu mərkəzlər regionda əmək bazarını öyrənəcək, digər məktəblərin mühəndis-pedaqoji heyətləri üçün ixtisasartırma kurslarını təşkil edəcək, regionda əmək bazarının tələblərinə uyğun olaraq peşələrin müəyyənləşdirilməsini həyata keçirəcəkdir.
— Başqa yeni mərkəzlərin yaradılması da nəzərdə tutulurmu?
— Dövlət Proqramına əsasən daha bir neçə belə mərkəzin yaradılması planlaşdırılmışdır. Respublikada avtomobil sənayesinin sürətlə inkişaf etdiyini və avtomobillərin sayının artdığını nəzərə alaraq Təhsil Nazirliyi Böyük Britaniyanın LJ Create şirkəti ilə birlikdə Bakıda yerləşən peşə təhsili müəssisələrinin birinin bazasında “Yüksək Avtomobil Sistemləri sahəsi üzrə Peşəkarlıq və Texnik və Mühəndislər üçün Diaqnostika Təlim Mərkəzi”nin yaradılmasını nəzərdə tutmuşdur. Belə bir mərkəzin yaradılmasında əsas məqsəd müasir avtomobil sistemləri texnologiyasının və avtomobil bazarının tələblərinə uyğun olan kadrların hazırlanması sisteminin təşkil edilməsidir. Belə ki, bu mərkəzdə “Rəqəmsal nəqliyyat” sahəsi üzrə problemlərin həlli məqsədi ilə yüksək səviyyəli kadrların hazırlanması üçün müvafiq emalatxana, laboratoriya yaradılacaq, tədris və əyani vəsaitlərin hazırlanmasında beynəlxalq təcrübədən istifadə ediləcək, mühəndis-pedaqoji kadrların hazırlanmasına xarici ekspertlər cəlb olunacaqdır. Maşınqayırma texnologiyası sahəsində xidmət səviyyəsini yüksəltmək məqsədi ilə İKT texnologiyasına əsaslanan interaktiv təlim-tədris mühiti yaradılacaqdır.
— Hansı ixtisaslara üstünlük veriləcək?
— Peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunikasiya texnologiyası və ingilis dili üzrə müasir tələblərə cavab verən yeni kurrikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılması məqsədilə Azərbaycan Respublikası höküməti və Heydər Əliyev Fondu ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi haqqında saziş imzalanmışdır. Layihənin həyata keçirilməsinə həmçinin Yaponiya höküməti də müəyyən vəsait ayırmışdır.
— Məcburi köçkünlərin məşğulluğunu artırmaq məqsədilə onların peşələrə yiyələnmələri üçün tədbirlər görülürmü?
— Təhsil Nazirliyi məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilini təmin etmək, beləliklə yoxsulluqla mübarizədə və onun qarşısını almağa kömək etmək və əhalinin müvəqqəti yaşadığı ərazini tərk etməsinin qarşısının alınması istiqamətində də müəyyən tədbirlər həyata keçirir. Belə ki, Avstriyanın “Hilfsverk Austria” təşkilatı ilə birlikdə Biləsuvar rayonunda məcburi köçkünlər üçün tikilib istifadəyə verilən qəsəbələrdən birində kənd təsərrüfatı ixtisasları üzrə peşə təhsilinin verilməsini planlaşdırılır. Bu məqsədlə artıq Cəbrayıl 131 nömrəli peşə məktəbinin yenidən bərpası nəzərdə tutulmuşdur. Beləliklə, yeni tədris ilindən başlayaraq daha bir peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaqdır.
— Xarici ölkələr, beynəlxalq təşkilatlarla bu sahədə hansı əlaqələr yaradılıb?
— 2007-ci il avqust ayının 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Cənubi Koreyanın “DEU” şirkəti arasında müasir standartlara cavab verəcək “Qabaqcıl Texnologiya üzrə Texniki Peşə Təhsil Mərkəzi”nin inşasına dair memorandum imzalanmışdır. Layihənin ümumi dəyəri 32 milyon dollardır və bunun nəticəsində nəinki Azərbaycanda, hətta regionda ən böyük və müasir standartlara cavab verən peşə təhsili mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.
Avropa Komissiyası Azərbaycanda “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi” layihəsinin həyata keçirilməsini nəzərdə tutmuşdur. Layihə çərçivəsində peşə təhsili sisteminin təkmilləşdirilməsi üzrə siyasi sənədin, turizm və otelçilik üzrə peşə və təhsil standartlarının hazırlanması və İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin yaradılması nəzərdə tutulmuşdur. Layihənin həyata keçirilməsinə Britiş Konsul Təşkilatı yardım edəcəkdir.
Bununla yanaşı, Təhsil Nazirliyi mühəndis-pedaqoji heyətin də səviyyəsinin artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir. Belə ki, Türkiyə Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabr ayında “Azərbaycanlı informatika və elektron-mühəndisləri müəllimləri üçün avtomatik kursu”n təşkil edilməsi planlaşdırılmışdır. Bununla əlaqədar, elektronika və informatika sahəsində çalışan 10-dan artıq mütəxəssisimiz bu treninqlərdə iştirak etmək imkanı qazanacaqdır. Bundan əlavə, növbəti tədris ilindən başlayaraq YUNESKO ilə birlikdə “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi” çərçivəsində bir qrup xarici dil və informatika müəllimləri üçün də treninqlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.
— Dövlət Proqramı çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirildi və siz orada proqramın yerinə yetirilməsi barədə təqdimat vermisiniz...
— Elədir. Orada nazirimiz Misir Mərdanov çıxış etdi. Müxtəlif nazirliklərin nümayəndələri də təmsil olunurdu. Biz gördüyümüz işlərdən və qarşıda duran vəzifələrdən danışdıq. Görüləsi işlərimiz hələ çoxdur. Çalışacağıq ki, Dövlət Proqramını vaxtında və yüksək keyfiyyətlə həyata keçirək.
Qələmə aldı:
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-1 mart.-S.7.