Seminaristin nakam ömrü

 

Zülfüqar bəy Hacıbəyov Zaqafqaziya Müəllimlər Seminariyasına 1899-cu ildə qəbul olunmuş, 1904-cü ildə oranı əla qiymətlərlə bitirmişdir. Həmin il seminariyanı 17 nəfər azərbaycanlı gənc bitirmişdi. Həsən Sultanov — Zəngəzur qəzasından, Möhsün Cabbarxanov — İrəvandan, Əli Terequlov Tanrıqulov — (Tiflisdən), Əbdülqədir Əlqədari — Dağıstanın Kürə nahiyəsindən (məşhur tarixçi alim Həsən Əlqədarinin (1835-1910) oğlu idi), Müslüm Maqomayev – Çeçenistandan, Osman Əfəndiyev – Qazax qəzasının Şıxlı kəndindən, Üzeyir bəy Hacıbəyov, Azad Əmirov, Zülfüqar bəy Hacıbəyov, Abbas İsmayılbəyov – dördü də Qarabağın Şuşa şəhərindən idi. Onlar seminariyanı müvəffəqiyyətlə bitirib müəllimlik şəhadətnaməsi aldılar.

Tələbələrinin müvəffəqiyyətlərindən sevinən Firidun bəy Köçərli “Şərqi-Rus” qəzetində yazırdı: “Əziz və mehriban balalarım, seminariyada aldığınız bilik və mərifəti cəhalət və nadanlıqda qalan qardaşlarınıza sərf edin. Cəhd edin ki, sizi sevsinlər, sizə etibarları olsun. Burdan apardığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.

Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Zəhmət çəkin, səy edin ki, vəzifənizi kamalınca, layiqincə yerinə yetirəsiniz. Sizin tərifiniz bizi xoşhal və başı uca edəcəkdir, eybiniz isə məyus və məlul qılacaq. Əlbəttə, bizi məyus etməyi özünüzə rəva görməzsiniz... Əziz balalar, inanıram ki, siz xalqa sidqi-dil ilə qulluq edəcəksiniz”.

Yuxarıda adları çəkilən seminaristlərin hamısı ömürlərinin sonuna kimi əziz müəllimləri Firidun bəy Köçərlinin xatirəsini həmişə dərin ehtiramla yad etmişlər. Hələ 1909-cu il avqustan 20-də “Tərəqqi” qəzetində çıxış edən Üzeyir bəy Hacıbəyov sevimli müəllimi Firidun bəyin yad bir şəhərdə onlara doğma ata qayğısı göstərdiyini, şirindilli məqalələri ilə tərbiyə və təlimin lüzumu və vacibliyi haqqında vazeh bəyanlar buyurduğunu iftixarla yazmışdır.

1910-cu ildə Firidun bəy seminariyanın keçmiş müfəttişi Aleksey Çernyayevskinin (1840-1894) ibtidai məktəb şagirdləri üçün yazdığı “Vətən dili” dərsliyinin yeddinci nəşrini hazırladı. Bu uğura sevinən Üzeyir bəy bu hadisə münasibətilə yazırdı: “Vətən dili” üsuli-sövti üzrə tərtib olunmuş təlim kitablarının anası mənziləsindədir. Seminariyanın elmi-ilahi müəllimi olan məşhur pedaqoq və yazıçılarımızdan möhtərəm Firidun bəy Köçərli cənabları tərəfindən islah edilib, gözəl surətə salınıbdır.

Firidun bəy cənabları kimi üsuli-tədrisə və ədəbiyyata mükəmməl surətdə aşina olan bir zatın iştirakı “Vətən dili”nin faydalı və lüzumlu bir kitab olduğunu təmin edir”.

Möhtərəm oxuculara yaxşı məlumdur ki, 1904-cü ildə Seminariyanı müvəffəqiyyətlə bitirən bu gənclərin hər biri Azərbaycan ədəbiyyatında, maarifində və musiqi aləmində əvəzsiz mütəxəssislər oldular. Sevimli müəllimləri Firidun bəy Köçərlinin inamını doğrultdular.

Yalnız bir nəfərin ömrü və pedaqoji fəaliyyəti çox qısa oldu — Zülfüqar bəy Məmmədəli bəy oğlu Hacıbəyovun. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bəzi tədqiqatçılar soyadına görə səhvən onun Üzeyir bəy Hacıbəyovun böyük qardaşı olduğunu yazıblar. Yalnız mərhum tədqiqatçı-alim Mirabbas Aslanov arxiv sənədlərinə əsaslanaraq Zülfüqar bəyin Üzeyir bəy Hacıbəyovun qardaşı yox, əminəvəsi olduğunu, Şuşada rus-tatar məktəbində və Qori Seminariyasında kurs yoldaşı olduğunu üzə çıxarmışdır (Bax: “Üzeyir bəy Hacıbəyov gündəlik yazmış olsaydı” kitabçası, Bakı, 1994-cü il, səh.16-da).

Seminariyanı əla qiymətlərlə bitirən Zülfüqar bəyə bir il on ay Gəncədəki sənət məktəbində müəllimlik etmək qismət oldu.

O, müəllimlik etməklə yanaşı, dayısı Firidun bəy Köçərli kimi kəndbəkənd düşərək Azərbaycan ədəbiyyatı haqqında itib-batmaqda olan məlumatları toplamaqla məşğul idi. Zülfüqar bəy istirahət bilmədən uzaq dağ kəndlərindən sorağını aldığı aşıq şeirini, divan və cüngləri əldə etməyə payi-piyada yollanırdı. Onun M.Füzuli adına Respublika Əlyazmaları İnstitutunun elmi arxivində sevimli dayısı Firidun bəyə yazdığı cəmi üç məktubu saxlanır. Məktubun ikisində o, dayısına “Qibləgahım”, birində isə “əziz dayım” deyə müraciət edir. Və “Zülfüqar Şamani” təxəllüsü ilə imzalayıb.

Birinci məktub

“Əziz dayı!

Mənim təyinatımı Yelizavetpola (Gəncə) verdilər. Sabah ora yola düşürəm. Sizə salam göndərirəm. Təyinatıma kömək etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Hamıya salamım var. Sizin Zülfüqar. 5 sentyabr 1904-cü il”.

Zülfüqar bəydən yadigar qalan ikinci məktub 1904-cü il dekabrın 14-də yazılıb: “Qibləgaha! Ərzi-salamımı hüzurunuza yetirəndən sonra məlum edirəm ki, biz Əyricəyə (Əyricə - Bərdə rayonunda kənd. Firidun bəyin atası Əhməd ağanın bu kənddə tut bağı və əkin sahəsi vardı. Ailəsi qış fəslini Əyricə kəndində, yaz və yay fəslini isə Şuşada yaşayırdılar - Ş.N.) dekabrın 23-də gedəcəyik. Əgər Siz və yainki uşaqlar bu günlərdə gəlsəniz, xəbər versəniz, gözləyək, bir yerdə getməyimiz çox yaxşı olardı. Baqqi, Allah, Zülfüqar. Ruzi-düşənbə. 14 dekabr”.

Üçüncü məktub:

“Qibləgaha! Çoxdandır ki, məktub-müşfiqanəniz vüsul olub qəlbimi şad və könlümü abad etmişdi. Nəhayət, məktəbimizə təzə bir rəis qoyulmaq cəhətinə şığqilim artıq olub, cavabını əda etməyə macal tapmayırdım. İmdi bu neçə kəlimatı hüzurunuza göndərib, üzr istəyirəm və salamımı əziz mehribanə Badisəba bacı xidmətinə yetirib, bu mahi-mübarəki-ramazanda etdiyi ibadət və itaatın məqbulunu Xudavəndi-Həqqimdən dilərəm. Allah.

Zülfüqar Şamani, 6 noyabr 1904-cü il. Gəncə”

Qarda-boranda uzaq yollar qət edən fədai Zülfüqar bəy 1906-cı ildə ciyər vərəmi xəstəliyinə tutulur. Dayısı Firidun bəy Köçərli bu bəd xəbəri eşidib Gəncəyə gəlir. Bacısı oğlunu Tiflisə aparıb adlı-sanlı həkim Məmmədrza ağa Vəkilova müalicə elətdirir. Ciddi müayinədən sonra Məmmədrza ağa bildirir ki, xəstəlik çox şiddətlidir, bacınız oğlu vaxtında həkimə müraciət etməyib, müalicənin heç bir köməyi olmayacaq.

Çarəsiz qalan Firidun bəy bacısı oğlu Zülfüqar bəyi Qoriyə gətirib seminariyanın həkimi Barsukova da göstərir. O da eyni diaqnozu təyin edir.

Əlyazmalar İnstitutunda Firidun bəyin arvadı Badisəba xanıma yazdığı xeyli məktubu saxlanılır.

1906-cı il 18 mart tarixli məktubundan:

“...Zülfüqar Əbdürrəhman ağa (1867-1931, Firidun bəyin qaynıdır - Ş.N.) gətirdiyi şəkər çörəyinin birini tamahı düşüb yeyibdir və həmin şəkər çörəyi onu bərk pozubdur. İmdi yorğan-döşəkdə yatır və gün-gündən zəif düşür. Dünən Məmmədəli bəydən (Zülfüqar bəyin atasıdır - Ş.N.) tel var idi. Zülfüqarın əhvalını soruşur. Mən də cavab yazdım ki, həkimlər məsləhət görürlər onu Suxuma göndərməyi”.

1906-cı il 22 mart tarixli məktubundan:

“...Hamımız salamat varıq. Zülfüqar da yavaş-yavaş yaxşı olur. Uşaqları öpərsən və Həcər də (Firidun bəyin övladlığa götürdüyü qızdır - Ş.N.) sənin əlini öpür. Zülfüqar da salam edir hamınıza. Mən də Cənnətimi öpürəm və xəyalla günümü xoş keçirirəm”.

Həmin il 25 mart tarixli məktubundan:

“...Allah sənə insaf versin. Mən indi, bu saat uşaqlar ilə gələ bilərdim, amma Zülfüqar günü-gündən geri gedir, bilmirəm nə eləyim. Qalmışam mat-məəttəl. Onu bu halda qoyub gedə bilmirəm. Havalar da düzəlmir ki, onu Suxuma göndərəm Ağalar ilə...”.

İyirmi bir yaşı tamam olmayan Zülfüqar bəy Hacıbəyov 1906-cı il aprelin 15-də Qoridə vəfat edir. Qori şəhər qubernatorunun rəsmi icazəsi ilə Firidun bəy nakam bacısı oğlunu Şuşaya gətirib dəfn edir.

Bu vaxtsız ölüm hamıdan çox həmyerlisi, altı il seminariyada birgə oxuyan Üzeyir bəy Hacıbəyovu yandırıb-yaxır. Üzeyir bəy sevimli müəllimi Firidun bəy Köçərliyə göndərdiyi başsağlığı məktubunda yazırdı: “Zülfüqar bəy öldü. Bu bir acı həqiqətdir! Nakam öldü! Valideyni Zülfüqar bəy adlı bir oğul itirdisə, biz Zülfüqar bəy adlı bir adam itirdik ki, xalqımız üçün yıxılmaz, qaralmaz bir sütun olacağı ap-aşkar idi! Birəhim tale əziz və sevimli yoldaşımızı əlimizdən aldısa, onun əməl və əfkari-alisini ala bilmədi. Onların səmərəsi dostumun ruhunu şad edəcəkdir. Bu, bizim təsəllimizdir”.

Seminariyanın musiqi müəllimi Mixail Leontyeviç Pekker Zülfüqar bəy Hacıbəyovun şəxsi işinə yazdığı rəydə göstərir ki, bütün əsas fənləri əla qiymətlərlə oxuyan seminarist Zülfüqar bəy gələcəyin istedadlı musiqiçisi olacaqdır. Musiqiyə böyük həvəs göstərən Zülfüqar bəy 1904-cü ildə seminariyanın orkestrində həmyerliləri Üzeyir bəy Hacıbəyovla, Azad Əmirovla və Müslüm Maqomayevlə birgə əla ifaçılıq fəaliyyətinə görə pulla mükafatlandırılmışdır.

Ciddi təhsil ocağı olan Qori Seminariyasında belə bir qayda vardı: jurnalda şagirdlərin ad və familiyası əlifba sırası ilə yox, necə oxuduqlarına görə yazılırdı. Zülfüqar bəy Hacıbəyovun təhsil aldığı altı il müddətində adı həmişə birincilər sırasında yazılmışdı...

 

 

Şəmistan NƏZİRLİ,

Müdafiə Nazirliyinin

Hərbi-Elmi Mərkəzinin baş

elmi işçisi, polkovnik-leytenant

 

Xalq qəzeti.-2009.-1 mart.-S.8.