Üzeyir Hacıbəyovun layiqli davamçısı  

 

Üzeyir Hacıbəyovun ev muzeyində böyük bəstəkarın yetirməsi və davamçısı, professional musiqimizin əksər janrlarında gözəl əsərlər yaratmış Süleyman Ələsgərovun anadan olmasının 85 illiyi münasibətilə yubiley mərasimi keçirildi.

Ev muzeyinin direktoru Sərdar Fərəcov görkəmli bəstəkar Süleyman Ələsgərovun musiqi mədəniyyətimiz qarşısında xidmətlərindən danışdı, onu Üzeyir bəyin ən istedadlı tələbələrindən biri kimi səciyyələndirdi. O bildirdi ki, bəstəkar sağlığında vətəni Şuşa işğal altında olduğundan yubiley keçirilməsinə razı olmamışdı. Ona görə onun 85 illiyi daha geniş qeyd olunmağa layiqdir. Şuşa Rayon Mədəniyyət Turizm İdarəsinin rəisi Zahid Abbasov Süleyman Ələsgərovun doğulub boya-başa çatdığı Şuşaya dərin sevgisindən, onun mədəni mühiti ilə sıx bağlılığından söz açdı. Natiq həmyerlilərinin bəstəkarın şəxsiyyətinə sənətinə daim dərin ehtiram bəslədiklərini, xatirəsini əziz tutduqlarını söylədi.

Görkəmli sənətkarla birgə çalışmış yaradıcılıq əməkdaşlığı etmiş musiqişünaslar Zemfira Qafarova Maya Qafarova, bəstəkar Rauf Əliyev, rejissor Yusif Əkbərov yubilyarı gözəl insan, qayğıkeş yoldaş, cəfakeş musiqi xadimi kimi yada saldılar.

Şuşa musiqi mühitinin müxtəlif nəsillərdən olan yetirmələriustad tarzən Gülağa Zeynalov, istedadlı vokalçı Anar Şuşalı, yeniyetmə ifaçı Şəhriyar Bəxtiyarov, Xəlfəli musiqi məktəbinin sazçı qızlar ansamblı Süleyman Ələsgərovun əsərlərindən nümunələri məharətlə səsləndirdilər.

Mərasimdə bəstəkarın böyük zəhmətlə həyata keçirdiyi əməllərŞuşada Konservatoriya yaratması, Cıdır düzündəXarı-bülbülfestivalı keçirməsi xoş duyğularla xatırlandı, Şuşa düşməndən azad edildikdən sonra onun bu istəklərinin davam etdirilməsi mənəvi borc kimi vurğulandı.

 

 

R.TAHİR

 

Xalq qəzeti.-2009.-1 mart.-S.8.