Həmişə anılan, xatırlanan sənətkar
Dünya mədəniyyəti
tarixində bir şəxsin müxtəlif sahələrdə
yaradıcılıqla məşğul olması faktlarına
həmişə təsadüf edilib. Azərbaycan sənətkarları
da bu baxımdan istisna təşkil etməyiblər. Şairin
həm də elmi fəaliyyətlə, bəstəkarın rəngkarlıqla,
memarın musiqi ifaçılığı ilə məşğul
olması, eləcə də bir çox başqa sənət
adamlarının ikinci sahədə yaradıcılıq
nümunələri ərsəyə gətirməsi maraqla
qarşılanıb. Bu baxımdan tanınmış aktyor, Azərbaycan
SSR-in əməkdar artisti Məcid Şamxalovun dramaturgiya sahəsində
də özünü sınaması uğurlu alınıb. Onun
“Mənzər” və “Kamilə” pyesləri oxucuların maraqla
qarşıladığı əsərlər olsa da
“Qayınana” pyesi öz müəllifinə daha böyük
şöhrət qazandırmışdır.
Məcid Şamxalov ötən əsrin əvvəlində, 1907-ci ildə Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. Ancaq milli mədəniyyətimizin inkişaf mərkəzi olan Bakıya Sərabdan yox, Qarabağdan gəlmişdir. Belə ki, kiçik Məcid valideynləri ilə Sərabdan Ağdama köçmüş, 1916-cı ildə isə Ağdamdan Bakıya gəlmişdir. Bu kiçik detalların böyük əhəmiyyəti vardır. Çünki coğrafi baxımdan Azərbaycanın müxtəlif guşələrində yaşamaq bu insanın milli mədəniyyətimizin incəliklərinə daha dərindən bələd olmasına zəmin yaradır. Bakıda Süleyman Sani Axundovun dərs dediyi məktəbdə təhsil alması, sonra öz təhsilini Bakı Teatr Texnikumunda davam etdirməsi onun görkəmli sənət adamları ilə tanış olmasına, bu tanışlığın isə gənc Məcidin mükəmməl sənətkar kimi formalaşmasına səbəb olmuşdur. Cahangir Zeynalov, Mirzağa Əliyev, Sidqi Ruhulla, Hacağa Abbasov kimi sənət fədailərinin ifasına aludə olan Məcid sonralar həm komik, həm də dramatik obrazların kamil ifaçısına çevriləcəyini ancaq arzu edə bilərdi. Tale ona həmin arzularını reallaşdırmaq imkanını da verdi.
Bakı Teatr Texnikumunda təhsil alarkən Mudrov, Tuqanov, Kirmanşahlı və Hüseyn Cavid kimi sənətkarlardan teatrın və dramaturgiyanın incəliklərini öyrənən Məcid Şamxalov 1930-cu ildən sonra aktyor kimi Azərbaycanın bir neçə teatrında yadda qalan obrazlar yaratmışdır.
1984-cü ilin oktyabrında Azərbaycan Yazıçılar İttifaqının İdarə heyəti və Dövlət Akademik Dram Teatrının kollektivi adından verilən nekroloqda, eləcə də teatr tarixi ilə bağlı ensiklopedik materiallarda Məcid Şamxalovun oynadığı rolların siyahısı sadalanır. Burada Azərbaycan, sovet və dünya dramaturqlarının çoxsaylı əsərlərinin adı çəkilir. Həmin tarixi materiallardakı bir ifadəni yada salmaq istərdik: “Məcid Şamxalov M.Əzizbəyov adına teatrda çalışdığı uzun müddətdə həcmcə kiçik görünən bir sıra rəngarəng rolların usta ifaçısı kimi tanınmışdır... O, əsasən, komik aktyor olsa da, bununla təzad təşkil edən tamam ciddi səpgili obrazları orijinal boyalarla təcəssum etdirir”.
Əlbəttə, o, uzun illər teatr aktyoru kimi fəaliyyət göstərmişdir. Ancaq Məcid Şamxalov ifadəsi yada düşən kimi daha tez “Qayınana” pyesi xatırlanır. Yuxarıda qeyd etdiyimiz kimi öz qələmini dramaturgiyada da sınayan aktyor 1957-ci ildən bəri bir gün də olsa yaddan çıxmayan, unudulmayan mükəmməl bir məişət mövzulu əsər yarada bilmişdir. İlk dəfə 1957-ci ildə C.Cabbarlı adına Gəncə (Kirovabad) Dövlət Teatrında tamaşaya qoyulmuş “Qayınana” əsərinin böyük uğur qazanmasının əsas səbəbi bu pyesin müəllifinin səhnə ab-havasına daha yaxından bələd olması idi. Sonralar “Qayınana” əsəri Azərbaycanın və SSRİ-nin ondan çox teatrında, eləcə də Bolqarıstan və Əfqanıstan teatrlarında böyük uğurla oynanılmışdır. Üstəlik bu əsər “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırıldıqdan sonra Məcid Şamxalova böyük tamaşaçı hörmət və ehtiramı qazandırmışdır.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində xidmətləri olmuş sənət adamlarının heç zaman unudulmaması, daim xatırlanması xalqımızın qədrşünaslıq kimi dəyərli xüsusiyyətinin yaşaması deməkdir. Bu keyfiyyət hələ min illər yaşayacaqdır.
İ.MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-1 mart.-S.8.