Yasamal rayonu inkişaf və tərəqqi yolunda
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının qarşıya qoyduğu vəzifələrin
müvəffəqiyyətlə icra olunması sosial sahədə
qarşıda duran problemlərin həlli üçün
etibarlı zəmin yaradıb. Son beş ildə ölkəmizin
bütün rayon və şəhərlərinin siması
tamamilə dəyişmiş, bütün sahələr
üzrə sürətli inkişaf yaranmış, beynəlxalq
standartlara cavab verən çoxlu sayda yeni müəssisələr
açılmışdır. Bunun nəticəsi olaraq 766 min
yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi
49 faizdən 13,2 faizə enmiş, insanların sosial-rifah
halı tamamilə dəyişmiş, həyat səviyyəsi
xeyli yüksəlmiş, əmək haqları, sosial müavinətlər,
pensiyalar, tələbələrin təqaüdləri bir
neçə dəfə artırılmış, dövlət
büdcəsi 10 dəfədən artıq
çoxalmışdır. Bütün bunlar möhtərəm
Prezidentimiz İlham Əliyevin düşünülmüş
daxili və xarici siyasətinin nəticəsidir.
Bu günlərdə
Bakının Yasamal rayonunda keçirilən 2008-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş hesabat yığıncağında rayon icra hakimiyyətinin
başçısı İbrahim Mehdiyevin
çıxışında bütün bunlar öz əksini
daha ətraflı tapdı. Hər şeydən əvvəl
Yasamal rayonunun sakini kimi gündəlik
qarşılaşdığım səliqə-sahman, yenidənqurma,
bərpa, abadlıq işləri barədə söhbət
açmaq istərdim. Yəqin ki, rayonun digər sakinləri də
mənimlə böyük məmnuniyyətlə
razılaşarlar. Bakının mərkəzi hesab edilən
Yasamal rayonunun üç il əvvəlki
görünüşü ilə indiki
görünüşü arasında çox böyük fərq
var. Bu mənzərə hər birimizin gözləri
qarşısındadır. Rayon sakinlərinin ən çox
razılıq etdiyi və məmnun qaldıqları məsələlərdən
biri onların rayon rəhbərliyi tərəfindən qəbul
edilərək diqqətlə dinlənilməsi,
qarşılaşdıqları problemlərin dərhal həll
edilməsidir. Rayonda insanları ən çox narahat edən
işsizlik probleminin aradan qaldırılması
üçün ciddi tədbirlər həyata
keçirilmiş və son bir il ərzində 2794 yeni iş
yerləri açılmışdır. Son beş ildə isə
yeni iş yerlərinin sayı 16502 olmuşdur.
Əhalinin problemlərini
daha yaxından öyrənmək məqsədi ilə rayon
icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev
rayonun idarə və müəssisə rəhbərlərinin
iştirakı ilə 32 səyyar qəbul keçirmişdir.
Həmin qəbullarda 5 min nəfərdən çox rayon
sakini iştirak etmiş, onlar tərəfindən 527 müraciət
edilmişdir. Bu müraciətlərlə bağlı yerindəcə
operativ göstərişlər verilmiş və həmin
göstərişlərin icrası ciddi nəzarətə
götürülmüşdür. Hesabat məruzəsində
bildirildi ki, ümumiyyətlə, rayon sakinlərinə
böyük diqqət və qayğı göstərilmiş,
rayon icra hakimiyyətinə müraciət edənlər
ümidsiz qayıtmamışlar. Son bir il ərzində rayon
icra hakimiyyətinə daxil olmuş 3230 müraciət “Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında” Qanuna müvafiq olaraq baxılmış, mənzil,
maddi yardım, torpaq sahəsinin ayrılması, pasport
qeydiyyatı, məcburi köçkünlərin problemləri,
qəyyumluq və digər vacib məsələlər müsbət
həll edilmişdir. İl ərzində 493 nəfər rayon
icra hakimiyyəti başçısının qəbuluna gəlmiş,
2038 nəfər isə rayon rəhbərliyi tərəfindən
vətəndaşların fərdi qaydada qəbulunun təsdiq
olunmuş cədvəlinə uyğun olaraq qəbul
edilmişdir.
İ. Mehdiyev qeyd etdi ki, rayon
sakinləri ölkənin ictimai-siyasi həyatında fəal
iştirak etmiş, dövlət başçımızın
demokratik proseslərin inkişafına böyük önəm
verməsi, Azərbaycanın Avropaya və dünya birliyinə
sürətlə inteqrasiya olunmasında böyük səy
göstərməsi insanların gələcəyə olan
inamını daha da artırmışdır. Hesabat ilinin ən
yaddaqalan siyasi hadisəsi olan 2008-ci il oktyabrın 15-də
keçirilmiş Azərbaycan Respublikasına prezident
seçkilərində rayon sakinləri böyük mütəşəkkillik
nümayiş etdirmiş, ümummilli lider Heydər Əliyev
siyasətinə və bu siyasətin ən layiqli
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə
ümid etdiklərini, inandıqlarını və güvəndiklərini
bir daha təsdiqləmişlər. Bu seçkilərin nəticələri
əyani şəkildə göstərdi ki, təkcə
Yasamal rayon sakinləri deyil, bütövlükdə Azərbaycan
xalqı möhtərəm Prezidentimizin son beş ildə həyata
keçirdiyi siyasəti dəstəkləyir. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş bu siyasət ictimai-siyasi sabitliyin, sülhün və
firavanlığın təmin edilməsinə yönəlib.
Xalqın böyük inam bəslədiyi və
inandığı möhtərəm Prezidentimizə
respublikamızın bütün bölgələrində
olduğu kimi, Yasamal rayonunda da seçicilərin mütləq
əksəriyyəti səs verərək ona parlaq qələbə
qazandırmışdır. Seçicilərin fəallığının
artırılmasında rayon icra hakimiyyətinin
apardığı məqsədyönlü işlər öz
bəhrəsini vermişdir. Azərbaycanda demokratik, azad və ədalətli,
şəffaf prezident seçkilərinin keçirilməsi
beynəlxalq müşahidəçilər tərəfindən
də yüksək qiymətləndirilmişdir. Fakt
üçün bildirmək istərdim ki, Yasamal rayonu ərazisində
159 min 424 seçicidən 105 min 87 nəfəri səsvermədə
iştirak etmişdir. Seçicilərin 91,98 faizi möhtərəm
Prezidentimiz İlham Əliyevə səs vermişdir. Bu parlaq qələbə
bir daha təsdiqlədi ki, ümummilli lider Heydər Əliyev
siyasətinin, bu siyasətin ən layiqli davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyevin alternativi
yoxdur. Xalqın ulu öndər Heydər Əliyev siyasi kursuna,
bu kursun öyrənilməsinə olan hədsiz istəyi və
marağını nəzərə alan rayon rəhbərliyi
yüksək tələblərə cavab verən Heydər Əliyev
məktəb-muzeyinin tikintisini qısa vaxt ərzində
başa çatdırmışdır. Ümummilli liderin əziz
xatirəsinin əbədiləşdirilməsi, onun iradəsinin
gələcək nəsillərə
çatdırılması baxımından böyük əhəmiyyəti
olan məktəb-muzeydə Heydər Əliyevin həyat və
fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən
fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Buradakı kitabxana və kompyuter otaqları gənclərin ulu
öndərin zəngin irsindən yararlanmasına kömək
edəcək. İ. Mehdiyev böyük fərəh və
qürur hissi ilə yığıncaq
iştirakçılarının diqqətinə
çatdırdı ki, ümummilli lider Heydər Əliyevin
adını daşıyan bu məbədgah özünün
tikinti-memarlıq üslubu və tərtibatına,
tikinti-quraşdırma işlərinin uğurlu konstruktiv həllinə,
texniki təchizatına, təqdim edilən məlumat-tematika rəngarəngliyinə
görə ictimaiyyətin diqqətini cəlb edib. Artıq
rayonun məktəbliləri, yeniyetmə və gəncləri
kütləvi surətdə ulu öndər Heydər Əliyev
məktəb-muzeyini ziyarətə gəlirlər.
Rayonda aparılan abadlıq və
yenidənqurma işləri daim diqqət mərkəzində
saxlanılır. Ötən bir il ərzində rayon ərazisində
35 yaşayış məhəlləsində geniş
abadlıq işləri aparılmış, nümunəvi həyətlər
yaradılaraq sakinlərin istifadəsinə verilmişdir. Bu məhəllələrdə
sakinlərin istirahəti üçün zəruri olan hər
cür şərait yaradılıb. Günlüklər,
oturacaqlar, çoxsaylı müxtəlif uşaq-əyləncə
elementləri quraşdırılmış, 540 ədəd
ağac, 3900 ədəd dekorativ gül kolları əkilmiş,
2360 kvadratmetr sahədə yaşıllıq zolağı
salınmışdır. Vaxtilə Nazim Hikmət küçəsi
ilə Mətbuat prospektinin kəsişməsində
salınmış sahəsi 1,7 hektar olan və uzun müddət
baxımsız qalaraq tamamilə istifadəsiz vəziyyətə
düşmüş park xüsusi layihə əsasında
müasir səviyyədə yenidən qurulmuşdur. Burada
yaraşıqlı fəvvarələr və şəlalələr
kompleksi yaradılmış, monumental kürsü üzərində
Azərbaycanın dövlət bayrağı
ucaldılmışdır. Parkda hər cür hava şəraitinə
davamlı 254 oturacaq qoyulmuş, 8,5 min kvadratmetr sahədə
çəmənlik salınmış, xarici ölkələrdən
gətirilmiş 3500-dən çox müxtəlif ağac və
gül kolları əkilmişdir. Qeyd olundu ki, əraziyə
yüksək keyfiyyətli mərmər döşənmiş,
ən müasir işıqlandırma sistemi və 20
kvadratmetrlik monitor quraşdırılmışdır. Yeni
salınmış parkda sakinlərin istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Ərazinin görkəminə xələl
gətirən yaşayış binasının dam
örtüyü, fasad hissələrində yenidənqurma və
əsaslı təmir işləri aparılmışdır.
Rayon ərazisindəki möhtəşəm tikintilərin
açılış mərasimində Azərbaycan Prezidenti
İlham Əliyevin şəxsən iştirak etməsi rayon
sakinlərində fərəh və qürur hissi
doğurmuşdur. Bundan sonra rayonda səliqə-sahman,
abadlıq işləri daha geniş vüsət
almışdır.
Rayon ərazisində
qayda-qanuna ciddi riayət olunması, qanunsuz tikililərin,
küçə ticarətinin qarşısının
alınması istiqamətində ciddi tədbirlər həyata
keçirilmişdir. Qeyd edim ki, metronun “20 Yanvar” və
“İnşaatçılar” stansiyalarının
çıxışlarındakı ərazilərdə uzun
illər baş alıb gedən qanunsuz küçə ticarəti
metrodan istifadə edən sərnişinlərlə bərabər
sakinlərin narazılıqlarına səbəb olmuş,
sanitar-gigiyena qaydalarının tələbləri səviyyəsində
saxlanılmasına imkan vermirdi. Bu problem də gərgin əmək
sayəsində öz həllini tapdı. Bununla yanaşı,
rabitə kollecinin yataqxanasının ərazisində
sanitar-gigiyenik qaydalara tamamilə zidd olan, epidemioloji cəhətdən
təhlükə mənbəyinə çevrilmiş kafe, mağaza,
ət köşkləri və mal tövlələri
sökülərək ərazi təmizlənmiş, ətrafda
səliqə-sahman yaradılmışdır.
İ. Mehdiyev rayonda təhsilin,
mədəniyyətin və səhiyyənin inkişafına
xüsusi diqqət yetirildiyini qeyd etdi. “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı çərçivəsində
yeni məktəb binaları tikilmiş, bir sıra məktəblərdə
isə əsaslı təmir işləri
aparılmışdır. Şagird
sıxlığının aradan qaldırılması və
təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi
ilə akademik Zərifə Əliyeva adına məktəbin
tikintisi başa çatdırılmış, 60 nömrəli
məktəbin binası yenidən tikilmiş, 53 nömrəli
məktəbdə 300 şagird yerlik yeni korpus istifadəyə
verilmiş, bir neçə orta məktəbdə və
uşaq bağçalarında əsaslı təmir və
yenidənqurma işləri aparılmışdır. İncəsənət
Gimnaziyasına məxsus ərazidə Milli Konservatoriyanın
yeni binasının Heydər Əliyev Fondu tərəfindən
inşasına başlanılması Fondun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təhsilin inkişafına
qayğısının təzahürüdür. Bu diqqət
və qayğının nəticəsidir ki, 2006-2007-ci tədris
ilində rayon məzunlarının 40 faizi tələbə
adını qazanmış, 63 nəfər isə 600-dən
çox bal toplamışdır. Onlardan 6 nəfəri Azərbaycan
Respublikası Prezidentinin təqaüdçüsü
sıralarına daxil edilmişdir. 10 müəllim “İlin ən
yaxşı müəllimi”, 2 məktəb isə “İlin ən
yaxşı məktəbi” nominasiyasının qalibi
olmuşdur.
Qeyd edildi ki, hesabat
dövründə sənaye müəssisələri tərəfindən
871 milyon 663 manatlıq və ya əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye
məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsalın ümumi həcmində məhsul
istehsalının payı 66,2 faiz, xidmətlərin payı isə
33,8 faiz təşkil etmişdir. Rayonun iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 440 milyon 939 min 400 manat məbləğində
investisiya yönəlmişdir ki, bu da ötən illə
müqayisədə 2 dəfə çoxdur. Bu, işçilərin
sayının artmasına da səbəb olmuşdur. Belə
ki, hesabat ili ərzində işçilərin sayı əvvəlki
illə müqayisədə 6072 nəfər artaraq 73825 nəfərə
çatmışdır. Orta aylıq əmək
haqqının səviyyəsi isə əvvəlki ilə nisbətən
25,5 faiz artaraq 336,2 manat olmuşdur. İmkansız ailələrə
diqqət və qayğı göstərilməsi də
unudulmamışdır. “Ünvanlı dövlət sosial
yardımı haqqında” Qanunun tətbiq edilməsi ilə əlaqədar
ötən il 3 min 619 ailəyə sosial yardım təyin
edilmişdir.
Ötən il ərzində
rayonda görülmüş abadlıq və yenidənqurma
işlərindən çoxlu faktlar gətirmək olar. Bu
işlər yenə də davam etdirilir və əvvəlki illərlə
müqayisədə daha sürətlə aparılır.
2009-cu ilin ən mühüm hadisəsi hesab ediləcək 18
mart referendumuna ciddi hazırlıq işləri
görülür. Mərkəzi Seçki Komissiyasının
təqvim planına uyğun olaraq görülən işlər
referendum zamanı seçicilərin mütəşəkkil
iştirakına yönəldilib. Ötən seçkilərdə
olduğu kimi, 18 mart referendumunun da mütəşəkkil
şəkildə keçirilməsi üçün
bütün imkanlardan səmərəli istifadə olunur.
Hesabat məruzəsi ətrafında
çıxış edən Bakı Metropoliteninin rəisi
Tağı Əhmədov, YAP Yasamal rayon təşkilatının
sədri professor Fikrət İsmayılov, rayon prokuroru Həsrət
Pirməmmədov, Dövlət Pedaqoji Kollecinin direktoru,
professor Nurlana Əliyeva, Azərbaycan İctimai-Siyasi
Universitetinin rektoru, professor Rasim Nəbiyev, Rayon Mənzil-Kommunal
Təsərrüfatı Birliyinin rəisi Akif Hacıyev və
professor İzzət Rüstəmov rayonda
görülmüş işləri yüksək qiymətləndirdilər.
Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin baş məsləhətçisi
Tağı Tağıyev yığıncaqda
çıxış edərək son illər
respublikamızda görülən işlərdən, dövlət
başçımızın bu sahədəki gərgin əməyindən
söhbət açdı.
Sonda Yasamal Rayon İcra
Hakimiyyəti Başçısı Aparatının
şöbə müdiri Rafiq Həmidov
yığıncağın qərar layihəsini oxudu.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-3 mart.-S.5.