Xaçmaz: sosial-iqtisadi inkişafın dinamikası

 

2008-ci il Azərbaycanın tarixinə böyük nailiyyətlər ili kimi daxil oldu. Prezident seçkiləri uğurla başa çatdı. Seçicilərin böyük əksəriyyəti yenidən Prezident İlham Əliyevə etimad göstərməklə bütövlükdə Heydər Əliyev siyasi kursunun bundan sonra da davam etdirilməsinə səs vermiş oldu. Ötən il, həmçinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatması ilə əlamətdar oldu. 2008-ci il Azərbaycanın bütün regionları kimi, Xaçmaz üçün də, sözün tam mənasında, dinamik inkişaf ili oldu. İlin yekunları rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin fevralın 27-də keçirilən toplantıdakı hesabat məruzəsində geniş və işgüzar şəkildə təhlil olundu.

Məruzəçi bildirdi ki, Xaçmaz ictimaiyyəti tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarına sədaqət əlaməti olaraq 2008- ci ildə rayonun daha bir yaşayış məntəqəsində — Rusiya Federasiyası ilə sərhəddə yerləşən, 5 mindən artıq əhalisi olan Yalama kəndində 1,2 hektar sahədə Heydər Əliyev parkı salınmış, parkın mərkəzində — 250 kvadratmetr sahədə xüsusi layihə əsasında Heydər Əliyev muzeyi inşa edilmişdir. Muzey ulu öndərin həyat və fəaliyyətini, zəngin irsini əks etdirən eksponat və materiallarla təchiz olunmuşdur. Muzeyin qarşısında qranit postament üzərində Heydər Əliyevin tuncdan büstü ucaldılmışdır.

Hesabat ili xaçmazlılar üçün daha bir tarixi günlə əlamətdar olmuşdur. Sentyabrın 27-də Prezident İlham Əliyev növbəti dəfə Xaçmaza səfər etmişdir. O, son illər rayonda aparılan geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri ilə tanış olduqdan sonra rayon mədəniyyət evində ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə “Xaçmaz ən müasir şəhərə çevrilib”, deməklə, xaçmazlıları bundan sonra daha yaxşı və daha səmərəli işləməyə ruhlandırmışdır.

Məlumat üçün bildirək ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Xaçmazda 11.059 yeni iş yeri yaradılmışdır ki, onlardan 5631-i daimi iş yerləridir. Təkcə 2008-ci ildə 742 yeni iş yeri açılmışdır. 2008-ci ildə rayon üzrə ümumi məhsul buraxılışı 2007-ci illə müqayisədə 51 faiz artaraq 269,2 milyon manata, sənaye məhsulu istehsalı 8 faiz artaraq 38,8 milyon manata, kənd təsərrüfatının ümumi məhsulu 51 faiz artaraq 129,7 milyon manata, adambaşına düşən pul gəlirləri 21 faiz artaraq 1384 manata çatmışdır. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 19 transformator, 261 elektrik dayağı yenisi ilə əvəz olunmuş, 44 kilometr elektrik hava xətləri kabelləşdirilmişdir.

Bu gün Xaçmaz rayonunda 18.948 abonent təbii qazla təmin olunur. Ötən il rayonun 21 kəndinə təbii qazın verilişi bərpa edilərək 4014 abonent üçün sayğac quraşdırılmış, ümumilikdə Xaçmaz və Xudat şəhərləri ilə yanaşı, 31 kənd və 2 qəsəbə təbii qazla təmin olunmuşdur.

Əhalinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə M. F. Axundov küçəsində 500 metr, Xudat şəhərində 1700 metr yeni su xətti çəkilmiş, mərkəzi su anbarına daxil olan 500 metrlik xətt 325 millimetrlik borularla əvəzlənmiş, Nabran kəndində təmizləyici qurğu istifadəyə verilmiş və daha 3 təmizləyici qurğu tikilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Xaçmaz poçtamtının 27 şöbəsi tərəfindən əhaliyə il ərzində 24 adda poçt xidməti göstərilmiş, illik plana 113 faiz əməl olunmuşdur. Ötən il Xudat şəhərində, Nabran kəndində hər biri 1000 nömrə tutumlu simsiz SDMA tipli stansiya quraşdırılmış, Yergüc və Hacəlibəy kəndlərində hər biri 300, Köhnə Xudat kəndində 256, Aslanoba kəndində 128, Mollabürhan və Ağaverdioba kəndlərində hər biri 32 nömrəlik elektron ATS-lər quraşdırılmış, 890 abonent üçün telefon çəkilmişdir.

Rayon statistika idarəsinin və Xaçmaz şəhər 3 saylı orta məktəbin binaları xüsusi zövqlə yenidən işlənmiş, şəhər 1 saylı məktəbinin giriş hissəsi əsaslı təmir edilmişdir. Azərbaycanın milli qəhrəmanlarının xatirəsini əbədiləşdirən və qarşısında Milli Qəhrəman Yavər Şahbazovun büstü ucaldılan abidə kompleksin tikintisi başa çatdırılmışdır. 20-yə yaxın küçəyə 84 min kvadratmetr asfalt döşənmişdir. Xaçmaz şəhərində 1 beşmərtəbəli və 1 ikimərtəbəli, Xudat şəhərində 3 ikimərtəbələi binanın dam örtüyü dəyişdirilmiş, Xaçmaz şəhərində çoxmənzilli yaşayış binalarının həyətində müasir tipli idman meydançası və uşaq şəhərciyi yaradılmışdır. Şəhərin mərkəzində 1 beşmərtəbəli və 1 ikimərtəbəli binaya alkapon materialı ilə üzlük çəkilmiş, daha 3 binada isə bu iş hazırda davam etdirilir. Xaçmaz şəhərinin mərkəzində iki elektron monitor quraşdırılmışdır.

Ötən il Xaçmaz poçtamtının binası milli üslubda əsaslı təmir edilmiş, Xaçmaz Bələdiyyəsi üçün xüsusi layihə əsasında ikimərtəbəli inzibati bina tikilmiş, Rəsm qalereyası yeni binaya köçürülmüş, dördmərtəbəli, ən müasir tələblərə cavab verən “Tofiqoğlu” özəl tibb klinikası, Muxtadır qəsəbə həkim ambulatoriyası istifadəyə verilmiş, H. Z. Tağıyev abidə-bulaq kompleksi inşa edilmişdir. Heydər Əliyev parkında işıqlandırılma sistemi təzələnmiş, üçmərtəbəli inzibati binanın qarşısında Azərbaycanın Dövlət Bayrağı kompleksi yaradılmışdır. N. Nərimanov küçəsində 2 ədəd yeni arxitektura elementi — gümbəz, üç yeni fəvvarə tikilib istifadəyə verilmiş, rayon rabitə evinin qarşısında “Qoşa at” abidəsi ucaldılmışdır.

Əlillərin Bərpa Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Meteorologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin 6 saylı Ərazi İdarəsi, Yalama Meşə Mühafizəsi və Bərpası İdarəsi üçün inzibati binalar, Dövlət Xüsusi Mühafizə Xidməti işçiləri üçün 16 mənzilli ailəvi yataqxana binası da 2008-ci ildə tikilib istifadəyə verilmişdir. Fövqəladə Hallar Nazirliyinin bölgə idarəsi, Beynəlxalq Bank, Texnikabank və XalqBankın inzibati binalarının tikintisi isə başa çatmaq üzrədir. 2008-ci ildə rayon ərazisində 43.410 kvadratmetr ümumi yaşayış sahəsi olan 426 fərdi yaşayış evi tikilmişdir. Xaçmaz şəhərində 9 və 12 mərtəbəli çoxmənzilli müasir yaşayış komplekslərinin tikintisi davam etdirilir.

Ölkə rəhbərliyinin sahibkarlığın inkişafına göstərdiyi qayğı nəticəsində Xaçmaz rayonunda bir sıra əhəmiyyətli işlər görülmüşdür. İl ərzində Azərcell Müştəri Xidmətləri Mərkəzi, 26 ticarət, 18 ictimai iaşə və 12 xidmət obyekti istifadəyə verilmiş, hazırda müasir tipli 1 mehmanxananın, 3 şadlıq evinin, NKAY M özəl tibb klinikasının əlavə korpuslarının və digər obyektlərin tikintisi davam etdirilir. Gündəlik istehsal gücü 3500 dekalitr olan pivə zavodu da yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

2008-ci ildə xaçmazlılar tərəfindən 151 min 731 ton tərəvəz, 17 min 150 ton kartof, 67 min 491 ton meyvə, 5239 ton üzüm istehsal olunmuşdur. 2009-cu ilin məhsulu üçün 29 min 938 hektar sahədə dənlik və 174 hektar sahədə yemlik taxıl bitkiləri əkilmişdir. Rayonda qaramalın sayı artaraq 58 min 095 başa, qoyun-keçilərin sayı isə 110 min 653 başa çatdırılmış, heyvandarlıq məhsulları istehsalında artım əldə olunmuşdur. Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkalarında da Xaçmaz fermerləri çox fəal iştirak etmişlər. Belə ki, təkcə Nərimanov rayonunda təşkil olunan yarmarkaya rayonun kənd təsərrüfatı istehsalçıları tərəfindən 1797 ton tərəvəz, meyvə və konserv məhsulları çıxarılmışdır.

Rayonun büdcəsi 2007-ci illə müqayisədə 27,7 faiz artaraq 18,3 milyon manat təşkil etmişdir. 2009-cu il üçün isə 25,3 milyon manat büdcə nəzərdə tutulmuşdur ki, bu da 2005-ci illə müqayisədə 3,6 dəfə çoxdur. Yerli banklar tərəfindən il ərzində xırda və orta sahibkarlığın inkişafı üçün 10 milyon manatdan artıq kredit verilmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil quruculuğu Prezident İlham Əliyev tərəfindən böyük inamla davam və inkişaf etdirilməkdədir. Bunun bariz nümunəsi olaraq son 5 ildə Xaçmazda 27 yeni məktəb binası, idman və şahmat məktəbləri tikilib, 4 məktəb əsaslı təmir olunaraq inventar və avadanlıqlarla tam təchiz edilmişdir. Dövlət Proqramına uyğun olaraq Bostançı kəndində 220 yerlik yeni məktəb binası tikilmiş, Xaçmaz şəhər 1 və 2 saylı məktəblər əsaslı təmir edilmiş, 6 saylı məktəbin istilik sistemi yenidən qurulmuş, Rəhimoba məktəbi isə əsaslı təmir edilmişdir.

Bu gün Xaçmaz əhalisinə 1015 çarpayılıq 10 xəstəxana, 22 kənd həkim ambulatoriyası, 46 feldşer-mama məntəqəsi xidmət göstərir. Həmin müəssisələrdə 185 həkim, 666 tibb işçisi çalışır. 2008-ci ildə mərkəzi rayon xəstəxanasının beşmərtəbəli binasının fasad hissəsi əsaslı təmir edilmiş, Diaqnostika mərkəzinin dam örtüyü dəyişdirilmiş, Dəri- Zöhrəvi Dispanser və Təcili Yardım Stansiyasında təmir işləri aparılmışdır. Hazırda xəstəxananın üçmərtəbəli korpusunda Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılır.

Rayonda fəaliyyət göstərən 13 mədəniyyət evi, 44 klub, mərkəzləşdirilmiş kitabxana sistemi, 2 uşaq musiqi və 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev Muzeyi, onun Xudat və Yalama filialları, tarix-diyarşünaslıq və xalça muzeyləri, şəxsiyyətlər muzeyi, döyüş şöhrəti muzeyi, rəsm qalereyası və digər mədəniyyət müəssisələrində 575 nəfər işçi çalışır.

Hesabat məruzəsində digər xidmət təşkilatlarının da fəaliyyəti ətraflı təhlil olundu. Parkların, küçə və meydanların, yaşıllıq zolaqlarının ilboyu səliqəli saxlanması işində müəssisələr, əmək kollektivləri, bütövlükdə geniş ictimaiyyət üzərinə düşən vəzifələr bir daha yada salındı. Rayonda ictimai asayişin, qanunçuluğun və sabitliyin davamlı xarakter alması və kriminogen durumun getdikcə daha artıq sağlamlaşdırılması, vətəndaşların qəbulu, onların məktub, ərizə, şikayət və şifahi müraciətləri ilə əlaqədar aidiyyatı idarə, müəssisə və təşkilatlar tərəfindən görülən işlər, bu sahədəki nöqsanlar və qarşıda duran vəzifələr barəsində də yığıncaqda ətraflı bəhs olundu.

Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə ölkə rəhbərliyinin qarşıya qoyduğu bütün vəzifələrin bundan sonra da xaçmazlılar tərəfindən yüksək siyasi fəallıq və mütəşəkkillik şəraitində həyata keçiriləcəyinə inam ifadə olundu.

Toplantının işində Prezidentin İcra Aparatının məsul işçisi İlham Əliyev iştirak edirdi.

 

 

Q. CƏFƏROĞLU

 

Xalq qəzeti.-2009.-3 mart.-S.6.