“Kenmak-Medikal” şirkəti istehsal etdiyi məhsulları
ilə artıq beynəlxalq səviyyədə tanınır
Fevralın 23-də
“Gülüstan” sarayında Prezident İlham Əliyevin sədrliyi
ilə keçirilmiş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının
(2004-2008-ci illər)” icrasının yekunlarına həsr
olunmuş konfransda ötən 5 ildə regionlarda
görülmüş işlər yüksək qiymətləndirilmişdir.
Qeyd edilmişdir ki, bu uğurların əldə olunmasında
ölkənin rayonlarında sahibkarlığın inkişaf
etdirilməsi ilə bağlı atılan addımlar
mühüm əhəmiyyət kəsb etmişdir. Konfransın
nümayəndəsi, “Kenmak-Medikal” MMC-nin baş direktoru Mirdaməd
Məmmədovla görüşüb rəhbərlik etdiyi
qurumun Dövlət Proqramı çərçivəsində
gördüyü işlər barədə məlumat verməsini
xahiş etdik.
O dedi: – Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər bu gün onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” və “Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramında (2007-2010-cu illər)” qarşıya qoyulan əsas məqsədlər regionlardakı mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsini, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasını, sahibkarlıq fəaliyyətinin artırılmasını və digər vacib məsələləri əhatə etmişdir.
Ölkədə məqsədyünlü və ardıcıl şəkildə aparılan islahatlar Azərbaycanı dünyanın sürətlə inkişaf edən dövlətləri cərgəsinə çıxarmış, əldə olunan uğurlar beynəlxalq qurumlar tərəfindən öz təsdiqini tapmışdır. Beynəlxalq Maliyyə Korporasiyasının və Dünya Bankının “Donig Business 2009" illik qlobal hesabatında Azərbaycan 2007-2008-ci illərdə özəl sektorun inkişafı üzrə ən islahatçı ölkə adlandırılmış, bu sahədə dünya lideri kimi qəbul edilmişdir. Azərbaycan sahibkarlıqla məşğul olan qurumların qeydiyyata alınması, işçi qüvvəsinin cəlb edilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı, kreditlərin alınması və investor hüquqlarının müdafiəsi sahəsində ilk 20 ölkə sırasındadır.
Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması, sosial problemlərin həlli istiqamətində atılmış addımlar dediklərimə əyani misaldır.
Azərbaycanda sahibkarlara göstərilən dövlət qayğısı rəhbərlik etdiyim “Kenmak-Medikal” şirkətinin Cənubi Qafqaz regionunda səhiyyə müəssisələri üçün yüksək keyfiyyətli xüsusi tibbi mebel və inventar istehsal edən yeganə zavoda çevrilməsinə təkan vermişdir.
Başçılıq etdiyim şirkət 2002-ci ildə Gəncə şəhərində yaradılmışdır. 2004-cü il fevralın 11-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq edildikdən sonra bizim müəssisə də sürətlə inkişaf etmiş, müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadrların işə cəlb edilməsi nəticəsində qısa müddətdə zavodumuzun istehsal etdiyi məhsulların çeşidi xeyli artmışdır. Fəxrlə deyə bilərəm ki, müasir tələblərə cavab verən məhsulları ilə artıq beynəlxalq səviyyədə tanınmış “Kenmak-Medikal” şirkəti regionlarin sosial-iqtisadi inkişafi dövlət proqramının yetirməsidir. Müəssisədə hazırda 140 nəfər iş yeri ilə təmin olunmuş və 200-dən çox çeşiddə professional tibb avadanlığının istehsalı təşkil edilmişdir.
Azərbaycan bazarında qısa müddət fəaliyyət göstərməyimizə baxmayaraq müəssisəmiz bir çox özəl və dövlət xəstəxanalarını, klinikaları, hospitalları və poliklinikaları tibbi avadanlıqla təchiz etmişdir. Onlardan Urologiya xəstəxanası, B.Eyvazov adına Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutu, Plastik və Rekonstruktiv Cərrahiyyə Mərkəzi, Yazıçılar poliklinikası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin poliklinikası və hospitalı, Gəncə uşaq xəstəxanası, Elmi Tədqiqat Kardiologiya İnstitutu, Siyəzən Rayon Mərkəzi Xəstəxanası və digərlərini qeyd edə bilərəm. Şirkətin fəaliyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir.
Tibbi ləvazimatın istehsalında bizim şirkətimiz önəmli yerlərdən birini tutur və xarici həmkarlarımızın istehsal etdikləri məhsullarla tam rəqabət qabiliyyətlidir. Artıq bu gün bizim məhsullarımıza bir çox xarici şirkətlər maraq göstərirlər və bu sahədə bir neçə konkret işlər görülmüşdür. “Kenmak-Medikal” öz məhsullarını indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Gürcüstan, Rusiya və Qazaxıstan bazarlarına ixrac etmişdir. Yüksək keyfiyyəti ilə Avropa standartlarından geridə qalmayan, qiymət baxımdan həmin məhsullardan bir neçə dəfə ucuz olan avadanlıqlarımız məhz avropalı alıcıların da diqqətini cəlb etmişdir. Bu isə Azərbaycanın və onun regionlarının digər dövlətlərdə tanınmasına bizim töhfəmizdir.
Məhsullarımızın keyfiyyətli olması, alıcılarımızın problemlərinə diqqətlə yanaşmamız, qiymət siyasətimiz və servis xidmətlərimiz alıcılarımızı həmişə razı salmışdır. Qeyd edim ki, “Kenmak-Medikal” MMC xüsusi tibbi mebelin istehsalı ilə yanaşı, eyni zamanda, orta məktəblər və ali təhsil ocaqları üçün xüsusi inventar hazırlanması ilə də məşğul olur. Bu məqsədlə 2003-cü ildə şirkətin tərkibində xüsusi bir qurum – “Kenmak- School” yaradılmışdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sürətləndirilmiş iqtisadi inkişafı strategiyasının uğurla həyata keçirməsi, eləcə də Heydər Əliyev Fondunun səhiyyə və təhsilin inkişafına göstərdiyi qayğı nəticəsində istehsal etdiyimiz məhsullara tələbat daha da artmışdır. Belə ki, şirkət Azərbaycanın bir çox bölgələrində məktəb, uşaq bağçası, kitabxana və ali təhsil ocaqlarını beynəlxalq standartlar səviyyəsində məhsulla təchiz etmişdir. Müasir dizayna və yüksək keyfiyyətinə görə seçilən inventarların istehsalı ilə yanaşı, “Kenmak-School” şirkəti təhsil sahəsində bir çox novator ideyaları da həyata keçirir.
Şirkətimiz tərəfindən istehsal edilən məhsullar keyfiyyətinə görə dəfələrlə mükafatlara layiq görülmüşdür. Məhsullarımıza İSO 9001:2000 beynəlxalq sertifikatının, iqtisadiyyat və biznes sahəsində nailiyyətlərə görə “Uğur” və “İntellekt” mükafatlarının verilməsi dediklərimi təsdiq edir.
Şirkətimiz həm Gəncədə, həm də digər bölgələrdə aparılan abadlıq və quruculuq işlərinə də öz töhfələrini verir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi altında burada aparılan böyük abadlıq və quruculuq işlərində biz də yaxından iştirak edirik. Bundan başqa, müəssisəmizin məhsulları Bərdə, Goranboy, Qobustan, Qazax, Şəmkir, Gədəbəy, Ağstafa və digər rayonların səhiyyə və təhsil ocaqlarında aparılan yenidənqurma işlərində geniş tətbiq olunur.
Bu gün dünyada davam edən maliyyə böhranı əksər ölkələrə mənfi təsir etmişdir. Ancaq dövlət rəhbərinin göstərişi ilə həyata keçirilən iqtisadi islahatlar bu böhranın ölkəmizə təsirini xeyli azaltmışdır.
Bu siyasi sabitliyin və iqtisadi inkişafın davam etdirilməsi üçün bundan sonra da kollektivimiz səylə çalışacaq, möhtərəm Prezident İlham Əliyevin xalqımızın rifah halının yüksəldilməsi, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində atdığı addımlara daim dəstək olacağıq.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-3 mart.-S.7.