“Zaqatalaya səfərimi səbirsizliklə
gözləyirəm”
Nədənsə,
əvvəllər bu məsələnin fərqinə
varmamışdım. Elə
bilirdim ki, tərəqqi, inkişaf artdıqca, yeni infrastruktur
layihələri həyata keçirildikcə, yollar
abadlaşdıqca hansısa rayona — bu məqamda Zaqatalaya getmək
daha da asanlaşır. Çünki el dilində deyirlər
ki, yolun rahatlığı kəndlər arasındakı məsafəni
qısaldar. Amma indi başqa məsələlərin
şahidi oluruq. İnkişaf artdıqca Zaqatalanın
gözəlliyinin üstünə gözəllik əlavə
olunur, gözəllik artdıqca isə yollar da uzanır. Sual
verə bilərsiniz: Bu dağlar diyarına son gəlişimdə
yaranmış romantik fikirlər hardan qaynaqlanırdı?
Köhnə dostum, indi rayonda sahibkarlıqla məşğul
olan Sədi Abbasova hələ payızdakı
görüşlərimizdən birində bu yerlərin xəzan
fəslinin çox füsunkar olduğunu söyləmişdim. Dostum isə xəzanı qətiyyən
sevmirmiş: “Payızın arxasınca qış gəlir. Mən sənə Zaqatalanın gözəlliyini
tumurcuqlarda göstərəcəyəm. Martın
əvvəlində ağacların üzündə
yaranmış sevinci görmək üçün rəssam və
ya bağban olmaq lazım deyil. O sevinci hamı
görür, hiss edir. İnşaallah, birgə
seyr edərik”.
...Sədi Abbasovla martın ilk günlərində elə
Zaqatalanın gözəlliyinin ilk mənbələrindən
olan — təbii ki, birinci mənbə dağlardır —
ağacların ilk bahar sevincinə tamaşa etdik. Özü də bir yerdə,
beş yerdə yox, demək olar ki, rayonun hər
yerində. Dostumun diqqəti ağacların
sevinc qonmuş budaqlarında idi, mənim diqqətim isə
yeni çəkilmiş yollarda. Daha
doğrusu, mənim yola diqqət yetirməkdən başqa əlacım
da yox idi. Qınamayın, çünki maşını
mən idarə edirdim və...Diqqət yetirəndə
gördüm ki, magistral yolun Qazangül qəsəbəsi ərazisindən
keçən hissəsinin hər iki kənarı yüksək
səviyyədə abadlaşdırılıb, qəsəbə
daxilində köhnə körpünün bərpasına
başlanılıb, Yuxarı Tala-Meşles avtomobil yoluna asfalt
örtüyü döşənilib, Lahıcda kəndarası
yola asfalt-beton örtüyü çəkilib,
Aşağı Tala kəndinin mərkəzi yolu yenidən
asfaltlaşıb, Qandax kəndinə gedən təxminən
beş kilometrə yaxın yol tamamilə yenidən qurulub,
Muxax-Zəyəm yolu, Zəyəmdəki kəndarası yol,
Gözbarax kənd yolu... nə qədər yol müasir
standartlara cavab verən şəklə gətirilib.
Mən elə bilirdim ki, təbiət vurğunu olan
dostumun ağacların sevincinə baxmaq üçün təşkil
etdiyi gəzintidən heç nə yazmayacağam. Amma, həmin
gəzintidən yazının əvvəlində bu qədər
söz açmalı oldum. Gözəllik
artdıqca yolların uzanmasına gəlincə isə, sən
demə bu ifadə başqa bir məqamdan söhbət
açanda da yerinə düşürmüş.
İcra hakimiyyətinin başçısı Asif Əsgərov
dedi ki, dövlət başçımızın
respublikanın bütün rayonları kimi Zaqatalaya da
böyük diqqət və qayğı ilə
yanaşması buradakı problemlərin həlli
üçün etibarlı zəmin yaradıbdır. Zaqatala şəhərində, rayonun qəsəbə
və kəndlərində abadlıq və quruculuq işləri
geniş vüsət alıb, Azərbaycan Prezidenti İlham Əliyevin
Zaqatalaya səfərlərindən sonra aparılan
böyük abadlıq-quruculuq işləri nəticəsində
rayonumuzun siması başdan-başa dəyişibdir. Son
beş ildə rayonda 13 yeni məktəb binası və 8 əlavə
tədris korpusu, 10 tibb müəssisəsi, 4 mədəniyyət
obyekti, hava limanı, olimpiya idman kompleksi, şəhər
stadionu, əhalinin sosial-müdafiə mərkəzinin, Sosial
Müdafiə Fondu rayon şöbələrinin, Dövlət
Reyestr Xidməti Zaqatala ərazi idarəsinin inzibati
binaları, şəhid ailələri və Qarabağ əlilləri
üçün 36 və 28 mənzilli yaşayış
binaları, 2 mehmanxana, 6 bank binası, 110 və 111 saylı
Dairə Seçki Komissiyaları üçün inzibati
binalar, Beton zavodu, Fındıq emalı zavodu, 13 fındıq
emalı sexi, 2 ATS, 4 poçt binası... Hələ
mən kəndlərdə tikilən neçə-neçə
mədəniyyət evlərini demirəm.
Zaqatalalıların az qala hər gün
açılışına toplaşdışları digər
obyektləri inanın ki, sadalamaqla qurtaran deyil. Odur ki, Asif
müəllimlə bu yaxınlarda olan söhbətimizdə
onun bir çox yeni obyektin adını nə üçün
çəkdiyini dərhal başa düşdüm (həmsöhbətim
rayonda görülmüş işlər barədə
danışmağı o qədər də sevmir) və ona
görə də əlavə elədim:
—
Deməli, bu qədər yeni obyektin istifadəyə verilməsi
eyni zamanda 10 kilometrlərlə yeni yolun çəkilməsi
deməkdir.
— Bəli,
siz deyirsiniz ki, gözəlliklər artdıqca yollar uzanır.
Sizin fikrinizin həqiqiliyini bizim istifadəyə
verdiyimiz yeni obyektlər üçün çəkilmiş
müasir yollar da təsdiqləyir.
Başçı tamamilə haqlıdır. Çünki
Zaqatalada inşa edilib istifadəyə verilmiş yeni bina və
qurğuların hamısı ayrılıqda bir gözəllik
nümunəsidir. Əlbəttə, bu
gün Azərbaycanda elə bir sosial-iqtisadi inkişafın
şahidiyik ki, heç bir rayon bu tərəqqi prosesindən kənarda
qalmır. Amma digər rayonlardakı dostlarımız
inciməsin, Zaqatalada, sözün həqiqi mənasında,
bütün işləri elə bu rayonun adına
layiq görürlər. Bütün yeni binalarda
xüsusi memarlıq nümunələrindən, milli-mənəvi
dəyərlərimizi əks etdirən elementlərdən
istifadə edilir. Məsələn, rayon mərkəzindəki
Heydər Parkında tikilmiş Heydər Əliyev Muzeyi,
Müalicə Diaqnostika Mərkəzi, Zərifə Əliyeva adına liseyin binası, “Azərbaycan klassikləri”
monumental kompleksi, “31 Mart-Azərbaycanlılarının
soyqırımı” xatirə kompleksi və digər bina və
qurğular tikilərkən yuxarıda qeyd etdiyimiz məqamlar
xüsusilə nəzərə alınıbdır.
Bu gün Zaqatala haqqında danışarkən elə
bir sahə tapmaq mümkün deyil ki, orada inkişaf, tərəqqi,
irəliləyiş olmasın. Bu yaxınlarda dövlət
başçısı İlham Əliyevin sədrliyi ilə
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr edilmiş konfrans
keçirildi. Həm dövlət
başçısının giriş və yekun nitqlərində,
həm də çıxışlarda ölkəmizin son beş ildəki uğur və nailiyyətlərini
əks etdirən çoxsaylı faktlar səsləndirildi. Çıxış edənlərdən biri də
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov idi. Asif müəllimin
ölkədə gedən genişmiqyaslı inkişaf
tendensiyasından və Zaqataladakı hərtərəfli tərəqqidən
danışmaq üçün sözü çox idi. Məsələn,
qeyd edilən Dövlət Proqramının icrası
dövründə Zaqatalada məhsul istehsalı 4,2, o cümlədən,
sənaye istehsalı 2,3, kənd təsərrüfatı məhsulları
istehsalı 2,7, tikinti sektoruna yönəldilən vəsaitin məbləği
37,7, pullu xidmətlər 7,3, əmtəə dövriyyəsi
isə 3,2 dəfə artıbdır. Yəqin
siz də təsdiqləyərsiniz. Cəmi beş il üçün çox böyük
rəqəmlərdir. Elə buna görə də rayon icra
başçısı Azərbaycan Prezidentinin rəhbərliyi
ilə keçirilən tədbirdə dedi: “Zaqatalalılar
yaxşı anlayırlar ki, ölkə həyatının
bütün sahələrində əldə olunan nailiyyətlər,
respublikamızın regionda və beynəlxalq aləmdə
müsbət imicinin daha da artması ümummilli liderimiz Heydər
Əlievin müəyyənləşdirdiyi dövlətçilik
konsepsiyasının, iqtisadi inkişaf strategiyasının, cənab
Prezident, Sizin tərəfinizdən
uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Mübaliğə
etmədən demək olar ki, Sizin
2006-cı ilin aprelində Zaqatalaya ilk səfərinizlə
rayonumuzun tarixində yeni bir dövr, əsl intibah dövrü
başlandı. Ötən ilin sentyabrında
növbəti səfəriniz zamanı verdiyiniz dəyərli
tövsiyələr isə zaqatalalıları daha əzmlə
işləməyə ruhlandırdı. Təsadüfi
deyil ki, 2008-ci ildə rayonda rekord miqdarda — 183 milyon manatlıq
məhsul istehsal edildi... Bu gün rayonda istehsal
olunan məhsulların xarici bazarlarda — Almaniya, Fransa,
İtaliya, Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdə
özünə yer tapması iqtisadiyyatımızdakı
böyük tərəqqinin göstəricisi, qabaqcıl texnologiyaların
tətbiqinin nəticəsidir”.
Rayon
büdcəsində yerli gəlirlərin artım
dinamikasının yüksəlməsi, beş
ildə 11 mindən çox yeni iş yerinin yaradılması,
torpaq sahələrindən istifadənin səmərəliliyinin
artırılması, kənd təsərrüfatının
xüsusi əhəmiyyət kəsb edən sahələrindən
olan taxılçılığın heç zaman olmayan bir
səviyyədə inkişaf etdirilməsi, icra numayəndəliklərinin
və yerli bələdiyyələrin fəaliyyətinin daha
da təkmilləşdirilməsi bugünki Zaqatala həqiqətləridir.
Ancaq bu dağ rayonunun humanitar sahədə əldə etdiyi
uğur və nailiyyətlər heç də yuxarıda qeyd
etdiyimiz sahələrdəki nailiyyətlərdən az deyildir. Belə ki, rayon rəhbərliyi
humanitar siyasət sahəsində Respublika Prezidentinin
bütün tapşırıqlarını əməli surətdə
həyata keçirərək təhsil, səhiyyə, mədəniyyət
müəssisələrinin fəaliyyətini, eləcə də
idman və turizm sahəsindəki tədbirləri istiqamətləndirib,
rayonda dövlət bayramlarının və tarixi günlərin
qeyd olunmasını, kütləvi tədbirlərin mütəşəkkil
qaydada keçirilməsini təmin edibdir.
Zaqatalada təhsilin bütün sferalarının
inkişafına, məzmununun yeniləşməsinə, yeni məktəblərin
tikintisinə, informasiya texnologiyalarının istifadəsinə
xüsusi önəm verilib, diqqət yetirilibdir. Təhsilə ayrılan vəsait
hər il davamlı surətdə
artıbdır. 2003-cü ildə bu xərclər 2,7 milyon manat idisə, 2008-ci ildə 11,3 milyon
manat olubdur. Təhsilin keyfiyyət faizi 51 faizdən 60 faizə
yüksəlib, ali məktəblərə
qəbul olunanların sayı 2003-cü ildəkindən iki dəfə
artıq olubdur. Son illərdə ali və
orta ixtisas məktəblərinə test üsulu ilə qəbul
zamanı 600-dən çox bal toplayan zaqatalalı abituriyentlərin
sayı 1-dən 8-ə çatıb, dövlət təltifi
alan müəllimlərin sayı artıbdır.
Son illər Zaqatalada yeni məktəblərin tikilməsi, təhsil müəssisələrinin əsaslı təmiri və maddi-texniki bazasının yeniləşdirilməsi bu sahənin keyfiyyətinin yüksəlməsinə şərait yaradıbdır. Təhsilin inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Zaqatalada 3 yeni məktəb tikilib, 2 məktəb əsaslı təmir olunubdur. 2008-ci ildə də birinci sinif şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən 1500 ədəd məktəbli çantası, 17 adda dərs vəsaiti hədiyyə edilibdir. Bu gün rayon müəllimlərinin 30 faizi dərslərini kompyuter avadanlığının köməyi ilə qurur. Bu işdə yeni açılmış kompyuter mərkəzinin təşkil etdiyi kurs və seminarların əlbəttə böyük rolu var. Artıq 3 ildir ki, rayon icra hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə təhsildə yüksək nəticələr göstərən 16 şagirdə təqaüd verilir, ali məktəbə qəbul olunan tələbələr mükafatlandırılır.
Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın hər yerində turizmin inkişaf etdirilməsi üçün verdiyi tövsiyə və tapşırıqlar Zaqatalada da yüksək səviyyədə icra edilir. Yeni tikilmiş hava limanının istifadəyə verilməsi, Bakı—Tbilisi avtomobil yolunun Zaqataladan keçməsi, yerli yolların yenidən qurulması, çoxlu sayda turizm və istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi Zaqatalanı bölgənin və respublikamızın turizm mərkəzlərindən birinə çevirir. Yerli muzeylərin, tarixi abidələrin və mədəniyyət evlərinin zamanın tələbinə uyğun şəkildə yenidən təmir və bərpa edilməsi bu sahəni daha da cəlbedici edir. Zaqatalanın qonaqları gündən-günə artır.
Yazının əvvəlini bir qədər bədii əhval-ruhiyyə üstündə başlamışdıq. Sonluqda isə həmin əhval-ruhiyyəni tikib-quran, rayonu inkişaf etdirən zaqatalalıların əməyinə tanınmış iki şəxsin verdiyi qiymətlə əvəz edirik. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova ünvanladığı məktubda deyilir: “Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafı sahəsində müəyyən etdiyi aqrar siyasətin tələblərinə müvafiq olaraq, böyük əzmlə çalışaraq uğurlu nəticələr qazanmış Zaqatala rayonunun taxılçılarını səmimi təbrik edirəm”.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Ənn Dersi Zaqatala rayon icra hakimiyyətinin başçısına yazdığı məktubda bu gözəl diyara yenidən gələcəyi günü səbirsizliklə gözlədiyini yazır: “Mən sizin şəhərinizə səfərimdən böyük zövq aldım və düşünürəm ki, buranın turizm və iqtisadi inkişaf üçün böyük potensialı vardır. Zaqatalanın gözəlliyi və əhalinin qonaqpərvərliyi bir vəhdət təşkil edir. Yenidən Zaqatalaya səfərimi səbirsizliklə gözləyirəm”.
Deməli, gözəllik artdıqca uzanan
yollar okeanın o tayından gəlmiş tanınmış
diplomatın təsəvvüründə daha cəlbedici, daha
maraqlıdır. Diplomat Zaqatalaya növbəti dəfə gələcəyini
səbirsizliklə gözləyir. Məncə bu diyara
ayağı dəyən hər kəs o cür təəssüratla
qayıdır. Uzağa niyə gedirik ki... Lap elə biri mən...
HƏSƏNOV,
İlqar
Xalq qəzeti.-2009.-4 mart.-S.6.