Cəlilabad: Tərəqqinin yeni mərhələsinə kecid ücün etibarlı zəmin yaradılıb
Muğan düzündə, Mişarçayın sahilində yerləşən Cəlilabad şəhərinin səliqə-sahmanı hələ Ələt-Astara magistral yolundan nəzərə çarpır. Buradan bir qədər irəli gedib sağa dönür və alaqapıdan keçib Heydər Əliyev prospekti ilə şəhərə daxil olursan. Rənglənmiş barılar, abad həyətlər, yeni tikilmiş inzibati binalar diqqət çəkir. Mərkəzə yaxınlaşanda daha böyük abadlıq-quruculuq işləri göz önündə sərgilənir.
Ötən ilin sentyabrında Cəlilabada gələn Prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafından razılığını bildirib: “...Burada işlər böyük zövqlə, səliqə ilə aparılır. Biz görürük ki, bu parklar, burada əkilən ağaclar necə gözəldir. Bu, xüsusi diqqət tələb edir və mən çox şadam ki, burada yerli rəhbərlik də çox fəal işləyir. Əslində, bizim uğurlarımızın səbəbi bundadır”. Dövlətimizin başçısı bildirib ki, Cəlilabadın simasında Azərbaycanda son illərdə gedən işlərin nəticələri görünür. Görülmüş işlər isə çoxdur. İllik hesabat yığıncağında bu barədə maraqlı bir video-film nümayiş etdirildi. Ondan öncə isə əsaslı təmir edilmiş mədəniyyət evinin geniş foyesində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının, uşaqların əl işlərinin sərgisi böyük maraq doğurdu. Burada təhsil, idman, mədəniyyət sahələrində qazanılan uğurlara da geniş yer verilmişdi. Hər şeydən görünürdü ki, 2008-ci il Cəlilabadda uğurlu işlərlə əlamətdar olub.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov əhatəli hesabat məruzəsində ötən il ölkə üzrə nəzərdə tutulmuş bütün proqramların uğurla icra edildiyini, o cümlədən Cəlilabadda böyük irəliləyişə nail olunduğunu faktlarla əsaslandırdı. Beş ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının 4,6 dəfə artması, ötən il 152,4 min ton taxıl, 1792 ton üzüm, 112,2 min ton kartof, ümumilikdə 120,2 milyon manatlıq məhsul əldə edilməsi aqrar sahənin sürətli inkişafını göstərir.
Cəlilabadda sənaye istehsalı da artan dinamika ilə
gedib.
Ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən
1,5 dəfə, əvvəlki illə
müqayisədə 17,7 faiz artaraq 330 milyon manata
çatıb. Sənaye məhsulunun həcmi isə 2,1 milyon manatlıq olub ki, bu da beş il əvvəlkindən
3,5 dəfə çoxdur. Beş ildə 57
istehsal və 383 xidmət obyekti istifadəyə verilib.
Rayonda tikinti-təmir
işləri geniş vüsət alıb. Keçən
il rayon maliyyə idarəsi, DSMF rayon şöbəsi, “Bank
Respublika”nın filialı, “Kred-Aqro” qeyri-bank kredit təşkilatı
üçün inzibati binalar, Günəşli kəndində
480, Xəlilabad kəndində 360 və Qarakazımlı kəndində
240 şagird yerlik məktəb binaları tikilərək istifadəyə
verilib. Bundan başqa, 3 dairə seçki
komissiyasının inzibati binaları, oftalmoloji xəstəxana
və 4 saylı orta məktəb əsaslı təmir olunub.
Üç kilometrlik Heydər Əliyev prospekti
genişləndirilib və yenidən
asfaltlaşdırılıb, yeddi küçəyə
çınqıl döşənib, iki küçədə
müasir işıqlandırma sistemi qurulub. İl ərzində 19 kilometrlik Cəlilabad-Soltankənd
yolunun təmiri başa çatdırılıb, 21 kilometrlik
Qarazəncir-Dərəli yolunun dörddə-biri əsaslı
təmir edilib.
Əziz Əzizov daha sonra bildirdi ki, Prezident İlham Əliyev
2007-ci ilin aprelində Cəlilabada səfəri zamanı Cəlilabad-Yardımlı
yolunun çəkilməsi barədə Nəqliyyat Nazirliyinə
göstəriş vermişdi. Həmin
tapşırığa əsasən yolun layihə-smeta sənədləri
hazırlanıb və Cəlilabadın Sərhədabad kəndinədək
olan 7 kilometrlik hissəsinə yüksək keyfiyyətli asfalt
döşənib. Bu il yolun çəkilişi
davam etdiriləcək. Cəlilabad rayonu üzrə
40, Yardımlı rayonu üzrə isə 25 kəndi birləşdirən
həmin yolun istifadəyə verilməsi nəticəsində
nəqliyyat xidmətinin səviyyəsi yüksələcək
və əhalinin rahatlığı təmin olunacaq.
Dövlətimizin başçısı ötən il sentyabrın 7-də rayona səfəri
zamanı bu məsələnin mühüm önəm
daşıdığını vurğulayıb: “Cəlilabad-Yardımlı
yolu tikilib qurtardıqdan sonra kəndlərdə yaşayan
insanların həyat səviyyəsi xeyli dərəcədə
yaxşılaşacaq, mərkəzi yollarla əlaqə
yaxşılaşacaqdır. Bu kəndlərə daha çox
insanlar gedib iş görəcəklər. Müxtəlif
biznes imkanları yaranacaqdır”.
Dövlətimizin başçısı Cəlilabad
şəhərində Heydər Əliyev muzeyinin və
yeraltı keçidin açılışında iştirak
edib. Heydər
Əliyev seyrəngahı və akademik Zərifə Əliyeva
adına şəhər orta məktəbi
ilə
Hazırda Cəlilabad şəhərində
hər biri 260 yerlik iki məktəb binası, əlil və
şəhid ailələri üçün 16 və 32 mənzilli
iki yaşayış binası, əhalinin sosial müdafiə
mərkəzi, Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin rayon şöbəsi üçün
inzibati binalar, Gənclər istirahət zonası tikilir. Rayon mərkəzinin və digər
yaşayış məntəqələrinin memarlıq
görünüşünə xələl gətirən
tikililərin sökülməsi və ya müasir üslubda təmir
olunması davam etdirilir. Əsas
küçələrdəki bütün bəsit obyektlər
sökülüb, 24 kommunal binanın dam örtüyü və
pəncərələri dəyişdirilib, divarları
suvanıb.
Cəlilabadda yeni obyektlərin tikilməsi hesabına
yüzlərlə işsizin məşğulluğu təmin
edilib.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramının və əlavə tədbirlərin yerinə
yetirilməsi nəticəsində beş
il ərzində 22192, o cümlədən ötən il 1620
iş yeri açılıb. Rayon üzrə
ümumi məhsul buraxılışında qeyri-dövlət
bölməsinin xüsusi çəkisi 98 faizə
çatıb. Şəhərdə 6
saylı ərazi vergilər idarəsinin kompyuter mərkəzi
istifadəyə verilib. Şübhə yoxdur ki,
hazırlanmaqda olan “2009-2015-ci illər üçün
sahibkarlığın inkişafı Dövlət Proqramı”
iş adamlarına daha geniş perspektivlər yaradacaq. Bank
filialları tərəfindən ötən il sahibkarlara 14,5 milyon manatlıq kredit verilib ki, bu da əvvəlki
ildəkindən xeyli çoxdur. Yeni tikilən bank
filiallarının fəaliyyətə başlaması ilə
iş adamlarının kredit götürmək imkanları
daha da artacaq.
Cəlilabad rayonunun rəhbərliyi təhsilin
inkişafına kömək etməyi daim diqqətdə
saxlayır. Burada yeni məktəb və sinif otaqlarının
tikintisi, mövcud təhsil ocaqlarının təmiri, məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi
prioritet vəzifə sayılır. Son beş
ildə regional inkişaf proqramı və Heydər Əliyev
Fondunun təşəbbüsü ilə bu sahədə əhəmiyyətli
işlər görülüb. Əgər 1980-2002-ci illərdə
Cəlilabadda cəmi 8 məktəb inşa edilmişdisə,
2003-cü ildən sonrakı beş ildə
23 məktəb tikilib. Ötən il ali məktəblərə
sənəd vermiş 630 abituriyentdən 162-si tələbə
adı qazanıb ki, onların da 32-si 500-dən yuxarı bal
toplaya bilib. Hər iki göstərici əvvəlki
ildəkindən yüksəkdir. Bu, təhsil
işçilərinin səmərəli fəaliyyətinin
real yekunudur. İndi Cəlilabadda hər 33
şagirdə bir kompyuter düşür, ümumi təhsil
sistemi şəbəkəsində yeni informasiya mühiti
formalaşıb. Bəzi müəllimlər
dövlət mükafatlarına və fəxri adlara layiq
görülüb.
Səhiyyə, mədəniyyət,
gənclərlə iş və idman sahələrində əldə
edilən nailiyyətlərdən danışan məruzəçi
bu sahələrin həlli vacib vəzifələrini də
diqqətə çatdırdı. Əhalinin
sosial müdafiəsi məqsədilə atılan
addımların əhəmiyyətini xüsusi qeyd etdi. Fikrini konkret faktlarla əsaslandıran Əziz Əzizov
uğurların başlıca səbəbi kimi ölkənin
artan iqtisadi qüdrətinə və onun
sosialyönümlü olmasına istinad elədi.
Əhalinin işıq, qaz və su təchizatı,
rabitə xidmətinin səviyyəsi də ötən il yüksəlib. Hazırda Cəlilabad
şəhər ATS-i tam elektronlaşdırılıb. Bələdiyyələrlə
iş təkmilləşib, onlar kəndlərin sosial-iqtisadi
inkişafı, abadlıq-quruculuq və yerli əhəmiyyətli
digər məsələlərin həllində fəallıq
göstəriblər. Kənd yollarının təmiri,
su xətlərinin çəkilməsi sahəsində bələdiyyələr
işgüzarlıqlarını artırıblar. Məruzə ətrafında müzakirələr də
maraqı keçdi. Natiqlər
çalışdıqları sahələrin
uğurlarından bəhs etdilər, çatdıra bilmədikləri
bəzi işlərlə bağlı çətinlikləri
açıqladılar, təkliflər verdilər. Onların hər biri ölkə rəhbərliyinin Cəlilabada
xüsusi münasibətindən, Prezident İlham Əliyevin
rayona diqqət və qayğısından razılıqla
danışdı.
Yığıncaqda
iştirak edən Milli Məclisin deputatları Mirkazım
Kazımov və Aydın Həsənov, eləcə də
Prezidentin İcra Aparatının məsul işçisi
Mikayıl Hüseynov Cəlilabadda başlanan və uğurla
davam edən abadlıq-quruculuq yürüşünü təqdir
etdilər, əhalinin həyat şəraitinin
yaxşılaşmasına xidmət edən tədbirlərin
ardıcıl icrasını alqışladılar. Onlar eyni zamanda tərəqqinin yeni mərhələsində
— qarşıdakı dövrdə həyata keçirilməli
olan mühüm siyasi, sosial-iqtisadi, ictimai-mədəni tədbirləri
nəzərə çatdırdılar, ölkə rəhbərliyinin
daxili siyasətinin ən müxtəlif istiqamətləri barədə
fikirlərini yığıncaq iştirakçıları ilə
bölüşdülər.
Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə
müraciət qəbul edildi. Cəlilabadlıların
bundan sonra da ölkəmizin inkişafı naminə var
qüvvə ilə çalışmaq əzmində
olduqları müraciətin əsas leytmotivi kimi
vurğulandı.
NƏCƏFXANLI Əli
Xalq qəzeti.-2009.-4
mart.-S.7.