Rəcəbovun dəqiq gedişləri Aronyanı çıxılmaz vəziyyətə saldı

 

Teymur Rəcəbov istedadının pərəstişkarları azərbaycanlı qrossmeysterin mükafat fondu 314 min avro olan (bu məbləğin 100 mini qalibə çatacaq) 21-ci kateqoriyalı və sayca 26-cı Linares superturnirində qələbəsini çoxdan, lap elə birinci turdan gözləyirdilər. Amma gətirməyəndə gətirmir, ümidlərimiz özünü doğrultmurdu.

 Heç cür qələbələrinin hesabını aça bilməyən Rəcəbovun ilk doqquz görüşdə iki dəfə uduzması, yeddi oyunda isə heç-heçəyə razılaşması onun ustalığına inananların bədbinliyinə səbəb olmuşdu. Budur, nəhayət Teymur da özünə və idman ictimaiyyətimizə qələbə sevinci yaşatmışdır. Özü də Levon Aronyanla (Ermənistan) prinsipial görüşdə. 

Bir il əvvəl birinci yarısı Moreliyada (Meksika), ikinci dövrəsi isə Linaresdə keçirilən 25-ci, yubiley superturnirində bu rəqiblərin hər iki görüşündə “dinc” nəticə qeydə alınmışdı. Onda da Rəcəbovla Aronyanın ikinci qarşılaşması onuncu tura təsadüf etmişdi. Lakin ötənilkindən fərqli olaraq, bu dəfə Teymur daha dəqiq gedişlər sayəsində qalib gəlməyi bacardı.

  Ən başlıcası isə, Linaresdə ilk qələbəmizin iki dövrədən ibarət turnirin başa çatmasına hələ dörd tur qalmış qazanıldığını nəzərə alsaq, bu müvəffəqiyyət finişdə həmyerlimiz üçün əlavə stimul ola bilər. 

Azərbaycan şahmatçısı üçün uğurlu onuncu turda daha bir məhsuldar oyunda çinli Van Yue norveçli Maqnus Karlseni məğlubiyyətə uğratmışdır. Aleksandr Qrişuk (Rusiya) — Vasili İvançuk (Ukrayna) və Vişvanatan Anand (Hindistan) — Lenyer Dominges (Kuba) görüşlərində rəqiblər hərəyə yarım xal qazanmışlar.

 Bu nəticələr turnir cədvəlində öz əksini tapdıqdan sonra vahid lider Qrişukun mövqeyi əvvəlkitək kifayət qədər möhkəm görünür. Hesabında 6,5 xal olan rusiyalı qrossmeyster ən yaxın izləyicisi İvançukdan 1 xal irəlidir. Əvəzində cədvəlin sonrakı “mərtəbələrində” çox sıxlıqdır. Üç-beşinci yerləri bölüşdürən Aronyan, Karlsen və Anand 5 xal toplamışlar. Rəcəbovla Yue onlardan yarım addım geri qalırlar, Domingesin isə 4 xalı vardır.

 Dünən axşam keçirilən 11-ci turda Rəcəbovu (qaralar) Qrişuka qarşı görüş gözləyirdi. İndiki turnir vəziyyətini finişin astanasında yaxşılaşdırmaq və hətta mükafatlar uğrunda mübarizəni davam etdirmək imkanı qazanmaq üçün Teymur liderlə oyunda da uğurlu nəticəyə can atmalı idi. 

Daha bir qələbə təşkilatçıların bu günə təyin etdikləri üçüncü və sonuncu istirahət günü ərəfəsində yerinə düşərdi. Teymur Linares — 2009-da son üç oyunu martın 5-7-də Dominges, Karlsen və Yueyə qarşı keçirəcəkdir.

 

 

BAYRAMOV, Oqtay

 

Xalq qəzeti.-2009.-4 mart.-S.8.