Professor Rovsən
Mustafayev haqqında xatirələr
Rövşən Mustafayev hələ
SSRİ məkanında yazıb
- yaradan, tanınmış
jurnalist Faiq Mustafayevin övladıdır.
Deyirlər: “Ot kökü üstə bitər”. Bununla yanaşı, bir fikir də var:
Oğul atadan da çox nailiyyətlər
əldə edərsə,
bu proses millətin inkişafını
göstərir. Qısa
bir dövrdə Rövşən müəllim,
sözün əsl mənasında, vətəndaşlıq
borcunu yerinə yetirdi. O, yüksək intellektə və zəngin ideyalara malik, hər bir prosesdə mütləq təkmilləşməni
görmək istəyən
alim idi.
Rövşən müəllim Siyəzən
orta məktəbində
adi müəllim vəzifəsindən başlayıb,
AMEA-nın İnsan Hüquqları İnstitutuna
rəhbərlik etmək
səviyyəsinə kimi
yüksəldi. O, “Dirçəliş
- XXI əsr” jurnalının
baş redaktoru, Beynəlxalq İnsan Hüquqları Elmi Şurasının sədri
idi. Vətənpərvərlər onu sevir, düşmənlərin isə
gözü götürmürdü.
O, 90-cı illərin
əvvəlində ölkədə
ilk dəfə olaraq Müstəqil Analitik Mərkəz yaratdı. Bu mərkəzin adı
“Azərbaycan Beynəlxalq
Əlaqələri və
Dövlət Quruculuğu
İnstitutu” idi.
Onun rəhbərlik etdiyi qurumların mahiyyət etibarilə çox dərin, Rövşən müəllimə
xas olan fəlsəfəsi vardı
və o bu fəlsəfəni nəinki
Azərbaycana, Qafqaz regionu və onun sərhədlərindən
çox-çox uzaqlara
yaya bildi: “Allaha inama gəldikdə,
birincisi, mən müsəlmanam, ikincisi, mən müsəlmanam və ən nəhayət, müsəlmandan
qeyri- kimsə deyiləm. Türk olmağımı mən özümə böyük şərəf
bilirəm və bütün türk məkanını özümə
doğma yurd sayıram. Azərbaycan
Respublikasının tam müstəqil,
azad və demokratik ölkə olmağına gəldikdə
isə, birincisi, mən Azərbaycan Respublikasının vətəndaşıyam,
ikincisi, Azərbaycan Respublikasının vətəndaşıyam
və ən nəhayət, qeyri- kimsə deyiləm."
Rövşən Mustafayev öz
əsərlərində erməni
şovinizminin mahiyyətini
açaraq ifşa etdi. Və faktlara istinad
edərək Cənubi
Qafqazda bu “xəstəliyin” bəlalarını
söylədi. İlk dəfə
professor Mustafayev ermənilərin
millət yox, etnokorporasiya olduğunu öz əsərlərində
sübut etdi. Bu fikir onun “Strasti po virtuali”
əsərində öz
əksini tapdı.
O, öz elmi əsərlərində erməni
etnokorporasiya cərəyanının
formatını müəyyən
edərək bununla Cənubi Qafqazda sabitliyə təhlükə
olan meyarın prinsipini formalaşdırdı.
Professor Mustafayevin ideyası əsasında Beynəlxalq
Analitik Şəbəkə
yaradıldı. Yüksək intellektə malik analitiklər, politoloqlar, geosiyasətçilər bir
yerə yığılıb
bu qurumu təşkilatlandırdı. Buraya müxtəlif ölkələrdən 1128 ekspert
cəlb olunaraq Bakıda, Tiflisdə, Budapeştdə, Təl- Əvivdə və Haaqada nümayəndəliklər
yaradıldı.
Professor Mustafayevin
orijinal fikirlərindən
birində belə deyilir: “Taleyimizə görə heç kimi təqsirləndirmək
fikrində deyilik. İş elə gətirib ki, həyatımız, yaşadığımız dövr
özümüzdən asılı
olmayaraq İkinci minilliyin sonuna, XXI əsrin əvvəllərinə
və Üçüncü
dünya demokratiya dalğasının zirvəzinə
təsadüf etmişdir.
Gəlin
hər birimizə açıq olan rəqəmlər üzərində
düşünək (doğrudur,
Şərq dünyaduyumunda
rəqəm sistemi ənənəvi olaraq mistik idrak səciyyəsi
daşıyır). Lakin bunların
arxasında çoxlarının
bilmədiyi Xüsusi Məna durur. Üçüncü minillik İnsanın
ulduzlar sistemi, ən azı Günəş qalaktikasını
tədqiq edəcəyi
və mənimsəyəcəyi
kimi proqnozlaşdırılır."
Rövşən Mustafayevin “Fikir azadlığı” əsərindən
gətirilən bu sitat bir daha
onun qlobal düşüncə tərzinə
malik olmasını göstərir. Həddindən artıq maraq kəsb edən fəlsəfi fikir – “dərketmə=mən+yeni mühit” formulunu o, “azəlbaycançılıq ideyası”
adlandırıbdır. Bu bərabərliyə nəzər
salsaq görərik ki, “mən” yəni şəxsiyyət
yeni mühitdə dərketmə səviyyəsini
müəyyənləşdirir. İnsanın öz-özünü dərk etməsi bu lakonik və
məntiqi fikirlə təkmilləşmə prosesinə
təkan verir. Bu, bütün dövrlər
üçün, xüsusilə
də müasir dövr üçün çox vacibdir və böyük əhəmiyyət kəsb
edir.
Professor
Mustafayev “MDB-90-cı illər:
Keçmişə nəzər”
əsərində böhranın
fəlsəfəsini açıqlayır.
Adı çəkilən bu əsər 2000-cı ildə
çap olunmuşdur.
Sanki, o, bu günü
— 2008– 2009-cu illərdə baş
verəcək böhranı
görürmüş kimi
çox qiymətli fikirlər söyləmişdi.
Rövşən Mustafayev ömrünün
son illərində “Ölüm
marşı: ermənilərin
yəhudi xalqına qarşı cinayətləri”,
“Marşi smerti: Prestupleniya armyanstva protiv yevreyskoqo naroda” kitabını yazaraq ivrit, ingilis və rus dillərində nəşr elətdirdi.
Bu, cəmiyyətdə böyük
rezonans verdi.
Rövşən müəllim bu
kitabda tarixi sənədlərə istinad
edərək erməni
vəhşiliyini sübuta
yetirdi.
Onun əsərləri Azərbaycan
və dünya siyasətində hüquq elmində reformaların aparılmasına və təkmilləşməsinə yönəlmişdi. Hərdən özünə qapanan Rövşən deyərdi:
“Biz samballı kitablar
yazıb, xarici dillərdə çap elətdirib dünyaya yaymalıyıq. Əks təqdirdə dünyanın
erməniləri eşitməsində
biz özümüz təqsirkarıq.
Mənim
atdığım addımlar
bu sahədə ilk addımlardır.”
Mən ürək ağrısı
ilə demək istərdim ki, Rövşən bu sahədə böyük fəlsəfi düşüncələrə
malik çox kitablar yaza, çox həqiqətləri
üzə çıxara
bilərdi. Amansız ölüm
onu soyuq məzara apardı. O
deyərdi: “Mən inanıram ki, biz qalib gələcəyik, çünki həqiqət
bizim tərəfimizdədir.”
Mən onun yaxın bir dostu kimi,
tez-tez bu və digər səpkilərdə onunla fikir mübadiləsi edərdim. Onu dinləməkdən doymurdum, çünki hər bir cümləsi
məni düşündürür
və yeni- yeni tədqiqatların istiqamətini mənə göstərirdi. Bəli, ictimai
elmlərdən savayı,
onun düşüncə
dairəsi çox geniş idi. O, sözün əsl mənasında, fenomen idi. Mən ümidvaram ki,
onun əsərləri
əsasında tədqiqat
işləri aparılacaq,
davamçıları isə
dissertasiyalar yazacaqlar.
Bir gün XX əsrin dahi alimi akademik
Azad Mirzəcanzadə onu
yanına dəvət
etdi. Azad müəllimlə
istənilən problemi
10–15 dəqiqə ərzində
müzakirə edib məntiqi nəticəyə
gəlmək mümkün
idi. Bu dahi
şəxsiyyət yüksək
erudit idi. Rövşən onunla ən
uzağı yarım saatlıq görüş
planlaşdırırdı. Ancaq bu görüş 9 saat davam etdi.
Sonralar Azad müəllim
onun haqqında belə deyərdi: “Rövşən, həqiqətən,
parlaq şəxsiyyətdir.”
O zaman Azad müəllim
Ali Attestasiya Komissiyasının
sədri idi. O, Rövşənə dedi ki, sən müstəqil
Azərbaycanın politologiya
elmləri üzrə
ilk elmlər doktoru olmağa layiqsən. Qısa müddətdə Rövşən
doktorluq dissertasiyasını
müdafiə etdi.
Onun 1993– 1995-ci illərdə
“Azərbaycan və dünyanın yeni qaydaları”, “Azerbaydcan i novıy mirovoy
poryadok” mövzusunda elmi işi, “İnkişafın Azərbaycan
təcrübəsi”, “Azerbaydcanskiy
opıt razvitiya” və nəhayət, “Azərbaycan dövlətçiliyi
özünü və
dünyanı dərk
etmək yolunda”, “Azerbaydcanskaya qosudarstvennosti
na puti poznaniya
sebya i mira”
elmi əsərləri,
zənnimcə, hələ
ekspertlər tərəfindən
dərin tədqiqat obyekti kimi öyrəniləcəkdir.
Professor Mustafayevin elmi məqaləsi “Rusiya Rusiyadan xəstədir” (“Rossiya bolna Rossii”) Rusiya ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirildi. O, 60 elmi məqalənin, kitab və monoqrafiyanın
müəllifi idi.
Son illərdə
onun rəhbərlik etdiyi institutda Avropa İttifaqı və Avropa Şurasının aparıcı
ekspertlərinin iştirakı
ilə 90 seminar və
konfrans keçirilib.
O, Gürcüstan Milli
Elmlər Akademiyasının,
Gelat Akademiyasının
(ilk müsəlman) həqiqi
üzvü, Avstriya Beynəlxalq Akademiyasının
üzvü idi. Türkiyə, Fransa, İsveçrə, Praqa, Almaniya, Ukraynada dərc olunmuş saysız elmi məqalələri ona politologiya elmi sahəsində dünya şöhrəti qazandırdı.
Deyirlər: “Allah-taala çox
istədiyi adamı tez aparır.” 20 fevral 2009-cu ildə
Rövşən Mustafayevin
yaratdığı institutdan
onun cənazəsi son
mənzilə yola salındı. Foyedə onun
əsərlər külliyatına
gözüm sataşdı.
Öz- özümə
sual verdim: “Bu, bir ömrə necə sığarmış?”
O, tez parladı, tez də söndü.
Bu institutu o yaratdı,
10 ilə yaxın rəhbərlik etdi. Onun rəhbərliyi altında
onlarca namizədlik və doktorluq dissertasiyaları müdafiə
olundu. O, cismən
bu dünyadan getsə də bu institutda onun
ruhu gəzir. O, daim onu sevərlərin
ürəyində yaşayacaqdır.
Allah sənə
rəhmət eləsin!
ŞAHBAZOV, Eldar
Xalq qəzeti.-2009.-5
mart.-S.7.