“Maestro” jurnalistin sənət dunyası
Arif Hüseynov uzun illərdən
bəri redaksiyamızla sıx əməkdaşlıq etdiyindən,
qəzetimizdə müxtəlif səpkili, çoxsaylı
yazıları dərc olunduğundan onu oxuculara xüsusi təqdim
etməyə ehtiyac yoxdur. Zəngin mədəni irsimiz,
çağdaş sənət prosesləri, ana dilimizin
saflığı, dünyanın sənət korifeyləri barədə
silsilə məqalələr onu geniş
dünyagörüşlü ziyalı, mövzuya dərindən
bələd olan tədqiqatçı jurnalist, yurdsevər
publisist, oxucu marağını həssaslıqla
cavablandıran ciddi yazar kimi tanıtmışdır. Həyata,
insanlara və sənətə münasibətdə
profesionallığı əsas meyar seçdiyindən, dəyərləndirdiyi
sənətkarları “maestro” deyə
çağırdığından və özü də
ustad yazar olduğundan tanıyanlar Arif müəllimi “maestro”
adlandırırlar.
75 yaşının tamamında zəngin bioqrafiyasına
yaxşı bələd olduğumuz Arif Hüseynovun
ömür yoluna özü ilə bir daha nəzər
saldıq, yazılarının arxasında görünməz
qalmış məqamlardan söhbət açdıq. Oxucularımıza
bildirək ki, bu dəfə onlara həm də maraqlı
müsahib kimi təqdim etdiyimiz ustad qələm sahibi həyatın
hər üzünü görmüş, daim mənəvi
yüksəkliyə can atmış, zəhmətsiz,
qayğısız bir gün də yaşamamış
soydaşlarımızdandır. O, rus dilini ana dili qədər
bilsə də xalqına yadlaşmamış, dünya mədəniyyətinə
dərindən bağlı olsa da milli dəyərlərdən
uzaqlaşmamışdır.
Arif Hüseynov Bakıda dünyaya göz
açmış, İçərişəhərdə və
“Dağlı məhəlləsində” sadə insanların
çevrəsində böyüyüb tərbiyələnmişdir. Orta məktəbdə
yaxşı oxumaqla yanaşı, musiqi təhsili də
almışdır. Ötən əsrin
50-ci illərində gəncliyin romantik peşələr
saydığı neftçi və geoloq ixtisasları onun da
arzularına yön vermiş, Neft Akademiyasının geoloji kəşfiyyat
fakültəsinə daxil olmuşdur. Sözə,
musiqiyə bağlılıq da onu tərk etməmiş, tələbə
ikən radioda diktor işləmiş, muğama və klassik
Avropa musiqisinə bələdliyini artırmışdır.
Ali təhsildən sonra neft mədənində müxtəlif
vəzifələrdə çalışmışdır. Bakıda Neft
nəşriyyatında işləmək üçün həm
bu sahəni bilən, həm də Azərbaycan və rus dillərində
yazmağı, redaktə etməyi bacaran kadr
axtarışında Arif Hüseynovun bu keyfiyyətləri
yüksək qiymətləndirilir. “Azərneftnəşr”də
özünü istedadlı mühəndis-naşir kimi
tanıdan gənc Arif çox keçmədən iki nəşriyyat
birləşəndə “Azərnəşr” kimi ən
böyük kitab nəşriyyatının direktor müavini
olur.
Azərbaycan Sovet Ensiklopediyası redaksiyası
yaradılanda isə baş redaktor, xalq şairi Rəsul Rza məmnunluqla
Arif Hüseynovu neft redaksiyasına aparır. O, burada əsl
ensiklopediyaçı-naşir kimi formalaşır, baş
redaksiyanın məsul katibi kimi məlum oncildliyin hasilə gəlməsində
böyük bilik və zəhmət sərf edir. Təqaüdə çıxana qədər “Maarif”
nəşriyyatında və Mərkəzi Seçki
Komissiyasında çalışır. “Həsən
bəy Zərdabi” və “Media açarı”
yaradıcılıq mükafatlarına layiq
görülüb. Jurnalist fəaliyyətini
bir sıra qəzetlərdə dərc olunan aktual mövzulu yazılarla
davam etdirir.
Bu qısa tanıtmadan sonra
Arif müəllimin özünü dinləyək:
jurnalistikaya necə gəlib, müəllimləri kimlər
olub?
—
Ali məktəbin II kursunda oxuyurdum. O vaxt, televiziya yaranana qədər
çox populyar olan respublika radiosunda diktor müsabiqəsi elan
olunmuşdu. Orta məktəbdə radio
qovşağında çıxışlar etmişdim. Yaradıcı mühitə dərin marağım məni
çəkib bu müsabiqəyə apardı. Bəyəndilər və axşam xəbərlərini
oxuyan diktor oldum. 6 ay qüsursuz işlədim.
Bir axşam xəbərləri oxuyurdum, o vaxtkı Martuni
rayonunda əmək qabaqcılı olan adlı erməni
qadını Zarvaratın adını çəkəndə
gülmək məni tutdu... Aləm bir-birinə
qarışdı, erməni adına nə
haqla gülmüşəm? Özümü
qınasam da, qulaqda qəribə səslənən, sanki,
adamı qıdıqlayan bu ada gülməmək mümkün
olmamışdı. Nəticəsi o oldu
ki, ərizə yazıb işdən çıxdım.
“Stalinneft”də
usta işləyəndə isə gələcək taleyimi
müəyyən edən hadisə baş verdi.
Qəzetlərdə yazıları
çıxan, yazmaq qabiliyyəti olan bir neftçi kimi “Azərneft”
nəşriyyatına dəvət aldım. Bununla da taleyim birdəfəlik jurnalistikaya
bağlandı. “Azərnəşr”in
direktoru, görkəmli publisist Adil Əfəndiyevin nümunəsi
və qayğısı mənə çox şey öyrətdi.
Adil müəllim ciddi redaktə ilə
yanaşı, müəlliflərin üslubunun da
qorunmasının tərəfdarı idi.
Ensiklopediya redaksiyası isə misilsiz bir milli jurnalistika
məktəbi oldu. Rəhmətlik Rəsul müəllim hər
yerdə deyirdi ki, SSRİ-də ensiklopediya nəşri Moskvada
Sovet dövlətinin rəhbərlərindən biri olmuş Nəriman
Nərimanovun əmri ilə başlayıb. O bununla
öyünürdü və istəyirdi ki, respublikalar
arasında ən yaxşı milli ensiklopediya Azərbaycanda
yaransın. Təəssüf ki, içərimizdəki
qeyrətsiz adamlar və Moskvada Levon Şaumyan (Stepan
Şaumyanın oğlu) başda olmaqla daşnak
tör-töküntüləri ona mane olurdular. Lakin Rəsul müəllim elə bir milli özül
yaratdı ki, sonradan heç kəs onu dağıda bilmədi.
Əldə olan oncildlik müəyyən
çatışmazlıqlarla yanaşı, samballı bir mənbədir.
Əsl milli ensiklopediyanın yaranması isə
taleyin hökmü ilə müstəqillik dövrünə
qaldı. Xalqımız indiki
ensiklopediyaçılardan mükəmməl, obyektiv, milli bir
çoxcildlik gözləməkdə haqlıdır.
— Sizin musiqi ilə bağlı
yazılarınızın yüksək
professionallığı oxuculara yaxşı məlumdur. Buna
necə nail olmusunuz?
— Əmim
Şirzad Hüseynov milli operamızın tanınmış
ifaçılarından idi. 4 yaşından onunla
Opera və Balet Teatrına ayaq açmışam. Bu səhnədə elə bir tamaşa olmayıb ki,
baxmayam. Əvvəllər, sadəcə ,
həvəs idi. Sonralar tar dərsi aldıqca
baxdığım opera və baletləri dərindən
öyrəndim, görkəmli sənət adamları ilə təmasda
oldum. Milli operanı hər bir ziyalı sevməli
və bilməlidir. Klassik Avropa operasına
marağı isə məndə Bakının o vaxtkı
yüksək zövqlü, başqa xalqlardan olan
tamşaçıları yaratdı. Onların
içərisində elələri var idi ki, bütün
operanı ifaçılarla bərabər zümzümə
edirdi. Onda mən düşündüm ki,
biz niyə bu bəşəri əsərləri qavramayaq və
sevməyək? Beləliklə, klassik
musiqi ilə sıx təmasım məni bu sənətin pərəstişkarına
çevirdi. Amma mən milli
muğamlarımızdan, böyük Üzeyir bəyin sənət
irsindən daha böyük zövq alıram.
Həyatda rastıma elə yüksək mövqeli adamlar
çıxıb ki, millətdən dəm vursa da bircə
muğamın adını bilməyib, bəşəri insan
olduğunu söyləsə də dünya musiqisindən bixəbər
olub. Mən buna çox təəssüf etmişəm.
— Siz söz
yaradıcılığında, xüsusən, mətbuatda,
teleradioda ana dili normalarının pozulmasından ciddi narahat
olan ziyalılarımızdan birisiniz. Bu bəlanın
səbəbini nədə görürsünüz?
— Əvvəllər
milli varlığımız kənar təsir altında idi. Əslini dananlar o vaxt ana dilimizi də saya
salmırdılar. Belələri indi də
qalıb. Əsas səbəb isə
savadsızlıq və məsuliyyətsizlikdir. Redaktorların tələbkarlığı da
azalıb. Mənə elə gəlir ki,
rus dilinin hökmranlığı dövründə biz öz
dilimizi, milli varlığımızı daha qeyrətlə
qoruyurduq. İndi elə telekanal var ki, müsahiblər
bir yana, aparıcı ləhcə ilə
danışır, başqa dilin sözlərini işlədir,
lüzumsuz ədalarla dil normalarını pozur. Bir
sıra qəzet-jurnallar, kitablar səhvlərlə doludur.
Yeni qurumlar, yer adları bəzən əcnəbi
dillərdədir.
Dil elə bir müqəddəs mənəvi sərvətdir
ki, onu gündə bir hərfi korlamaqla məhv etmək, itirmək
olar. Dilin nöqtə-vergülü də, hərfi-səsi
də, sözü-tələffüzü də dəqiq,
aydın olmalıdır. Vaxtilə bizdən
bunu tələb etməsəydilər, ana dilimiz pis günə
qalardı. Biz də Dədə Qorqud, Nəsimi,
Füzuli, Vaqif, Ələsgər, Vurğun dilini,
layla-bayatı dilini qorumalı, onu öz ruhuna uyğun zənginləşdirməliyik.
— Jurnalistikamızın bu
günü haqqında nə deyərdiniz?
— Mətbuat
xalqın üzünə açıqdır. Hər
kəs KİV-də sözünü deyə bilir. Amma bunu tərsinə başa düşüb
sözü oyuncağa çevirənlər də var.
KİV-də deyilən söz icitmai məna
daşımalıdır. Mətbuatda,
teleradioda şəxsi maraqlardan çıxış etmək
mənəvi qənimətçilik, böhtan, qərəz isə
sözlə törədilən cinayətdir. Tirajlı söz insanlara düzgün məlumat
çatdırmalı, onları düşündürməli,
zənginləşdirməlidir. Bu gün mən
bu yönlərin ikisini də — yaxşını da, pisi də
görürəm. Gələcək isə
doğru və gərəkli sözündür.
— Bu günün jurnalistini necə
görürsünüz?
—
Çağdaş jurnalist bilikli, çevik, obyektiv, öz
üslubu olan, auditoriya toplamağı bacaran yazar
olmalıdır. Bütün bunlar öz yerində,
bu günün jurnalisti xalqı Zərdabi, Mirzə Cəlil,
Üzeyir bəy kimi sevməli, onu yüksək ideallara yönəltməlidir.
Bu günün jurnalisti Qərbdəki kimi
demokratik ruhlu, azad düşüncəli olmaqla yanaşı,
həm də milli maraqları üstün tutmalıdır.
Xalqımızın çoxlu bəlaları var
ki, söz adamı gərək bunları unutmasın, qrup
maraqlarına, kənar təsirlərə uymasın. Bir sözlə, bizə elə jurnalistlər
lazımdır ki, çoxluq onun yazdıqlarını qəbul
edə bilsin.
— Arif müəllim, sizin kimi
jurnalistlərin ömür yolu, yaradıcılığı
bu mənada indiki jurnalistlərə çox şeyləri diqtə
edir. Siz ahıl yaşınızda da qələmi yerə
qoymur, yaxşını-pisi ayırd etməkdə oxuculara
kömək edirsiniz. 75 yaşın tamamında
sizə möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayırıq.
AYDINOĞLU Tahir
Xalq qəzeti.-2009.-5
mart.-S.7.