5 mart Bədən
Tərbiyəsi və
İdman Günüdür
Azərbaycan gənclik,
gözəllik və sağlamlıq bayramını
qeyd edir
Azərbaycan bədən tərbiyəçiləri
və idmançıları,
bütün idman ictimaiyyətimiz öz bayramlarını — Bədən
Tərbiyəsi və
İdman Gününü
yüksək fəallıq
şəraitində qeyd
edirlər. Əhalinin asudə
vaxtının təşkilində,
gənc nəslin sağlam və gümrah böyüməsində,
onların hərbi-vətənpərvərlik
tərbiyəsində, fiziki
hazırlığında, nəcib
keyfiyyətlərə yiyələnməsində
mühüm rol oynayan insan həyatının
bu ayrılmaz tərkib hissəsi ölkəmizdə əsl
inkişaf yolundadır.
Dünya və Avropa çempionatlarında,
Olimpiya və Paralimpiya oyunlarında, digər mötəbər
yarışlarda qazanılan
qələbə və
medallar, respublikamızın
müxtəlif bölgələrində
ucaldılan bir-birindən
yaraşıqlı olimpiya
idman kompleksləri beynəlxalq dairələrdə
də yekdilliklə etiraf olunduğu kimi, Azərbaycanı gündən-günə çiçəklənən
və möhkəmlənən
bir idman ölkəsinə çevirmişdir.
Bu isə təsadüfi
deyil. Ölkəmizdə bədən tərbiyəsi
və idman dövlətin, şəxsən
Azərbaycan Prezidenti,
Milli Olimpiya Komitəsinin rəhbəri
cənab İlham Əliyevin gündəlik nəzarəti və daimi qayğısı ilə əhatə olunmuşdur. Bədən Tərbiyəsi
və İdman Gününün təsis
edilməsi də bu qayğının parlaq təzahürüdür.
Sağlamlığın qorunması
və möhkəmlənməsində,
gənclərin fiziki inkişafında, ölkənin
idman şərəfinin
beynəlxalq aləmdə
daha da uca
tutulmasında bədən
tərbiyəsinin əhəmiyyəti
və rolunu nəzərə alan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i Azərbaycan Respublikasında
“Bədən Tərbiyəsi
və İdman Günü” kimi qeyd olunur. 5
mart Azərbaycan idmanı
üçün xüsusilə
əlamətdar bir gündür. 1995-ci il
martın 5-də Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyevin imzaladığı fərmana
əsasən əhali
arasında sağlam həyat tərzinin təbliği, bədən
tərbiyəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
bu sahədə ümumxalq yardımının
təşkil olunması
məqsədilə gənclərin
idmana marağını
artırmaq və Azərbaycan idmanının
beynəlxalq miqyasa çıxmasına real zəmin
yaratmaq üçün
Azərbaycan Prezidenti yanında İdman Fondu yaradılmışdır.
İdmanımızın bu bayram günündə
ötən bir ildə keçilmiş yola nəzər salmalı olsaq, şübhəsiz, ilk növbədə
XXIX Yay Olimpiya Oyunları yada düşər. Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin
Pekinin olimpiya meydanlarında göstərdikləri
möhkəm iradə,
əsl qələbə
əzmi, cüdoçu
Elnur Məmmədlinin
Olimpiadanın çempionu
kimi fəxri kürsünün ən yüksək pilləsində
təbrikləri qəbul
etməsi, yunan-Roma güləşi ustaları
Rövşən Bayramovla
Vitali Rəhimovun gümüş mükafatları,
Şahin İmranov (boks), Mövlud Mirəliyev (cüdo), Mariya Stadnik (qadın güləşi)
və Xetaq Qazyumovun (sərbəst güləş) bürünc
medalları Azərbaycanda
idmanın inkişafı
sahəsində aparılan
müntəzəm və
məqsədyönlü işlərin
bəhrəsi idi. Olimpiadadan sonra yenə Çin Xalq Respublikasının paytaxtında keçirilən
XIII Paralimpiya Oyunlarından
təmsilçilərimizin vətənə gətirdikləri
on medal, o cümlədən cüdoçu İlham Zəkiyevlə yadro itələyən Oluxan Musayevin qızıl müvəffəqiyyətləri idmanımız, bütün
xalqımız üçün
olduqca əlamətdar
hadisəyə çevrildi.
Bu uğurlar respublikamızın
beynəlxalq aləmdə
nüfuzunu daha da artırdı.
Azərbaycanda gümrahlıq və sağlamlıq məşğələləri,
öz qələbələri
ilə xalqımıza
böyük sevinc bəxş edən idmançılarımızın ustalığının daha
da artırılması
daim diqqət mərkəzindədir. Onlara ən
yaxşı şərait
yaradılması məqsədilə
paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonlarımızda da inşa edilən
olimpiya idman komplekslərində təcrübəli
mütəxəssislərin rəhbərliyi altında
aparılan gərgin məşqlər böyük
yarışlarda sanballı
qələbələr qazanılmasında
başlıca şərtdir.
Bu gün belə komplekslər Bakı və Gəncədə, Naxçıvan və Lənkəranda, Şəki
və Qubada, Qazax və Masallıda,
respublikamızın digər
bölgələrində gənclərin
sevimli istirahət yerinə çevrilmişdir.
Yaxın
vaxtlarda olimpiya komlpekslərinin, müasir
idman bazalarının
sayı daha da artacaqdır. Onlar Azərbaycanın hər yerində idmanın inkişafına güclü
təkan verir.
Bu yaxınlarda Prezident
İlham Əliyevin qəbulunda olmuş Kikboksinq Təşkilatları
Dünya Assosiasiyasının
prezidenti Ennio Falsonini də dövlət başçımızla
söhbət zamanı
ölkəmizin beynəlxalq
idman aləmində artan nüfuzundan danışarkən Azərbaycanda
idmanın inkişafı
üçün hər
cür şərait yaradıldığını xüsusi
vurğulamışdır.
Mingəçevirdə inşa edilən “Kür” Olimpiya tədris-idman mərkəzi
də idmançılarımıza
gözəl töhfə
olacaqdır. Prezident İlham Əliyev martın 3-də Mingəçevirə
səfəri zamanı
həmin mərkəzlə
tanış olarkən
gənclər və idman naziri Azad Rəhimovun dövlət başçımıza bildirdiyi
kimi, burada Avropada, o cümlədən
MDB məkanında bənzəri
olmayan avarçəkmə
bazası yaradılacaqdır.
Azərbaycanın idman ictimaiyyəti öz bayramını — Bədən Tərbiyəsi
və İdman Gününü idmanımıza
göstərilən böyük
qayğı şəraitində
qeyd edir.
BAYRAMOV, Oqtay
Xalq qəzeti.-2009.-5
mart.-S.7.