Lənkəran: yeniləsən,
müasirləşən
diyar
Gələn
il Lənkəran inzibati rayonunun
yaradılmasının 80 ili tamam olacaq. Xəzərin
sahilində yerləşən, “cənub mirvarisi”
adlandırılan bu gözəl diyarın tarixi isə
çox qədimdir. Hazırda burada 205 minə
qədər əhali yaşayır. Lənkəran
rayonuna onun mərkəzi olan eyniadlı şəhər, eləcə
də Liman şəhəri, səkkiz qəsəbə, səksən
beş kənd daxildir. Qızılağac
Dövlət Təbiət Qoruğu və Hirkan Milli
Parkının çox hissəsi Lənkəran ərazisindədir.
Bölgənin simvolu olan dəmirağac, eləcə
də şabalıdyarpaq palıd, azat, vələs
ağacları Lənkəran meşələrinin
yaşıl abidələridir. Buranı
daha çox şöhrətləndirən isə zəhmətsevər,
vətənpərvər sakinlərdir.
Lənkəran aqrar-sənaye rayonudur. Tərəvəz
və çay istehsalına görə respublikada birinci yerə
sahibdir. Rayonda heyvandarlıq,
taxılçılıq, balıqçılıq,
üzümçülük, meyvəçilik və sitrus
bağçılığı inkişaf etdirilib. Burada tərəvəz emalı və konservi müəssisələri,
cihazqayırma zavodu, tikiş və mebel fabrikləri, balıq
konservi zavodu və kombinatı, kərpic zavodu, süd emalı
müəssisəsi, çay fabrikləri işləyir.
Bugünkü
Lənkəran özünün Dövlət Universiteti,
Dövlət Dram Teatrı, Olimpiya İdman Kompleksi, beynəlxalq
yarışlarda çıxış edən “Xəzər-Lənkəran”
futbol komandası, rəssamlıq məktəbi, beynəlxalq
aeroportu, tarixi və mədəniyyət abidələri olan
böyük, gözəl bir şəhərdir.
Təbii gözəlliyi, yeni şəhər infrastrukturu
ilə müsafirlərin diqqətini çəkən Lənkərana
çoxlu şeir və nəğmələr həsr olunub.
Gözəlliyin
nur alıbdır Xəzərdən,
Əzəmətli, vuqarlısan əzəldən.
Kimsə dönməz sənin kimi
gözəldən,
Baharsan,
cilvələn, nazlan, Lənkəran!
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Lənkərana
səfərlərində burada görülən işləri
bəyəndiyini dəfələrlə qeyd edib: “Lənkəranda
mən dəfələrlə olmuşam. Bölgəyə
bu səfərimdən də çox məmnunam. Şadam ki, Lənkəranda yenə də
böyük inkişaf və dəyişiklik görürəm.
Xüsusən, rayonun abadlaşdırılması sahəsində
aparılan işlər razılıq doğurur... Bütün bu işlər Lənkəranın
keçmiş şöhrətini özünə
qaytarır”.
Təbiət Lənkərandan səxavətini əsirgəməyib. Xəzərin
aynasında özünə baxıb cilvələnən bu
nurlu şəhəri görəndə adamın ürəyi
açılır. Bəzən bir gündə Lənkəranda
üç fəslin gözəlliyi bir-birinə
qarışır: yay günəşi, yaz
yağışı, payız ruzgarı. Göz
önündə baş verən iqlim dəyişməsinə
heyran qalırsan. Lənkəranın sakinləri isə
dəyişməzdir: hamısı təbəssümlü,
şirin ləhcəli və işgüzar. Elə bu
işgüzarlığın sayəsində Lənkəranda
daşlar da sanki gül açıb üzə gülür,
dil açıb “baxın, sevinin”, — deyir.
“Lənkəran” qəzetinin xüsusi
buraxılışı ötən ilin yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunub. Onu mənə göstərən
icra hakimiyyəti başçısının müavini Nadir
Muradov qəzetdəki əlvan foto-şəkillərə
işarə ilə dedi:
Bax, elə bil ki, son illərdə Lənkəranda
görülən abadlıq-quruculuq işlərinin canlı sərgisidir.
Ötən
il də öyünməli işlərimiz
çox olub. Möhtərəm Prezidentimiz
İlham Əliyevin Lənkərana diqqət və
qayğısı, mən deyərdim ki, gündəlik xarakter
daşıyır. Dövlətimizin
başçısı dəfələrlə Lənkərana
səfər edib, hər dəfə də neçə-neçə
yeni obyektin açılışında iştirak edib, sadə
adamlarla görüşüb, həyata keçirilən tədbirlərə
münasibətini bildirib. Onun fikirləri
bizi daha da ruhlandırıb. Demək olar
ki, hər sahədə ilimiz böyük uğurlarla
müşayiət olunub.
Müsahibim bunları
söyləyib bir Lənkəran təəssübkeşliyi ilə
və nail olunanlara görə aşkar fərəh hissilə
gülümsündü. Maraqlıdır ki, onun
çöhrəsini işıqlandıran bu ifadəni mən
Lənkəranda görüşüb söhbət etdiyim hər
kəsin üzündə gördüm. Doğma
yurdun tərəqqisinə öz töhfəsini verən lənkəranlılar
ətraflarını bürüyən gözəlliklərdən
zövq almağı bacaran, bəhs eləməyi xoşlayan,
bununla qürur duymağı xoşbəxtlik sayan
adamlardır. Onlar dedilər ki, son beş
ildə Lənkəranda o qədər müsbət işlər
görülüb ki, saymaqla bitməz. Ölkənin
iqtisadi qüdrəti artdıqca həyatımız da gözəlləşir,
güzəranımız da yaxşılaşır.
Süleyman müəllimin işgüzarlığı, tələbkarlığı
az qala hamımıza sirayət edib.
Oxucuların diqqətini bir
detala cəlb etmək yerinə düşər: hazırda Lənkəranda
xarici minik avtomobillərinin neçə-neçə
satış-salonu fəaliyyət göstərir. Deməli, tələbat
var ki, təklif də var. Adamlar yüzlərlə
yaraşıqlı fərdi ev tikiblər. Son 5 ildə burada 18 məktəb inşa olunub.
Məktəblərin 9-u məhz 2008-ci ildə “təvəllüd”
tapıb.
Ötən il
oktyabrın 8-də Lənkərana gələn Prezident
İlham Əliyev ulu öndərin adını daşıyan
fondun hesabına inşa edilmiş Səpnəkəran kənd
məktəbinə də gəlib. Düz 85 il
yaşı olan köhnə binanın yerinə müasir təhsil
ocağı tikilib. Yeni bina ikimərtəbəlidir, burada 16
sinif, 7 əlavə otaq, kitabxana, internetə
çıxışı olan kompyuter zalı şagirdlərin
ixtiyarına verilib. Fond məktəbə əyani
vəsaitlər hədiyyə edib. Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva yeni bina ilə yaxından
Xatırladaq ki, son beş ildə
ölkənin ayrı-ayrı bölgələrində 1600 məktəb,
240 tibb müəssisəsi, 14 Olimpiya İdman Kompleksi, 4 beynəlxalq
aeroport tikilərək istifadəyə verilib. Həmin
aeroportlardan biri Lənkəranda inşa olunub.
Oktyabrın 8-də
bu beynəlxalq hava limanının açılışı
reallaşdırılıb. Möhtəşəm
obyektə dövlət büdcəsindən 51 milyon manat vəsait
xərclənib. Dövlət
başçısının rəmzi lentini kəsdiyi aeroport
iri yük və sərnişin təyyarələrini qəbul
etmək imkanına malikdir. Bakı—Lənkəran hava
reysləri yeni alınan AN tipli təyyarələr
vasitəsilə həyata keçirilir. Buradan
Moskvaya da birbaşa reyslər açılacaq, meyvə, tərəvəz
və digər kənd təsərrüfatı məhsulları
daşınacaq. Hava limanı cənub
bölgəsinin iqtisadi inkişafında mühüm rol
oynayacaq. Lənkəranlılar bu gözəl
töhfəyə görə Prezident İlham Əliyevə hədsiz
minnətdardırlar. Axı, köhnə aeroport neçə
il idi ki, istifadəsiz qalmışdı.
Uğurla
başa çatmış beşillik regional inkişaf
proqramının Lənkərana bəxş etdiyi yeniliklər
o qədər çoxdur ki, dünyanın hər hansı əyalət
bölgəsi bunu yalnız arzulaya bilər. Süleyman
Mikayılovun Lənkərana icra başçısı təyin
edildiyi vaxtdan üç il keçir. Bu müddətdə Lənkəranda səhiyyə
sistemi tamamilə yenidən qurulub. Regional Müalicə-Diaqnostika
mərkəzi, Uşaq sağlamlıq mərkəzi, Əlillərin
Regional Bərpa mərkəzi, həmçinin 14 kənd
feldşer-mama məntəqəsi və həkim
ambulatoriyası tikilib. Dağ kəndlərinin əhalisinə
xidmət göstərməkdən ötrü iki ədəd
təcili tibbi yardım maşını ayrılıb.
Son illərdə Lənkəranda
tikiş fabriki, emal sexləri, müxtəlif istehsal və xidmət
müəssisələri, futbol stadionu, süd zavodu, 16, 24 və
40 mənzilli yaşayış evləri, regional təşkilatlar
üçün inzibati binalar, çoxsaylı parklar və
istirahət guşələri tikilib istifadəyə verilib.
Heydər Əliyev xatirə parkı, “Dostluq” parkı, Həzi
Aslanov parkı, Dənizkənarı park,
Xalq sənətkarlığı şəhərciyi, otellər,
turizm mərkəzləri sanki Lənkəranın gülən
gözləridir. Camaat bu dilbər güşələrdə
həvəslə dincəlir. Elə ötən il də rayonda əsaslı tikinti geniş
vüsət alıb. Lənkəranın iqtisadi
və sosial inkişafında mühüm rol oynayan tikinti
kompleksinin dinamik inkişafı yeni müəssisələrin
işə salınmasına geniş imkanlar yaradıb. Məhz bu imkanlar hesabına rayonda yeni təhsil və
səhiyyə ocaqları, elektron ATS-lər, poçt
şöbələri, istirahət-sağlamlıq mərkəzləri
inşa edilib. Müasir turizm-istirahət
kompleksi olan “Qafqaz Sahil” oteli vaxtında tikilib istifadəyə
verilib.
Şəhərin
Qala xiyabanı tamamilə yenidən qurulub. Ətrafı müasir görkəmə
salınıb, fəvvarələr düzəldilib. Prezident İlham Əliyev oktyabrda Lənkəranda
olarkən burada görülən işlərdən
razılığını bildirib. Həmin
səfəri zamanı dövlətimizin
başçısı Uşaq sağlamlıq mərkəzi və
“Cənub TV” üçün yeni binaların
açılışında da iştirak edib. Sonra “Qafqaz Sahil” otelinə gələn Azərbaycan rəhbəri
Xəzərin sahilində yerləşən obyektin gözəlliyini
qeyd edib və ölkədə turizmin inkişafı
baxımından bu cür mərkəzlərin zəruriliyini
vurğulayıb.
Hazırda Lənkəranda
kənd təsərrüfatı məhsullarının
emalı zavodunun tikintisi davam etdirilir. Bu
müəssisə yeni mövsümdə məhsul qəbuluna
başlaya biləcək. Zavodun təkcə
Lənkəranda deyil, ətraf rayonlarda da istehsal edilən məhsulların
tam emalı üçün imkanları geniş olacaq. İşə düşdükdən sonra öz fəhlələrindən
başqa, minlərlə torpaq sahibi üçün də fəaliyyət
dairəsi genişlənəcək. Onlar
şəxsi təsərrüfatlarında yetişdirdikləri
məhsulu əlverişli qiymətə bu müəssisəyə
satacaqlar. Bundan başqa, zavodun
yaxınlığında məhsul tutumu 6700 ton olan soyuducu
saxlama anbarı tikilib. Bu da sahibkarlara
öz məhsullarını istənilən müddətə
saxlamaq imkanı verəcək. Bu məsələ
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nın, həm
də 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafla
bağlı qəbul ediləcək yeni Dövlət
Proqramının icrasında əhəmiyyətli rol oynayacaq. Başlıcası isə əkin sahələrinin
genişləndirilməsi təmin ediləcək.
Lənkəranda ötən il yeni müəssisələr, istehsal sahələri
hesabına 4312 iş yeri yaradılıb. Bunun yarısı
daimi iş yerləridir. Ümumən, birinci regional inkişaf
Dövlət Proqramının icrasına başlanan vaxtdan bəri
rayonda 24035 yeni iş yeri açılıb ki, bunun da 13230-u
daimi xarakterlidir.
Rayonda
sahibkarlıq son vaxtlar sözün əsl mənasında
genişlənib. İcra hakimiyyətinin
başçısı Süleyman Mikayılov hesabat ilində
onlarla bir neçə dəfə görüşüb,
problemlərini müzakirə edib. İl ərzində
sahibkarlara və fərdi əməklə məşğul
olanlara bank-kredit təşkilatlarından 9 milyon 665 min manat
kredit verilib. Sahibkarlığın inkişafına yaradılmış
münbit şəraitin nəticəsində 2008-ci ildə
rayonda ümumi məhsul buraxılışı 5,4 faiz çoxalıb. Sənayedə
istehsalın 91,5 faizi, aqrar bölmədə
99,9 faizi, xidmət sahəsində 83,2 faizi özəl bölmənin
payına düşür. Sahibkarlığın
inkişaf etdirilməsi və bazarda süni qiymət
artımının qarşısının alınması məqsədilə
şəhər icra hakimiyyətinin təşəbbüsü
ilə bayram günlərində yeyinti məhsulları
yarmarkası, sentyabr ayında məktəb bazarı təşkil
olunub. Eyni zamanda rayon sahibkarlarının
istehsal etdiyi məhsullar tez-tez Bakıda keçirilən kənd
təsərrüfatı bazar-yarmarkalarına göndərilir.
Ötən il
sənayedə qeyri-dövlət sektorunun işi xeyli
canlanıb. Bu sektorda istehsalın həcmi 32,1
faiz artıb. Müəssisələrdə 1609 nəfər
işə cəlb olunub ki, bu da əvvəlki ildəkindən
10,4 faiz çoxdur. Sənayedə işləyənlərin
orta aylıq əmək haqqı 16,4 faiz
yüksələrək 121 manata çatıb. Tikintinin
genişləndirilməsi il ərzində
kərpic istehsalının iki dəfə artmasına səbəb
olub: 3 milyon ədəd kərpic və kərpic bloku istehsal
edilib. Bu, yüzlərlə ev, istehsal və
xidmət sahəsi tikməyə kifayət edər. Yeri gəlmişkən,
2008-ci ildə 929 nəfərə 165362 kvadratmetrlik fərdi
yaşayış evi, 37 nəfərə isə 10286
kvadratmetrlik qeyri-yaşayış sahəsi tikmək
üçün icazə verilib. İl ərzində
vətəndaşlar tərəfindən ümumi sahəsi
38092 kvadratmetr olan yeni yaşayış evləri inşa
edilib. Əvvəlki ilə nisbətən fərdi-mənzil
tikintisi 15,5 faiz artıb.
Abadlıq
işlərindən də ayrıca danışmağa dəyər.
Üç ildə rayon ərazisində 67
kilometr respublika və yerli əhəmiyyətli, habelə kəndlərarası
yollar əsaslı şəkildə təmir edilib,
asfaltlaşdırılıb. Üç
istiqamətdə dağ kəndlərinə gedən
yolların da əsaslı təmiri başa
çatdırılıb. Şəhərin turizm
zonasına daxil olan Tofiq İsmayılov küçəsinin 4,6 kilometrlik hissəsinə yenidən asfalt
çəkilib, yolboyu səkilərə keramik üzlük
döşənib, ətraf naxışlı dəmir şəbəkələrlə
hörülüb, müasir küçə
işıqlandırıcıları
quraşdırılıb. Bundan başqa, səkkiz
küçə asfaltlaşdırılıb, Qala və Şəhidlər
xiyabanları əsaslı şəkildə yenidən qurulub, əraziyə
mərmər üzlüklər döşənib, təyyarə
limanına gedən yolda müasir işıqlandırma sistemi
qurulub, piyadalar üçün səkilər tikilib və əraziyə
asfalt çəkilib. Beş körpünün əsaslı
təmiri, rayonun giriş hissəsi olan Qumbaşı kəndi ərazisindən
başlayaraq Astara rayonuna qədər magistral yollar boyunca və
şəhərdə hasarlar, evlərin barıları
başdan-başa suvanıb, bəzi yerlərdə hasarlar yenidən
tikilib və ya bərpa edilib, rənglənib. Həmin
ərazilərdəki köhnə, yöndəmsiz şəxsi
evlər, şəhərdə isə 4, 5 və 9 mərtəbəli
binalar əsaslı təmir olunub.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə
təminatı üçün rayon rəhbərliyi zəruri
işlər görüb. İcra hakimiyyətinin
daxili imkanları hesabına paylayıcı elektrik şəbəkəsinə
9 ədəd müxtəlif güclü transformator, minlərlə
metr keyfiyyətli naqil, 50 ədəd elektrik dirəyi və
sair verilib. Lakin PEŞ-in rəhbərliyi
mövcud imkanlarından aşağı səviyyədə fəaliyət
göstərib. Bu barədə dəfələrlə
şura iclaslarında məsələ müzakirə edilib, tənqidi
fikirlər söylənib və
çatışmazlıqların aradan qaldırılması
yolları göstərilib.
Rayon Qaz
İstismar İdarəsinə də rəhbərlik hər
cür köməklik göstərib. Lənkəran
və Liman şəhərlərindən başqa, altı kəndə
qazın verilməsi bərpa edilib. Hazırda
şəhərin mövcud qaz kəmərlərinin yeniləşdirilməsi
və qaz xətti bərpa edilməmiş küçələrə
yeni xətlərin çəkilməsi ilə bağlı
quraşdırma işləri aparılır. Lakin idarənin rəhbərliyi vəzifəsinin
öhdəsindən layiqincə gələ bilmir və bu,
problemlərin yaranmasına səbəb olur.
Su təchizatının,
nəqliyyat, poçt və rabitə xidmətlərinin,
kommunal sahənin işinin
yaxşılaşdırılması da hər zaman rayon rəhbərliyinin
diqqət mərkəzində olub. Son beş
ildə bu sahədə mühüm addımlar atılıb,
amma görüləsi işlər də çoxdur.
Lənkəranda
mədəniyyət ocaqlarının işinin təkmilləşdirilməsinə
xüsusi diqqət yetirilir. Dövlət gənclər
siyasəti uğurla həyata keçirilir. İdmanın inkişafına diqqət xüsusilə
qaneedicidir. Şəhər icra hakimiyyətinin köməkliyi
ilə rayon idmançılarından ibarət komandalar 15
növ üzrə 14 respublika çempionatında, 11 ölkə
birinciliyində, 3 respublika və 6 beynəlxalq turnirdə
iştirak edərək layiqli qələbələr
qazanıblar. Bu yarışlarda Lənkəran
idmançıları 21 qızıl, 14 gümüş, 27
bürünc medal qazanıblar. Rayonun gənc
idmançıları yeniyetmələrin 6-cı respublika
oyunlarında olimpiya idman növlərinə daxil olan boks və ağırlıqqaldırma üzrə
yarışların qalibi olublar. Şahmat məktəbinin
yetirmələri məktəblilərin dünya birinciliyində
və beynəlxalq şahmat festivalında uğurla
çıxış edib vətənə qələbə ilə
qayıdıblar. Lənkəran idmançıları bu
il də qələbələr seriyasını
davam etdirmək əzmindədirlər.
Ötən il
əhalinin sosial müdafiəsi sahəsində xeyli irəliləyiş
olub. Bu iş Lənkəranda da nümunəvi təşkil
edilib. Ünvanlı sosial yardımlar, pensiyalar
vaxtlı-vaxtında ödənilib, aztəminatlı ailələrə
dövlət qayğısı artıb. May
ayında DSMF-nin şəhər şöbəsi, oktyabr
ayında ƏSMM yeni tikilmiş müasir inzibati binalara
köçüb. Sosial müdafiəsi zəif
olan ailələrə dövlət qayğısı ilə
yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin
“Mərhəmət”, “Uşaq” fondları və daxili imkanlar
hesabına maddi yardımlar göstərilir. Ötən
il adıçəkilən fondlardan aztəminatlı ailələrə,
bədbəxt hadisələr və təbii fəlakətlər
zamanı ziyan çəkmiş insanlara, ağır xəstələrə
66408 manat maddi yardım, həmçinin ehtiyacı olan ailələrin
uşaqlarına pulsuz məktəbli formaları verilib.
İcra hakimiyyətinin daxili imkanları hesabına bayramlarda
imtiyazlı və aztəminatlılara 50 min manatlıqdan
çox ərzaq məhsulu, məktəblərə 37 min
manatlıq kompyuter avadanlığı hədiyyə edilib. Bütün bu tədbirlərin mənəvi tərəfi
daha böyük önəm daşıyır.
Qayğı uman insanlar diqqət, həssas münasibət
gordükcə özlərini tənha, köməksiz hiss
etmir, dövlətə, yerli hakimiyyət orqanlarına
onların inamı daha da artır, ölkəmizdə həyata
keçirilən daxili siyasətdə sosial yönümə,
insan amilinə həqiqətən də böyük
üstünlük verilməsi barədə qənaətləri
güclənir.
Lənkəranda
adamlarla birbaşa ünsiyyətin müxtəlif
formalarının tətbiqi işi düzgün qurmağa,
idarəetməni təkmilləşdirməyə kömək
edir. Vətəndaş müraciətlərinə
maksimum diqqətlə yanaşılır. Ötən il rayonun 51 yaşayış məntəqəsində,
həmçinin şəhərin ayrı-ayrı massivlərində
icra başçısı Süleyman Mikayılovun səyyar qəbulları
və əhali ilə görüşləri keçirilib. Bu tədbirlərdə 5370 vətəndaş
iştirak edib. Görüşlərdə sakinlərin
sosial-məişət qayğıları, ünvanlı sosial
yardımın verilməsi, elektrik və təbii qaz təsərrüfatları
üzrə problemlər, yol və körpülərin təmiri,
sosial obyektlərin təmiri və tikintisi, işlə təmin
olunmaqla bağlı müraciətləri və digər məsələlərlə
bağlı onların təklifləri diqqətlə dinlənilib,
öyrənilərək təhlil edilib. Qaldırılan
məsələlərin böyük əksəriyyəti
qısa müddətdə həllini tapıb, bəziləri
vaxt tələb etdiyindən icraatda saxlanılıb. Şəhər icra hakimiyyətinin səlahiyyətinə
aid olmayan məsələlərin həllindən ötrü
respublikanın əlaqədar təşkilatlarına müraciətlər
edilib. İl ərzində müxtəlif instansiyalardan, o
cümlədən birbaşa RİHB aparatına daxil olmuş
4966 yazılı müraciət araşdırılıb,
şifahi qəbullarda 1215 vətəndaşın müraciətinə
baxılıb. Hər müraciətin arxasında canlı
insanların və onların qayğılarının
durduğunu unutmayan rayon rəhbərliyi ümidləri
doğrultmaq üçün vaxtında konkret əməli tədbirlər
görməyə çalışır...
Lənkəranlıların
doğma yurda sevgiləri hədsizdir. Onlardan
biri — hazırda doğma Tükəvilə kəndindəki məktəbin
direktoru olan Xanəhməd Nahidlə Lənkəran şəhərində
görüşdük. O, aparılan işlərdən,
burada aparılan abadlıq-quruculuq işlərindən həvəslə
danışdı:
— Tez-tez Lənkəran şəhərinə
gəlirəm. Hər dəfə də bir
yeniliyin, inkişafın, abadlaşdırma tədbirinin
şahidi oluram. Bu, adamı sevindirir,
ruhlandırır, ilhamlandırır. Qələmə
sarılıb gördüklərimi vəsf etməyə
ehtiyac duyuram. Burada artıq yüksək
bir şəhər mədəniyyəti, davranış
qaydaları, həyata sivil baxış formalaşıb. Dövlətimizin qüdrətlənməsinin bir
çox amilləri Lənkəranda özünü bariz şəkildə
göstərir. Biz lənkəranlılar dövlət
başçımızın bu gözəl diyara, burada
yaşayan əməksevər insanlara istəyinin və
ehtiramının təzahürlərini, necə deyərlər,
hər addımbaşı görürük, hiss edirik. Sağ
olsun rayonumuzun rəhbərliyi! Dövlət
başçısının inkişaf və quruculuqla
bağlı göstəriş və tövsiyələri
burada yüksək səviyyədə yerinə yetirilir. Lənkəran ildən-ilə deyil, aydan-aya, gündən-günə
abadlaşır, gözəlləşir. Gəzdikcə
gəzmək, baxdıqca baxmaq istəyirsən.
NƏCƏFXANLI, Əli
Xalq qəzeti.-2009.-5
mart.-S.5.