Goranboy abidələri 2500 illik tariximizə şahidlik edir

 

XII əsrdə inşa olunmuş və respubilka əhəmiyyətli Gülüstan qalası Murovdağın ətəyində Gülüstan kəndindən 2 kilometr şimalda, dəniz səviyyəsindən 1700 metr hündürlükdə, sıldırım qayalıq üzərində tikilmişdir. Müdafiə xarakterli Gülüstan qalası 3 arakəsmədən ibarətdir. Qala öz formasına görə gəmini xatırladır ki, bu da ərazinin relyefi ilə bağlıdır. Qala divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var. Qalanın daxilindəki eniş hissələrdə qar və yağış sularını yığmaq üçün ovdanlar da düzəldilmişdir. Qaladan İncəçaya qədər 200 metr uzunluğunda gizli yol çəkilmişdir. Daimi su ehtiyatı və su kəmərinin olması hər hansı bir qalanın müdafiəsi zamanı böyük əhəmiyyət kəsb edirdi. Çox güman ki, bu gizli yol qalanı su ilə təmin edən kəmər sıradan çıxarılanda yeraltı tunellə çaya enmək və oradan su götürmək üçün tikilmişdir. İçəridəki qalatipli istehkamlardan orta əsr şəhərlərində çox istifadə olunmuşdur. Onlara bəzən “Narın qala” da deyirdilər. Qala içərisində bu cür istehkam tikintisi mövcud olmuşdur.

1813-cü ildə Rusiya və İran dövlətləri arasında Gülüstan sülh müqaviləsi Gülüstan qalasında imzalanmışdır. 1828-ci ildən sonra İran və digər ərazilərdən məqsədyönlü şəkildə Azərbaycana köçürülən və bu ərazidə yerləşdirilən erməni “başbilənləri” öz havadarları ilə bu qalada oturaraq xalqımıza və torpaqlarımıza qarşı çirkin əməlləri davam etdirmişlər. 179 il sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəyə qalxmış vətənpərvər döyüşçülərimiz bu torpaqları düşmənlərdən azad edərək qala üzərində müqəddəs üçrəngli bayrağımızı sancdılar.

Goranboy ərazisindəki memarlıq abidələri içərisində Borsunlu, Şəfikürd və Rəhimli türbələri xüsusi yer tutur. Bu türbələr milli memarlıq sənətimizin ən yaxşı nümunələrindəndir. Arran memarlıq üslubunda tikilmiş bu abidələr , xəttatlıq, həkkaklıq, memarlıq, epiqrafik, rəssamlıq, sənətşünaslıq və s. baxımından diqqəti cəlb edir, insan əməyinin qüdrətini, sənətkar zovqünün incəliyini nümayiş etdirir. Bu türbələrdə həmin dövrün görkəmli adamları — alimlər, səyyahlar, loğmanlar, şairlər və s. dəfn edilmişlər. Adətən, türbələrin kitabəsi olurdu. Türbələrin giriş qapısı kiçik olurdu. Çox güman ki, bu, ziyarətə gələn adamın türbə sahibinin qarşısında baş əyməsi üçün belə edilirdi.

Türbələr məqbərələrin bina tərzində inşa olunmuş və daxilində xanəsi olan xüsusi formasıdır. Çox hallarda türbələrin yeraltı hissəsi olur ki, o da sərdabə adlanır. Türbələrin tikintisində bir qayda olaraq ağac materialından istifadə edilmirdi. Türbələr yerli tikinti materiallarından — əhəng daşı və ya bişmiş kərpicdən inşa edilirdi. Şirvan — Abşeron, eləcə də dağlıq və dağətəyi Qarabağın türbələri əhəng daşından, Aran Qarabağın, Kürəkbasarın (Goranboy), Milin və Muğanın türbələri isə bişmiş kərpiclə, bəzəkləri isə firuzəyi rəngli kaşıdan istifadə edilərək tikilmişdir.

Borsunlu kəndindəki qəbiristanlıqda yerləşən və çoxbucaqlı türbələr qrupuna daxil edilən eyniadlı abidələr qırmızı kərpiclə hörülmüş, içəridən və çöldən gəclə suvanmışdır. Otağın üstü günbəz vasitəsilə bağlanmışdır. Bu türbələr haqqında yazılı ədəbiyyatda məlumata rast gəlinmir. Lakin abidənin divarları və ətrafında aparılan kəşfiyyat işləri zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin qalıqları onu XIII—XV əsrlərə aid etməyə imkan verir.

Səfikürd kəndində yerləşən Xudu baba türbəsi XVII əsrdə hörülüb. Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu tikinti üslubunun əsas xüsusiyyəti çay daşının bişmiş kərpiclə birlikdə müəyyən naxış şəklində işlədilməsidir.

Rəhimli türbələri Mirzə Adıgözəl bəyin ailəsinə mənsubdur. Türbələr birmərtəbəli və birxanəlidir. Dördü nisbətən böyükdür, bişmiş qırmızı kərpiclə, ikisi isə kiçik olub çay daşından tikilmişdir. Onların hamısı eyni sırada olmaqla bir-birindən 10 metr məsafədə yerləşmişdir. Türbələrin daxili hissəsi çoxbucaqlı fiquru xatırladır və yuxarı hissələrini sönük rəngli karnizlər bəzəyir. Türbələrin üstündəki kitabələrdən belə məlum olur ki, onlardan üçü Mirzə Adıgözəl bəyin ailəsinə və yaxın qohumlarına məxsusdur. Kitabələrdən ilki 1848-ci ildə, sonuncusu isə 1872—1873-cü illərdə doldurulmuşdur.

1845-ci ildə səhhəti pisləşən Mirzə Adıgözəl bəy katibi Mirzə Hüseyn Salaridən söylədiklərini gözəl ifadə ilə yazmağı xahiş edir. Bir müddətdən sonra Azərbaycan tarixşünaslığının ən qiymətli məxəzərindən biri olan “Qarabağnamə” əsəri yaranır. Əsər 1736-cı ildən 1828-ci ilə kimi bir dövrü işıqlandırır. Əsər xüsusən 1813-cü ildən sonra Qarabağda baş verən hadisələri təsvir edən ilk mənbədir. Mirzə Adıgözəl bəy həm də öz dövrünün kamil ziyalısı olub, şerə, sənətə dərin hörmət bəsləyib. A.Bakıxanov yazırdı: “Gəncənin yaxınlığında Nizaminin gözəl bir türbəsi vardı. Xarabalığa üz tutmuş bu türbənin bəzi yerlərini Qarabağda yaşayan qazaxlı Mirzə Adıgözəl bəy indi təmir etdirməkdədir”. “Qarabağnamə” əsərinin üzü 1848-ci ildə Tiflisdə şair Mirzə Şəfi Vazeh tərəfindən nəstəliq şikəstə xətti ilə nəfis şəkildə köçürülmüşdür. Hazırda həmin əsərin əlyazması Sankt-Peterburq şəhərindəki Şərqşünaslıq İnstitutunun kitabxanasında saxlanılır.

Rayonun Meşəli, Yuxarı Ağcakənd, Buzluq, Erkəs, Qaraçinar, Börü yaşayış məntəqələrində V-VIII əsrlərdə inşa edilmiş alban məbədləri ərazidə uzun illər albanların yaşadıqlarının təkzibolunmaz yardigarlarıdır. Bu adidələr eramızın I əsrindən XVII-XVIII əsrlərinə qədər böyük bir dövrü əhatə edir. Abidələr vaxtilə ərazidə xristianlığın yayılması ilə bağlı tikilmişdir. Təəssüf ki, torpaqlarımıza qarşı həmişə ərazi iddiası ilə çıxış etmiş bədnam erməni qonşularımız bu abidələrə “sahib çıxmaq” üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Onlar müxtəlif dövrdə bu abidələrin kitabələrini pozmuşlar. Məbədlərin ermənilərə aid olduğunu göstərən saxta yazılar qoyulmuşdur. Məsələn, Meşəli Xarxaput) kəndində yerləşən alban məbədində aparılmış tədqiqatlar nəticəsitndə VII əsrə qədər tikildiyi, XII-XIII əsrlərdə isə onun yenidən bərpa edildiyi müəyyən edilmişdir.

Məbəddəki kitabələrdən birində onun tarixi bərpa olunduğu dövrdən, yəni 1230-cu ildən qeyd edilir. Lakin 1984-cü ildə Ermənistandan gəlmiş epiqrafist C. Q. Karapetyan “tədqiqat” adı ilə abidə üzərindəki sözləri erməni dilinə uyğunlaşdırmağa çalışaraq onu Koqeri kilsəsi adlandırmış, üzərindəki xoşbəxtlik rəmzi olan xaç işarələrini dəyişdirməyə çalışmışdır.

Məlumdur ki, Azərbaycanda oda möhkəm inanmış və sitayiş etmişlər. Hələ e.ə. III minillikdə təşəkkül tapmış ölüyandırma adəti son tunc və ilk dəmir dövründə də davam etmişdir. Qədim əcdadlarımız oda qoruyucu, müqəddəs və təmizləyici qüvvə kimi baxmışlar. Xaç, sivastika (çərxi-fələk) kimi işarələr odun, işığın, hərəkətin rəmzi rolunu oynayırdı. E.ə. XIII—XII əsrlərə aid Borsunlu kurqanlığından tapılmış dərin boşqabların səthi xaç nişanının müxtəlif variantları ilə bəzədilmişdir. Sarıçoban (e.ə. XII-XI əsrlər) kurqanlarındakı qəbirin xaç şəklində qazıldığı müəyyən edilmişdir. Göstərilən misallar isə xaç işarəsinin xristianlıq dinindən çox-çox əvvəl mövcud olmasını, onun tamamilə başqa rəmzi məna daşıdığını sübut edir.

Xaç daşları üzərindəki naxışların daha yaxşı nümunələrini öyrənərkən belə qənaətə gəlmək olur ki, onların əsas məzmunu qədim tayfaların dini əqidəsi ilə bağlı olmuş, bütpərəstlik dövründə dini təsəvvür kimi formalaşmış, xiristianlıq dövründə müqəddəs bir bəzək növünə çevrilmişdir. Məhz həmin dövrlərdə inşa edilmiş alban məbədlərində işığın, odun müqəddəsliyinin rəmzi kimi xaç işarələri qoyulurdu. Bu, həm də alban tayfalarının müxtəlif təsirlərə məruz qalmasına baxmayaraq, öz dini etiqad və inamlarına sədaqətinin rəmzi idi. Bunun xaçpərəstlərin, ermənilərin dini etiqadının işarəsi kimi qəbul edilməsi düzgün deyil. Bu ərazilərdə ermənilərin qədimdən yaşaması tamamilə yanlışdır. 1828-ci ildən sonra bu ərazilərə köçürülmüş ermənilər nəinki tarixi abidələri, həmçinin azərbaycanlılara məxsus qədim qəbir abidələrini sındırmış, ərazinin azərbaycanlılara məxsusluğunu sübuta yetirən mənbələri məhv etməyə çalışmışlar.

Yuksək dağlıq hissədə yerləşən Mənəşli kənd qəbiristanlığında qədim qəbirüstü abidələrin sındırılması buna sübutdur. Sındırılmış abidələrdən birinin üzərində ərəbcə yazıda onun 1365-ci ilə aid olduğu göstərilmişdir. Cəlalilər dövrünə aid bu abidənin salamat qalmış hissəsində aşağıdakı sözlər yazılmışdır: “Boyari kərbəlai Həsənin köməkliyi ilə. Hüseynin qəbri”. Yaxud Erkəc və Buzluq kəndləri arasında hündür qayalıq üzərində tikintisi IV əsrə aid edilən, qaya daşları və əhəng qarışığından tikilmiş məbəd-qurbangaha (hazırda uçmuş vəziyyətdədir) yerli əhali min illər boyunca, pir kimi sitayiş etmişlər. Bu gün də bura azərbaycanlılar tərəfindən ziyarət olunur, qurbanlar kəsilir. Məlumdur ki, müqəddəs inanc yerlərimiz heç də yaxın yüz illərin deyil, min illərin yaşıdıdır. Ən əsası isə ərazidəki yer adlarının bütün tarixi mənbələrdə türk mənşəli olması barədə kifayət qədər tutarlı faktlar var. Bədnam qonşuların saxtalaşdırılmalara cəhdlərinin heç bir əsası yoxdur.

Meşəli, Aşağı və Yuxarı Ağcakənd, Mənəşli kəndləri ərazisindəki XIX—XX əsrlərə aid qəbir daşları üzərindəki erməni yazılarının olması bu ərazilərə ermənilərin sonradan gəlişini göstərir. Yer adlarının türk mənşəli olması, pirlərin, qurbangahların mövcudluğu, məişət, təsərrüfat və əmək məşğuliyyətləri və s. bu ərazilərin qədim türk tayfaları ilə bağlı olduğunu bir daha təsdiq edir.

Son iki ildə Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən qırxdan artıq abidə qeydə alınmış, onların mühafizəsi möhkəmləndirilmişdir. Tarixi abidələrin elmi bərpası, onların uzunömürlülüyünün artırılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Bərpa Mərkəzi ilə işgüzar əlaqələr qurulmuşdur. 2009-cu ildə Mirzə Adıgözəl bəy (Rəhimli) türbələr kompleksinin elmi bərpası və Şətəlşəhər qala yerində arxeoloji qazıntıların aparılması nəzərdə tutulmuşdur. Bölgənin tarixinin öyrənilməsi ilə bağlı Goranboy elmi konfransının keçirilməsi nəzərdə tutulur. Goranboy abidələrindən bəhs edən Goranboy toponomik arxeoloji bələdçi bukleti, Azərbaycan və ingilis dillərində çap edilmiş “Azərbaycan. Goranboya xoş gəlmişsiniz” toplusu oxuculara rayonun tarixi abidələri haqqında zəruri məlumat verir.

Abidələri öyrəndikcə rayonun tarixinin çox qədim olduğunu və bu torpaqda zəngin mədəniyyətin və mənəvi irsin toplandığının şahidi olursan. Dünən yaradılan hər bir abidə zamanın izidir. Tariximizi dərindən bilsək, bugünkü istiqlalımızı düzgün dəyərləndirə bilərik, milli varlığımızı gələcək insanlara çatdıra bilərik.

Son zamanlar rayonumuzda ucaldılmış abidələrdə yeni yaddaş yaratmaq, tariximizi öyrənərək yaşatmaq məramı əksini tapmışdır. Babaların yaratdıqlarını qorumalı, gələcək nəsillərə isə öz yaratdıqlarımızı yadigar qoymalıyıq.

 

 

Gündüz HACIYEV

 

Xalq qəzeti.-2009.-15 mart.-S.6.