Dəyərlər

 

Bütün millətlər haqlı olaraq, taledən bəxtlərinə düşən milli dəyərlərlə, həm də min illər boyu qazanmış olduqları milli dəyərlərlə fəxr edirlər. Hər millətin vətənində olan bütün yeraltı və yerüstü sərvətlər taleyin bəxş etdiyi milli dəyərləri təşkil edir. O sərvətlər, bəzən, millətin taleyində müəyyən bir dövr üçün həlledici rol oynaya bilir və aydındır ki, gec-tez tükənir və buna görə də təbii sərvətlərin istifadəsində səhvə yol vermək olmaz.

 

Hər millətin öz tarixi boyu qazandığı milli dəyərlər maddi və mənəvi olmaqla iki yerə bölünür. Çəkilmiş yollar, salınmış şəhərlər, tikilmiş binalar, memarlıq abidələri, kənd təsərrüfatı obyektləri və s. maddi dəyərlərə aid edilir. İncəsənətin müxtəlif sahələrinin, - folklorun, təsviri incəsənətin, poeziyanın, heykəltəraşlığın, nəsrin və s. yaratdığı əsərlər mənəvi milli dəyərlərin əsasını təşkil edir.

Maddi milli dəyərlər tarix uzunu millətin həyat səviyyəsinin yüksəlməsinə xidmət edirsə, mənəvi milli dəyərlər millətin mənəviyyatının formalaşmasına, zənginləşməsinə kömək edir.

Çox uzaq keçmişdə insanlar qəbilə halında yaşadıqları zaman ayrı-ayrı qəbilələrin malik olduqları maddi və mənəvi dəyərlərin qəbilələr arası qarşılıqlı təsiri yox dərəcəsində idi. Sonralar qəbilələr arasında ticarət əlaqələrinin yaranması nəticəsində maddi dəyərlərin dəyişdirilməsi araya gəldi. Əlaqələr gücləndikcə mənəvi dəyərlərin də qarşılıqlı təsiri üçün şərait yarandı və bu proses sonrakı min illər boyu daim genişlənmə, güclənmə tendensiyasına tabe oldu. Bu gün hər hansı ölkədə yaradılan qiymətli incəsənət əsəri dərhal bütün bəşəriyyətin malına çevrilir, milli dəyər çərçivəsindən çıxıb bəşəri dəyər haqqı qazanır.

 

                                                                  * * *

Qeyd etmək lazımdır ki, min il bundan əvvəl də, bu gün də ayrı-ayrı millətlərin yaratdığı mənəvi milli dəyərlərin xarakteri və mahiyyəti demək olar ki, eynidir və başqa cür ola da bilməz. Məsələ burasındadır ki, bütün xalqlar həmişə eyni bir mənəviyyata, yüksək insani keyfiyyətləri özündə əks etdirən bir mənəviyyata çatmağa çalışır. Bütün dövrlərdə ayrı-ayrı xalqların yaratdığı mənəvi dəyərlər xalqların hamısında eyni cür qiymətləndirilən müsbət insani keyfiyyətləri tərifləyir, yenə də eyniyyət təşkil edən mənfi insani xüsusiyyətləri pisləyir. Bu o deməkdir ki, yarandığı gündən bütün millətlər, bütün xalqlar, yəni, bütün bəşəriyyət, eyni bir məqsədə, yüksək mənəviyyata çatmaq məqsədi ilə səfərbərdirlər. Bu ali məqsəd sövq-təbii olaraq min-min illər boyu bəşəriyyəti bu gün yaranmaqda olan, sabah küllü-ixtiyar sahibi olacaq ümümbəşər birliyinə çatdırmaq işinə xidmət edirmiş.

Elə bir zaman çatmışdır ki, sivilizasiyanın mövcudluğu bütün dünyanı əhatə edən ümumdünya birliyinin, Ali İcmanın yaranması şərti ilə davam edə bilər. Yalnız belə birlik şəraitində sürətlə yaxınlaşan ekoloji fəlakətdən yan keçmək, xilas olmaq olar. Ali İcma yarandıqdan sonra bəşəriyyətin bütün imkanları təbiəti qorumaq və insanın rifah halını daha da yaxşılaşdırmaq işinə xidmət edəcəkdir. Bəşəriyyət dərk etməlidir ki, insan bir-birini məhv etmək üçün deyil, bir-birini sevmək, bir-birinə yardım etmək üçün həyata gəlmişdir və bundan sonra da yalnız bu məqsədə köklənməklə mövcud ola bilər.

 

                                                                * * *

Hər hansı millətin mənəviyyatının yüksəlməsi üçün onun kifayət qədər zəngin mənəvi milli dəyərləri olmalıdır. Lakin mənəvi milli dəyərlərlə yanaşı həmin cəmiyyətdə proqressiv üsul-idarənin olması da vacib şərtdir. Neqativ xarakterli üsul-idarə kifayət qədər mənəvi milli dəyərlərin olması şəraitində də mənəviyyatsızlığa rəvac verir. Məsələn, XIX əsrdə Avropanı bürüyən ədalətli quruluş axtarışının öncüllərindən biri olan Almaniyada xalqın mənəviyyatı kifayət qədər yüksək idi. Sonralar faşizmin hakimiyyətə gəlməsi bu ölkədə tarixdə misli görünməmiş bir mənəviyyatsızlığın araya gəlməsi ilə nəticələndi. Demək olar ki, bütün xalq öz füreri ilə, başqa ölkələri istila edən, o ölkələrin xalqlarını ağlagəlməz məşəqqətlərə düçar edən Adolf Hitlerlə fəxr edirdi. Mənəviyyat o dərəcədə deqradasiyaya uğradı ki, ölüm düşərgələri, ölüm fabrikləri yaradıldı. İkinci Dünya müharibəsi qurtardı. Alman xalqı faşizmə “Yox!” deyə bildi, proqressiv üsul-idarə yaratdı və bu gün o Avropanın başında duranlardan, Avropa Birliyini yaradanlardan biridir.

Artıq bir neçə əsrdir ki, ayrı-ayrı xalqların yaratdığı mənəvi milli dəyərlər bütün bəşəriyyətin ixtiyarındadır. Bunun nəticəsidir ki, qərb ölkələri şərqin zəngin mənəvi milli dəyərlərindən istifadə etməklə özünün daha zəngin olan mənəvi milli dəyərlərini yarada bildilər ki, o da öz növbəsində onların mənəviyyatının saflaşmasına, zənginləşməsinə səbəb oldu. Bu o deməkdir ki, bəşəri mənəvi milli dəyərlər yetərincədir və bu gün istənilən ölkədə əhalinin mənəviyyatının yüksəlməsi üçün münbit şərait yaratmaq mümkündür. Bunun üçün gör-götür prinsipi ilə üsul - idarəni, qanunvericiliyi təkmilləşdirmək kifayətdir.

Bu gün bütün millətlərin mənəvi mili dəyərlərinin əsasında insansevərlik və humanizm duyğuları dayanmalıdır. Yalnız insansevərlik duyğularına köklənmiş ölkələr ümumdünya birliyinə, insanlığın sözün əsil mənasında baharı olacaq Ali İcmaya qəbul edilməyə layiq ola bilər.

Əgər artıq gecdirsə, yəni sürətlə yaxınlaşan ekoloji fəlakətin girdabında sivilizasiya məhv olacaqsa, bu birmənalı şəkildə bolşevizmin vicdanına yazılacaqdır. Hələ on doqquzuncu əsrin axırlarında Avropa Birləşmiş Ştatlarının yaradılması ideyası mövcud idi. Kor-koranə də olsa o zaman ümumdünya birliyinin yaranması başlanmalı idi. Bolşevizmin araya gəlməsi dünyanı iki cəbhəyə ayırdı və öz həyati problemlərindən ayrı saldı. Suda batan adamın saman çöpündən yapışmaq haqqı vardır. Ona görə də hələ gec deyil ümidi ilə yaşamalıyıq və bütün qüvvələri ümumdünya birliyinin, Ali İcmanın yaranmasına yönəltməliyik.

P.S.

Ali məktəbdə oxumağa başlayandan, yəni əlli ildən artıqdır ki, bəşəriyyət hara gedir sualı ətrafında yeri gəldikcə düşünmüşəm. Bəşər tarixi boyu bu barədə düşünən filosoflar deyilən sualın aydın cavabını tapa bilmədikləri üçün, İbtidai İcmanın süqutundan bu günə qədər bəşəriyyətin irəliyə kor-koranə surətdə gəldiyi aydındır. Səmavi kitabların hamısında sivilizasiyanın günahkar olduğu üçün məhv olacağı göstərilir. Bəşəriyyətin onu məhvə aparan əsas günahı ətraf mühiti qorumadığından ibarət olduğu hər kəsə aydındır. Bu bəla ilə mübarizədə ayrı-ayrı adamlar, ayrı-ayrı dövlətlər tamamilə acizdir. Bütün dünya Ali İcma halında birləşməyincə ekoloji fəlakətə qarşı mübarizənin uğurlu təşkili qeyri mümkündür.

Hesab etmək olar ki, hər bir savadlı adam mənim “Həyati oçerklər” adlandırdığım silsilə məqalələri mənimsəyə bilsə razılaşar ki, bəşəriyyət İbtidai İcmadan qopandan sonrakı ən çoxu iyirmi min il ərzində Ulu Tanrının əmri, ya da dialektik qanunlarının tələbi ilə kor-koranə surətdə Ali İcmaya qovuşmaq üçün irəliləyir. Min illər boyu bir-birini didib parçalamağa çalışan 27 Avropa dövlətinin Avropa Birliyi şəklində birləşə bilməsi kimi bir möcüzənin mahiyyətini başa düşən hər bir adam anlayar ki, bu bütün dövlətlərin tale yoludur. Bu hadisənin hamı tərəfindən dərk edilməsi dünyanın Avropa Birliyi ətrafında Ali İcma halında birləşməsi prosesinin sürətini ağıla gəlməz dərəcədə artıra bilər. Şəksizdir ki, bu işin başında dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları dayanmalıdır.

Son on il ərzində dəfələrlə pessimizmə qapılmışam ki, artıq gecdir, dünyanın birləşməsi prosesi sürətinin ekoloji fəlakətin gəlmə sürətini üstələməsinə nail olmaq qeyri mümkündür. Lakin bir şey də tamamilə aydındır ki, bütün bəşəriyyət bu cür düşünsə belə, son ana qədər kor-koranə surətdə olsa da, qətiyyən qənaətbəxş olmasa da ekoloji fəlakətə qarşı mübarizə mütləq davam edəcəkdir.

Son 20-30 il ərzində hər gün daha da güclənməklə həyəcan təbili çalınır ki, ekoloji fəlakət gəlir, özü də sivilizasiyanı məhv etmək üçün gəlir. Sanki, bəşəriyyətin qulaqları kar, gözləri isə kordur. Hərə öz işindədir; Amerika Birləşmiş Ştatları gücünü, hegemonluğunu dərk edib bundan məstdir, Rusiya itirdiyi imkanların dərdini çəkməkdən iflic olub, Çin, mən də varam, deyə bütün gücü ilə bunu sübut etməyə çalışır, İsrail açıq-aşkar günaha batır, bir ovuc daşnak böyük erməni dövləti yaratmaq xəyalına əsir olub, ağıllı, imkanlı insanlar, kim daha çox milyardı olacaq deyə yarışır və s.

Bu gün gördüyü işlər ilə fantastik ağıla və imkana malik olduğunu sübut edən bəşəriyyət, göz görə-görə öz məhvinə doğru getməsi ilə fantastik dərəcədə axmaq olduğunu ortaya qoyur... İnanmaq istəmirəm ki, bu silsilə məqalələr aparıcı dövlətlərin heç olmasa birinin başçısının diqqətini layiqincə cəlb etməyəcək, onu qəflət yuxusundan oyatmayacaq ki, o da o biriləri oyatsın. Var gücümlə hər bir insanın qulağının dibində bağırmaq istəyirəm ki, qardaş, həyat gözəldir, gəlin onu qoruyaq...

 

 

Pənah Qurbanov

 

Xalq qəzeti.-2009.-15 mart.-S.8.