Yaxşılıq toxum
kimidir, əkirsən cücərir
Həmsöhbətim Məhəmməd
İsmayıl oğlu İsmayılov təkcə
doğulduğu Naxçıvanın Şərur rayonunun Axura
kəndində deyil, eyni zamanda muxtar respublikada, Bakıda, Azərbaycanın
regionlarında işgüzarlığı, alicənablığı,
saf əməlləri ilə tanınıb, hörmət
qazanıb, nüfuz sahibinə çevrilib. Bəkə də
elə buna görədir ki, onu tanıyanların əksəriyyəti
M.İsmayılovun adının qarşısında “bəy”
sözünü (titulunu) ehtiramla səsləndirir. Naxçıvan
Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin
fikrincə, Məhəmməd İsmayılov “bəyliyi” təkcə
sözdə, titulda yox, işində, əməllərində
sübuta yetirmişdir...
Bəs müsahibim xalqın hörmətini, sevgisini necə qazanmışdır?... O, ötən əsrin doxsanıncı illərində erməni millətçilərinin baş qaldırdığı, torpaqlarımızı işğal etməyə başladığı vaxtdan mübarizə meydanına atılmış, doğma Naxçıvanın müdafiəsi, qorunması üçün əlindən gələn köməkliyi əsirgəməmişdir. Var-dövlət hərislərindən, vəzifə düşkünlərindən fərqli olaraq bütün imkanlarını, qazandığını o dövrdə hələ yenicə formalaşan Milli Ordunun inkişafına yönəltmişdir. Bununla bağlı kifayət qədər fakt gətirmək olar. Amma buna lüzum görmürük. Sadəcə, bəzi məqamları diqqətə yönəltmək istərdik...
Məhəmməd müəllim Şərur rayonunda Şəhidlər Xiyabanını abadlaşdırmış, bu rayonun erməni qəsbkarlarından müdafiəsi dövründə “N” hərbi hissəsinə texnika, silah-sursat alınmasında yardımçı olmuşdur. Ölkəmizin maliyyə cəhətdən böhranlı günlərində Müdafiə Nazirliyinə köməyini əsirgəməmiş torpaqlarımız uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş əsgərlərimizin xatirəsinin əbədiləşdirilməsində, şəhid ailələrinə maddi yardım göstərilməsində yaxından iştirak etmişdir.
O, söhbət zamanı ölkəmizdə təhsilə göstərilən qayğıdan, məktəb tikintisindən xüsusi bəhs etdi, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən qürurla danışdı. Sözarası iş adamlarının da bu məsələdə fəallığının zəruriliyini vurğuladı, amma özünün gördüyü işlərə toxunmadı... Müsahibimlə görüşməmişdən əvvəl öyrənmişdim ki, o, doğma kəndi Axura orta məktəbinin parta, stol, stul və müxtəlif ləvazimatlarla təminatı, ayrı-ayrı tədris müəssisələrində əlavə sinif otaqlarının tikilməsi, idman yarışlarının keçirilməsi üçün maddi yardım göstərmişdir.
Müsahibimin xeyriyyəçilik fəaliyyəti barədə yuxarıda qeyd etdiyim kimi, çox danışmaq olar. Onun gördüyü işlərin coğrafiyası, sırası olduqca genişdir. İndiyə kimi imkanı, gücü nəyə çatıbsa, onu da reallaşdırıb. Deyir ki, nə qədər ömrü var, bu missiyanı davam etdirəcək, tikinti-quruculuq, abadlıq işlərinə bundan sonra da öz töhfəsini verəcəkdir.
Məhəmməd müəllimlə görüşməmişdən əvvəl onu tanıyan bir neçə nəfərdən barəsində soruşdum. Ümumi fikir bu oldu ki, o, iş adamları arasında ədalətlilik, xeyirxahlıq kimi yüksək insani keyfiyyətləri ilə seçilir, etibarlı, necə deyərlər, sözünün ağası olan adamdır. Bununla yanaşı, rastlaşdığı nöqsanları da bağışlamır, yeri gələndə belə halda barışmaz mövqe tutur. Ümumiyyətlə, təbiətən saf, xeyirxah olan, yaxşılığı əsla mücərrəd anlayış hesab etməyən bu adam bəzən sərtlik göstərəndə özü də daxili bir narahatlıq, gərginlik keçirir.
Onu uzun illərdən bəri tanıyanlardan biri şair Ə.Firdovsiyə istinadən dedi ki, bu insan qazandığı hörmət və izzəti pulla, var-dövlətlə almayıb, göstərdiyi saysız-hesabsız vətənsevərlik, yurdsevərlik, xeyirxahlıq, saf əməllər hesabına əldə edib.
İş elə gətirdi ki, Məhəmməd müəllimlə görüşmək ərəfəsində onun barəsində yazılan qəzet materiallarına da nəzər salası oldum. Qəzetlərin birində xalq artisti Qədir Rüstəmovun dedikləri diqqətimi çəkdi: “...Bəy Məhəmmədi xeyli vaxtdır ki, tanıyıram. Ən çətin günlərimdə mənə dayaq olub. Tez-tez vəziyyətimlə maraqlanıb, maddi köməkliklər edib... O, həm də gözəl ailə başçısıdır. Övladları da özü kimi alicənab-dəyanətlidirlər... Mən ölkəmizdə belə xeyirxah xeyriyyəçilərin daha çox olmasını arzulayıram...”.
...Həmin qəzet məqaləsində Məhəmməd müəllimin mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğı barədə digər tanınmış sənət adamlarının fikirlərinə də geniş yer verilmişdir. Rəylərdə ümumi istiqamət belədir: Bu insanın bütün varlığı nəciblikdən, mehribançılıqdan, başqalarının karına gəlmək cövhərindən maya tutub.
Müsahibim elinə-obasına dərindən bağlı insandır. Söhbət zamanı Naxçıvanın, doğulduğu doğma kəndi Axuranın erməni işğalçılarının caynağına keçməməsinin əsas səbəbini ulu öndər Heydər Əliyevin müdrik siyasətində görür. Bu barədə dedi:
— Dünən də belə düşünmüşəm, bu gün də bu fikirdəyəm, sabah da dediklərimdə haqlı olacağıma əminəm: Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, xalqın təkidli çağırışını qəbul etməsəydi, başımıza nələr gələcəkdi, ölkə hansı fəlakətlərlə üzləşəcəkdi, onu bir Allah bilir...Bütün dövrlərdə hər bir xalqın taleyində kəşməkəşlər, çıxılmazlıqlar, dönümlər, döngələr olur, torpaq işğala məruz qalır, xarici düşmənlər daşı daş üstdə qoymur, daxildən də pozuculuqla məşğul olanlar üzə çıxır, vətəndaş müharibəsi alovlanır... Belə ağır, çıxılmaz vaxtlarda ümidlər, inamlar sozalır, öləziyir. Gözlər sirli-sehrli bir xilaskarın yoluna dikilir... 1993-cü ilin yayında da Azərbaycan bu hissi yaşadı. Qorxunc təhlükələr dövlətçiliyimizin başı üzərini alanda, ölkə ağır sınaqlar qarşısında qalanda xalqımız Heydər Əliyevə əfsanəvi bir qüvvə kimi baxdı və ulu öndərimizə üz tutdu...Ümummilli liderimiz Bakıya qayıtdı və qısa bir müddətdə bütün dünyaya sübut etdi ki, bəzən fenomen bir şəxsiyyət mifik qüvvənin görə biləcəyi işlərdən də nəhəng işlər görə bilir.
Məhəmməd müəllim söhbətinin bu məqamında bir qədər də geriyə — keçmiş SSRİ-nin dağıldığı ərəfəyə qayıdaraq dedi: — O vaxt ermənilər onlara, necə deyərlər, münbit, əlverişli şərait yaradıldığını görəndə azğınlaşmağa başladılar. Əvvəlcə Ermənistandan bütün azərbaycanlıları kütləvi şəkildə qovdular. Sonra Azərbaycan torpaqlarına hücuma keçməyə başladılar. Fikirləri, məramları Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etməklə yanaşı, Naxçıvanı da ələ keçirmək idi.
Onu deyim ki, erməni işğalçılarının Azərbaycan torpaqlarını zəbt etdiyi o dövrdə ölkədə yuxarıda qeyd etdiyim kimi, siyasi böhran, iqtisadi tənəzzül, separatizm, hərc-mərclik hökm sürürdü. Xalq sosial bəlalar girdabında vurnuxurdu, çıxış yolları axtarırdı. Məhz belə bir vəziyyətdə erməni işğalçıları Dağlıq Qarabağı və ona bitişik rayonları asanlıqla ələ keçirdilər. Amma Naxçıvana yaxın düşə bilmədilər. Çünki burada xalq əlbir idi, satqınlıq, xəyanət yox idi, ən başlıcası isə böyükdən kiçiyə hamı ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşmişdi. Bu dahi şəxsiyyətin, uzaqgörən insanın hər məsləhəti, hər tövsiyəsi Naxçıvanın xilasında, ulu yurdun erməni tapdağı altına keçməməsində mühüm rol oynadı...
... Bu, bir həqiqətdir ki, ulu öndərimiz Naxçıvanda fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanın imperiya asılılığından tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, ilk demokratik islahatların keçirilməsi, muxtar respublikanın sərhədləri boyu atəşkəs rejiminin tətbiq olunması, dinclik, əmin-amanlıq yaradılması, bütövlükdə, doğma Azərbaycanımız üçün taleyüklü məsələlər idi.
Onu da qeyd edək ki, o zaman Naxçıvan öz tarixinin ən mürəkkəb, təzadlı dövrlərini yaşayırdı. Onun müdrik və uzaqgörən rəhbəri bir tərəfdən müstəqillik və ərazi bütövlüyünə düşmən kəsilmiş siyasi təlatümlərə sinə gərir, digər tərəfdən, Naxçıvan əhalisini nəhayətsiz iqtisadi çətinliklər məngənəsindən qurtarmağa çalışırdı. O zamankı Azərbaycan rəhbərliyi görülən bütün müsbət işlərə siyasi qısqanclıqla yanaşsa da, gələcəyə ümidlə baxan muxtar respublika əhalisi öz rəhbərini — Ali Məclis sədrini daha əzmkarlıqla müdafiə edirdi...
Müsahibim
daha sonra əlavə etdi:
—
Yeri gəlmişkən, Naxçıvanın başı
üzərini qara buludlar alanda, ermənilər bu ulu yurda
diş qıcayanda hər bir naxçıvanlının qəlbində
bir hiss güclü hakim idi: Heydər Əliyev kimi bir
dühanın qarşısında erməni millətçiləri
heç nə edə bilməyəcəklər... Edə də bilmədilər. Naxçıvan,
naxçıvanlılar tarixin ağır bir
sınağından Heydər Əlirza oğlunun rəhbərliyi
ilə üzüağ çıxdılar...Bəli, indi
üstündən neçə-neçə illər keçəndən
sonra bəlkə də həmin dövrdə baş verənlərə,
Naxçıvanın qorunub saxlanılması yolunda
aparılan mübarizələrə, ölüm-dirim
savaşına bəziləri soyuqqanlı yanaşır.
Amma həmin hadisələrin içərisində olan, həmin
gərgin, narahat anları yaşayan bir vətəndaş kimi
bildirirəm ki, vətənin, xalqın taleyinə biganə
olmayanlar üçün o dövr heç vaxt unudulan, yaddan
çıxan deyil...
Mən
əminliklə, qətiyyətlə deyirəm: Heydər Əliyev
Naxçıvana qədəm basdığı gün Azərbaycanda
rəhbərliyə başlasaydı, ermənilər
azğıncasına 20 faiz torpağımızı
işğal edə bilməyəcəkdilər. Amma çox təəssüf ki, necə deyərlər,
çörəyi dizinin üstündə olan o vaxtkı
ölkə rəhbərləri ulu öndərin respublikaya gəlməsinə
imkan vermirdilər, buna qısqanclıqla
yanaşırdılar. 1993-cü ildə
xalqın tələbi və istəyilə yenidən hakimiyyətə
qayıdan ümummilli liderimizə naşı və qətiyyətsiz,
burnundan uzağı görə bilməyən ölkə rəhbərlərindən
çox ağır bir miras qalmışdı. Həmin mirası — problemlər
yığınını aradan qaldırmadan dövlət
quruculuğuna başlamaq, sosial-iqtisadi inkişafa nail olmaq
mümkün deyildi. Buna isə yalnız Heydər Əliyev
şəxsiyyəti, dühası qadir idi...
Məhəmməd
müəllim ulu öndərimizlə bağlı fikirlərini
belə tamamladı:
– Mən həmişə öz xalqı
qarşısında övladlıq borcunu yerinə yetirən
insanlara qibtə etmişəm, həm də bu insanların
ömür yolunu, fəaliyyətini, şəxsi keyfiyyətlərini
ideal saymışam. Ona görə də “Heydər Əliyev sənin
üçün kimdir? — sualını həmişə
etirazla qarşılamışam. Çünki Heydər Əliyev
şəxsiyyətinə bir şəxsin, bir fərdin
düşüncələri çərçivəsində
tam qiymət vermək qeyri-mümkündür. O,
bütöv bir xalqın həyatında, tarixində rol
oynamış, zamana və tarixə hökm etmiş, mənsub
olduğu xalqın, müstəqil Azərbaycanın tarixini
öz əlləri ilə yazmış bir insandır. Ən nəhayət,
Heydər Əliyevin böyüklüyü bir də
ondadır ki, o, özündən sonra bu xalqın taleyini
etibarlı əllərə həvalə etdi. Bu gün
böyük öndərin siyasi kursunun çox uğurlu
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev
Azərbaycanımızı inamla xoşbəxt sabaha doğru
aparır. Belə bir xoşbəxtlik hər xalqın qismətinə
düşmür...
* * *
Müsahibim Naxçıvanda doğulduğu, burada boya-başa çatdığı üçün bu qədim diyarın bu günü barədə də danışmağı unutmadı: — Son illər Azərbaycanımızın hər yerində olduğu kimi, muxtar respublika həyatının bütün sahələrində də dinamik inkişaf nəzərə çarpır. Bir ay bundan əvvəl Naxçıvana yolu düşənlər bu gün yenidən ora səfər etdikdə nə qədər dəyişiklik baş verdiyinin canlı şahidi olurlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov bu diyarın daha da inkişaf etməsi, çiçəklənməsi üçün diqqət və qayğılarını əsirgəmirlər. Mən bu fikrimi bir neçə faktla əsaslandırmaq istərdim. Təkcə ötən il muxtar respublikada iqtisadi və sosial sahələrin inkişafına 309 milyon 598 min manat məbləğində sərmayə yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 86 milyon 650 min manat çoxdur. Bu isə ulu yurdun hər bölgəsində geniş vüsət alan tikinti-quruculuq işlərinin davam etdirilməsinə, səhiyyə, mədəniyyət obyektlərinin, inzibati binaların və digər infrastruktur layihələrinin həyata keçirilməsinə zəmin yaratmışdır.
Tikinti-quruculuq işlərindən danışarkən mən mütləq bir məqamı da qeyd etməliyəm. Son dövrlər Naxçıvan diyarında yeni və rahat yolların çəkilişi istiqamətində geniş işlər həyata keçirilir. Təkcə ötən il muxtar respublikada 141,8 kilometr uzunluğunda yeni yollar salınmış və ya əsaslı təmir olunmuşdur. Bir sıra yeni körpülər tikilərək istifadəyə verilmişdir.
Muxtar respublika son illər aqrar sahə üzrə də böyük uğurlar əldə etmişdir. Bazar iqtisadiyyatı şəraitində yeni istehsal sahələrinin yaradılması, əhali məşğulluğunun təmin edilməsi, daxili bazarın qorunması Naxçıvanda sahibkarlıq fəaliyyətinin inkişafı üçün stimul yaratmışdır... Bir sözlə, son illər muxtar respublikada yaradılan müəssisələr, elektrik stansiyaları, təhsil, səhiyyə və mədəniyyət obyektləri, yollar, körpülər, çoxsaylı yeni iş yerləri əsaslı yüksəlişin və tərəqqinin parlaq təzahürüdür...
***
Məhəmməd
müəllimlə söhbətdən sonra neçə il
bundan əvvəl baxdığım “Yük” filmində
Hacı Zeynalabdin Tağıyevin Ağa Musaya dediyi sözlər
yadıma düşdü: “Ağa Musa, Tanrı hərənin
çiyninə daşımaq üçün bir yük qoyub.
Ona ömür yükü deyirlər. Çiynimizdəki
yük nə qədər ağır olsa, izimiz də,
kökümüz də bir o qədər dərinə işləyəcək.
Elə Tanrıya da bu cür yüksəlirik, gələcək
nəsillər tərəfindən minnətdarlıqla
xatırlanırıq... Yoxsa, bu dünyada yaşamağa,
ömür sürməyə dəyməz”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-15
mart.-S.4.