Meşələrin bərpa
edilməsinə və artırılmasına dair Milli Proqram
(2003-2008-ci illər) ugurla başa çatdırıldı
Ulu öndər Heydər Əliyev
Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün
dövrlərdə meşə və yaşıllıq sahələrinin
artırılmasına xüsusi diqqət yetirmişdir.
Azərbaycan
Respublikasında olan meşə örtüyünün beynəlxalq
normadan təxminən 2-2,5 dəfə az olmasını və
bu meşələrin ölkə ərazisində qeyri-bərabər
paylanmasını, bunun torpaq qoruyucu, su saxlayıcı, ətraf
mühiti sağlamlaşdırıcı, bir sözlə, ekoloji
tarazlığın qorunub saxlanması üçün yetərincə
olmadığını nəzərə alaraq, dövlət
başçısı 26 dekabr 2001-ci il tarıxlı fərmanı
ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
tapşırmışdır ki, “Dövlət və yerli
özünüidarəetmə orqanlarını və elmi təşkilatları
cəlb etməklə 3 ay müddətində ölkədə
meşələrin bərpa edilməsinə və
artırılmasına dair Milli Proqramın layihəsini
hazırlayıb baxılmaq üçün Azərbaycan
Respublikası Nazirlər Kabinetinə təqdim etsin”.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi respublikada meşə fondunun vəziyyətini nəzərə
alaraq, “Meşələrin bərpa edilməsinə və
artırılmasına dair Milli Proqram”ın layihəsini
hazırlayıb təsdiq edilmək üçün Azərbaycan
Respublikası Nazirlər Kabinetinə təqdim etmişdir.
Milli Proqramın layihəsi Nazirlər Kabinetində baxıldıqdan
və müəyyən düzəlişlər və dəyişikliklər
edildikdən sonra ölkə Prezidentinə təqdim
edilmişdir. Beləliklə, 18 fevral 2003-cü ildə ulu
öndər xüsusi fərmanla “Meşələrin bərpa
edilməsinə və artırılmasına dair Milli
Proqram”ı təsdiq etmişdir.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi Milli Proqramın təsdiq
edildiyi gündən onun icrasına başlamış və
2008-ci ildə uğurla başa
çatdırmışdır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Meşələrin İnkişafı Departamenti və
onun yerli qurumları 2003-cü ilin yaz mövsümündən
başlayaraq 2008-ci il də daxil olmaqla hər il nəzərdə
tutulan meşəbərpa və yeni meşə
salınması işlərinin plan-proqnozlarını
artıqlaması ilə icra etmişlər. Belə ki, bu
müddət ərzində 60 min hektara yaxın sahədə
meşələr bərpa olunmuş və yeni meşələr
salınmışdır. Bu göstərici əvvəlki 5 illə
müqayisədə 2 dəfə çox olmuşdur.
Proqramın ən üstün cəhətlərindən
biri, ölkədəki pozuq meşələrin bərpa
olunması, onun cins tərkibinin
yaxşılaşdırılması, meşə ilə
örtülü olmayan ərazilərdə yeni meşələrin
salınması və bununla da respublikanın meşə ilə
örtülü sahələrini artıraraq beynəlxalq
normalar həddinə çatdırılması
üçün zəmin yaratmaqdan ibarət olmuşdur.
Milli
Proqramda Talış meşələrində qədim dövrlərdən
bu günə qədər gəlib çatmış relikt və
endem ağac cinslərinin qorunması, mühafizəsi, bərpası
və onların yayılma ərazilərinin
artırılması, Kür-Araz çayları ətrafında
Tuqay meşələrinin bərpası, rekonstruksiya yolu ilə
cins tərkibinin yaxşılaşdırılması,
dağlıq ərazilərdə meşələrin qoruyucu
funksiyalarını yüksəltmək üçün bərpa
olunması, cins tərkibinin məhsuldar ağac cinsləri
hesabına dəyişdirilməsi, Abşeronun arid ərazilərində
təbii landşaftı dəyişdirərək, onun yerində
meşə landşaftının yaradıması və s. məsələlərin
həllinə xüsusi diqqət yetirilmişdir.
Milli
Proqramın icrası ilə əlaqədar olaraq,
Talışın dağlıq ərazilərində və Xəzər
sahili düzənlik sahələrində 2003-2008-ci illərdə
13600 hektar sahədə relikt və endem ağac cinslərindən
olan şabalıdyarpaq palıd, dəmir ağac, azad ağac,
gözəl ağcaqayın və s. cinslərdən ibarət
meşələr salınmış və pozuq meşələr
bərpa olunmuşdur. Bu göstərici əvvəlki 5 ildə
həmin ərazilərdə aparılan meşəsalma və
meşəbərpa işlərindən 2 dəfədən
artıq olmuşdur. Burada əsas və başlıca məqsəd
3-cü dövrdən bu günümüzə nümunə
olaraq qalmış relikt ağac cinslərinin sahələrini
artırmaq və onun respublikanın digər ərazilərində
arealını genişləndirməkdən ibarət
olmuşdur.
Məlum məsələdir ki, son 50
ildən artıq bir vaxtda, Kür çayı üzərində
Mingəçevir, Yeni Kənd və Şəmkir Su Elektrik
stansiyalarının tikintisi Tuqay meşələrinin sahələrini
xeyli azaltmış, respublikanın flora və faunasına xeyli
ziyan dəymişdir.
Adı
gedən su anbarlarının yaranmasından sonra
aşağı ərazilərdə qrunt sularının səviyyəsinin
xeyli aşağı düşməsi susevər ağac cinslərindən
olan söyüd, qovaq ağaclarının qurumasına, digər
ağac cinslərinin isə normal inkişafına mənfi təsir
göstərmişdir.
Milli
Proqramda qarşıya qoyulan məqsədlərdən biri də
Tuqay meşələrinin bərpa edilməsi və məhsuldar
ağac cinsləri hesabına onun cins tərkibinın
yaxşılaşdırılmasından ibarət
olmuşdur.
Proqramın
tələblərinə əsasən bu ərazilərdə
6000 hektar sahədə qiymətli ağac cinsləri (palıd,
saqqız, göyrüş, ağcaqayın, qarağac, tut və
s.) hesabına yeni meşələr salınmışdır.
Bu da əvvəlki 6 ildə bu ərazilərdə salınan
meşə əkini işlərindən təxminən 3 dəfəyə
yaxın çox olmuşdur.
Milli
Proqramda ən vacib məsələlərdən biri də
Böyük və Kiçik Qafqazın dağ meşələrinin
qoruyucu funksiyalarını yüksəltmək
üçün onun təbii bərpasını təmin etməkdən,
meşə ilə örtülü olmayan sahələrində
isə güclü kök sisteminə malik, məhsuldar
ağac və kollar hesabına yeni meşə massivlərinin
yaradılmasından ibarət olmuşdur. Bu istiqamətdə
2003-2008-ci illərdə böyük həcmli işlər
aparılmışdır. Bu illər ərzində, xüsusilə
torpaqların eroziyaya uğrama təhlükəsi olan ərazilərdə
— 39250 hektar sahədə meşələr bərpa edilmiş
və yeni meşələr salınmışdır.
Burada əkilən və becərilən
əsas ağac cinslərindən palıdı, qozu,
göyrüşü, ağcaqayını,
fısdığı, cökəni və s. göstərmək
olar. Müqayisəli desək, Böyük və Kiçik
Qafqazın dağlıq və dağətəyi ərazilərində
son 6 ildə aparılan meşə bərpa və yeni meşəsalma
işləri əvvəlki 6 ildəkindən 3 dəfə
çox olmuşdur.
Milli
Proqramda Abşeronun arid ərazilərində, hansı ki,
meşə landşaftından tamamilə məhrumdur, yeni
meşə massivlərinin yaradılması ön plana çəkilmişdir.
Burada əsas məsələ əhalinin sıx olduğu
Bakı şəhərinin ətraf ərazilərində
meşə landşaftı yaratmaqdan ibarət olmuşdur.
Yeri gəlmişkən, təəccüblü
də olsa, bir faktı qeyd etmək yerinə düşərdi.
Arxeoloji qazıntılar zamanı Abşeron ərazisində
palıd ağacının qalıqları aşkar
edilmişdir. Bu fakt onu deməyə əsas verir ki, 1 hektar təbii
meşəsi olmayan Abşeron bozqırlıqlarında milyon
illər bundan qabaq sıx palıd meşələrinin
mövcud olduğu aşkar edilmişdir. Sonrakı dövrlərdə
iqlim dəyişmələri nəticəsində meşələr
məhv olmuş və səhralaşma prosesi getmişdir. Ona
görə bu ərazilərdə çətin də olsa
meşə və yaşıllıqsalma işləri
genişləndirilməlidir.
Milli Proqramın icrası ilə əlaqədar
olaraq, Abşeron yarımadasında, Bakı şəhərinin
ətraf ərazilərində 2003-2008-ci illərdə 1087
hektar sahədə yeni meşə və yaşıllıqlar
salınmışdır. Bu da əvvəlki 6 illə
müqaisədə 3 dəfə çox olmuşdur.
Xüsusilə qeyd etmək lazımdır ki, Abşeron
yarımadasında son 6 ildə yaradılan meşə və
yaşıllıqların 3/1 hissəsi (271 hektarı)
yalnız 2008-ci ildə Ələt-Hacıqabul və Heydər
Əliyev adına Beynəlxalq Hava Limanı ətrafında
salınmışdır. Bu, ölkə Prezidentinin məsələyə
xüsusi diqqəti və dəstəyi nəticəsində
mümkün olmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin “Magistral avtomobil yollarının mühafizə
zolaqlarının yaşıllaşdırılması”
haqqında 30 oktyabr 2007-ci il tarixli sərəncamı bunun əyani
sübutudur.
Ələt-Hacıqabul
magistral yolunun hər iki tərəfində və Beynəlxalq
Hava Limanının ətraf ərazilərində salınan
(75+196 hektar) meşə zolaqlarında həmişəyaşıl
estetik zövqü oxşayan ağac və kolların əkilməsinə
xüsusi yer verilmişdir.
Burada
Bolqarıstan və İspaniyadan gətirilən 10 min ədəddən
çox Arizon sərvi, gümüşü sərv, palma,
evkalipt, tuya, zeytun, ardıc və s. kimi ağac və kollar əkilmişdir.
Meşə və yaşıllıq
işləri üçün müəssisələrdə
225 mln. ədəd müxtəlif çeşiddə əkin
materialları yetişdirilmişdir.
Cari
ildə Milli Proqramda nəzərdə tutulan meşəbərpa
və meşəsalma işləri üzrə bütün
göstəricilər eyni səviyyədə
saxlanılmış və bunun icrası üçün kompleks
tədbirlər planı hazırlanmışdır. Milli
Proqramın hazırlanmasında meşə və
yaşıllıqların qlobal iqlim dəyişmələrindəki
müsbət rolu xüsusi olaraq nəzərə
alınmışdır.
Məlumdur
ki, yaşadığımız indiki zamanda qlobal iqlim dəyişmələri
nəticəsində bir çox ölkələrdə
(xüsusilə okean və dəniz sahili ölkələrdə)
iqlim kataklizmləri bir sıra xoşagəlməz fəsadlar
törətmişdir. Onun ağır nəticələrini
aradan qaldırmaq üçün bir çox illər tələb
olunur.
İqlim
dəyişmələri təbii proseslər nəticəsində
və eyni zamanda canlı varlıqla ətraf mühit
arasında yaranan qarşılıqlı əlaqədən
yaranır.
Hesablamalara
görə yer səthindən atmosfer havasına ildə 50
milyard tona qədər istilik effekti yaradan qazlar
buraxılır. Bunun da əsas hissəsi karbon qazıdır
(CO2). Atmosfer havasına buraxılan qazlar günəşlə
yer arasında təbəqə yaradır, günəşin
yer səthindən qayıdan istilik enerjisinin bir hissəsi həmin
təbəqə tərəfindən tutularaq qütblərə
istiqamətləndirilir. Bu səbəbdən də
qütbü buzluqlar yaranmış istilik nəticəsində
əriməyə başlayır və bunun da nəticəsində
dünya iqlimində istiləşmə prosesi baş verir. Belə
davam edərsə, yaxın 30-40 ildə dünya iqlimində
orta hesabla 2,5-3,5 istiləşmə baş verəcəyi
gözlənilir. Bunun isə xoşagəlməz fəsadların
yaranmasına səbəb ola biləcəyi şübhə
doğurmur. Bütün bunların qarşısını
tamamilə almaq mümkün olmasa da, bu prosesi zəiflətmək
mümkündür. Ona görə birinci növbədə
atmosfer havasında istilik effekti yaradan tullantıların,
qazların miqdarı azaldılmalı, okean və dəniz
sularının təmizliyi, şəffaflığı
mühafizə olunmalı, mövcud meşə və
yaşıllıqlar qorunub saxlanmalı, yeni meşə və
yaşıllıqların sahələri
artırılmalıdır. Çünki istilik effekti yaradan
qazların (95%-dən çoxu CO2-dır) uducusu və
neytrallaşdırıcısı okean və dəniz
suları, meşə və yaşıllıqlardır. Nəzərə
almaq lazımdır ki, 1 hektar normal meşə sahəsi sutkada
220-280 kq CO2 udur, əvəzində 180-200 kq O2 verir.
Bununla da, canlıların tənəffüs
etməsi üçün şərait yaranır. Ona görə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin
İnkişafı Departamenti və onun yerli qurumları
respublikada meşə və yaşıllıqların
artırılmasına xüsusi fikir verir və bu sahədə
məqsədyönlü işlər aparırlar.
H. BƏDƏLOV
Xalq qəzeti.-2009.-15
mart.-S.4.