Konstitusiyaya təklif edilən əlavə və dəyisikliklər dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmisdir
Azərbaycan
Respublikasının Konstitusiyasına təklif edilən əlavə
və dəyişikliklər öz məzmununa və mahiyyətinə
görə aşağıdakı əsas məqsədlərin
əldə edilməsinə yönəlmişdir: dövlətin
əsaslarının möhkəmləndirilməsi; vətəndaşların
hüquq və azadlıqlarının hüquqi təminatı
məsələlərinin dəqiqləşdirilməsi və
onların hüquqi çərçivəsinin, başqa
sözlə desək, əhatə dairəsinin və
hüdudlarının müəyyən edilməsi; ali hakimiyyət
orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi
və məsuliyyətinin artırılması; yerli
özünüidarə qurumlarının müstəqilliyinin
artırılması və bu səbəbdən onların məsuliyyəti
prinsiplərinin təsbit olunması.
Göründüyü
kimi, referenduma çıxarılan məsələlər
dövlətin və cəmiyyətin ən mühüm sahələrini
əhatə edir. Buraya həyat səviyyəsinin
yaxşılaşdırılması və ətraf mühitin
qorunmasından tutmuş mülkiyyətin geri alınması
prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi
həyatın qorunmasına, dini etiqadların və əqidələrin
sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə),
cinayət törədilməsində təqsirləndirilən
şəxslərin hüquqlarının təmin edilməsinə,
insanların fərdi və qrup şəklində
hüquqlarının təmin edilməsinə, məhkəmə
hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə,
icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli
həyata keçirilməsinin təmin edilməsinə qədər
geniş spektr müddəalar daxildir.
Bu
məsələlər xalqın mövqeyini öyrənmək,
dəstəyini almaq üçün ümumxalq səsverməsinə
– referenduma çıxarılır. Azərbaycan
Konstitusiyasının 152-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər
yalnız referendumla qəbul edilə bilər. Bu maddədə
istifadə olunan “Konstitusiyanın mətnində dəyişikliklər”
məhz əlavələr və dəyişikliklər vasitəsilə
mümkündür. Bu səbəbdən Referendum Aktı məhz
“Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında” adlandırılmışdır. Konstitusiyanın
153-cü maddəsinə əsasən Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri
Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan
Respublikasının Prezidenti təklif etdikdə təklif
olunan dəyişikliklərə dair əvvəlcədən
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi
alınır. Bildiyimiz kimi, təklif olunan əlavə və dəyişikliklərə
dair əvvəlcədən Konstitusiya Məhkəməsinin
müsbət rəyi alınmışdır. Beləliklə,
konstitusion prosedurların tələblərinə tam riayət
edilmişdir. Referenduma çıxarılan əlavə və
dəyişikliklərin qanuni qüvvəyə minməsi
üçün onlara xalqın səs verməsi
lazımdır.
Böyük fransız filosofu Rene Dekart demişdir: “Zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik”. Konstitusiya canlı bir sənəddir. Dövlət inkişaf etdikcə, ictimai münasibətlər inkişaf etdikcə bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır. Həyat hüququn arxasınca deyil, hüquq həyatın arxasınca getməlidir.
Əminliklə qeyd etmək istərdik ki, təklif olunan əlavə və dəyişikliklər 1948-ci ildə qəbul edilmiş tarixi “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə, 1950-ci ildə qəbul edilmiş “İnsan Hüquqları Avropa Konvensiyasına”, 1966-cı ildə qəbul edilmiş Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, 1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına tam uyğundur və ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq, prinsip və normaları ilə harmonizasiyasının təmin edilməsinə yönəlmişdir.
Hər bir konstitusiyanın hüquqi, siyasi və ideoloji funksiyaları mövcuddur. Funksiyalar deyəndə biz konstitusiyanın ictimai məqsədini və realizə edilməsi üsullarını başa düşürük. Konstitusiyanın birinci funksiyası hüquqi funksiyasıdır. Konstitusiya Əsas Qanundur, qanunlar qanunudur. Bu səbəbdən digər qanunlar, qanun qüvvəli aktlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuş normativ-hüquqi aktlar Konstitusiyaya zidd olmamalıdır. Bununla da Konstitusiyanın aliliyi təmin olunur. Konstitusiya bütün ictimai münasibətlərin hüquqi tənzimetmə sisteminin əsasını təşkil edən hüququn əsas mənbəyidir. Konstitusiyamızın 25, 32, 39, 50, 57, 71, 72, 96, 109, 125, 129, 131, 146-cı maddələrinə təklif edilən əlavə və dəyişikliklər Konstitusiyanın hüquqi funksiyasının daha yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsinə yönəlib.
Konstitusiyanın ikinci funksiyası siyasi funksiyadır. Konstitusiya dövlət quruculuğunu və onun strukturunu, ayrı-ayrı şəxslərlə və qruplara münasibətlərini müəyyən etməklə yanaşı siyasi sistemin hüquqi əsasını təşkil edir. Dövlətdə mövcud olan müxtəlif siyasi qüvvələr dövlət hakimiyyəti uğrunda siyasi mübarizəni yalnız Konstitusiyada müəyyən edilmiş qaydalar əsasında apara bilərlər. Konstitusiyanın 84, 88, 92, 95, 101, 108-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər Konstitusiyanın siyasi funksiyasının həyata keçirilməsinin təmin edilməsinə yönəlib.
Konstitusiyanın üçüncü funksiyası ideoloji funksiyadır. Konstitusiyaya hörmət edilməli və ona rəğbət bəslənilməlidir. Konstitusiya hər bir insanın, xüsusilə ailənin, hətta uşağın belə həyatında mühüm rol oynayan müqəddəs bir sənəddir. Konstitusiya cəmiyyətdə ən ali dəyərlərə — insan və mülkiyyət hüquqlarına, demokratiyaya təminat verir. Digər tərəfdən, qanuna hörmətlə yanaşmaq orada təsbit olunmuş ictimai dəyərlərə hörmət etmək deməkdir. Məhz bu səbəbdən, Konstitusiyanın 12, 17, 29, 48, 75-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər Konstitusiyanın ideoloji funksiyasının həyata keçirilməsinin təmin edilməsinə yönəlib.
Hər bir konstitusiyanın sosial-hüquqi mahiyyəti sosial maraqların balansını əks etdirməsindən ibarətdir. Almaniya Federativ Respublikasının Əsas Qanununda əks olunmuşdur ki, mülkiyyət öhdəlik yaradır. Mülkiyyətin öhdəlik yaratması prinsipi məhz dövlətin sosial funksiyasının həyata keçirilməsinin formalarından biridir. Konstitusiyanın 15-ci maddəsinə təklif olunan dəyişiklik Azərbaycan dövlətinin üzərinə sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmaq vəzifəsi qoymaq məqsədi daşıyır. Müasir dövlət demokratik, hüquqi, dünyəvi olmaqla yanaşı, həm də sosial dövlət olmalıdır. 1995-ci ildə Konstitusiya qəbul edilərkən Azərbaycan iqtisadiyyatının o qədər də güclü olmaması dövlət tərəfindən sosial funksiyanın yerinə yetirilməsini təmin edə bilməzdi. Bu gün sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı artıq vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi yolunda möhkəm zəmin yaradır. Bu səbəbdən dövlətin imkanları artdıqca, vətəndaşların rifahı yüksəldikcə, dövlətin sosial funksiyası daha yaxşı həyata keçirilə bilər və dövlət öz vətəndaşlarına daha layiqli həyat səviyyəsini təmin edə bilər.
Azərbaycan Respublikasının Milli Məclisinin və Prezidentinin səlahiyyətlərinə aid olan Konstitusiyanın 95-ci maddəsinin 4-cü bəndinə və 109-cu maddənin 17-ci bəndinə təklif olunan “dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası” müddəalarının təklif edilməsi ölkənin beynəlxalq hüquq prinsiplərinə hörmətindən və onları qəbul etməsindən irəli gəlir. Belə ki, Konstitusiyanın 7-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Bundan başqa, Konstitusiyanın 10-cu maddəsində “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur” fikri təsbit edilmişdir. 151-ci maddə isə beynəlxalq hüquqla milli qanunvericilik normalarının nisbətinə dair dövlətin mövqeyini konkretləşdirərək nəzərdə tutur ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Beləliklə, dövlətlərarası müqavilələrin hüquqi qüvvəsinə Konstitusiyamızda konkret münasibət göstərildiyi kimi, hökumətlərarası müqavilələrin təsiri barədə konkret göstərişə zərurət yaranmışdır. Azərbaycan Respublikasının “Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” 13 iyun 1995-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından; Azərbaycan Respublikasının hökuməti adından; Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri adından bağlanır.
Göründüyü kimi, Azərbaycan Respublikası adından dövlətlərarası müqavilələr, Azərbaycan Respublikasının hökuməti adından isə hökumətlərarası müqavilələr bağlanılır. Konstitusiyaya təklif edilən bu dəyişiklik hökumətlərarası müqavilələrə də qanunverici orqan tərəfindən təsdiq edildiyi təqdirdə Azərbaycan Respublikasının qanunlarından (Konstitusiya və referendumda qəbul olunmuş aktlar istisna olmaqla) üstün hüquqi qüvvə vermək məqsədi daşıyır. Bununla da, dövlət həm Konstitusiyada bəyan edildiyi kimi, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulmasını təmin edəcək, həm də üzərinə götürdüyü beynəlxalq (hökumətlərarası) müqavilələrdə öhdəliklərini lazımınca və vicdanlı həyata keçirilməsinə hüquqi əsas yaradacaqdır.
Təklif olunan əlavə və dəyişikliklərin əksəriyyəti insan və vətəndaş hüquqlarının təminatı, vətəndaşların hüquqi statusunun aydınlaşdırılması və ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyətinin (məhkəmələrin) vəzifələrinin müəyyən edilməsi məqsədi daşıyır. “İnsan və vətəndaş hüquqları barədə” Fransa Bəyannaməsində təsbit olunmuşdur ki, “Azadlıq başqasına zərər vurmayan hər bir hərəkəti etmək imkanından ibarətdir. Beləliklə, hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin edən hüdudlarla məhdudlaşır”. Konstitusiyanın 71-ci maddəsinə təklif olunan “Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır” müddəası da məhz ümumbəşəri prinsiplərə daha da yaxınlaşmaq və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi üçün konkret konstitusion-hüquqi əsaslar yaratmaq məqsədi daşıyır.
Konstitusiya hüququ nəzəriyyəsində hüquqi və faktiki konstitusiya fərqləndirilir. Hüquqi konstitusiya dedikdə, insanların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyən edilməsi, hüquqi sistemin əsasının yaradılması və dövlət, cəmiyyət və insan arasında münasibətlərin reqlamentasiyası sahəsində ictimai münasibətləri tənzimləyən hüquqi normalar (davranış qaydaları) məcmuəsi başa düşülür. Faktiki konstitusiya isə həmin tənzimetməyə məruz qalan ictimai münasibətlərdir, yəni real mövcud olan münasibətlər. Əgər hüquqi və faktiki konstitusiya arasında fərq yaranırsa, deməli, həmin dövlətdə hüquqi dövlət quruculuğu cəmiyyətdə faktiki münasibətlərin inkişafını əks etdirməsindən geri qalır. Hüquqi və faktiki konstitusiya arasında olan ziddiyyətlər onu sübut edir ki, hüquqi konstitusiya qəbul ediləndən sonra siyasi qüvvələr nisbətində dəyişikliklər baş vermiş, hüquqi konstitusiyanın normalarının müəyyən hissəsi mahiyyətini itirmişdir və bu səbəbdən də dəyişdirilməlidir. 18 mart 2009-cu il tarixə təyin edilmiş ümumxalq referendumunun məqsədi Azərbaycanda hüquqi və faktiki konstitusiyaları bir-birinə yaxınlaşdırmaqdan ibarətdir.
Göründüyü kimi, Konstitusiya islahatları insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasında dövlətin ali hakimiyyət, eyni zamanda, aidiyyatı səlahiyyətli orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsipləri daha da təkmilləşdirəcək, bu sahədə hüquqi normalara konstitusion status verəcək.
Bu da son nəticədə ümumi
inkişafımıza, qanunlarımızın daha mükəmməl
olmasına, insan haqlarının ardıcıl və mükəmməl
müdafiəsinə yeni imkanlar açacaqdır. Bu Azərbaycan
dövlətinin məramı, ali məqsədidir.
Gündüz
KƏRİMOV
Xalq qəzeti.-2009.-15
mart.-S.5.