İsmayıllı:
Cavanşir yurdunun cəlalı artır
Qədim tariximizin
şanlı səhifələrindən olan Girdman dövlətinin,
böyük sərkərdə Cavanşirin adıyla
bağlı olan bu yerlər haqqında
hazırladığım qəzet materialını tamamilə
başqa məzmunlu bir söhbətlə başlamağım
təsadüfi deyil. Çünki onsuz da söhbət
qayıdıb İsmayıllının üzərinə gələcək.
Təxminən 14-15 ildir ki, orda-burda belə fikirlər eşidirəm: “indi qəzet oxuyan yoxdur”, “internet qəzetlərin auditoriyasını əlindən alıb”, “qəzetlər çoxaldıqca oxucular azalır” və sairə. Kimsə bu fikirlərə inanır, kimsə öz mövqeyindən dönmür. Nə gizlədim, həmin fikirlərdə az-çox həqiqət olduğuna görə mən də inanırdım. Amma... 2008-ci ilin yazında Zaqatalanın sosial-iqtisadi inkişafı barədə çoxsaylı faktlara əsaslanan əhatəli qəzet materialı hazırlamışdım. Daha çox qabardılan fikirlərdən biri belə idi ki, bu gün Zaqatala Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilir. Sübut edirdim ki, bunun üçün tarixi yerlər, təbii şərait və müasir infrastruktur mövcuddur. Aradan 15-20 gün keçəndən sonra Bakıda təşkil edilmiş tədbirlərdən birində yaxın dostum məni hörmətli ziyalılarla tanış etdi. İndicə tanış olduğumuz professorlardan biri mənim “Xalq qəzeti”nin bölgə müxbiri olduğumu biləndə gülümsündü: “Hə, deyirsiniz ki, Zaqatala Azərbaycanın əsas turizm ocaqlarından birinə çevrilir. Bəs İsmayıllı, bəs Lahıc? Məgər bu yerlər Zaqataladan geri qalır?”
İlk öncə professora cavab vermək üçün nə isə düşünməli idim. Amma beynimdə formalaşan ilk cümlə belə oldu: “bəs deyirdilər ki, indi heç kəs qəzet oxumur?” Mən professora cavab vermək üçün ikinci cümləni düşünürdüm ki, məclisin o biri tərəfində əyləşmiş digər bir alim məni qabaqladı: “Əşşi, Lahıc nə qədər maraqlı olsa da, yolu yoxdur. Ora turistlər üçün əlverişli deyil”. Doğrusu, bu fikrə də tutarlı cavab verə bilmədim və keçən ilin may ayında İsmayıllıya gələn kimi bu barədə rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayevə danışdım. Elə bildim ki, Rövşən müəllim birinci alimin fikirlərini təsdiq etsə də, ikincinin dediklərini təkzib edəcək. Amma həmsöhbətim hər iki ziyalının haqlı olduğunu dedi:
— Əlbəttə, İsmayıllının turizm imkanları Azərbaycanın heç bir rayonundan geri qalmır. Çoxlu qədim abidələr, tarixi yerlər, zəngin təbii imkanlar, dağlar, bulaqlar bizim rayonun maraqlı və cəzbedici turizm mərkəzi olduğunun sübutudur. Lahıc yolunun turistlər üçün əlverişli olmadığını deyən adam da bu yerin turizm üçün sərfəli olduğunu etiraf edib. Yolun əlverişli olmadığına gəlincə isə bu məsələ həmin adamlardan əvvəl rayon rəhbərliyini narahat edirdi. Odur ki, 2008-ci ilin əvvəlində uzun illərdən bəri Lahıc qəsəbəsinə gedən yolda əhalinin və turistlərin narahatlığına səbəb olan Niyal dərəsindəki keçiddə körpü inşa edilməsinə başlanılıb. Bu il eyni zamanda Lahıc yolunun genişləndirilməsi və asfalt örtüyünün salınması da nəzərdə tutulub. Sağlıq olsun, ilin sonlarında bu məsələ ilə bağlı görülmüş işlərdən yazacaqsınız.
İlin sonlarında olmasa da, yeni ilin əvvəlində bu rayondan hazırladığımız ilk yazıda Lahıc yolunun vəziyyəti ilə bağlı söz açmaq istədik. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla görüşdə də çalışdım ki, söhbət əvvəlcə turizmin və yol məsələsinin üzərinə gəlsin. Sən demə, icra hakimiyyətinin başçısı mənim ötən ilin əvvəlində müavinlə olan söhbətimdən xəbərdar imiş:
— Bəli, İsmayıllının turizm imkanları istənilən qədərdir. Bunu cənab Prezident İlham Əliyev də rayonumuzda olarkən söyləmişdi. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində tərtib edilmiş tədbirlər planında da bu məsələ öndə olan məsələlərdən idi. Rayon icra hakimiyyəti aparatı da həmin məsələni daim diqqət mərkəzində saxlayıb. Həm cənab Prezidentin verdiyi tövsiyə və tapşırıqların, həm də məlum dövlət proqramının qarşıya qoyduğu vəzifələrin icrası zamanı görüləcək tikinti-quruculuq fəaliyyətimizin əsas istiqamətlərindən biri də turizmin inkişafına xidmət edən quruculuq işləri olubdur.
2008-ci ildə yollarda yerli xərclərin hesabına 226 min manatlıq əsaslı təmir işləri aparılıb, Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması davam etdirilib, Lahıc qəsəbəsinə aparan yolun genişləndirilməsinə və asfaltlanmasına başlanılıbdır. Qeyd edim ki, uzun illərdən bəri yerli sakinləri, qonaqları və elə bizim özümüzü də daim narahat edən Lahıc yolu yüksək səviyyədə qurulur. Qəsəbəyə gedən yoldakı Niyal dərəsinin üstündə körpünün inşası artıq başa çatdırılıb. Turizmin inkişaf etdirilməsi üçün bu işə müxtəlif sərmayədarlar da cəlb edilibdir. Məhz əlavə sərmayələrin gətirilməsi nəticəsində mühüm tədbirlər həyata keçirilib. Talıstan kəndi ərazisində 502 nömrəlik turizm-istirahət kompleksi inşa edilir. “Zəngəzur” istirahət mərkəzində son tamamlama işləri aparılır. Qədim mədəniyyət mərkəzi olan Lahıc qəsəbəsindəki tarixi abidələr xarici turistləri əraziyə cəlb edir. Hazırda biz dağ turizminin inkişafı ilə bağlı layihələrin hazırlanmasına da başlamışıq. Təbii ki, turistlərin tarixi abidə və təbii imkanlarla yanaşı iaşə obyektlərinə də ehtiyacı var. Ona görə də bu istiqamətdə həyata keçirilən tədbirlərin miyqası dövri olaraq genişləndirilir. Əsasən istehsal edilən süfrə sularının keyfiyyətini və çeşidini artırmaq üçün lazımi tədbirlər həyata keçirilir. Çünki turistlər bizim rayona daha çox yay aylarında gəlirlər. Amma, İsmayıllının əldə etdiyi nailiyyətlər təkcə turizm sektorunun inkişaf etdirilməsi ilə qurtarmır.
Doğrudan da, bu gün İsmayıllının uğur və nailiyyətləri çoxdur. Rayonda 2007-ci ildən başlanan tikinti-quruculuq və abadlıq işləri 2008-ci ildə də davam etdirilib. Bunu əsas fondların istifadəyə verilməsinin 2,4 dəfə artması da sübut edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş ən iri layihələrin icrasına 2007-ci ildən başlanılıbdır — desək, məsələni daha obyektiv qiymətləndirmiş olarıq. 2008-ci ildə isə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün muzeyin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsi və Maliyyə idarəsi üçün inzibati binaların, əlillər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşası başa çatdırılıbdır. Əhalinin mənzilə olan tələbatı nəzərə alınaraq iş adamları tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi davam etdirilib. Ötən il rayonda tikilən idman kompleksində də inşaat işlərinin sürəti artırılıb. İsmayıllı şəhərinin yenidən qurulması və rayon mərkəzinin müasirləşdirilməsi istiqamətində əsaslı işlər görülüb. Belə ki, ulu öndər Heydər Əliyevin adına layiq mədəniyyət və istirahət mərkəzi yaradılıb, böyük dövlət xadiminin abidəsi ucaldılıbdır. Parkda müasir standartlara cavab verən işıqlandırma, yaşıllaşdırma işləri aparılıb, fontanlar quraşdırılıb.
Bütün park və xiyabanların yenidən qurulması Cavanşir yurdunun simasını tamamilə dəyişdirib. Nizami və Qələbə küçələri əsaslı şəkildə təmir edilərək hər iki tərəfdə yaşıllıq zolaqları salınıb, park yaradılıb. İsmayıllının həyatına arzu olunan yenilikləri gətirmiş tikinti-abadlıq işləri şəhərin bütün küçələrində aparılıbdır və bu iş uğurla davam etdirilir. Eyni zamanda, rayon mərkəzi ilə yanaşı digər qəsəbə və kəndlərdə də geniş infrastruktur yeniləşdirilməsi aparılıb. Yuxarıda demək tamam yadımdan çıxmışdı. Lahıc qəsəbəsinə yeni su xətti çəkilib, su paylayıcı anbar tikilib. Mərkəzi küçələrin daş döşəməsi bərpa edilibdir. İvanovka kəndində ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb, abidə olan ərazi yenidən qurulub, abadlaşdırılıbdır. Nikitin adına kolxozun inzibati binası da təmir edilib, kənd mərkəzində “Fəxri lövhə” tikilərək mərmərlə üzlənilib, kəndin işıqlandırma sistemi yenidən qurulub.
İsmayıllı rayonu tarixən həmişə təhsilin inkişafı ilə seçilib, burada təhsilə xüsusi maraq göstərilbdir. Son illər bu sahə daha böyük qayğı ilə əhatə edilir. Xüsusən, məktəb tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyalarla təminatı sahəsində özünəməxsus nailiyyətlər əldə olunub. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması da son illər daim diqqət mərkəzindədir. Ötən il səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr təminatı, xəstələrə yüksək səviyyəli müalicə xidmətinin göstərilməsi üçün əlavə tədbirlər müəyyənləşdirilərək həyata keçirilibdir. Son illər Mərkəzi xəstəxananın şöbələrində, uşaq xəstəxanasında təmir işləri aparılıb, işıqlandırma sistemi yenidən qurulubdur. Yeri gəlmişkən, “Ot kökləri və insan təhlükəsizliyi” qrant layihəsi əsasında rayon uşaq poliklinikası əsaslı şəkildə təmir edilib, binanın dam örtüyü dəyişdirilibdir. Dünya Bankının “Sülh korpusu”nun dəstəyi ilə Hacıhətəmli kənd xəstəxanasının həyətində müasir tələblərə cavab verən yeni ambulatoriya tikilibdir.
Ümumiyyətlə, Cavanşir yurdunun bu
günü barədə söz açarkən hər
addımda, hər qarışda quruculuq, abadlıq işlərinin
getdiyini söyləmək İsmayıllı həqiqətlərini
yazmaq üçün kifayət edir. Bu gün rayonda elə
bir sahə yoxdur ki, tərəqqi, uğur sözünü həmin
sahəyə aid edə bilməyək. Yazını elə bu
sonluqla da başa çatdırmaq istəyirdim. Amma əvvəldə
“indi heç kəs qəzet oxumur” ifadəsini yalana
çıxartdığıma görə finalı da qəzetlə
bağlamaq qərarına gəldim. Belə ki,
2002-ci ildə İsmayıllıda “Girdman” rayon qəzeti təsis
edilib, onun hər ay ardıcıl olaraq buraxılması təmin
olunub. 2008-ci ildə isə bu rayonda daha bir mətbu orqan —
“İsmayıllı xəbərləri” qəzeti fəaliyyətə
başlayıb. Bilirəm ki, cəmi bir ildə
özünəməxsus nüfuz qazanan bu qəzet daim şad
xəbər, uğur, nailiyyət, tərəqqi barədə
xəbərlər verəcək. Buna mən inanıram.
İsmayıllının bugünkü gününü
görsəniz,əlbəttə siz də
inanacaqsınız...
İlqar HƏSƏNOV
Xalq qəzeti.-2009.-15
mart.-S.7.