Prezident İlham Əliyevin sosiomədəni müasirləşmə kursu elmi elitanın qarşısında duran vəzifələr

 

 Prezident İlham Əliyevin ölkənin sosiomədəni müasirləşdirilməsi və əsaslı transformasiyası kursu milli ideologiyaya tələbat doğurur. Təbii ki, bu ideologiyanın istiqamətinin və əsas əxlaqi dəyərlərinin təməlini Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə elmin yenidən təşkil edilməsi üzrə komissiyanın yaradılması haqqındakı sərəncamı dövlətimizin bu məsələlərə xüsusi diqqət yetirdiyinə dəlalət edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev özünün bir çox əsərlərini həmin problemlərin tədqiqinə və həlli yollarının araşdırılmasına həsr edib. Akademik R. Mehdiyevin “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” adlı yeni əsəri bu mənada xüsusi aktuallıq kəsb edir. Bu əsəri həm də Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üçün sosial sifariş kimi dəyərləndirmək olar. Bu sifarişi lazımi səviyyədə yerinə yetirmək üçün kollektiv öz məsuliyyətini dərindən dərk etməli və buna zəmin yaradılmalıdır.

 

Bu gün AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kollektivi üçün ölkənin ideoloji həyatına öz töhfəsini vermək, müasir dövrün ayrı-ayrı təmayüllərinin milli ideologiya kontekstində işlənməsi ilə məşğul olmaq, Azərbaycanın inkişafı üçün mümkün riskləri aşkar etmək və nəzərə almaq, milli ideologiyanın yayılması və onun inkişafı işində ictimaiyyətçi alimlərin fəaliyyətini əlaqələndirmək olduqca vacibdir.

Məsələn, ölkə üçün ən vacib, əhəmiyyətli elmi mövzu və istiqamətləri tədqiq etmək, istedadlı, yaradıcı gənc alimlərin yetişdirilməsinə nail olmaq, bilavasitə cəmiyyət, təhsil, mədəniyyət... problemləri ilə məşğul olan sosial institut və nazirliklərlə əlaqələr yaratmaq və s. Ən mühüm mövzular sırasında milli ideologiyanın strukturunun tədqiqi, Azərbaycanda milli elitalar və orta sinif nəzəriyyələrinin işlənməsini misal göstərmək olar. 

Milli azərbaycançılıq ideologiyası problemləri ölkədə milli elitaların, o cümlədən, intellektual elitanın təşəkkülü məsələləri ilə sıx bağlıdır. Etiraf etmək lazımdır ki, burada fəlsəfənin üzərinə böyük vəzifələr düşür. Elitalar haqqında keçmiş təsəvvürlərin yenidən dərk edilməsi tələb olunur. Əlbəttə, cəmiyyəti bu gün fəlsəfədən başqa sosiologiya, siyasi elmlər və digərləri də öyrənir. Lakin onlar heç də həmişə buna nail ola bilmirlər. Onu da qeyd edək ki, sosioloji tədqiqatlar aparmaq üçün bu elmlər əlavə maliyyələşdirmə tələb edir. Həm də bu tədqiqatlar yalnız konkret informasiya verir, təcrübədən alınan məlumatları təhlil etmək üçün işə fəlsəfə cəlb edilməlidir.

Sosiologiya, siyasi elmlər və kulturologiya tədqiqat metodikaları və araşdırmalar vasitəsilə alınmış konkret material təqdim edirlər, lakin bu məlumatları yalnız fəlsəfə müqayisə edə, ümumiləşdirə və perspektivləri göstərə bilər. Konkret məlumatlar, təcrübə elə biliklər verir ki, onlar dərk olunmadan həmin təcrübənin hüdudlarından kənara çıxa bilməz. Sosiologiya, siyasi elmlər və kulturologiya... tədqiqat obyektini kəmiyyət cəhətdən səciyyələndirən məlumatlar verir və yalnız fəlsəfə onları keyfiyyətcə yenidən, başqa cür dərk edə bilər. Hər bir filosofun bu cür işə qadir olmadığı isə başqa məsələdir.

  Bu kontekstdə onu da qeyd edək ki, kəmiyyət göstəricilərini müqayisə etməyə, müxtəlif elmlərin verdiyi məlumatlardan faydalanmağa, yalnız fəlsəfə qadirdir. Bu mənada o, siyasi tədqiqatçılar, kulturoloqlar və s. üçün də anlaşıqlıdır.

 Sosial fəlsəfə və bütövlükdə, fəlsəfə ictimai elmlər arasında əlaqələndirici kimi çıxış edə bilirsə, deməli, milli azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan müasirləşmə ideologiyasının inkişafına da kömək edə bilər.

Etiraf edək ki, bizdə ideologiyanı “yanlış şüur” hesab edən ”ideologiyasızlaşdırma" təmsilçiləri hələ çoxdur. Keçən əsrin 60-cı illərində amerikalı filosof D. Bell ideologiyanının sonunun çatdığını elan etmişdi. Lakin sonradan o, kapitalizmin mədəni ziddiyyətlərindən yazırdı, bu isə, şübhəsiz, ideologiyanın dövlətin və ictimai həyatın ən mühüm hissəsi olaraq qaldığının etirafı demək idi. İdeologiyanı tənqid edənlər öz məsləklərini qalan vətəndaşlara sırımağa başlayan kimi onların özləri müəyyən ideologiyanın nümayəndələrinə çevrilirlər. 

Amma söhbət bundan getmir. Bu gün institusional fəlsəfə Azərbaycanın modernləşməsi fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının işlənib hazırlanması işinə öz töhfəsini verə bilər və verməlidir. Bunlar müasir Azərbaycan fəlsəfəsinin zəruri tərkib hissələridir. O, kütləvi şüur, elitalar, xalq, fərd, cəmiyyətin sosial strukturu və s. məfhumların tədqiqi və həm də ideologiyanın özünü tükəndirməməsi, fərdi və yaradıcılığı boğmaması üçün bu anlayışlar arasında sərhədlərin araşdırılması və müasirləşmə şəraitində lazımi davranış nümunələrinin təbliği və yayılması ilə məşğul olmalıdır. 

İnstitutumuzda çalışan alimlərin əksəriyyəti bu məsələlərlə fəal surətdə məşğul olmaq əzmindədir. Lakin söhbət yalnız ideologiyanın inkişaf etdirilməsindən və yayılmasından getmir. Müasir dövrə və gələcəyə istiqamətlənmiş ideologiya dövlət və vətəndaşların mənəvi və ictimai tələbatlarını ödəmək niyyətindədirsə, onda həll etməli, cavab verməli olduğu problem, tələb və ziddiyyətlərin (antinomiyaların) təhlilinin zəruriliyini dərk etməlidir. Nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın şüuru bir çox hallarda qonşu ölkələr tərəfindən hədəf seçilir və bu fakt ictimaiyyətimizi narahat etməyə bilməz.

 Qloballaşma şəraitində informasiya kanalları açıqdır, bu, müasir dövrün, milli və suveren demokratiyanın tələbidir. Lakin bununla belə, ideya və xarici siyasət sahəsində rəqiblərə ideoloji müqavimət göstərmək lazımdır. Başqa sözlə, bütün fəlsəfə və ideologiyanın qarşılıqlı münasibətləri problemləri Azərbaycan gerçəklikləri kontekstində fəlsəfə tərəfindən izah edilməlidir. Əlbəttə, elmi günün tələblərinə müvafiq olaraq, müasir idarəetmə metodlarını tətbiq etməklə islah etmək lazımdır. Bu qlobal vəzifənin yerinə yetirilməsində təkcə elmin özü, ideologiya və ya cəmiyyət deyil, həm də mədəniyyət, təhsil sistemi maraqlıdır. Və məhz bu kontekstdə ideologiya və fəlsəfənin vəzifələri aydın olur.

 Qeyd etdiyimiz kimi, bizdə azərbaycançılıq və iqtisadi modernləşmə, liberallaşma, sosiomədəni dəyişikliklər, tarixi-mədəni-simvolik dəyərlər sırasını və s. ehtiva edən müasirləşmə ideologiyası mövcuddur. Fəqət, çox vaxt ideologiya barəsində fikir yürüdərkən filosof, sosioloq və politoloqlarımızın bir çoxu diskussiyaların, müasir dövrün ideoloji problemlərinin müzakirə edilməsinin əhəmiyyətini kifayət qədər dərk etmir. Onlar daha çox tarix məsələləri ilə məşğul olmaq istəyirlər. Söz yox, tarix böyük əhəmiyyətə malikdir, onun şübhə doğurmayan ideoloji aspektləri vardır, amma ideoloji kontekstdə onu dövlətin müasir vəzifələri nöqteyi-nəzərindən tədqiq etmək lazımdır.

Əgər son dövrlərin ən görkəmli Qərb filosoflarının əsərlərinə diqqət yetirsək görərik ki, onların əksəriyyəti müasir dövrün, çağdaş ideoloji həyatın mürəkkəbliklərini, çətinliklərini, ən son təmayülləri aşkar etməyə, olduğu kimi açıb göstərməyə çalışır. Məsələn, F. Fukuyamanın məşhur “Tarixin sonu” əsəri liberal ideologiyanın təşəkkülünün xüsusiyyətlərinə, onun müasir aləmdə üstünlük təşkil etməsinin səbəblərinə həsr olunmuşdu. Amma onun sonrakı əsəri “Böyük uyğunsuzluq” kitabı liberal ideologiyanın zəif cəhətlərinin üzə çıxarılması ilə bağlı idi. Fukuyamanın ideologiyaya yanaşmasındakı bu fərqi vurğulamaqda məqsədimiz qloballaşma və müasirləşmənin ictimai, siyasi, mədəni və iqtisadi proseslərin inkişafına necə təsir etdiyini göstərməkdir. Müasir dövr ideologiya problemlərinə diqqətin artırılmasını tələb edir.

Bu mənada yaxın zamanlarda institutumuzun kollektivi milli ideologiyanın bəzi mühüm problemlərinin işlənməsi üçün iki layihə hazırlamağı qərara almışdır. Layihənin biri gənc alimlərimiz tərəfindən hazırlanır. Digəri isə təcrübəli filosof, sosioloq, hüquqşünas və politoloqlarının iştirakı ilə. Hələlik bu layihələr şərti olaraq “Azərbaycanın sosiomədəni müasirləşdirilməsi kursu və milli ideologiya” adlanır. Əlbəttə, milli ideologiyanın mətbuat səhifələrində, televiziya kanallarında yayılması məsələləri ilə də fəal surətdə məşğul olmaq, həmin mövzuya həsr olunmuş konfrans keçirməyi nəzərdə tuturuq. İmkandan istifadə edərək, elitalar barəsində də bir neçə söz demək istəyirəm. Milli ideologiya problemləri milli elita problemləri ilə sıx bağlıdır. İdeologiyanın keyfiyyəti, onun yaşamağa qabilliyi, davamlılığı elitanın nə dərəcədə peşəkar, vətənpərvər və dövləti təfəkkürə malik olmasından asılıdır.

Bu kontekstdə akademik Ramiz Mehdiyevin yeni əsərində elitaların xaricdən (kənardan) formalaşdırıla bilməsi və indiki elitanın ilk dəfə olaraq “...öz varlığını milli xüsusiyyətlərin xarakterinə uyğun olaraq təşkil etməsi” haqqında fikri xüsusi əhəmiyyət kəsb edir.

İkincisi, transformasiyanın indiki mərhələsində yalnız elitanın keyfiyyəti dövlətin inkişafını və ölkənin demokratikləşməsini təmin edir. Demək olar ki, bu tezis ölkənin alimləri, ictimaiyyəti üçün demokratiyanın dərk olunmasında irəliyə doğru sıçrayışdır. Bizdə bir çoxları hələ də əmindirlər ki, demokratiya yalnız xalq hakimiyyəti və seçkilər deməkdir və bunun həm də peşəkarlıq, seçmə və seçkili vəzifələrə təyin etmək meyarları olduğunu, keyfiyyətli menecerləri seçə bilmək, insanları peşəkarlıq keyfiyyətlərinə görə vəzifəyə təyin etmək bacarığı olmadan demokratiyanın inkişafa qadir ola bilməyəcəyini unudur və ya bilmirlər. Demokratiyanın inkişafı üçün hakimiyyət vertikalı vətəndaşların siyasi iştirakından, vətəndaş cəmiyyətinin inkişafından heç də az əhəmiyyət kəsb etmir. 

Üçüncüsü, Azərbaycan, akademik Ramiz Mehdiyevin yazdığı kimi, “cəmiyyətin total transformasiyası” şəraitindədir, buna görə də sabitliyi qoruyub saxlayaraq dəyişikliklərdə bir ölçü tapmaq lazımdır. O, cəmiyyət və dövlətin mərhələli müasirləşməsi və transformasiyasının əsas şərtidir. Onsuz əsaslı transformasiya mümkün deyil, lakin onu elitaların təfəkkürünün innovasiyalılığı ilə birləşdirmək lazımdır.

 Dördüncüsü, cəmiyyətin köklü islahatları idarəetmə məsələləri, iqtisadiyyat, demokratiya və dəyərlər arasındakı əlaqələrlə bağlıdır. 

Təbii ki, akademik Ramiz Mehdiyevin yeni əsərində elitaların inkişafı mövzusunun əsas tərəfləri, demokratiyanın inkişafının Azərbaycan konteksti və mərhələsi üçün onun əhəmiyyəti, transformasiya və modernləşmə ideologiyasının inkişafında əks olunmasının zəruriliyi məsələlərinə də toxunulub. Biz isə, yalnız milli ideologiya, professional etika, ölkənin elitasının, o cümlədən elmi elitasının məsuliyyəti məsələlərinə xüsusi diqqət yetirilməsini nəzərdə tuturuq.

 Keçid dövründə iqtidar etikası və siyasi elita şüuru problemi birdən-birə aktual olmur. Keçmiş sovet məkanı ölkələrində sovet hakimiyyətinin dağılması hakimiyyət prinsipinin səbatsızlığı dövrünü doğurdu. Dövlət prinsipinin özünün sabitləşməsi, dövlətə inamın bərpa olunması dövrünü tələb etdi. İndi sabitlik və nisbi firavanlıq dövründə bəzi adamların əvvəlcədən sezdiyi bir şey aydın oldu: özü-özlüyündə iqtisadiyyat və pul qüdrətli, güclü, demokratik, hüquqi və sivil dövlət yaratmır və hətta fərdi xoşbəxtliyi belə təmin edə bilmir. 

Lakin indi müasirləşmə və sosiomədəni transformasiya dövründə bu məsələnin tədqiqi transformasiya prosesinin təmayüllərini, istiqamətini və dəyərlərə, etimada, ideologiya və etikaya olan tələbatı aşkar etməyə imkan verəcək. Aydındır ki, ideologiya həmişə etik dəyərlər, hakimiyyətlə dialoq əsasında yaradılmış olur. Əlbəttə, transformasiya yalnız bazar iqtisadiyyatına keçid, dövlət kapitalizminin qurulması ilə məhdudlaşdırıla və dövlətin ədalətli, demokratik, hüquqi və sivil olması zəruriliyinə təfavütsüz ola bilərdi. Lakin bir halda ki, Azərbaycanın lideri əsaslı transformasiyaya — cəmiyyət həyatının bir çox tərəflərinin, onun siyasi mədəniyyətinin dəyişdirilməsinə, hüquqi dövlətin və vətəndaş siyasi mədəniyyətinin formalaşdırılmasına çalışır, onda, təbii ki, qeyri-maddi, etik, ideoloji, fəlsəfi və s. amillərin nəzərə alınmasına indi daha diqqətli yanaşmaq lazımdır.

 Sosiomədəni müasirləşmə o deməkdir ki, cəmiyyət mürəkkəbləşir, onu müxtəlif qruplar təşkil edir və cəmiyyətin ədalətli quruluşu barədə fərqli əxlaqi təsəvvürlərə malik olan müxtəlif qruplarını idarə etməyə qadir təcrübəli, bilikli idarəetmə mütəxəssisləri mövcud olmalıdır. Mürəkkəb cəmiyyəti idarə etmək üçün elitanın olması zəruridir. Siyasi elitaya çevrilən hakimiyyət bu əsaslı transformasiyanı həyata keçirə bilər. Çünki elitalar ayrılmaz surətdə, daim professional əhəmiyyətliliklə və ölkə, cəmiyyət, dövlət lideri qarşısında məsuliyyətlə bağlıdır. Əgər iqtidarın elitaya necə çevrildiyi barədə suala cavab elitanın dövlətin hakim dairələrindəki adamlardan ibarət və buna görə də onların daha varlı və nüfuzlu olduğunu deməklə məhdudlaşırsa, onda qeyd etmək lazımdır ki, bu cür iqtidar elitaya çevrilmir, deməli, cəmiyyət ənənəvi cəmiyyət olaraq qalacaqdır.

Akademik Ramiz Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi, elita elə hakimiyyətdir ki, o, peşəkar yararlılığının cəmiyyətdə şübhə doğurmadığı adamları mühüm mövqelərə təyin edir, başqa sözlə, iqtidarın elitaya çevrilməsi prosesi onun nə dərəcədə professional tamamlanması, peşəkarlıqla nə qədər bağlı, nə dərəcədə məsuliyyətli və əxlaqi olmasından asılıdır. 

 

 

İlham MƏMMƏDZADƏ

 

Xalq qəzeti.-2009.-17 mart.-S.3.