Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı yüksək qiymətləndirilmişdir

 

Son illər keyfiyyətcə yeni inkişaf dövrünü yaşayan Azərbaycan Respublikası 2008-ci ildə növbəti uğura imza atmışdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ötən il Azərbaycan dünyanın ən islahatçı ölkəsi imicini qazanmışdır. Belə ki, dünyanın nüfuzlu və aparıcı maliyyə təşkilatlarının, xüsusən də Dünya Bankı tərəfindən hazırlanan və son dərəcə mükəmməl hesabatlardan sayılan “Doinq Business — 2009"-un qənaətinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.

Bu isə heç şübhəsiz, son beş ildə Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatların, iqtisadi strategiyanın, qəbul olunmuş ümummilli proqramların uğurla reallaşdırılmasının məntiqi nəticəsidir. Təkcə onu demək kifayətdir ki, 2004-2008-ci illərdə ölkə həyatının bir çox sahələrinin inkişafını əhatə edən 70-dən artıq dövlət proqramı qəbul edilmiş, onların bir çoxu çevik şəkildə icra olunmuş, digərləri isə tamamlanmaq üzrədir. Məhz bütün bunların nəticəsidir ki, 2006-2007-ci illərdə Azərbaycanda iqtisadi artım müvafiq olaraq 34,5 faiz və 25 faiz təşkil etmişdir. Diqqətçəkən digər mühüm bir məqam isə ondan ibarətdir ki, ötən il qlobal maliyyə böhranının dünyanın aparıcı ölkələrinə göstərdiyi təsirlərə baxmayaraq, Azərbaycanda 11 faizlik iqtisadi artım qeydə alınmışdır.

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Artıq qlobal enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan təkcə özünün deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Son illər neft gəlirlərinin əhəmiyyətli dərəcədə artması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün çox yaxşı zəmin yaratmışdır. Elə son dövrlərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf sürətinin 16 faizə çataraq neft sektorunu (7 faiz) üstələməsi də bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 18 milyard dolları ötməsi və bu məbləğin getdikcə artması belə deməyə əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı, rifahlı cəmiyyətin möhkəmlənməsi tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.

Martın 13-də Milli Məclisin növbəti iclasında Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatında ölkənin sosial-iqtisadi inkişafının bütün məqamlarına aydınlıq gətirilmişdir. Baş nazirin birinci müavini Yaqub Eyyubov qeyd etmişdir ki, son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına müsbət təsir göstərmişdir. Regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm uğurlar qazanılmışdır. Son beş ildə dünyada analoqu olmayan nəticələr əldə edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.

Natiq vurğulamışdır ki, hesabat ilində ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 10,8 faiz təşkil etmişdir. Qeyri-neft sektorundakı artım isə ölkə iqtisadiyyatının inkişafının və onun neft sektorundan asılılığının azaldılmasının nəticəsidir. Baş nazirin birinci müavini çıxışında diqqəti digər iqtisadi göstəricilərə də yönəltmişdir. Bildirmişdir ki, əsas kapitala 9,1 milyard manat investisiya yönəldilərək, əvvəlki illə müqayisədə 34,3 faiz artım əldə olunmuşdur. Burada diqqət çəkən ən əsas məqamlardan biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin 75,5 faizini daxili investisiyalar təşkil etmişdir.

Ölkədə sosial məsələlərin həlli istiqamətində də mühüm göstəricilər əldə olunmuşdur. Belə ki, orta aylıq əmək haqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılmışdır. Son beş il ərzində minimum pensiya 3,8 dəfə, minimum əməkhaqqı 8 dəfə, orta aylıq əməkhaqqı isə 3,5 dəfə artmışdır. Əhalinin sosial müdafiəsinin təmin olunması, büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması üçün Prezident İlham Əliyev tərəfindən silsilə sərəncamlar imzalanmışdır.

İqtisadi inkişafın əsas hədəflərindən biri də yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən icrasına başlanılan müvafiq dövlət proqramının həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq, ötən il 13,2 faizə enmişdir.

Məruzədə ölkənin sosial-iqtisadi həyatının digər məqamları da öz ifadəsini tapmışdır. Göstərilmişdir ki, yoxsulluğun azaldılmasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması müstəsna rol oynamışdır. Natiq çıxışında bununla bağlı belə bir faktı diqqətə çəkmişdir ki, son beş ildə ölkə Prezidenti tərəfindən söz verilmiş 600 min iş yerinin müqabilində 766 min iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yerləridir. Cənab İlham Əliyevin bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də tutduğu prinsipial mövqe həm insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də bölgələrdə gedən müsbət iqtisadi və sosial proseslərə güclü təkan verir.

Baş nazirin birinci müavini diqqəti eyni zamanda dövlət büdcəsində nəzərə çarpan dinamikaya yönəltmişdir. Qeyd etmişdir ki, ölkə Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi investisiya yönümlü büdcəyə, inkişaf və quruculuq büdcəsinə çevrilmişdir. Büdcənin gəlir və xərclərinin səmərəli və şəffaf şəkildə icrasında əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Belə ki, son beş ildə dövlət büdcəsi on dəfədən çox artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə 13 milyard dollar olmuşdur. Dövlət büdcəsinin xərclərində böyük əhəmiyyət kəsb edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı və meşə təsərrüfatı xərcləri 5,2 dəfə, təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 3,9 dəfə, müdafiə xərcləri isə 9,7 dəfə artmışdır.

Son illər bank sektorunun da dinamik inkişafı davam etmişdir. Onun aktivləri 53 faiz, kapitalı 47,8 faiz, əhalinin əmanətləri isə 29,6 faiz artmışdır. Bankların regional əhatəsi genişlənmiş, göstərilən xidmətlərin növü keyfiyyəti xeyli yaxşılaşdırılmışdır. Milli Bankın Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşan strateji valyuta ehtiyatları ötən ilin sonuna 18 milyard dolları ötmüşdür. İl ərzində valyuta ehtiyatlarının idarə olunmasından 412 milyon dollardan artıq gəlir götürülmüşdür.

Bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olduğu Azərbaycan Respublikasında özəl bölmənin inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi dövlətin qarşısında duran prioritet istiqamətlərdən biridir. Son illər sahibkarlara böyük həcmdə güzəştli kreditlərin verilməsi, xüsusən yerli istehsalın stimullaşdırılması, aqrar sektora dövlət subsidiyalarının yönəldilməsi, yeni texnikaların gətirilməsi, ölkədə biznes mühitinin təkmilləşdirilməsi məqsədilə “bir pəncərə” sisteminin tətbiqi müsbət nəticələr vermiş, bu da qeyri-neft sektorunun inkişafını bir qədər də sürətləndirmişdir. Milli Məclisdə hökumətin hesabatını təqdim edən Baş nazirin birinci müavini Yaqub Eyyubovun sahibkarlığın inkişafının daha da sürətləndirilməsi məqsədilə yeni proqramın qəbul ediləcəyini, sənədə sahibkarlığın maliyyə təminatının yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, iş adamlarının hüquqlarının müdafiəsi kimi mühüm tədbirlərin öz əksini tapacağını bəyan etməsi onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda özəl bölmə yeni, daha sürətli inkişaf mərhələsinə qədəm qoyacaqdır.

İllik hesabatda ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən bəhs edən Baş nazirin birinci müavini bildirmişdir ki, 2008-ci ildə ölkə iqtisadiyyatının ən mühüm sahələrindən olan yanacaq-energetika kompleksinin inkişafı davamlı xarakter almışdır. Bütövlükdə isə son beş ildə Azərbaycanda neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Qaz hasilatındakı belə yüksək artım Azərbaycanı qaz ixrac edən dövlətə çevirməklə yanaşı, daxili tələbatın ödənilməsini də xeyli yaxşılaşdırmışdır. Təsadüfi deyil ki, indi ölkəmizdə qazlaşdırmanın səviyyəsi 86 faizə çatdırılmış, bütün rayon mərkəzləri “mavi yanacaq”la təmin olunmuşdur.

Son beş ildə Azərbaycanın elektroenergetika sənayesi də xeyli inkişaf etmiş, ölkəmizin elektrik enerjisi idxalından asılılığı tam aradan qaldırılmışdır. Elə hökumətin 2008-ci ilin hesabatından da göründüyü kimi, bu sahədə infrastruktur imkanları xeyli yaxşılaşdırılmış, ümumi gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası tikilmiş, istismar gücü 24,3 faiz artırılmışdır.

Baş nazirin birinci müavini məruzəsində son illər aqrar sahəyə göstərilən dövlət qayğısından da ətraflı bəhs etmiş, həyata keçirilən uğurlu islahatlar nəticəsində bu sahədə müsbət nəticələr əldə olunduğunu bildirmişdir. Natiq vurğulamışdır ki, ötən il kənd təsərrüfatı məhsulları istehsalında 6,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalında 7,2 faiz, heyvandarlıqda isə 4,1 faiz artım əldə olunmuşdur. Meliorasiya irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin, su anbarlarının tikintisi, yenidən qurulması əsaslı təmiri istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, hesabat ilində kənd təsərrüfatına güzəştli şərtlərlə 152,5 milyon manat büdcə vəsaiti yönəldilmişdir.

Hesabat dövründə həyata keçirilən infrastruktur layihələrindən danışan natiq bildirmişdir ki, son illərdə istifadəyə verilmiş, böyük tarixi əhəmiyyət kəsb edən, transmilli infrastruktur layihələri olan BakıTbilisiCeyhan neft BakıTbilisiƏrzurum qaz kəmərləri dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.

Baş nazirin birinci müavini Yaqub Eyyubov çıxışında həmçinin son illər təhsil, səhiyyə, idman sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, əldə edilən uğurlu nəticələrdən, mədəniyyət obyektlərinin yenidən qurulmasından ətraflı danışmış, hökumətin qarşısında duran vəzifələrdən bəhs etmişdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

 Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-17 mart.-S.3.