Moskvada “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin yubileyi qeyd olunmusdur
Moskvadakı Mərkəzi Ədiblər
Evində “Ocaq” Azərbaycan Mədəniyyəti
Cəmiyyətinin 20 illik
yubileyi qeyd olunmuşdur. 1988-ci il dekabrın
22-də Azərbaycanın Moskvadakı
Daimi Nümayəndəliyində
keçirilən təsis
yığıncağında “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin
yaradılması barədə
qərar qəbul edilmişdi.
Cəmiyyətin sədri, Ümumrusiya
Azərbaycan Konqresi rəyasət heyətinin üzvü, professor Tofiq Məlikli demişdir ki, Azərbaycanın milli-mədəni cəmiyyətinin
yaradılması ideyası
ilk dəfə ötən
əsrin 60-cı illərində
yaranmışdı. Moskvadakı
ali məktəblərdə
və elmi tədqiqat institutlarında
təhsil alan bir neçə aspirant belə bir məsələ
üzərində düşünmüşdülər:
nə üçün
macar, polyak, bolqar və başqa tələbə və aspirantların həmyerlilər birliyi var və buna
bənzər azərbaycanlılar
birliyi isə yoxdur. Ötən əsrin 80-ci illərinin axırlarında Moskvada yaşayan 22 min azərbaycanlı
öz mədəniyyəti
ilə təmasda olmaq, ana dilini,
tarixini öyrənmək,
milli mənafelərini
müdafiə etmək
imkanından məhrum
idi. “Ocaq”
Ukraynanın “Flavutiç”i
və yəhudilərin
“Şalom”u ilə yanaşı, qeydə alınmış ilk üç
təşkilatdan biri oldu. Sovet dövründə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 70
illiyi qeyd edildi ki, bu
da həm Moskvada, həm Azərbaycanda böyük
əks-səda doğurdu.
“Ocaq” fəaliyyət göstərdiyi 20 il ərzində daim həmin mövzuya həsr olunmuş konfranslar, dəyirmi masalar, habelə Azərbaycanın tarixinə
dair silsilə mühazirələr, Azərbaycan
dili kursları, bazar günü məktəbi təşkil
etmişdir. Məktəbdə Azərbaycanın əməkdar mədəniyyət
işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir.
“Ocaq” cəmiyyəti
1997-ci ildə Moskvanın
Təhsil Departamentinin
köməyi ilə Azərbaycan etnomədəni
ünsürlü məktəb
(157 nömrəli orta
məktəb) açmışdır. “Ocaq” cəmiyyəti Moskvada yeni ənənələrin
beşiyi başında
dayanmışdır.
Cəmiyyətin yaranmasından 3 ay sonra –
1989-cu ilin martında
ilk dəfə rəsmən
milli bayramımız Novruz qeyd edilmişdir. “Ocaq”dan sonra Novruzu öz bayramı hesab edən digər milli-mədəni birliklər
də onu qeyd etməyə başladılar. Azərbaycan mədəniyyəti
cəmiyyətinin yaradılması
barədə videoçarxın
nümayişindən sonra
səfirliyin humanitar məsələlər üzrə
müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun
təbrik məktubunu oxumuşdur.
Moskva merinin müavini və Şəhər Regionlararası Əlaqələr
Milli Siyasət Komitəsinin sədri adından onun müavini V.Nujdin, Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova, Moskva Millətlər Evinin direktoru Pyotr Lempard, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin
departament rəisi Şakir Səlimov,
ÜAK-ın icraçı
direktoru Eldar Quliyev, Avropa Azərbaycanlıları Konqresinin
prezidenti Natiq Ağamirov, 157 nömrəli
Azərbaycan etnomədəni
ünsürlü məktəbin
direktoru Aida Quliyeva və başqaları təbriklərə qoşulmuşlar.
Sonda cazmen Vaqif Sadıxovun,
müğənnilər Sərxan
Sərxan və Əbdül Xaliqin, tarzən Qorxmaz Axundovun, Parisdə yaşayan Azərbaycan pianoçusu Renara Axundovanın,
157 nömrəli məktəbin
rəqs kollektivinin, eşitmə imkanları məhdud olan uşaqlardan ibarət “Buta” ansamblının və başqalarının
iştirakı ilə
konsert olmuş, tamaşaçılara teatrlaşdırılmış
səhnəciklər təqdim
edilmişdir.
Asya HACIZADƏ
Xalq qəzeti.-2009.-17 mart.-S.6.