Bu gün
Bakıda Beynəlxalq
Muğam Festivalı açılır
Tədbir Heydər Əliyev
Fondunun dəstəyi və himayəsi altında keçirilir
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix Muzeyində “Muğam aləmi”
Beynəlxalq Muğam Festivalı ilə bağlı mətbuat
konfransı keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov,
Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə,
AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı
və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva
iştirak edirdilər.
Festivalla bağlı ətraflı
məlumat verən Misir Mərdanov bildirdi ki, Bakıda
keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan
xalqının mühüm bayramlarından olan Novruzla eyni vaxta
təsadüf edir. Onun sözlərinə görə, Novruz
günlərində muğamla bağlı silsilə tədbirlərin
keçirilməsi nəzərdə tutulub. Bütün tədbirlər
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın dəstəyi və himayəsi
altında keçirilir. Natiq dedi: “Son illərdə Heydər Əliyev
Fondu Azərbaycan xalq sənətinin, milli
muğamlarımızın təbliği işinə çox
böyük dəstək verib. Heydər Əliyev Fondunun dəstəyi
ilə ölkəmizdə təkcə muğam, musiqi, incəsənət
deyil, bütövlükdə təhsil, mədəniyyət,
elm, səhiyyə sahələrində yüksək
inkişafa nail olunub. Mənim xeyli yaşım var və xeyli
vaxtdır ki, nazir vəzifəsində
çalışıram, amma heç vaxt görməmişəm
və eşitməmişəm ki, muğamla bağlı elmi
simpozium keçirilsin, muğam bu qədər geniş tədqiqat
obyektinə çevrilsin. Biz artıq muğam sahəsindəki
tədqiqatçıların beynəlxalq simpoziumunu Azərbaycanda
keçiririk. Simpozium üç gün davam edəcək. Bütün
bunlar Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti
Mehriban xanım Əliyevanın dəstəyi sayəsində
mümkün olub. Simpoziumda Azərbaycan Milli Elmlər
Akademiyasının, universitetlərimizin alimləri ilə
yanaşı, dünyanın çoxsaylı ölkələrindən
gəlmiş muğam tədqiqatçıları iştirak
edəcəklər. Tədbirlərə YUNESKO-nun baş
direktoru, Azərbaycanın dostu Kouşiro Matsuura da
qoşulacaq. Eyni zamanda, gözlənilir ki, bizim Novruz
bayramı YUNESKO-nun siyahısına düşəcək”.
Təhsil nazirinin dediyinə
görə, tədbirlərdə dünyanın onlarla ölkəsindən
tanınmış alimlər, incəsənət, mədəniyyət
xadimləri iştirak edəcək, onlar həm ölkədə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən islahatlarla, xüsusən mədəniyyət,
incəsənət, memarlıq abidələrimiz, onların bərpası
ilə bağlı görülmüş və görülməkdə
olan işlərlə tanış olacaq, həm də Azərbaycanda
çox qədim zamanlardan keçirilən Novruz
bayramının özəlliklərini görəcəklər.
“Muğam aləmi” Beynəlxalq
Muğam Festivalı haqqında ətraflı məlumat verən
Firəngiz Əlizadə qeyd etdi ki, bu geniş tədbir 18-25
martda keçiriləcək. Festifal çərçivəsində
Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi
və festival konsertləri silsiləsi təşkil olunacaq. Azərbaycanda
mart ayının əvvəllərində birinci respublika
muğam müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri
Təyyar Bayramov (birinci yer), Vəfa Orucova (ikinci yer), Babək
Niftəliyev (üçüncü yer) və diplomantlar Arzu Əliyeva,
Səbuhi İbayev Beynəlxalq Muğam Müsabiqəsində
ölkəmizi təmsil edəcək, Bakıya dünyanın
hər yerindən, o cümlədən Avropa ölkələrindən
gəlmiş məşhur muğam tədqiqatçılarına
Azərbaycan milli muğam xəzinəsinin nadir incilərini təqdim
edəcəklər. Onun sözlərinə görə,
”Muğam aləmi” Beynəlxalq Muğam Müsabiqəsi
martın 22-dən 24-dək Kukla Teatrında keçiriləcək.
Müsabiqədə İran, Suriya, İraq, Mərakeş,
Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və
Almaniyadan 67 iştirakçı qatılacaq. Müsabiqədə
bir Qran-Pri (20 min avro) və üç mükafat (15 min, 10 min
və 5 min avro) var. Festival günlərində 10 ölkədən
- İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin,
Hindistan, Misir, Özbəkistan və Azərbaycandan
musiqiçilər çıxış edəcəklər. Konsertlər
martın 21-25-də 5 gün ərzində Beynəlxalq
Muğam Mərkəzində keçiriləcək. Konsertlərdə
Azərbaycan muğam ifaçılarının ifasında 7 əsas
Azərbaycan muğamı səslənəcək. Muğamları
Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova,
Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə
Hüseynova, Zabit Nəbizadə ifa edəcəklər. Eyni
zamanda, festival çərçivəsində Azərbaycan
Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə
Fikrət Əmirovun “Şur”, ”Kürd ovşarı”,
“Gülüstan Bayatı-Şiraz”, Niyazinin ”Rast” simfonik muğamları,
Aqşin Əlizadənin “Muğamvari” simfoniyası, Nazim Əliverdibəyovun
”Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirovun
“Füzuli” kantatası səslənəcək. Azərbaycan
Dövlət Simfonik Orkestrinə konsertlərdə Silvio Serqio
Barbato (İtaliya) və Fəxrəddin Kərimov (Azərbaycan)
dirijorluq edəcəklər. Azərbaycan Dövlət Opera və
Balet Teatrında Azərbaycan bəstəkarlarının
muğam operaları - Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun”
və Z.Hacıbəyovun “Aşıq Qərib” operaları
nümayiş etdiriləcək. Festival günlərdə Caz Mərkəzində
etno-caz musiqisi axşamları təşkil olunacaq. Burada
İsfar Sarabski, Emil Məmmədov, Salman Qəmbərov və
”Bakustik-caz” qrupu çıxış edəcək. Azərbaycan
Dövlət Muğam Teatrında “Azərbaycan
muğamının dostları ilə görüş” adlı
tədbirdə Bəstəkarlar İttifaqının üzvləri,
xarici ölkələrdən gəlmiş musiqiçilər
iştirak edəcəklər. Festivalın
açılılış mərasimi martın 20-də Beynəlxalq
Muğam Mərkəzində, bağlanış mərasimi isə
martın 25-də Heydər Əliyev Sarayında keçiriləcək.
Firəngiz Əlizadə
onu da bildirdi ki, keçiriləcək simpoziumda
etnomusiqişünaslıq elminin məşhur simalarından
Nyu-York Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam,
Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen,
Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi
üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van
Zanten, fransalı professor Jan Dyurinq, Berlindən Humbolt
Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri
professoru Hiromi Lüter Sakata, Özbəkistandan Rövşən
Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova,
Düşənbədən “Akademiya makoma”nın direktoru
Abduvali Abduraşitov və başqaları iştirak edəcəklər.
Bölmələrin iclaslarında Azərbaycan, İran,
Türkiyə, Pakistan, Hindistan, Tunis, Özbəkistan və
Taciksitanın musiqi mədəniyyətinə həsr
olunmuş məruzələr də dinləniləcək. Ayrı-ayrı
tədbirlədrdə BBC radiosunun ”Dünya yolları” (“Word
Routes”) populyar musiqi proqramının aparıcıları,
tanınmış musiqi xadimləri professor Lyusi Düran və
Ceyms Parkin, ”Pan Rekords” kompaniyasının sahibi Bernard Kleykami,
Şərq və Asiya musiqisinin Böyük Britaniyada və
bütün dünyada yorulmaz təbliğçisi, “Azian
Serkyüt” kimi nəhəng kompaniyanın meneceri Viram Casani və
başqaları iştirak edəcəklər. Beynəlxalq
Muğam Festivalı və Müsabiqəsi kimi bu simpozium da Azərbaycan
muğamının inkişafına və bütün
dünyada populyarlaşmasına, dünyanın müasir musiqi
müstəvisində özünəməxsus əhəmiyyətli
yer tutmasına geniş imkanlar yaradacaq.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2009.- 18 mart.- S. 2.