Mehriban
ƏLİYEVA: İnsan heç vaxt ləyaqətini itirməməlidir
İTAR-TASS-ın
Moskvada çıxan həftəlik “Exo planetı”
jurnalının 11-ci nömrəsində Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva ilə müsahibə dərc
olunmuşdur. AzərTAc həmin müsahibənin mətnini
oxuculara təqdim edir.
Bu qadın çox
ağıllı, çox gözəl olmaqla bərabər hər
bir işdə nəticə əldə etməyi bacarır. O,
sözün həqiqi mənasında öz ölkəsinin
Birinci xanımıdır.
Azərbaycan Prezidentinin
xanımı Mehriban Əliyeva həyatda hər şeyə
nail olmuşdur - üç övlad böyütmüş, ərinə
arxa və kömək olmuş, öz xalqının rifahı
naminə çoxsaylı ictimai vəzifələri yerinə
yetirmişdir.
Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ölkənin sosial inkişafının
ən mühüm vasitələrindən birinə
çevrilmişdir. Bu qadının sayəsində Azərbaycan
dünyada bədii gimnastika mərkəzlərindən birinə
çevrilmişdir. O, yeganə qadındır ki, həm
YUNESKO-nun, həm də İSESKO-nun (İslam Ölkələrinin
Təhsil, Elm və Mədəniyyət Təşkilatının)
xoşməramlı səfiridir.
Nəhayət, o, sevimli
həyat yoldaşı və anadır. Bəs xanım Əliyeva
bütün bunlara necə nail olur? Bu gün biz “Exo planetı”
jurnalının oxucularına Mehriban xanımdan
aldığımız məxsusi müsahibədə bu barədə
söhbət açmağa çalışacağıq.
-Son vaxtlar “Birinci
xanım” anlayışının özü müəyyən
informasiya brendinə çevrilmişdir. Dünya Ağ evin
yeni sahibəsi Mişel Obama haqqında informasiyanı
xüsusi maraqla izləyir, Karla Bruninin nə ilə
maraqlandığını müzakirə edir, Hillari Klinton isə
uğurla sübut edir ki, dövlət
başçısının xanımı özü də
ali dövlət vəzifəsinə iddia edə bilər. Siz
necə hesab edirsiniz, birinci ledi öz əri ilə
yanaşı hansı funksiyaları yerinə yetirməlidir? Şərq
ənənələrinin zəngin olduğu Azərbaycan kimi
ölkədə bu ictimai vəzifə ilə əlaqədar
yükü daşımaq nə dərəcədə çətindir?
-Mən deməzdim ki,
sizin dediyiniz bu brendə diqqətin artması hansısa
ümumdünya prosesləri ilə bağlıdır. Hesab
edirəm ki, cəmiyyət həmişə birinci lediləri
diqqətlə izləmişdir.
Nisbətən yaxın
vaxtlarda çoxlu gənc dövlətlərin
yarandığı keçmiş SSRİ məkanında bu, bəlkə
də bir yenilikdir.
Bu məsələdə
hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri
rol oynayır. Elə cəmiyyətlər var ki, ənənəvi
olaraq orada dövlət başçısının
xanımı ictimai həyatda mühüm rol oynayır. Elə
cəmiyyətlər də var ki, orada əksinə, ənənəyə
görə belə hallar qəbul edilməmişdir və bu cəmiyyətlərdə
birinci xanımlar fəal ictimai həyatda bir növ “kadr
arxasında” qalırlar.
Diplomatik və siyasi
protokolun formalaşmış qaydaları da güclü təsirini
göstərir. Məsələn, yaranmış ənənələrə
görə, hətta dövlət
başçısının rəsmi dövlət səfərləri
zamanı da Birinci xanımın səfər proqramı, adətən,
o qədər də geniş olmur.
Mənim fikrimcə, bu məsələ
hər bir halda subyektiv şəkildə həll edilir. O,
ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir.
Əgər belə
qadın ictimai həyatda özü üçün fəal
rol seçərsə, bir qayda olaraq, onun mühüm humanitar
layihələrdə iştirakından söhbət gedir.
Bu yük nə dərəcədə
ağırdır? Hər şey bu və ya digər insanın
öz vəzifələrinə nə dərəcədə
ciddi yanaşmasından asılıdır. Aydın şəkildə
dərk etmək lazımdır ki, müəyyən anda sən
fərdi şəxsdən ictimai şəxsiyyətə
çevrilirsən. Sən artıq təkcə
özünü və ya öz ailəni yox, öz ölkəni
təmsil edirsən. Bu barədə özünə hesabat verməli,
sözlərində, qərarlarında, hərəkətlərində
daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli
yükdür.
Dövlət
başçısının xanımı kimi mənim
üçün həmişə ən vacibi o olmuşdur ki,
mən öz ölkəm üçün nə edə bilərəm.
Axı, mənim bu gün məşğul olduğum ictimai fəaliyyət
beş il bundan əvvəl, ərim Azərbaycanın Prezidenti
olan vaxtdan başlamamışdır. Sadəcə olaraq, indi həmin
fəaliyyət mətbuatda daha tez-tez
işıqlandırılır.
Mən Heydər Əliyev
Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas almış,
yeni səviyyəyə çıxmışdır. Bu fondun əsas
iş istiqaməti ən müxtəlif istiqamətlərdə
humanitar fəaliyyətdir. Buraya valideyn himayəsindən məhrum
olan uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin
abadlaşdırılması və maddi bazasının
yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə
və mədəniyyət sahələrində geniş
proqramlar nəzərdə tutmuşuq və həyata
keçiririk. Təbii ki, mən bütün bu layihələrlə
əvvəllər də məşğul olurdum. Lakin Birinci
xanım statusu və fondda işləməyim bu fəaliyyəti
sistemləşdirməyə, layihələrin miqyasını
genişləndirməyə, onların həyata keçirilməsinə
əlavə resurslar cəlb etməyə imkan vermişdir.
Bir daha vurğulamaq istəyirəm
ki, mən Azərbaycan xalqının rifahına xidmət edən
bu cür humanitar proqramların səmərəsini artırmaq
üçün bütün mövcud imkanlardan istifadə etməyi
özümə borc bilirəm.
-Sizin ictimai vəzifələriniz
arasında YUNESKO-nun xoşməramlı səfiri və
İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (İSESKO) xoşməramlı səfiri
kimi fəxri missiyalar var. Bu, beynəlxalq ictimaiyyət tərəfindən
göstərilmiş nadir etimaddır. YUNESKO-nun xoşməramlı
səfirlərinin sayı 40 nəfərdən çox deyil. İSESKO-nun
xoşməramlı səfirləri arasında yeganə
qadın sizsiniz. Siz bu fəaliyyətdə nəyi
özünüz üçün əsas hesab edirsiniz?
-Əlbəttə, bu
cür nüfuzlu beynəlxalq təşkilatların səfiri
olmaq çox şərəfli və məsuliyyətli
missiyadır.
Həm YUNESKO, həm də
İSESKO qeyri-siyasi təsisatlardır, bu, onların nizamnamələrində
yazılmışdır. Ona görə də mənim hər
iki təşkilatda fəaliyyətimin əsas tərkib hissəsi
elə həmin humanitar layihələrdir. Bu fəaliyyət mənim
ölkə daxilində görməyə
çalışdığım işlərə çox
yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən
orada öz ölkəmi təmsil edə bilərəm. Bu,
müasir Azərbaycanı, onun çox dərin tarixi və mədəni
köklərə malik olan xalqını göstərmək,
bizim incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini
bütün dünyaya çatdırmaq imkanıdır.
Azərbaycan müasir
dünyəvi, müsəlman dövlətidir. Son dərəcə
tolerantlığı ilə seçilən bu dövlətdə
müxtəlif dinlərin nümayəndələri birlikdə
rahat yaşayır, burada dini və ya etnik zəmində
problemlər yaranmır.
Müasir dünyada belə
ölkənin nümunəsi çox vacibdir. İndiki
dövrdə Qərb-Şərq dialoqunun əhəmiyyəti
son dərəcə aktualdır. Buna görə də xoşməramlı
səfir kimi mənim vəzifəm elm, mədəniyyət, təhsil
vasitəsilə islam dünyasının malik olduğu
imkanları göstərməkdir.
Göstərməliyik
ki, biz, yəni Qərb və Şərq, müxtəlif
sivilizasiyalar kimi bir-birimiz üçün nə dərəcədə
maraqlı və faydalı ola bilərik.
-Siz Azərbaycan Gimnastika
Federasiyasının prezidentisiniz. Bu işdə sizi cəlb edən
nədir?
-Mən 2002-ci ildən
Azərbaycan Gimnastika Federasiyasının prezidentiyəm. Federasiyaya
rəhbərlik etməyə razılıq verəndə
tamamilə aydın və kifayət qədər praqmatik bir məqsədim
vardı - gimnastikanı ölkəmizdə perspektivli və
populyar idman növünə çevirmək.
İdmanın bu
növü bizim respublikada ənənəvi olaraq populyar
növ deyildi. Azərbaycanlılar həmişə idmanın
güləş, boks və digər təkbətək
mübarizə növlərini sevmişlər. Son illərdə
komanda idman növləri fəal inkişaf etməyə
başlamışdır.
Çoxları
gimnastikanı, o cümlədən bədii gimnastikanı
perspektivsiz idman növü hesab edirdi. Qızları bu idman
bölmələrinə buraxmırdılar, çünki beynəlxalq
yarışlarda nəinki qalib gəlməyə, heç
iştirak etməyə də ümid yox idi. Halbuki bu,
idmanın ən gözəl növlərindən biridir. Biz ən
birinci həmfikir məşqçilər və
inzibatçılar komandası yaratmaqdan başladıq. Həqiqətən,
nəticə əldə etmək əzmində olan
insanları topladıq.
Mən insanlarda peşəkarlığı
çox yüksək qiymətləndirirəm. Bu iş mənim
üçün yeni olduğuna görə, kömək
üçün bu sahədə aparıcı mütəxəssis
olan İrina Aleksandrovna Vinerə müraciət etdik. O,
görkəmli məşqci və parlaq şəxsiyyətdir
və idman dili ilə desək, startda İrina Aleksandrovna bizə
çox kömək etdi.
2003-cü ildən etibarən
biz Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ
yarışlarını keçirməyə başladıq. Bunun
sayəsində 2005-ci ildə bizim ölkədə ilk dəfə
dünya çempionatını, 2007-ci ildə isə ilk Avropa
birinciliyini keçirmək hüququ əldə etdik. O vaxt
bizim gimnast Aliyə Qarayeva Azərbaycan tarixində ilk dəfə
Avropa yarışlarında qızıl medal qazandı.
Sonra, yenə Azərbaycan
tarixində ilk dəfə olaraq, biz Afina Olimpiadasında
iştirak etmək üçün lisenziya aldıq. Pekində
isə bizim idmançı qızlar gimnastikanın həmişə
çox güclü olduğu İtaliya və Bolqarıstan
kimi ölkələrin komandalarını geridə qoydular.
Yeri gəlmişkən
deyim ki, bu il may ayında bizim paytaxtda yenə bədii gimnastika
üzrə Avropa çempionatı keçiriləcəkdir.
Mənim fikrimcə,
bütün bunlar onu göstərir ki, səylər birləşdirildikdə,
istək və təbii ki, dövlətin dəstəyi olduqda
arzu edilən nəticələrə nail olmaq
mümkündür. Ən başlıcası isə odur ki,
idmanın bu növü ilə məşğul olmaq istəyən
qızların gimnastika bölmələrinə kütləvi
axını başlamışdır. Özü də bu, təkcə
paytaxta aid deyil.
Son illərdə
respublikada 30-dan çox olimpiya idman kompleksi tikilib və
tikilir, gənclər bu komplekslərə üz tutmuşlar. Bu,
ona görədir ki, yarışlarda nəinki iştirak etmək,
həm də qalib gəlmək, tanınmış
idmançılara çevrilmək perspektivi
yaranmışdır.
-Müasir Azərbaycanda
qadının ictimai fəaliyyətdə, peşə sahəsində
fəal rol oynamaqla yanaşı, həyat yoldaşı və
ana, ailə ocağının qoruyucusu kimi ənənəvi
rolunu saxlaması çətindirmi?
-Bu problem var, lakin bizim
respublikada heç vaxt kəskin problem olmamışdır. Bu
gün Azərbaycan qadını həqiqətən cəmiyyətin
tam hüquqlu üzvüdür. O, ictimai həyatda kişilərlə
bərabər iştirak edir və bunun üçün hər
cür imkan vardır.
Kişilərlə bu rəqabət
mübarizəsində qadınlar daha çox iştirak etmək
arzusuna görə, öz lider keyfiyyətlərinə görə
geri qalırlar. Lakin bu, hələlik belədir. Biz bu vəziyyəti
dəyişmək üçün qızlarımızda
sözün həqiqi mənasında məktəb
partasından başlayaraq özünə, öz qüvvəsinə
inam hissi tərbiyə etməli, peşə fəaliyyətində
və ictimai həyatda kişilərlə rəqabət aparmaq
üçün malik olduqları perspektivləri onlara göstərməliyik.
-Yəqin ki, siz şəxsi
nümunənizlə də qadınları daha fəal həyat
mövqeyi tutmağa istiqamətləndirirsiniz?
-İstərdim ki, bunu məhz
belə qəbul etsinlər.
-Siz Azərbaycanda çox
böyük hörmət bəslənilən bir nəsildən
çıxmısınız. Öz ailənizin ənənələrinə
münasibətiniz necədir?
-Mən elə bir ailədə
doğulub böyümüşəm ki, orada qohumluq əlaqələri
və ailə dəyərləri sarsılmaz olub və indi də
belədir. Mənim babam Mir Cəlal Paşayevin ailəsi, o
biri babam Nəsir İmanquliyevin ailəsi – bunlar hər ikisi Azərbaycanda
yaxşı tanınmışdır, hər iki ailə elmdə,
ədəbiyyatda, jurnalistikada, habelə ölkənin ictimai həyatında
iz qoymuşdur.
Belə bir ailədə
doğulmaq mənim üçün xoşbəxtlikdir. Mən
hələ uşaq yaşlarımdan gördüyüm ənənələri
heç vaxt unutmuram.
Hər hansı mühüm
hadisələr - ad günləri, yubileylər, böyüklərin
peşə uğurları, növbəti elmi adlar alması
bütün ailənin iştirakı ilə qeyd edilirdi.
Bütün nəsillərin nümayəndələri bir yerə
toplaşırdı. Maraqlıdır ki, bu ailə mühitində
heç birimiz darıxmırdıq.
Yaşlılar qəribə,
çox demokratik bir ab-hava yaradırdılar, lakin bunun
onların nüfuzuna təsiri yox idi.
Bunun nə qədər
müdrik və biz gənclər üçün nə qədər
vacib olmasını indi başa düşürəm. Deyə
bilərəm ki, biz uşaqlar üçün belə hadisələr
ilk həyat universitetləri idi. Onlar bizi çox nəzakətli
formada və məcburiyyətə əsla əl atmadan yetkin həyata
hazırlayırdılar.
Biz öz milli köklərimizi
və ənənələrimizi dərk edir, insanlarla
ünsiyyətdə olmağı öyrənirdik, nəyin həqiqi,
nəyin illüziya olmasını bizə izah edirdilər. Ailədə
başa düşməyə başlamışdıq ki, vicdanlı,
namuslu olmaq həmişə fayda gətirəcəkdir. Bizə
yaxşı zövq aşılayırdılar, başa
salırdılar ki, mənəviyyat həmişə hər
şeydən qiymətlidir.
Bizə dəqiq və
düzgün həyat yolları göstərirdilər.
Yaşlı həyatımızın bütün təməli
məhz o vaxt, uşaqlıq dövründə, bu ailə
mühitində qoyulmuşdu. Bütün bunlar bizim ailənin
yaşlı nəslinin çox böyük xidmətidir.
Təəssüf ki, nənələrim
və babalarım dünyasını dəyişmişlər.
Onlar həyatdan gedəndə bütöv bir epoxa da onlarla
birlikdə gedir. Lakin atam bu ailə ənənələrini əziz
tutur, indiyə qədər də bütün ailə, bu ailənin
bütün nəsilləri onun başına toplaşır və
bu mühitdə hamı özünü yaxşı hiss edir.
Ümid edirəm ki, bu ənənə qorunub saxlanacaqdır.
Bilirsinizmi, ümumiyyətlə,
həyatda mənim bəxtim çox gətirib. Ərə
gedib Əliyevlər ailəsinin üzvü olandan sonra mən
iyirmi il Heydər Əliyev kimi bir insanın yanında
yaşamışam. Ailəmiz həmişə bir yerdə
olmuşdur. Biz çətin illərində də, xoşbəxt
anlarında da onun yanında olmuşuq.
Heydər Əliyev çox
sadə bir azərbaycanlı ailəsindən
çıxmışdı. O, özünün tamamilə
fenomenal qabiliyyətləri, sarsılmaz iradəsi, Azərbaycana
və Azərbaycan xalqına hədsiz sevgisi sayəsində həqiqətən
əsl ümummilli lider olmuşdur. Bu insan qalib kimi
yaşamış və dünyadan qalib kimi getmişdir.
Adamların böyük əksəriyyətindən fərqli
olaraq, biz onu təkcə siyasi xadim, dövlət rəhbəri
rolunda deyil, həm də adi insan, ailə
başçısı, övladlarını sevən ata və
baba kimi görmüşük. Mən taleyimə minnətdaram
ki, belə bir imkanım olmuşdur. Bu insanla ünsiyyət mənim
üçün qeyri-adi bir həyat məktəbi olmuşdur.
Ümid edirəm ki, ondan nə isə öyrənə
bilmişəm.
Mənə son dərəcə
ağırdır ki, o, nəticələrinin dünyaya gəlməsini
görmədi.
-Bu yaxınlarda
qızınız Leylanın əkiz oğlanlarının
olması yəqin ki, ailənizin həyatında böyük
bir hadisəyə çevrilmişdir?
-Leylanın və əri
Eminin iki gözəl oğlunun olması mənim
üçün çox böyük sevincdir. İlk növbədə
ona görə ki, bu, mənim qızımın xoşbəxtliyidir.
Leyla və Emin bir-birinə
çox gözəl yaraşırlar. Özü də təkcə
zahirən yox, - hər ikisi gözəldir, - həm də daxilən
yaraşırlar və bu, daha vacibdir. Onlar əvvəlcə
iki nəfər idi, indi isə dörd nəfərdirlər - əməlli-başlı
ailədir.
Mən bu uşaqların
doğulmasına həm də ona görə sevinirəm ki,
atam ömründə ilk dəfə ulu baba olmuşdur. Bir daha
təkrar edirəm, çox təəssüflənirəm ki,
Heydər Əliyev bu günü görmədi. Lakin
inanıram ki, o da hansı şəkildəsə bizim bu
sevincimizi bölüşür.
Siz hədiyyə
almağı, yoxsa hədiyyə etməyi çox
xoşlayırsınız? Yaxın adamlarınız
üçün hansı hədiyyələri və necə
seçirsiniz?
-Adətən, bu suala
hamı belə cavab verir ki, onlar hədiyyə almağı
yox, özləri hədiyyə verməyi xoşlayırlar. Mən
bu cür cavabların səmimiliyinə inanıram,
çünki özüm də beləyəm. Hədiyyə
vermək mənə hədiyyə almaqdan daha çox sevinc bəxş
edir. Xüsusən də o adamın ürəyindən
keçəni hiss edəndə və həqiqətən onun
arzuladığı hədiyyəni verəndə.
Qəribə də olsa,
oğlum üçün hədiyyə seçmək hər
şeydən çətin olur. O, lap balaca olanda hansı
oyuncaqları xoşladığını və
hansıları xoşlamadığını dəqiq bilirdim.
İndi onun 11 yaşı var, zövqü dəyişib və
bəzən mən çətin vəziyyətə
düşürəm.
Ərim üçün hədiyyə
seçmək də asan deyil. O, çox təvazökar
adamdır, adətən, yalnız məişətdə zəruri
olan şeylərdən istifadə edir.
Yadımdadır, ərimin 45
yaşı tamam olanda ona nə bağışlamaq barədə
uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda
uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil
üçün çərçivə sifariş etdik və
bu sözləri yazdırdıq: “Biz səni çox sevirik”.
Bu, onu çox mütəəssir
etmişdi, çox razı qalmışdı və bizim həmin
fotoşəklimiz o vaxtdan bəri həmişə onun stolunun
üstündədir.
-Sizin həyatınızda elə
bir şey varmı ki, onu dəyişmək istərdiniz? Daha
bir sual. Nəyi özünüzün ən böyük
uğurunuz hesab edirsiniz?
-Bilirsinizmi, mən əminəm
ki, bizim həyatımız istənilən rəssam təxəyyülündən,
öz keçmişimiz və gələcəyimiz barədə
hər hansı fantaziyadan daha mürəkkəb və
çoxşaxəlidir.
Mənim həyatımda
çətin anlar da olub, əvəzolunmaz itkilər də,
son dərəcə məyus olduğum hallar da. Lakin mən
öz həyatımda nə isə dəyişmək və ya
başqa cür etmək istərdimmi? Yəqin ki, yox. Ona
görə ki, həyatın hər bir təcrübəsi
vacib və qiymətlidir. Çünki bəzən hətta
bir şeyi itirəndə də, əvəzində nə isə
qazanırsan və həyatın ən acı təcrübəsinin
özü də bir təcrübədir.
Mənim fikrimcə,
başlıca məsələ heç vaxt, heç bir şəraitdə
ləyaqətini itirməmək, öz vicdanı ilə alver etməməkdir.
İnsan özündən narazı olmayanda onun yaşaması
xeyli asan olur. Bir də, əlbəttə, xeyirxah əməllər
sahibi olmağa çalışmaq lazımdır. Ona görə
ki, ömür qısadır və daha çox xeyirxah işlər
görməyə çalışmaq lazımdır.
Bayağı səslənsə də, bu, belədir.
Nailiyyətlərə gəldikdə
isə mənim babam Mir Cəlal Paşayev görkəmli
yazıçı və alim olmuşdur. Çoxlu
kitabların, elmi əsərlərin müəllifi idi. Lakin
ölümündən bir qədər əvvəl sizin indi mənə
verdiyiniz sualı ona da verəndə demişdi: “Mənim ən
böyük nailiyyətim mənim ailəmdir”.
Mənim də cavabım belə
olacaqdır. Mən əminəm ki, həyatda əsas
uğurum üç təmiz, ləyaqətli və xeyirxah
insan tərbiyə etməyimdir. İndi, onlar artıq
böyüyüblər və mən inamla deyə bilərəm
ki, bu, belədir.
Mixail Qusman,
Elmar HÜSEYNOV
Xalq qəzeti.- 2009.- 20 mart.- S. 2.