Məmmədəli Şərifli — 100

 

Görkəmli alim, pedaqoq və elm təşkilatçısı

 

2009-cu il martın 20-də Azərbaycan tarixi elmində öz elmi əsərləri ilə dərin iz buraxmış görkəmli tarixçi-alim, şərqşünas, tarix elmləri doktoru, professor Məmmədəli Xəlil oğlu Şəriflinin anadan olmasının 100 ili tamam olur.

O, əmək fəaliyyətinin əvvəlində, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir.

1931-ci ildə Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmiş M.X.Şərifli elmə böyük maraq göstərmiş, Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanmışdır. Elmi-tədqiqat fəaliyyətinə həvəsi, tarixə ciddi marağı sonralar onun bütün həyatının əsas işinə çevrilmişdir.

1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir.

1944-cü ildə M.X.Şərifli “Azərbaycan Qazan xanın hakimiyyəti dövründə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir.

Professor M.X.Şərifli təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi. Hər dəfə söhbət zamanı onun ensiklopedik biliyi, bütün sahələrə aid geniş məlumatı bizi heyran edirdi.

40-cı illərdən başlayaraq professor M.X.Şərifli Azərbaycanda tarix elmini yaradanların sırasında olmuşdur. Onun çoxsaylı elmi tədqiqatlarında IX-XIII əsrlərdə Azərbaycan tarixinin əvvəllər az tədqiq olunmuş və ya qətiyyən tədqiq olunmamış məsələləri işıqlandırılmışdır.

Professor M.X.Şərifli Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunu yaradanlardan biri olmuşdur. Onun portreti bu gün də institutda digər direktorların portretləri arasında asılmışdır. 1941-ci ildən başlayaraq Elmlər Akademiyasında bütün məhsuldar fəaliyyəti dövründə o, dəfələrlə rəhbər vəzifələrə təyin edilmiş, 1943-1952-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun əvvəlcə direktor müavini, sonra isə direktoru vəzifələrində çalışmışdır.

1952-1969-cu illərdə professor M.X.Şərifli Tarix İnstitutunun aparıcı və perspektivli şöbələrindən biri olan “Orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmişdir. Şöbədə böyük elmi-tədqiqat işi aparılır, həmçinin yüksək ixtisaslı kadrlar – tarix elmləri namizədləri və doktorları hazırlanırdı.

Professor M.X.Şəriflinin elmi-tədqiqat fəaliyyəti onun pedaqoji, maarifçilik fəaliyyəti ilə sıx bağlı idi. 1941-1958-ci illərdə o, əvəzçilik qaydasında Azərbaycan Dövlət Universitetində, həmçinin Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan tarixindən dərs demiş və xüsusi kurslar aparmışdır.

Bolqarıstan hökumətinin dəvəti ilə professor M.X.Şərifli 1953-1954-cü illərdə Sofiya Universitetinə ezam edilmiş, orada türk dilində Azərbaycan tarixindən mühazirələr oxumuş, xüsusi kurs aparmış və səmərəli pedaqoji işinə görə Sofiya Universitetinin rektorluğu tərəfindən təşəkkür almışdır.

Professor M.X.Şərifli gözəl mühazirəçi idi, həmişə müasir biliklərin fövqündə dururdu, ilkin mənbə rolunu daşıyan faktların nəhəng kütləsi içərisində özünü sərbəst hiss edirdi. Onun mühazirələri yüksək elmi səviyyəsi ilə fərqlənirdi, məzmun və formaca qüsursuz idi, canlı və maraqlı keçirdi, mühazirələrin quruluşu və deyilişi həmişə orijinal üslubda olurdu və buna görə də böyük sayda tələbə və dinləyiciləri özünə cəlb edirdi. Tarixi biliklərin kütləviləşməsinə xidmət edən xüsusi kurslar – Azərbaycanın orta əsrlər tarixinə dair kurslar tarix elminin tədrisində ümumi tərəqqi üçün böyük əhəmiyyət kəsb edirdi.

Alovlu vətənpərvər olan professor M.X.Şərifli gənc tarixçilərin yetişməsinə böyük diqqət yetirir, öz tələbələri arasından savadlı və qabiliyyətlilərini seçir, onların işə düzəlməsinə kömək göstərirdi. O, yüksək ixtisaslı elmi və pedaqoji kadrların - Azərbaycanın orta əsrlər tarixi sahəsində mütəxəssislərin hazırlanmasında fəal iştirak edirdi. Onun bir çox yetişdirmələri hazırda elmlər doktoru və namizədidir, Elmlər Akademiyası sistemində, həmçinin respublikamızın ali məktəblərində çalışırlar.

Professor M.X.Şərifli elmi və pedaqoji fəaliyyəti ilə yanaşı ölkəmizi diplomatik sahədə də təmsil edirdi. 1945-1949-cu illərdə o, “SSRİ-nin Xarici Ölkələrlə Mədəni Əlaqələr Ümumittifaq Cəmiyyəti”nin xətti ilə İranda xüsusi ezamiyyətdə olmuş, Təbriz şəhərində Mədəniyyət Evinin direktoru işləmişdi.

1955-ci ildə professor M.X.Şərifli Moskva şəhərində şərqşünasların XXV Beynəlxalq konqresində iştirak etmiş, rus və ingilis dillərində çap edilmiş “Sacilər dövləti” mövzusunda məruzə ilə çıxış etmişdi.

40 illik elmi-tədqiqat fəaliyyəti ərzində professor M.X.Şərifli bir neçə monoqrafiya, 100-dən çox elmi əsər – məqalə, dərs vəsaiti, resenziya çap etdirmişdir. Bu əsərlərdə onun elmi maraqlarının dairəsi öz əksini tapmış, Azərbaycanın orta əsrlər tarixinin mühüm problemlərinə dair bir çox yeni müddəalar və orijinal fikirlər irəli sürülmüşdür.

 M.X.Şərifli üç cilddə buraxılmış “Azərbaycan tarixi”nin (Bakı, Azərbaycan SSR EA-nın nəşriyyatı) V, VI fəsillərinin müəllifi, II, III, VII fəsillərinin həmmüəllifidir. “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)”, “Eldəgizlər” (Azərbaycan SSR EA-nın xəbərləri, “İctimai elmlər” seriyası) kimi fundamental elmi əsərlər onun qələminin məhsuludur.

1965-ci ildə M.X.Şərifli özünün 20 illik elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq “IX əsrin ikinci yarısında-XI əsrdə Azərbaycan feodal dövlətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. IX əsrin ikinci yarısında – XI əsrdə Ərəb xilafətinə və Səlcuq imperiyasına qarşı mübarizə şəraitində Azərbaycan feodal dövlətlərinin yaranması və inkişafı problemlərinin tədqiqinə həsr olunmuş bu əsər Azərbaycan, Qafqaz, Orta Asiya və bütövlükdə Orta və Yaxın Şərq ölkələri tarixi üçün böyük əhəmiyyət kəsb edir.

M.X.Şəriflinin Azərbaycan tarixinin elmi cəhətdən ən az işlənmiş dövrlərindən birinə həsr olunan bu fundamental tədqiqat əsərində Azərbaycan feodal dövlətlərinin yaranması və inkişafı mərhələləri sistemli şəkildə araşdırılmışdır. Professor M.X.Şərifli elmə az məlum olan ərəb, fars, türk, Suriya, gürcü və müxtəlif qərb mənbələrinə, ingilis, fransız, alman, həmçinin rus dillərində olan əsərlərə, arxeoloji qazıntı materiallarına və numizmatik məlumatlara əsaslanaraq Azərbaycanın siyasi tarixini tədqiq etmiş, onun tarixi-coğrafi mövqeyini müəyyənləşdirmiş, siyasi reallıqları bərpa etmiş, Ərəb xilafətinə qarşı Azərbaycan xalqının mübarizəsi şəraitində Azərbaycan feodal dövlətlərinin – Şirvanşahların, Məzyədilərin, Sacilərin, Salarilərin, Şəddadilərin, Rəvvadilərin, həmçinin Mərənd, Naxçıvan əmirliklərinin yaranmasının və inkişafının ilkin tarixi şərtlərini tədqiq etmişdir.

Professor M.X.Şərifli öz əsərində oxucunu Azərbaycanda mövcud olmuş Rəvvadilər, Sacilər dövlətləri və Naxçıvan şahlığı kimi dövlət qurumları ilə tanış edir ki, bu barədə də sovet tarixşünaslığında o vaxtadək heç bir elmi məlumat yox idi.

IX əsrdə – X əsrin əvvəllərində Ərəb xilafətinin süqutu şəraitində feodal dövlətlərin yaranması prosesi gedirdi. Onların yaranması tarixini, Azərbaycanın iqtisadi və siyasi həyatını tədqiq edərək müəllif bu dövlətlərdən hər birinin tam xarakteristikasını verir, onların formalaşmasının daxili və xarici şərtlərini, dövlət quruluşunu, həmçinin hər birinin siyasi cəhətdən nə qədər güclü olduğunu göstərir.

Azərbaycan ərazisində əvvəllər yaranmış feodal dövlətlərindən bəziləri tarixin səhnəsindən silinmiş, digərləri bir çox əsrlər boyu mövcud olmuşdur. Məsələn, Sacilər, sonralar isə Salarilər dövlətləri Dərbənddən Marağayadək, bəzi vaxtlarda isə Həmədan və Qəzvinə qədər Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişlər. Sacilər dövləti ərəblərə qarşı azadlıq mübarizəsinə və Azərbaycan dilinin yayılmasına bilavasitə kömək etmişdir.

Tədqiq olunan dövrdə Azərbaycanın tarixi coğrafiyası üçün xəritələr müəyyən əhəmiyyət kəsb edir. M.X.Şərifli ilk dəfə olaraq Azərbaycan dövlətlərinin siyasi və etnik sərhədlərini göstərmiş, IX-XII əsrlərdə təbii sərvətləri, coğrafi vəziyyəti, şəhərləri, ticarət yollarını, iqtisadiyyatı, etnoqrafiyanı araşdırmış ərəb və fars müəlliflərinin əsərlərinin tədqiqi əsasında mürəkkəb və qarışıq bir dövr sayılan IX-XI əsrlərin siyasi tarixini yaratmışdır.

Müəllif Şirvanşah Məzyədi dövlətinin tarixini tədqiq edərək bu dövlətin coğrafi vəziyyəti, təbii şəraiti, Şirvanın resursları və əhalisi, “Şirvan” sözünün etimologiyası haqqında məlumat verir. Monoqrafiyada o vaxtadək mübahisəli olan və elmə qətiyyən məlum olmayan ayrı-ayrı şəhərlərin və qalaların yaranmasının zamanı, yeri aydınlaşdırılır və müəyyən edilir.

Azərbaycan dövlətlərində sosial-iqtisadi münasibətlərin inkişafı qonşu dövlətlərlə bilavasitə qarşılıqlı əlaqə şəraitində baş verirdi. Azərbaycan şəhərləri İran, Bizans, Gürcüstan, xəzərilər, Rus dövləti ilə ticarət aparırdı.

Professor M.X.Şərifli ölkəmizin tarixinin öyrənilməsi, işlənməsi və tədqiqi üçün çoxlu səy göstərmiş və əmək sərf etmişdir ki, bu da akademiklər Z.M.Bunyadov, Ə.Ə.Əlizadə, Ə.N.Quliyev, Z.İ.İbrahimov, D.Ə.İbrahimov, H.B.Abdullayev, M.A.İsmayılov və başqaları tərəfindən verilmiş çoxsaylı rəy və resenziyalarda öz əksini tapmışdır. Müasirləri M.X.Şəriflini “Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində pionerlərdən biri” hesab edirdilər.
Professor M.X.Şərifli ömrünün sonunadək tarixçi-şərqşünas, Azərbaycanın orta əsrlər tarixinin tədqiqatçısı olaraq qaldı. O, fars, ərəb, rus və türk dillərini sərbəst bilirdi. Kembric Universitetinin professoru V.F.Minorski ilə elmi yazışma aparırdı.

M.X.Şəriflinin tədqiqatları özünün təhlil dərinliyi, konseptuallığı, analitikliyi, çoxsaylı ilkin mənbələrə tənqidi yanaşma ustalığı ilə fərqlənir. Onun bütün əsərləri mütərəqqi ideyalarla zəngindir. M.X.Şəriflinin əsərləri tarixçi mütəxəssislərin elmi cəhətdən formalaşmasında mühüm rol oynamışdır. Bu əsərlər bu gün də tədqiqatçılar, pedaqoqlar və tələbələr üçün əvəzolunmaz vəsaitdir.

Bu gün Azərbaycan tarixinin yeni konsepsiyasının həqiqiliyinin və ümumbəşəri dəyərlərinin dərk olunmasının, qiymətləndirilməsinin və formalaşdırılmasının fəal və çox mürəkkəb prosesinin başlandığı bir vaxtda M.X.Şəriflinin tədqiq etdiyi problemlər xüsusilə aktualdır. Bununla əlaqədar indiki müstəqillik dövründə M.X.Şəriflinin əsərləri Azərbaycan xalqının tarixi yaddaşının inkişafı üçün böyük maraq kəsb edir və olduqca dəyərlidir.

Professor M.X.Şərifli bütün ömrü boyu seçdiyi işə – ictimai elmləri inkişaf etdirmək, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək, Azərbaycanda tarixi təfəkkürü zənginləşdirmək işinə sadiq qalmışdır. Bu sahədə onun böyük və misilsiz xidmətləri vardır.

Professor M.X.Şəriflinin adı tarix elmimizdə və bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasının tarixində layiqli yer tutur və bundan sonra da tutacaqdır. Elmi və pedaqoji ictimaiyyət görkəmli tarixçi-alim, şərqşünas, tarix elmləri doktoru, professor M.X.Şəriflinin parlaq xatirəsini heç vaxt unutmayacaqdır.

Onun fundamental tədqiqat əsəri - “IX əsrin ikinci yarısında – XI əsrdə Azərbaycan feodal dövlətləri” monoqrafiyası (Bakı, “Elm” nəşriyyatı, 36 çap vərəqi, 344 səhifə) ilk dəfə 1978-ci ildə, ölümündən doqquz il sonra Azərbaycan dilində işıq üzü görmüşdü. Təəssüf ki, elmi fəaliyyətinin başlıca əsərinin nəşrini görmək müəllifin özünə qismət olmamışdı. Kitab bütün tarix ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdi. Bu günlərdə isə kitab Qafqaz Strateji Tədqiqatlar İnstitutu tərəfindən rus dilində çapdan buraxılacaqdır.

Professor M.X.Şərifli yüksək və çoxtərəfli mədəniyyətə malik insan, əsl ziyalı, prinsipial alim, özünə, aspirantlarına və tələbələrinə qarşı tələbkar müəllim idi. O, gözəl ailə başçısı, qayğıkeş və diqqətcil ata idi.

Zahirən gözəl, boy-buxunlu və yaraşıqlı olan M.X.Şərifli ilk baxışda sərt adam təsiri bağışlayırdı. Əslində isə o çox xeyirxah, məğrur, müstəqil və sözünü birbaşa deyən adam idi, yaltaqlığı və riyakarlığı gözü götürməzdi. Həyatının son illərində xəstəliyinə baxmayaraq o öz elmi fəaliyyətində böyük mənəvi gücə malik olduğunu, öz işinə qeyri-adi məhəbbətini bir daha nümayiş etdirirdi.

Professor M.X.Şərifli 1969-cu il sentyabrın 5-də vəfat etmiş və vəsiyyətinə uyğun olaraq doğma vətəni Göyçayda dəfn edilmişdir. Bakı şəhərinin küçələrindən birinə onun adı verilmiş, Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur.

 

 

Dilarə B.SEYİDZADƏ,

tarix elmləri doktoru, professor,

 

Tamara M.ŞƏRİFLİ,

filologiya elmləri doktoru,

AMEA-nın Nizami adına

Ədəbiyyat İnstitutunun

baş elmi işçisi

 

Xalq qəzeti.- 2009.- 20 mart.- S. 5.