Vətənin təhlükəsizliyini qorumaq
çox şərəfli
işdir
Milli təhlükəsizlik
orqanlarının yaranmasının 90 illik yubileyi — milli təhlükəsizlik
orqanları işçilərinin peşə bayramı
günü münasibəti ilə Yasamal rayonunda keçirilən
tədbir rayon icra hakimiyyətində ulu öndər Heydər
Əliyevin büstünün önünə əklil qoymaqla
başlandı.
Tədbiri giriş
sözü ilə Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mehdiyev açdı.
Dövlət himni səsləndirildikdən
sonra İ. Mehdiyev sözünə davam edərək dedi ki, Azərbaycanın
dövlət müstəqilliyini təmin edən,
xalqımızın təhlükəsizliyinin qorunmasında,
ölkədə ədalətin və qanunçuluğun təmin
edilməsində xüsusi yeri olan milli təhlükəsizlik
orqanlarının yaranmasının 90 ili tamam olur. Yubiley
münasibətilə milli təhlükəsizlik
orqanlarında çalışan bütün əməkdaşları
təbrik edən başçı dedi ki, Azərbaycan
xalqı zaman-zaman özünün müstəqilliyinə,
istiqlalına, təhlükəsizliyinə doğru irəliləyərək,
çətin yol keçmişdir. Bu yol çox böyük
faciələrdən keçsə də, qürur duyulacaq qədər
şərəflidir. 28 mart 1919-cu ildə Azərbaycan Demokratik
Respublikası dövründə Hərbi Nazirliyin Baş Qərargahının
kəşfiyyat və əks-kəşfiyyat bölməsi ilə
əsası qoyulan və 6 mart 1920-ci ilə qədər
mövcud olan Azərbaycan Təhlükəsizlik Orqanları
bir də 72 ildən sonra müstəqil dövlətin təhlükəsizlik
orqanı kimi fəaliyyət göstərməyə
başladı.
1991-ci il noyabrın 1-də
Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin
maddi-texniki və kadr bazası əsasında Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis
olundu. Ömrünün 25 ilini təhlükəsizlik
orqanlarında işləmiş və işlədiyi müddətdə
xalqına şərəflə, əzmkarlıqla xidmət
etmiş ulu öndərimiz Heydər Əliyevin müstəqil
Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətinin
müasir dövrün tələblərinə
uyğunlaşdırılmasında və inkişafında da
böyük və əvəzsiz xidmətləri olmuşdur. Böyük
və mənalı ömrünü xalqına, Azərbaycanın
möhkəmlənməsinə və yüksəlməsinə
həsr etmiş Heydər Əliyev daim milli təhlükəsizlik
orqanlarının fəaliyyətinə xüsusi fikir verildi. Respublika
və ittifaq rəhbərliyində
çalışdığı müddətdə belə Azərbaycanın
xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə
saxlamış, öz qayğısını bu qurumdan əsirgəməmişdir.
Ümummilli lider bütün fəaliyyəti boyu bu orqana
doğma münasibət göstərmiş, onun uğuruna
sevinmiş, problem və çətinliklərinə biganə
qalmamışdır.
İ. Mehdiyevin təklifi
ilə ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edildi. Başçı
sözünə davam edərək dedi ki, bu il mart ayının
28-də Azərbaycan milli təhlükəsizlik
orqanlarının yaranmasının 90 illik yubileyidir. Bu tarixin
milli təhlükəsizlik orqanları əməkdaşları
tərəfindən peşə bayramı kimi qeyd edilməsi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlıdır.
Ümummilli liderimiz Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm
Prezidentimiz cənab İlham Əliyev milli maraqların, Azərbaycanda
sabitliyin, dövlət müstəqilliyinin əbədiliyinin və
dönməzliyinin qorunmasında milli təhlükəsizlik
orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib.
Əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi,
iş şəraitinin yaxşılaşdırılması,
maddi-texniki bazasının möhkəmləndirilməsi, əmək
haqları və hərbi rütbəyə görə maaş
artımı və sair vacib məsələlərin həlli
ölkə başçısının göstərdiyi
xüsusi qayğının nəticəsidir.
İ.Mehdiyev rayonda
görülən işlərdə, keçirilən tədbirlərdə,
qazanılan müvəffəqiyyətlərdə Milli Təhlükəsizlik
Nazirliyinin Yasamal rayon idarəsinin əməkdaşlarının
da əməyi olduğunu diqqətə çatdırdı. Qeyd
etdi ki, idarənin rəisi Mütəllim Usubov rayonda əmin-amanlığın
qorunması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi
sahəsində yorulmadan çalışır. Fərəhli
haldır ki, milli təhlükəsizlik orqanları
işçilərinin ötən peşə bayramı ərəfəsində
MTN-nin Yasamal rayon idarəsi yeni inşa edilmiş binaya
köçərək iş şəraitlərini daha da
yaxşılaşdırmışdır. O, əminliklə
bildirdi ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları
bundan sonra da Azərbaycanın dövlət maraqlarının
qorunmasında, dövlətçiliyin, dövlət müstəqilliyinin
möhkəmləndirilməsində fəal rol oynayacaqdır.
Bu işdə milli təhlükəsizlik orqanlarının hər
bir əməkdaşına yeni-yeni uğurlar arzuladı.
Sonra
çıxış üçün söz MTN Yasamal rayon
idarəsinin rəisi Mütəllim Usubova verildi.
O dedi ki, təhlükəsizlik
bəşəriyyətin inkişafını şərtləndirən
strateji sahədir. Tarixin bütün dövrlərində təhlükəsizliyin
təminatı məsələsi aktual olmuş, cəmiyyətin
iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsinə uyğun
olaraq müəyyən təkamül yolu keçmiş,
müasir vəziyyətə çatmışdır. Təhlükəsizlik
orqanlarının tarixi ayrı-ayrı xalqların və
dövlətlərin keçdiyi tarixi inkişaf yolu ilə
sıx bağlı olduğundan bunun öyrənilməsi
olduqca vacib bir məsələdir. Bu sahənin tədqiqinin zəruriliyini
şərtləndirən amillərdən biri də
xalqların tarixinin mükəmməl və hərtərəfli
öyrənilməsi ilə bağlıdır. Problem Azərbaycan
üçün xüsusilə əhəmiyyətlidir.
Çünki sovet dövründə təhlükəsizlik
orqanlarının fəaliyyəti ictimaiyyətdən
qapalı saxlanılıb.
Natiq bildirdi ki, xüsusi
xidmət orqanları yalnız aid olduğu dövlətin və
xalqın deyil, məsələyə qlobal yanaşılarsa, bəşəriyyətin
təhlükəsizliyi üçün məsuliyyət
daşıyır. Təhlükəsizlik orqanlarında
çalışan hər bir əməkdaşla
yanaşı, cəmiyyətin hər bir üzvünün
dünyanın təhülkəsizliyinin təmin edilməsində
öz məsuliyyətini dərk etməsi və ayıq
olması zəruridir.
Bugünkü beynəlxalq
terrorizmə qarşı birgə mübarizə ehtiyacı da
bunu təsdiq edir.Təhlükəsizliyin təminatında
dövlətlərin rolu müstəsna əhəmiyyətə
malikdir. Təsadüfi deyildir ki, təhlükəsizliyin
konstitusion təminatçısı hər bir ölkədə
dövlət və onun başçısıdır. Təhlükəsizliyin
təmin edilməsinin səviyyəsi məhz dövlətin və
dövlət rəhbərinin necə təşkil etməsindən
və onun icrasına nəzarətindən asılıdır.
Dövlət ictimai həyatın müxtəlif sferaları,
komponentləri arasında əlaqə yaradır, onların fəaliyyətinin
uzlaşdırılmasına nəzarət edir, bunun nəticəsində
ölkənin kompleks xarakter daşıyan milli təhlükəsizlik
sistemi yaradılır. Məlumdur ki, təhlükəsizliyin təminat
dinamikası müəyyən təkamül yolu
keçmişdir. Təhlükəsizliyin təminatı məsələsi
bir vəzifə olaraq ilk dəfə Şərqdə
qoyulmuşdur.
Çıxışını
Azərbaycan Respublikasının milli təhlükəsizlik
orqanlarının tarixindən qısa formada bəhs etməklə
davam etdirən M. Usubov daha sonra dedi ki, Azərbaycan Xalq
Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən
sonra dövlətin və dövlətçiliyin təhlükəsizliyini
təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən
qorumaq, baş verə biləcək terror-təxribat
aksiyalarının qarşısını almaq, pozucu qüvvələri
zərərsizləşdirmək üçün müstəqil
xüsusi xidmət orqanının yaradılmasına zərurət
var idi. 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd
bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd
bəy Sulkeviçin birgə imzaladıqları əmrə əsasən
Hərbi Nazirliyin general-kvartirmeyster şöbəsinin nəzdində
kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılır.
1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyəti süquta uğrayır. Azərbaycan milli təhlükəsizlik
orqanlarının tarixində yeni dövr başlayır. Bu
dövr ərzində repressiyalar, tanınmış
ziyalılara qarşı ədalətsiz qərarların qəbul
edilməsi halları da qeyd edilməlidir.
M.Usubov bildirdi ki,
1944-cü ilin yanvar ayından ulu öndər Heydər Əliyev
təhlükəsizlik orqanlarında əməliyyat
işçisi kimi fəaliyyətə başlayır, onun qətiyyəti,
prinsipiallığı, dəmir iradəsi, fenomenal
yaddaşı, mübarizliyi, uzaqgörənliyi, müdrikliyi,
məqsədyönlülüyü, idarəçilik qabiliyyəti,
geniş dünyagörüşü, təşəbbüskarlığı,
qayğıkeşliyi, dinləmək mədəniyyəti və
bu kimi mənəvi-əxlaqi, intellektual, emosional və iradi
xüsusiyyətləri cəm halında birləşərək
onu keçmiş Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə
qədər yüksəltdi. Heydər Əliyevin gəlişi
ilə hər şeydən əvvəl, Azərbaycan SSR
DTK-nın başında səriştəli, təcrübəli
və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik
sisteminin daxili iş mexanizminə, əməliyyat heyətinin
qarşısında duran vəzifələrə dərindən
yiyələnən, ən başlıcası isə
xalqının milli maraqlarının təminatçısı
olan azərbaycanlı vətəndaş durmuşdu. Milli
kökə və yaddaşa bağlı bir şəxs kimi o,
50-ci ildən başladığı azərbaycanlılaşdırma
prosesini səlahiyyətləri çərçivəsində
daha da inkişaf etdirdi. Məhz onun səyi nəticəsində
təhlükəsizlik orqanlarında azərbaycanlı
kadrların sayı xeyli artırıldı. Ümummilli lider
istər DTK-ya, istərsə də sovet Azərbaycanına rəhbərlik
etdiyi illərdə təhlükəsizlik orqanlarına
böyük diqqət və qayğı ilə
yanaşmış və aşağıdakı mühüm
işləri görmüşdür:
— Milliləşmə
prosesinin əsası qoyuldu, təhlükəsizlik orqanları
milli kadrlarla təmin edildi.
— respublikanın
bütün sahələrində olduğu kimi, təhlükəsizlik
orqanlarında da milli kadrların xüsusi məktəblərdə
təhsil almalarına diqqət artırıldı.
— repressiyalara məruz
qalan şəxslərin reabilitasiyasına tam şərait
yaradıldı, repressiya qurbanlarının ailə üzvlərinə
olan ögey münasibət aradan qaldırıldı və
onlar işlə təmin olundu. Məhz onun səyi nəticəsində
böyük dramaturq H.Cavidin nəşi Azərbaycana gətirildi.
Bu SSRİ məkanında analoqu olmayan bir hadisə idi.
— Azərbaycanın milli
ziyalıları və dissidentlər imperiyanın növbəti
təqib və təzyiqlərindən yaxa qurtardı.
— Milli şüurun
oyanması istiqamətində əməli addımlar
atıldı.
Azərbaycan ikinci dəfə
müstəqilliyə nail olduğu ilk gündən dövlətin
təhlükəsizliyinin təşkili, xüsusi xidmət
orqanalarının yenidən qurulması, ixtisaslı
kadrların hazırlanması ilə bağlı təhsil
şəbəkəsinin yaradılması, dünya təhlükəsizlik
sisteminə inteqrasiya istiqamətində tədbirlərin həyata
keçirilməsi dövlət quruculuğunun mühüm vəzifələri
kimi qarşıda durmuşdu. Azərbaycan Respublikasının
1991-ci ildə siyasi müstəqillik əldə etməsi və
demokratik dövlət quruculuğu yoluna qədəm qoyması
bu istiqamətdə əməli addımlar atmaq
üçün geniş perspektivlər açdı. Azərbaycan
Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr
ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsi
Milli Təhlükəsizlik Nazirliyi ilə əvəz olundu. Lakin
ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi
müstəqilliyin ilk günlərindən müxtəlif
problemlərin və maneələrin aradan
qaldırılması ilə müşayiət olundu. “Müstəqillik
yolu qədər çətin yol yoxdur” — deyən ulu öndər
Heydər Əliyev eyni zamanda göstərirdi: “Əgər
respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi
mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin
həll edilməsindən söhbət gedə bilməz”.
Ümummilli liderimiz
1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra ölkədə dövlət
quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün
və siyasi gərginliyin aradan qaldırılması, Azərbaycanda
baş verən hadisələrin həqiqi demokratik müstəviyə
keçirilməsi istiqamətində mühüm tədbirlər
planı hazırlandı və həyata keçirildi. O, milli
təhlükəsizlik orqanlarının xalqın və
dövlətin maraqlarına xidmət edən çevik,
mütəşəkkil orqana çevrilməsi naminə səylə
çalışdı, bu məqsədlə bir sıra vacib fərman
və sərəncamlar imzaladı. Ümummilli liderin 23 mart
1997-ci il tarixli sərəncamı ilə Azərbaycanın təhlükəsizlik
orqanlarının peşə bayramı gününün Azərbaycan
Xalq Cümhuriyyəti dövründə ilk xüsusi xidmət
orqanımızın yaradıldığı gündən —
1919-cu il 28 mart tarixindən götürülməsi də Azərbaycan
rəsmilərinin irs-varis əlaqələrinə sədaqətinin
ifadəsi idi.
Mütəllim müəllim
sözünə davam edərək dedi ki, ulu öndərimiz
müstəqillik illərində də təhlükəsizlik
orqanları üçün peşəkar milli kadrların
hazırlanması məsələsinə xüsusi diqqətlə
yanaşmış, 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam
imzalamışdır. Bununla da Azərbaycanda ilk dəfə
olaraq xüsusi xidmət orqanları üçün milli
kadrların hazırlanması işinin təməli
qoyulmuşdur. Hazırda ulu öndərimiz Heydər Əliyevin
adını daşıyan Akademiya Milli Təhlükəsizlik
Nazirliyi orqanları üçün kadrların
ixtisaslarının artırılmasını, yüksək
ixtisaslı xüsusi təhsilli mütəxəssislərin
hazırlanmasını həyata keçirən ali hərbi təhsil
müəssisəsidir. Böyük tarixi şəxsiyyət
Heydər Əliyevin yeritdiyi siyasətlə müstəqilliyini
əzmlə möhkəmləndirən, demokratik prinsiplərə
əsaslanaraq sivil, hüquqi dövlət quruculuğu yolunda
inamlı addımlar atan Azərbaycan Respublikası bu gün
öz dövlətçilik ənənələrini daha da
inkişaf etdirərək etibarlı gələcəyi
üçün sarsılmaz təməl yaradır. Bu sahədə
üzərinə mühüm vəzifələr düşən
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan xalqının
ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin
qorunub saxlanılmasında, daha da möhkəmləndirilməsində
milli liderimiz olan Heydər Əliyevin ən yaxın köməkçiləri
sırasında olmuş, ölkənin və xalqın təhlükəsizliyinin
təmin edilməsində, sələflərinin mütərəqqi
ənənələrinin həyata keçirilməsində
uğurlar qazanmışdır.
Natiq qeyd etdi ki, ulu
öndər Heydər Əliyevin başladığı milli
dövlət quruculuğu prosesinin uğurla davam etdirilməsi
nəticəsində Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın
bütün sahələrində dinamik sürətlə
inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev bu gün ümumilli liderin müstəqillik
və dövlətçilik kursunu inamla və uğurla davam
etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
böyük ruh yüksəkliyi ilə yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməsi əslində
xalqımızın müasirləşmə və yeniləşmə,
tərəqqi və qüdrətlənmə kursuna səs verməsi
deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən Eldar Mahmudov 2004-cü
ildə Azərbaycan Respublikasının milli təhlükəsizlik
naziri təyin edildi. Prinsipiallığı, obyektivliyi, qətiyyəti
və peşəkarlığı ilə hər zaman
seçilən general-leytenant Eldar Mahmudov nazir təyin edildikdən
sonra milli təhlükəsizlik orqanları müasir tələblərə
və çağırışlara uyğun təkmilləşdi,
yeniləşdi. Bu gün milli təhülkəsizlik
orqanları Ali Baş Komandanın hər bir əmrini
qüsursuz yerinə yetirməyə hazır peşəkar,
mobil və güclü bir struktura çevrilmişdir. Son
dövrlər Milli Təhlükəsizlik Nazirliyində
bütün istiqamətlər üzrə işlər daha da
canlanmışdır. Peşəkarlıqla və vaxtında
həyata keçirilən səriştəli tədbirlər
nəticəsində ölkəmizə qarşı kəşfiyyat-pozuculuq
və terror-təxribat fəaliyyətinin qarşısı
alınır. Terrorçuluqla, narkotik vasitələrin qanunsuz
dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri və transmilli
cinayətkarlığın digər təhlükəli
növləri ilə mübarizədə önəmli
uğurlar qazanılmışdır. Ermənistan-Azərbaycan-Dağlıq
Qaradağ münaqişəsinin həlli üzrə ölkə
rəhbərliyinin siyasi kursu üçün əlverişli
şəraitin yaradılması bütün fəaliyyət
istiqamətlərimiz üzrə prioritet təşkil edir. İndi
düşmənə qarşı informasiya mübarizəsi
daha düşünülmüş və planlı surətdə
aparılır.
M. Usubov
çıxışının sonunda rayon ictimaiyyətini bir
daha əmin etdi ki, milli dövlətçiliyin qorunmasında
bundan sonra da əzmlə mübarizə aparacaqlar. O, Vətənin
təhlükəsizliyinin qorunmasının çox şərəfli
peşə olduğunu diqqətə çatdırdı və
bu şərəfli yolda canlarından keçməyə
hazır olduqlarını bildirdi.
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin rektoru, professor
Gülçöhrə Məmmədova, YAP Yasamal rayon təşkilatının
sədri, professor Fikrət İsmayılov, Bakı
Metropoliteninin rəisi Tağı Əhmədov, rayon prokuroru Həsrət
Pirməmmədov, rayon məhkəməsinin sədri Ələddin
Cəfərov və milli təhlükəsizlik orqanları
veteranı, ehtiyatda olan polkovnik Bəxtiyar Süleymanlı təhlükəsizlik
orqanları işçilərinə çətin və
şərəfli işlərində uğurlar arzuladılar.
Milli təhlükəsizlik
nazirinin müavini general-mayor Əli Şəfiyev tədbirdə
çıxış etdi.
Tədbirin sonunda milli təhlükəsizlik
orqanlarının bir qrup veteranına hədiyyələr təqdim
edilmiş və son beş ildə ermənilərin və digər
qüvvələrin terrorçuluq əməllərinə
qarşı aparılan uğurlu əməliyyatlardan bəhs
edən film nümayiş olunmuşdur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 20 mart.- S.6.