Binəqədi rayonunda referendum
şəffaf şəraitdə
keçirildi
Məntəqələrdə
heç bir qanun pozuntusu müşahidə edilmədi
Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsinə dair keçirilən
referendum Binəqədi rayonundakı 4 seçki dairəsində
— 8 saylı 1-ci, 9 saylı 2-ci, 10 saylı 3-cü və 12
saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələrini
əhatə edən məntəqələrdə
keçirilirdi. Xatırladaq ki, rayon üzrə səs verməli
olan seçicilərin sayı 132 min 637 nəfər
olmuşdur.
Bütün məntəqələrdə
referendumun şəffaf, azad və ədalətli keçirilməsi
üçün əvvəlcədən hər cür şərait
yaradılıb. Məntəqələrin bir çoxunda
veb-kamera quraşdırılıb. Qeyd edək ki, referendumda
şəffaflığın təmin olunmasında bu, ən
obyektiv vasitələrdən biri kimi yüksək qiymətləndirilir.
8 saylı 1-ci Binəqədi
dairə seçki komissiyasının sədri Yəhya Abbasov
söhbətinin əvvəlində məntəqələrdə
yaradılan şəraitə toxundu. Göstərdi ki, məntəqələrdə
bir müddət öncə otaqlar tam təmir olunmuş və
hər cür ləvazimatla təchiz edilmişdir. Dairənin əhatə
etdiyi 34 məntəqədə səs verəcək 39 min 394
seçicinin siyahısı əvvəlcədən dəqiqləşdirilmiş,
adları seçici siyahılarında olmayanların səsvermə
hüquqlarının bərpası üçün hər
cür şərait yaradılmışdır. Bu gün ilk dəfə
səs verən seçicilərlə maarifləndirmə
proqramı çərçivəsində söhbətlər
aparılmış, referendumda iştirak etmələrinin zəruriliyi
göstərilmişdir.
Yəhya müəllim söhbət
əsnasında bir maraqlı məqama da toxundu. Bildirdi ki, referendumda iştirak edən ən yaşlı seçici 1920-ci il
təvəllüdlü (7-ci mikrorayondakı 5 saylı evin 54-cü mənzilində
yaşayır) Telli Ənsərova 9 saylı məntəqədə ilk səs
verənlərdəndir. Bu, insanların referenduma necə böyük maraq göstərmələrindən
və yüksək fəallıqla iştirak etmələrindən xəbər
verir.
Müsahibim onu da vurğuladı
ki, dairə seçki komissiyasının
referendum ərəfəsində keçirdiyi bütün iclaslarda referendumun şəffaf, demokratik və ədalətli keçirilməsi əsas
məsələlərdən biri olmuşdur. Bunun üçün
ölkəmizdə beynəlxalq
standartlara uyğun mükəmməl qanunvericilik
bazasının mövcudluğu
əsas zəmin olmuşdur.
Sonra DSK sədri ilə birlikdə məntəqələrdə
referendumun gedişini müşahidə etdik. 4, 12, 32 saylı məntəqələrdə
yüksək nizam-intizam
açıq-aydın nəzərə
çarpırdı. Adları çəkilən
məntəqələrdə veb-kameralar quraşdırılmışdı.
Həmin
məntəqələrdə seçicilərin sayının
çoxluğu, hətta
böyük növbə
yaranması mütəşəkkillikdən
xəbər verirdi.
Seçicilərdən bir neçəsi
ilə qısaca söhbət etdik. Aydın Qəhrəmanov bildirdi ki, hər şey
göz önündədir,
referendumun demokratik keçirilməsinə, seçicilərin
fəal iştirakına
heç kəs şübhə ilə yanaşa bilməz. Əlbəttə, bu cür şəffaf şəraitdə keçirilən
referendumda hansısa bir qanun pozuntusundan
danışmaq ədalətsizlik
olardı...
Əliş İsmayılov da referendumun, sözün həqiqi mənasında, ədalətli keçirildiyini
bildirdi, burada seçicilərə kənar
müdaxilənin olmamasını,
seçici fəallığının
yüksək səviyyəsini
vurğuladı.
Rayon ərazisindəki digər
seçki məntəqələrində
də referendum yüksək
nizam-intizam şəraitində
keçirilirdi. Axın-axın gələn seçicilər
növbə ilə öz vətəndaşlıq
borclarını yerinə
yetirirdilər. Yüksək əhval-ruhiyyə, üzlərdən
oxunan sabaha inam ifadəsi aydın hiss olunurdu. Referendumun tam
demokratik şəkildə,
qanunauyğun keçirilməsi,
şəffaflığı diqqəti cəlb edirdi.
Aldığımız son məlumata
görə, saat
19.00-da 8 saylı 1-ci Binəqədi
dairəsi üzrə
referendumda seçicilərin
66,09 faizi səs vermişdi.
Yeri gəlmişkən,
10 saylı 3-cü Binəqədi
dairəsinin 9 saylı
seçki məntəqəsində
müşahidə etdiyimiz
bəzi məqamlara da qısaca toxunmaq istərdik.Məntəqə
seçki komissiyasının
sədri Hüseyn Qədimovun bildirdiyinə görə, burada saat 12-yə qədər səs verəcək 1320 nəfər seçicidən
artıq 492-si (37,2 faiz)
səs vermişdi. Nizam-intizam, demokratik, şəffaf mühit ilk andaca diqqəti çəkirdi.
Məntəqədə səs
verməyə gəlmiş
yaşlı bir kişi qəzetdən
olduğumuzu bilib bizə yaxınlaşdı.
Özünü təqdim
edən Məhərrəm
Vəliyev, Binəqədi
qəsəbəsi, 1-ci mədən,
ev 134-də yaşadığını dedi.
Bildirdi ki, 74 yaşın içindədir. Həyatın
hər üzünü
görüb... Gənclərə
məsləhəti odur
ki, bu günün,
bu tərəqqinin qədrini bilsinlər, Prezident İlham Əliyevin zəhmətlə,
əziyyətlə inkişaf
etdirdiyi ölkənin
layiqli vətəndaşları
olsunlar, Azərbaycana bu yüksəlişi, firavanlığı gətirənlərin
əməyini unutmasınlar,
haqqa, ədalətə,
xoşbəxt gələcəyə
zəmin yaradan Konstitusiyaya əlavələr
və dəyişikliklər
edilməsinə dair referendumda fəallıq göstərsinlər...
...Saat
19.00-a olan məlumata görə bu məntəqədə seçicilərin 86 faizi səs vermişdi.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 19 mart.- S. 4.