Sumqayıtlılar öz iradələrini demokratiya şəraitində bəyan etdilər

 

Dövlətimizin Əsas Qanununa əlavələr və dəyişikliklər edilməsi üzrə ümumxalq referendumu martın 18-də Sumqayıt şəhərində mütəşəkkil qaydada keçdi.

Bu sətirlərin müəllifi ilk öncə yaşadığı ərazidəki seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra şəhərdəki 41 saylı 1-ci, 42 saylı 2-ci, 43 saylı 3-cü və 44 saylı Sumqayıt-Abşeron seçki dairələrində referendumun gedişini müşahidə etdi. Səməd Vurğun adına Mədəniyyət Sarayında yerləşən 41 saylı 1-ci dairə seçki komissiyasının sədri Məzahir Süleymanov dedi ki, dairənin əhatə etdiyi 39 məntəqə üzrə 44674 seçici var. Dairənin yerləşdiyi binada yaradılmış 23 saylı seçki məntəqəsi açıq elan edildikdən sonra buraya birinci daxil olan seçici — tanınmış kimyaçı, keçmiş SSRİ dövründə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş Prezident təqaüdçüsü Dadaş Dadaşov ailə üzvləri ilə birlikdə Konstitusiyaya əlavələr və dəyişikliklərə münasibətini bildirmişdir.

Dairədə öyrəndiyimizə görə, martın 18-də həmin ərazidən səs verənlərin 252-si bu hüquqdan ilk dəfə istifadə edənlər, 99-u isə referendum gününədək 18 yaşı tamam olanlardır. Onların da böyük bir hissəsi günortaya qədər artıq məntəqələrdə səs vermişdi. Burada “Zəka” təşviqat qrupunu, “Hüquq və demokratiya”, “Qarabağ və Respublika uğrunda hərəkat”, “Tərəqqi”, “Vətəndaş cəmiyyəti” qruplarını təmsil edən müşahidəçilər səsvermənin gedişini izləyirdilər.

Şəhərdəki 19 saylı seçki dairəsində səs verən seçici Ağamirzə Əhədov ürək sözlərini bizimlə bölüşdü:

— Artıq ölkəmizdə vətəndaşların seçki mədəniyyətinin tam formalaşaraq ilbəil daha da yüksəlməsi fərəh doğurur. Hər kəs, gördüyünüz kimi, heç bir təsirə, müdaxiləyə məruz qalmadan sərbəst şəkildə öz siyasi iradəsini ifadə edir. Biz bu gün həyatımızın daha da yaxşılaşmasına, sabitliyə, tərəqqiyə, Heydər Əliyev ideyalarının təntənəsinə çox böyük həvəslə səs verdik. Təkcə bu məntəqədə mənim ailəmin 7 üzvü — övladlarım, nəvələrim səsvermədə fərəhlə iştirak etdilər. İnanıram ki, bu referendum Əsas Qanunumuzun daha da mükəmməl olmasına xidmət edəcək.

Avropa Şurasının fransalı müşahidəçiləri Mişel Voysin və Le Yuen Yasqnes, həmçinin MDB üzrə müşahidəçi Natalya Başnaya bir neçə məntəqədə səsverməni izlədiklərini, onun gedişinə dair heç bir iradlarının olmadığını söyləmişlər.

...Axşam dairə seçki komissiyasının sədri Məzahir Süleymanovdan dairəyə daxil olan məntəqələrdə səsvermənin ilkin nəticələrini öyrəndik. O dedi ki, dairə üzrə bu göstərici 62,15 faiz təşkil edib.

43 saylı Sumqayıt 3-cü seçki dairəsində səsvermənin gedişini bir çox qeyri-hökumət təşkilatlarının müşahidəçiləri, eləcə də ABŞ səfirliyinin nümayəndələri Ranyon Spannan və Peter Androli, norveçli Riçard Skarvoroyq, həmçinin MDB-nin müşahidə missiyasından Lyudmila Ananyeva, Natalya Ostrovskaya və Aleksandr Kulikov izləyiblər. Bizim baş çəkdiyimiz 24 və 27 saylı seçki məntəqələrində seçkilərin qanunun tələbləri səviyyəsində təşkili qonaqları razı salıb. Günün sonunda öyrəndik ki, dairə üzrə səsvermə yüksək siyasi fəallıq şəraitində keçib. Hətta 80-100 yaş arası 207 nəfər və 100 yaşdan yuxarı olan 2 nəfər seçici də çox böyük həvəslə məntəqələrdə səs veriblər. Bundan başqa, xəstəliyə və qocalığa görə hərəkəti məhdud olan 28 nəfər seçici üçün öz evlərindəcə səsvermə imkanı yaradııb. İlkin nəticə isə 59 faiz təşkil edib.

Sonra biz 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Vaqif Məmmədov bizə ətraflı məlumat verdi. Öyrəndik ki, bu dairə üzrə 48302 seçici var. İlk dəfə səs verənlər Sumqayıt üzrə 132, Abşeron üzrə isə 42 nəfərdir. Otuz beş məntəqənin hər birində referendumun normal keçməsi üçün hər cür zəruri şərait yaradılıb. Dairə üzrə səsverməni təşviqat qruplarının 327 müşahidəçisi izləyib. Dairənin Sumqayıtdakı məntəqələrində 5, Abşerondakı məntəqələrində isə 3 veb-kamera quraşdırılıb. Ümumiyyətlə, səsvermə yüksək səviyyədə keçib.

Seçici Fuad NURUŞOV:

— Səsvermənin təşkilindən, keçirilməsindən, məntəqədə bizə olan yüksək münasibətdən məmnun qaldım. Bu, demokratiyanın, hüquqi dövlət quruculuğunun daha bir təntənəsidir.

Axşam saat 19-dan sonra sədr Vaqif Məmmədovdan ilkin nəticələri öyrəndik — 65,53 faiz!

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 19 mart.- S. 4.