Amnistiya
aktının icrasına başlandı
Cəzaçəkmə
müəssisələrində üçqat bayram idi
Dünən Azərbaycanın
hər yerində böyük təntənə vardı.
Bir-birinə qarışan bayram şənlikləri xoş bir
ovqat yaratmışdı: Novruz şənlikləri, Referendum
Aktı layihəsinə ümumxalq səsverməsi və Heydər
Əliyev Fondunun təşəbbüsü ilə “Novruz
bayramı münasibətilə amnistiya elan edilməsi
haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının
icrasına başlanmışdı.
Həm referendumu izləmək,
həm də amnistiya haqqında qərarın icrasında
iştirak etmək üçün dünən Ədliyyə
Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan bir neçə
müəssisədə olduq. 24 saylı Nizami birinci seçki
dairəsinin 33-cü seçki məntəqəsi 1 nömrəli
cəzaçəkmə müəssisəsində yerləşir.
Səsvermədə iştirak edənlərdən Emil Musayevlə,
Rasim Məmmədtağıyevlə, Məsud Əmirəliyevlə
söhbətləşdik. Hamısından eyni cavabı
eşitdik: Referendum Aktı ilə təklif olunan əlavə
və dəyişiklikləri əvvəlcədən öyrənmişik.
Odur ki, indi elə bir çətinliyimiz yoxdur. Heç bir təzyiqdən,
müdaxilədən də söhbət gedə bilməz. Hamımız
sərbəst səs veririk.
Seçkinin gedişini
izləyən Ombudsman Elmira Süleymanova da öz təəssüratını
bildirdi:
— Bayaqdan müşahidə
edirəm, hər şey normaldır. Məhkumlarla da
söhbət etmişəm, problem yarada biləcək heç
bir hadisə olmayıb. Onlar ürəklə hər şeyi mənə
deyirlər. Razıyam.
Bu müəssisədən
ilkin olaraq 5 nəfər barəsində amnistiya aktı tətbiq
olunur. Akt zalında böyük təntənə vardı.
Penitensiar Xidmət rəisinin müavini ədliyyə polkovniki
Hüseyn Əlixanov çıxışında bildirdi:
— Bu gün siz
üç bayramın iştirakçısısınız. Bu
bayramlar münasibəti ilə sizi təbrik edirəm. Amnistiya
aktının tətbiq olunacağı
yoldaşlarınızdan beşini indi öz ailələrinin
yanına, doğma ocaqlarına yola salacaqsınız. Özü
də Novruz bayramı günlərində. Bir məsələyə
diqqət yetirin. 1995-ci ildə isə çoxdan unudulmuş əfvetmə
institutu bərpa edildi. Ümummilli lider Heydər Əliyev bu
institutun fəaliyyətini canlandırmaqla dövlətin
humanist siyasətini inkişaf etdirməyə başladı. Bu
dahi şəxsiyyət əfvetmənin dövlətin cəza
siyasətində islah prosesini səmərəli etməsində,
ailənin möhkəmlənməsində, vətəndaş
cəmiyyətinin formalaşmasında, vətənpərvərlik
hissinin artmasında, demokratik prinsiplərin möhkəmlənməsində
rolunu çox aydın görürdü. Beləliklə, əfvetmə
institutunun bərpa edildiyi elə birinci il — 1995-ci ildə
ümummilli liderimiz 1207 nəfər barəsində 4 əfv fərmanı
imzaladı. Əfv olunanlardan 7-si ölüm cəzasına məhkum
edilmiş (onda hələ ölkəmizdə ölüm cəzası
ömürlük cəza ilə əvəz
olunmamışdı) şəxslər idilər, onların cəzası
müvafiq müddətə həbs cəzası ilə əvəzləndi.
Ümumiyyətlə, böyük öndər 1995-2003-cü
illərdə 32 əfv fərmanı imzalayıb.
Göründüyü kimi, ümummilli liderimiz əfvetməni
bir ənənəyə çevirdi. Üstəlik, birbaşa
onun təşəbbüsü ilə ölkəmizdə
ölüm cəzası ləğv edildi. Bu, Şərqdə
ilk hadisəydi. 2003-cü ildən sonra da bu ənənə
uğurla davam etdirildi. Beləliklə, 1995-ci ildən bu
günədək 4858 şəxs barəsində 45 əfv fərmanı
imzalanıb. Qəbul olunmuş amnistiya qərarları 90 mindən
çox adama şamil edilib. Bundan əvvəlki amnistiya da Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə olub. 2007-ci il mayın 8-də
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar
qəbul edildi. Bu humanist qərar 9 min insana şamil olundu, 1500
nəfərdən çox məhkum cəzaçəkmə
müəssisələrindən azad edildi. Biz indi humanizmə
söykənən belə bir növbəti aktın
icrasına başlamışıq. Mehriban xanım Əliyeva
2009-cu il martın 10-da Novruz bayramı münasibətilə
Milli Məclisə amnistiya haqqında qərarın elan edilməsi
təklifi ilə müraciət edib. Hamı bilir ki, Heydər Əliyev
Fondunun əsas qayələrindən biri humanizm, insanpərvərlik
ideyalarını inkişaf etdirməkdir. Odur ki, Mehriban
xanım Əliyevanın da müraciətində Heydər Əliyev
Fonduna məhkum edilmiş şəxslərdən və
onların ailə üzvlərindən çoxlu müraciətlərin
daxil olduğu, bununla bağlı araşdırmaların
aparıldığı qeyd olunur və həmin insanlara
münasibətdə də mərhəmət göstərilməsi
zərurəti vurğulanır. Müraciətdə
ümummilli liderin humanist siyasətinə sədaqət
nümayiş etdirilərək Azərbaycan xalqının
firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi
olan milli bayramı - Novruz bayramı münasibətilə
amnistiyanın elan edilməsi təşəbbüsü irəli
sürülür. Amnistiya aktının layihəsində
böyük ictimai təhlükə törətməyən və
bir sıra az ağır cinayətlərə görə məhkum
edilmiş qadınların, cinayət törədərkən
18 yaşına çatmayanların, birinci və ya ikinci qrup əlillərin,
60 yaşına çatmış kişilərin, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci
qrup əlil övladı olanların və bəzi digər
kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi vurğulanır.. Həmçinin
azadlıqdan məhrum edilmiş və cəzalarının
bitməsinə bir il qalmış qadınlara və 6 ay cəzası
qalmış kişilərə, islah işləri, ictimai
işlər cəzasına məhkum edilmiş bütün
şəxslərə, habelə cərimə cəzasına məhkum
edilmiş, cəzasının çəkilməsi təxirə
salınmış, şərti məhkum edilmiş və digər
qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq etməklə,
onların cəzadan azad olunmaları təklif edilir.
Aparılan təhlillərə əsasən təqribən 9
min şəxsin amnistiya aktının təsiri altına
düşməsi ehtimal olunur. Bunlardan təqribən 1700 məhkumun
isə azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi
gözlənilir.
Bu müəssisədə
amnistiya aktının icrasından sonra 15-ci cəzaçəkmə
müəssisəsində olduq. 24 saylı Nizami birici
seçki dairəsinin 32-ci seçki məntəqəsi burada
yerləşir. Hər şey yüksək səviyyədə
təşkil olunmuşdu. Penitensiar Xidmətin əməkdaşı,
ədliyyə polkovniki Mehman Sadıqov jurnalistlərə
bildirdi:
— Əvvəldən
referenduma ciddi hazırlaşmışıq. Mərkəzi
Seçki Komissiyasının, Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin müəllimləri dəfələrlə
cəzaçəkmə müəssisələrində
olublar, Referendum Aktı layihəsində təklif olunan əlavə
və dəyişikliklərin hər birini dəfələrlə
izah ediblər. Odur ki, hər kəs əlavə və dəyişikliklər
barəsində yaxşı məlumatlıdır. Məntəqədə
də yüksək şərait yaradılıb. Bunun nəticəsidir
ki, problem yoxdur, hər şey şəffaf və
aşkarlıq şəraitində keçir. Bu gün həm
də amnistiya aktının icrasına
başlamışıq. Bu müəssisədən ilk olaraq 8
nəfərə tətbiq olunur. Hələ dörd ay davam edəcək.
Ancaq biz çalışacağıq ki, bu humanist qərarı
daha tez başa çatdıraq. Bir şeyi unutmayaq ki, bu
dövlətin qərarıdır, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür.
Milli Məclisin amnistiya haqqında qərarında deyildiyi kimi,
Azərbaycan Respublikasının Milli Məclisi, ümumbəşəri
idealları, insan hüquq və azadlıqlarının
qorunması kimi dəyərləri və insanpərvərlik ənənələrini
davam etdirərək, cəzadan azad etmənin vətəndaşlarımızın
qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət
təsir göstərəcəyinə ümid edərək,
hüququn aliliyinə, qanunçuluğa və ədalətə
əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək,
cinayətlərin xarakterini və ictimai təhlükəlilik
dərəcəsini nəzərə alaraq, cinayət törətmiş
şəxslərin öz əməllərinin nəticələrini
dərk edərək islah olunacaqlarına inanaraq,
xalqımızın tarixi adət-ənənələrini
ehtiramla xatırlayaraq, Novruz bayramının firavanlıq,
xoşbəxtlik, əmin-amanlıq rəmzi olduğunu nəzərə
alaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər
tutan, milli dəyərlərimizi daim təşviq edən Heydər
Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək
amnistiyanın elan edilməsini qərara alıb.
15-ci müəssisədən
azadlığa buraxılan Ələsgər Həsənov
bildirdi ki, əfv etmək, bağışlamaq nadir adamlara xas
olur. Bu humanist aktlara görə Prezidentimizə, Heydər
Əliyev Fonduna minnətdarıq.
Azər Məmmədov:
Humanizm dövlətimizin siyasətidir, Heydər Əliyevin
siyasi kursunun uğurlu davamıdır. Bu siyasət onun
siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin,
ümummilli liderin adını daşıyan fondun məramıdır.
Onlara minnətdarıq.
Habil Abbasovun
oğlu Ataxan da bu müəssisədə cəza çəkir.
Cəzasının sonuna dörd ay qalıbmış.O, dedi:
— Mən
ölkə başçısına, hörmətli Mehriban
xanıma dünya durduqca minnətdaram. İndi mənim elə
yaşımdır ki, gərək istirahət edəm, qulluq
görəm. Onlar sağ olsun. Oğlum azad olunur. Gəlsin,
ev-eşiyinə sahib olsun, başını aşağı
salıb işləsin ki, mən də rahat yaşayım.
6-cı cəzaçəkmə
müəssisəsində də səsvermə çox şəffaf
keçirdi. Müşahidə edən jurnalistlər, digər
qonaqlar da razılıq etdilər. Bu müəssisədən
də ilk olaraq 5 nəfər azadlığa buraxıldı.
Mavritaniya vətəndaşı
Məhəmməd Vadel Qult Məhəmməd də
azadlığa buraxılanlar arasındaydı:
— Sizin ölkədə
insana çox böyük dəyər verilir, hörmət
göstərilir. Bu, dövlət rəhbərləri tərəfindən
edildiyi üçün daha səmərəli olur. Mən sizə
qibtə edirəm. Bu siyasət Azərbaycanı dünyada
birinci edəcək. Mehriban xanıma da minnətdaram ki, rəhbərlik
etdiyi fond Heydər Əliyevin ideyalarını yaşadır,
inkişaf etdirir, insanlara belə qayğı göstərir.
Bir də Novruz bayramını çox gözəl
keçirirsiniz. Bu çox gözəl bayramdır. Mən Azərbaycan
xalqını xoşbəxt, uca zirvədə görmək istəyirəm.
Dörd saylı cəzaçəkmə
müəssisəsində, sözün həqiqi mənasında,
böyük qələbəlik vardı. Burada qadın məhkumlar
cəza çəkirlər. İlk olaraq buradan 19 şəxs
azadlığa buraxıldı. Ombudsman Elmira Süleymanova
geniş nitq söylədi:
— Hər birinizi az qala
adbaad tanıyıram. Şəxsi problemlərinizlə
tanışam. Bir şeyi bilin ki, heç bir ölkənin
tarixində görünməyib ki, qısa vaxtda bu qədər
əfv və amnistiya olsun. Ölkəmiz sürətlə
inkişaf edir. Xüsusi qeyd edilməlidir ki, humanizm Azərbaycanın
dövlət siyasətinin mühüm bir hissəsidir. Bu dəyərlər
getdikcə daha da dərinləşir və genişlənir.
Bu, ümummilli liderimiz Heydər Əliyevin
başladığı işin davamıdır,
ideyalarının inkişafıdır. Bu prinsiplər islah
prosesinin səmərəliliyinə, ailənin möhkəmlənməsinə,
vətəndaş cəmiyyətinin formalaşmasına, cinayətkarlığa
qarşı səmərəli mübarizə mühitinin
yaranmasına, cəzanın labüdlüyünə, hər
bir vətəndaşın, insanın hüquqlarının təminatlı
müdafiəsinə xidmət edir. Əfv və amnistiyanın
tərbiyəvi əhəmiyyəti bunlardır. Qeyd etdiyimiz
kimi, bunlar da dövlət siyasətimizin tərkib hissəsidir.
Bu siyasət bütün sahələrdə aparılır, o
cümlədən, daha çox cəzaçəkmə
müəssisələrində. Səmərəsi də odur
ki, ondan bəhrələnənlərin də sayı
artmaqdadır. Dövlətin cəza siyasətində əldə
edilmiş bu uğurlar nə tək-tək fərdlərin, nə
hansısa qurumların, nə də beynəlxalq təşkilatların
xidməti deyil, o, dövlətin siyasətidir, ümummilli
liderimiz Heydər Əliyevin ədalət və humanizm
ideyalarının nəticəsidir ki, o, bu gün həyatımızın
ayrılmaz hissəsinə çevrilib. Heydər Əliyev
Fondu da həmişəki kimi bu dəyərlərin
inkişafında öz töhfələrini verməkdədir.
Bu amnistiya aktı əvvəlkilərdən onunla fərqlənir
ki, həm çox adama şamil olunacaq, həm də daha
çox qadın məhkumlar onun təsiri altına düşəcək.
Bacılar, analar! Azərbaycan qadınına məhbəs
ömrü yaraşmır. Çalışın cinayət
törətməyin, övladlarınızı bu yoldan qoruyun.
İnanıram ki, belə də edəcəksiniz.
Azadlığa
buraxılan Bəhriyyə Məmmədova bildirdi:
— Mən bilə-bilə
cinayət törətməmişəm. Amma neyləmək
olar, bu ömrü də yaşadım. Çox minnətdaram
Mehriban xanıma, övladlarımın yanına
qayıdıram. Bir də kişilərə demək istəyirəm
ki, kimliyindən asılı olmayaraq qadınları qorusunlar,
onları cinayətə sürükləməsinlər.
Dürrə Rüstəmzadə:
– Bir nəfər kimi hamımız referendumda iştirak etdik. Açığı
mən bütün əlavə və dəyişiklikləri
dəstəklədim, ürəyimcə idi. Ali təhsilliyəm.
Bilirəm ki, bu əlavə və dəyişikliklər
inkişafımıza, tərəqqiyə, güclü
dövlətə, insan və vətəndaş hüquq və
azadlıqlarının təminatlı müdafiəsinə
xidmət edəcək. Əslində burada hamı belə
düşünür. Burada müəyyən məhdudiyyət
içərisində yaşamağımıza baxmayın,
ümumi inkişafımızı çox yaxşı
görürük, onun təsirini də gündəlik həyatımızda
hiss edirik. Mehriban xanıma minnətdarıq. O, sözün həqiqi
mənasında, Heydər Əliyev ideyalarının
davamçılarından biridir, humanistdir, insanpərvərdir.
...Öyrəndik ki,
dünən yüzdən çox məhkum amnistiya aktı ilə
azadlığa buraxılıb. Novruz bayramı günləri
bundan böyük hədiyyə, insan ömrünə sovqat
ola bilməz.
Dünən
xalqımız çox böyük siyasi bir tədbiri mütəşəkkilliklə
keçirdi, Referendum Aktı layihəsinə səs verdi,
ölkəmizdə aparılan uğurlu siyasəti dəstəklədi,
demokratik prinsiplərin möhkəmlənməsinə öz
töhfələrini verdi. Amnistiya aktının
icrasına başlanıldı. Bu humanist addım Novruz
bayramı günləri hələ yüzlərlə ailəyə
səadət, xoşbəxtlik bəxş edəcək.
Vahid İMANOV
Xalq qəzeti.- 2009.- 19 mart.- S. 4.