Azərbaycan xalqı daha bir möhtəşəm seçici mütəşəkkilliyi nümayiş etdirdi

 

Ölkə əhalisi Əsas Qanunumuza edilən əlavə və dəyişikliklərə münasibətini bildirməklə qüdrətli müstəqil dövlətimizi dəstəklədiyini bildirdi

 

XXI əsrin ilk ilinin əvvəllərində — 2001-ci il yanvarın 27-də Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv seçilməsindən sonra ölkəmizin beynəlxalq aləmə inteqrasiyası daha da güclənmiş, geniş miqyas almışdı. Bu proses müstəqil Azərbaycanın çoxsaylı beynəlxalq konvensiyalara qoşulmasını təmin edirdi. Dünya birliyinə sürətli inteqrasiya isə ölkənin qanunvericilik bazasının beynəlxalq standartlar səviyyəsinə qaldırılması, xüsusən, hüquq islahatlarının konstitusion əsaslarının təmin edilməsi zərurətini ortaya qoyurdu. Bütün bu amilləri nəzərə alan ulu öndər Heydər Əliyev 2002-ci ilin avqustunda Azərbaycan Konstitusiyasına bəzi əlavə və dəyişikliklər edilməsi üçün referendum keçirilməsinə və həmin dəyişikliklərin reallaşdırılmasına nail olmuşdu. Qeyd edək ki, həmin referendum seçicilərin mütəşəkkilliyi və ruh yüksəkliyi ilə başa çatmışdı.

Ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması, 2003-cü ildən sonra müstəqil Azərbaycanın hər il bir göstərici üzrə bütün dünyada lider ölkə elan edilməsi, insanların sosial rifah halının heç zaman görünməyən bir səviyyədə yaxşılaşması respublikamızı dünya birliyinin ən fəal üzvlərindən birinə çevirmişdir. İnkişaf etmiş dünya dövlətlərinin sırasına çıxmaq üçün hər cür şansı və imkanları olan Azərbaycan məhz dünya birliyinin tələbləri səviyyəsində islahatların davam etdirilməsi, xüsusən, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində sanballı addımlar atmışdır. Əslində, bu islahatların və qanunvericilik bazasının müasirləşdirilməsi təklifləri xalqın ümumi rəyi nəticəsində formalaşırdı. Vətəndaşlar ölkədə insan hüquq və azadlıqlarının daha dərindən qorunmasını, Konstitusiyamızda təsbit edilmiş insanların seçmək və seçilmək hüququnun məhdudiyyətsiz olaraq icrasının təmin edilməsini, uşaq hüquqlarının beynəlxalq prinsiplər səviyyəsində qorunmasını və digər məqamları tez-tez təklif kimi irəli sürürdülər. Bütün bunların sadə yolla, hansısa dövlət qurumu tərəfindən reallaşdırılmasının mümkün olmadığını yaxşı bilən Yeni Azərbaycan Partiyası son 4-5 ildə irəli sürülən bütün təklifləri ümumiləşdirərək ötən ilin dekabrında Konstitusiyaya bəzi dəyişiklik və əlavələr edilməsi üçün ölkədə referendum keçirilməsi təklifi ilə çıxış etdi.

Ölkəmizin ən böyük siyasi təşkilatı olan YAP-ın həmin təklifi Milli Məclis tərəfindən dəstəkləndi. Milli Məclisin müvafiq qərarından sonra isə Konstitusiya Məhkəməsi təqdim edilən Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılmasına müsbət rəy verdi.Martın 18-də Azərbaycan xalqı növbəti bir seçici mütəşəkkilliyi nümayiş etdirərək Əsas Qanunumuza təklif edilən bütün əlavə və dəyişikliklərə “hə” dedi. Referendumda müşahidəçi kimi iştirak edən bütün əcnəbi ekspertlər də həm səsvermənin hazırlanması prosesini, həm də bilavasitə martın 18-də gördüklərini yüksək qiymətləndirdilər. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, belçikalı deputat Pol Villi Bakının Yasamal rayonunda referendumun gedişini izlədikdən sonra kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə seçicilərin xüsusi fəallığını yüksək qiymətləndirdiyini söyləmişdir.

Bütün bunları indi söyləmək və yazmaq çox asandır: “Xalq mütəşəkkillik nümayiş etdirdi”, “seçicilər ”hə” dedilər”, “əcnəbilər müşahidə etdikləri bütün proseslərdən razı qaldılar” və sairə. Ancaq qeyd eləmək zərurəti var ki, bütün bunlar dövlətin ədalətli və şəffaf seçki keçirmək istəyinin, xalqın bu dəyişiklik və əlavələrin mahiyyətini dərindən başa düşməsinin, insanların öz sabahlarını daha firavan etmək üçün dövlətə inam, etimad göstərməsinin, ən nəhayət, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının üç aylıq qısa bir müddətdə həyata keçirdiyi çoxsaylı tədbirlərin, gərgin əməyin nəticəsidir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının üzvləri və katibliyin əməkdaşları referendum prosesi və səsvermə prosedurları ilə əlaqədar geniş maarifləndirmə işi aparmış, televiziya və radiolarda 100-dək çıxış edilmiş, mətbuatda 120-dən çox məqalə verilmişdir. Seçki komissiyalarının 31 mindən çox üzvü və mütəxəssisi tərəfindən çoxsaylı maarifləndirmə, təlimatlandırma işləri aparılmış, konfranslar keçirilmişdir.

Ölkə ərazisindəki 125 dairədə və 5367 seçki məntəqəsində təşkil edilmiş 18 mart referendumu, respublikamızda olduğu kimi, beynəlxalq aləmdə də maraqla gözlənilirdi. Ona görə də bu referendumu 24 təşkilatı və 23 ölkəni təmsil edən 177 beynəlxalq müşahidəçi izləyirdi (yerli müşahidəçilərin sayı isə on minlərlə idi). Avropa Şurası və Müstəqil Dövlətlər Birliyinin Parlament assambleyaları və MDB-nin müşahidə missiyaları ilə yanaşı, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Belçika, Bolqarıstan, Finlandiya və Ukraynanın parlament nümayəndə heyətləri ölkənin müxtəlif dairələrində referendumun gedişini izləyirdilər. Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin (ABŞ, Rusiya, Norveç, İtaliya, Polşa və sairə) nümayəndələri də müşahidəçilər arasında idilər.

Azərbaycanda keçirilən 18 mart referendumunu Röyter, Frans Press, Bi-Bi-Si, Əl-Cəzirə, Le-Fiqaro, TRT, ERA, Anadolu Agentliyi, Blumberq kimi çoxsaylı kütləvi informasiya vasitələrinin təmsilçiləri də izləyirdilər. Hamı Azərbaycan xalqının seçici mütəşəkkilliyini, dövlətin referenduma böyük hazırlıq işləri gördüyünü yüksək qiymətləndirdi. Fransa Parlamentinin deputatı, Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Voisin Mişel isə “səsvermə yüksək səviyyədə təşkil edilmişdi” — ifadəsindən sonra daha bir təqdiredici fikir söyləyib: “Seçkilərin mütəmadi keçirilməsi müsbət haldır”.

MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin verdiyi ilkin məlumatda deyilirdi ki, ölkə üzrə 4 milyon 893 min 382 seçicidən 3 milyon 478 min 571 nəfəri, yəni 71,08 faizi referendumda səs vermişdir.

Beləliklə, seçicilər üç aydan bəri öyrənib müzakirə etdikləri əlavə və dəyişikliklərə münasibət bildirməklə, öz vətəndaşlıq borcunu yerinə yetirmiş oldular.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 21 mart.- S. 6.