Dünya mətbuatı
Azərbaycanda keçirilmiş
18 mart referendumunu yüksək qiymətləndirdi
“Qazeta.ru”
internet portalı: “Hər
şey normal, Avropa standartlarına uyğun şəkildə keçdi”
Müasir dünyada
seçki, referendum və digər hansısa ictimai-siyasi
prosesin istənilən məqamı bir andaca beynəlxalq
ictimaiyyətin “ovcunun içində olur”. 2008-ci ilin
martında Ermənistanda keçirilmiş prezident seçkilərindən
sonra törədilmiş orta əsrlərə xas vandalizm və
haqsızlıqlar cəmi bir neçə dəqiqədən
sonra dünyanın hər yerində məlum idi. 2009-cu il
martın 18-də Azərbaycanda keçirilmiş referendumun
gedişi barədə də dünyanın aparıcı
informasiya vasitələri az qala hər saatın tamamında məlumat
verirdilər. Hələ gün yarı olmamış “Azərbaycanda
referendum baş tutdu” deyə məlumat verən Rusiya internet
saytları bütün faktları incəliklərinə qədər
dəqiqliklə qeyd edirdilər.
Referendumun nəticələri
dünyanın bir çox kütləvi informasiya vasitələrində
geniş işıqlandırılıb. Rusiyanın əksər
KİV-ləri — “Komsomolskaya pravda”, “Vzqlyad” , “Nezavisimaya qazeta”,
“Kommersant”, “Vremya novostey”, “İzvestiya” kimi qəzetlər,
“Mayak”, “Exo Moskvı” radioları, “Yevraziya”, “Regions.ru”, “Qolos
Rossii”, “Novaya politika”, “Polit.ru”, “Reqnum”, “Rosbalt”, “Qrani.ru”,
“Utro.ru”, “NEWSru.com”, RBK, “Lenta.ru”, “Qazeta.ru” internet portalları,
APN, “İnterfaks”, RİA “Novosti”, İTAR-TASS agentlikləri,
“Rossiya” telekanalı, “Profil” junralı və digər KİV-lər
referendumda seçicilərin 71,08 %-nin iştirak etdiyini,
onların böyük əksəriyyətinin — 92,18%-nin
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin
lehinə səs verdiyini xəbər veriblər.
Rusiyanın “Vremya
novostey” qəzeti millət vəkili Əli Əhmədovun
referendumun demokratiya prinsiplərinə zidd olmadığına
dair mövqeyini işıqlandırıb. Qəzet yazır:
“Yeni Azərbaycan Partiyasının icra katibi dəyişikliklərdə
demokratiyaya zidd heç bir müddəa görmür. Onun
fikrincə, əgər xalq eyni şəxsi iki dəfə
prezident seçirsə, bu, ictimaiyyətin dövlət
başçısına olan inamını göstərir. Ona
görə də əhaliyə həmin şəxsi
sonrakı müddətlərdə də seçmək
imkanı verilməlidir. Əgər xalq yenidən onu prezident
seçəcəksə, bu, cəmiyyətin öz liderinə
inamının ən yüksək göstəricisi olacaq. Prezidentin
ümumxalq səsverməsi ilə seçilməsinə
qoyulan hər hansı məhdudiyyət dünyanın heç
bir ölkəsində demokratik norma sayıla bilməz”.
Rusiyanın “Polit.ru”
saytı da exit-pollun nəticələrini xatırladaraq,
seçicilərin əksəriyyətinin Konstitusiyaya düzəlişləri
dəstəklədiyini xəbər verib. “Polit.ru” həmçinin
Strateji Qiymətləndirmə və Analiz İnstitutunun
direktoru Vaqif Hüseynovun mövqeyini də dərc edib. V.Hüseynovun
fikrincə, prezidentlik müddətinə qoyulan limitin aradan
qaldırılmasına qarşı yalnız müxalifət
çıxış edir, ölkə əhalisi bunu normal
qarşılayır: “Beynəlxalq müşahidəçilər
də səsvermənin Avropa standartlarına uyğun
olduğunu bəyan ediblər”. — deyə V.Hüseynov bildirib.
Rusiyanın “Kommersant” qəzeti
isə yazır ki, Azərbaycan müxalifətinin referendumu
pozmaq cəhdi uğursuzluqla nəticələnib: “Müxalifət
vətəndaşları referendumu boykot etməyə
çağırmışdı. Referendumun baş tutması
üçün səsvermədə seçicilərin, ən
azı, 25%-nin iştirakı vacib idi. Amma referendumu pozmaq cəhdi
alınmadı. Artıq günorta saatlarında MSK sədri Məzahir
Pənahov səsvermədə seçicilərin 32%-nin
iştirak etdiyini açıqladı. Müxalifətçilər
hansısa qanun pozuntuları haqda danışmağa
başlasalar da, bu, yekun nəticəyə təsir edə bilməzdi”.
Rusiyanın “Rosbalt”
informasiya agentliyinin “Azərbaycanda referendum baş tutdu” sərlövhəli
reportajında vurğulanır ki, səsverməni izləyən
müşahidəçilər qanun pozuntuları aşkar etməyiblər.
Məsələn, Fransa parlamentinin üzvü Jak Leqenin
sözlərinə görə, “hər şey şəffaf və
ədalətli keçir, heç bir problem yoxdur”. MDB Parlamentlərarası
Assambleyası müşahidəçilərinin də
referendumun yüksək səviyyədə təşkil
olunduğu haqda mövqeyini xatırladan agentlik xəbər
verir ki, MDB-dən olan müşahidəçilər referendum
günü Bakıda 7 seçki məntəqəsinə
baş çəkiblər və seçicilərin aktivliyinin
şahidi olublar.
Beynəlxalq
müşahidəçilərin referendumun Avropa
standartlarına uyğun keçirilməsi haqda rəylərini
Rusiyanın “Qazeta.ru” portalı da işıqlandırıb. Məqalədə
Fransa Milli Assambleyasının üzvü Raul Erikin “mənim
müşahidəçi olduğum məntəqələrdə
səsvermə sakit şəkildə keçib, seçicilər
səsverməyə çox ciddi yanaşıblar” fikri dərc
edilib. R.Erik əlavə edib ki, “hər şey normal, Avropa
standartlarına uyğun keçir, lap mənim vətənim
olan Fransadakı kimi”.
“Vesti” telekanalı
referendumun nəticələrini şərh edərkən
bildirir ki, “azərbaycanlılar öz prezidentlərini dəstəklədilər”.
“Rossiya” qəzeti isə diqqəti azərbaycanlıların
yekdilliklə dəyişikliklərin lehinə səs verdiyinə
cəlb edir. Rusiyanın “ORT” telekanalı əsas diqqəti səsvermənin
demokratik prinsiplər çərçivəsində
keçirildiyinə yönəldib. Bildirilib ki, prosesi izləyən
beynəlxalq və yerli müşahidəçilər,
jurnalistlər üçün lazımi şərait
yaradılıb. Reportajda Azərbaycanın müəllifi
olduğu beynəlxalq layihələrin uğurla həyata keçirildiyi
xüsusi vurğulanır.
“Evronyus” son illərdə
Azərbaycanda gedən sürətli inkişafdan, əhalinin
yaşayış səviyyəsinin ildən-ilə
yaxşılaşmasından danışmışdır. Azərbaycanın
regiondakı liderliyinin xüsusi qeyd olunduğu reportajda ölkəmizin
təşəbbüsü ilə həyata keçirilən
regional iqtisadi layihələrdən
danışılmış, Prezident İlham Əliyevin
uzaqgörən siyasəti nəticəsində paytaxtla
yanaşı, bölgələrin də sürətlə
inkişaf etdiyi vurğulanmışdır. “Azərbaycan Cənubi
Qafqazda ən sabit ölkədir, səsvermədə Azərbaycan
əhalisi yüsək fəallıq göstərir”. Bu fikirlər
Röyter agentliyinin yayımladığı
videogörüntülərdə bildirilmişdir. Qeyd
olunmuşdur ki, dünyanın ən sürətlə
inkişaf edən ölkəsi olan Azərbaycanda əhali
öz xoşbəxt gələcəyi naminə səs verir. Materialda
vurğulanır ki, dünyanı bürümüş qlobal
maliyyə və iqtisadi böhrana baxmayaraq Azərbaycanda
inkişaf nəzərəçarpacaq dərəcədə
artmaqdadır.
Bi-B-Si radiosunun
Bakıdan hazırladığı reportajda bildirilir ki, Azərbaycanda
keçirilmiş referendumda seçicilərin əksəriyyəti
Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə
səs verib. Reportajda YAP-ın icra katibi Əli Əhmədovun
mövqeyi səsləndirilib. YAP-ın icra katibi bildirib ki,
Konstitusiyaya əlavə və dəyişikliklər demokratik
prinsiplərə uyğundur. Onun fikrincə, əksinə,
prezidentlik müddəti ilə bağlı məhdudiyyətin
olması seçicilərin hüquqlarını pozurdu. Bi-Bi-Si-nin
müxbiri qlobal iqtisadi böhranla əlaqədar çətinlik
keçirən bəzi insanlarla da söhbətləşib və
məlum olub ki, onlar çətinliklərin səbəblərini
başa düşür və hakimiyyəti günahkar
saymırlar.
Amerika Birləşmiş
Ştatlarının kütləvi informasiya vasitələrini
təmsil edən “Washington Post”, “Washington Times”, “New York Times”,
“International Nerald Tribune”, “Financial Times” və digər mətbuat
vasitələri də martın 18-də Azərbaycanda
keçirilən referenduma çox yer ayırıb və
öz qəzetlərində Röyter, Assoşieyted Press, Frans
Press kimi nüfuzlu informasiya agentliklərinin, “Azadlıq”, “BBC”
və “Amerikanın səsi” radiolarının referendumla
bağlı zəngin məqalələrini dərc ediblər.
Məqalələrdə
Azərbaycanın neftlə çox zəngin bir ölkə
olduğu və son illərdə ölkənin sərvətinin
kəskin dərəcədə artdığı bildirilir. Qeyd
olunur ki, 2003-2007-ci illərdə ölkənin illik ÜDM-nin
artımı 20-35% təşkil edib, bu da öz növbəsində
Azərbaycanın dinamik surətdə inkişaf edən
dünya iqtisadiyyatına yaxın olmasına şərait
yaratdı. Ölkə əhalisi referendumun keçirilməsini
çox yüksək qiymətləndirir və deyir ki, onlar
öz prezidentlərini çox sevirlər. “Onun sayəsində
hər şey çox mükəmməl olacaq. Azərbaycanda
vəziyyət indi çox yaxşıdır”.
İ. QAÇAYEV
Xalq qəzeti.- 2009.- 21 mart.- S. 6.