Təhsilin inkişafında
yeni mərhələ
Ötən əsrin
sonuncu onilliyi bəşər tarixinə həm də
dünyanın ən böyük imperiyası hesab edilən
Sovetlər Birliyinin dağılması kimi yazıldı.
Vaxtilə bu birliyə daxil edilmiş müttəfiq
respublikalar bir-birinin ardınca müstəqillik
aktlarını qəbul etdilər.
Azərbaycanın tarixinə
nəzər salarkən bir daha görünür ki, ölkəmiz
üçün həmin dövr çətin, problemli və
mürəkkəb olmuşdur. Bir tərəfdən, hakimiyyətin
idarəetmədə naşı olanların əlinə
keçməsi, digər tərəfdən isə,
torpaqlarımızın Ermənistan tərəfindən hissə-hissə
işğalı Azərbaycanı getdikcə uçruma
yaxınlaşdırırdı. Bir-birinin ardınca səriştəsiz,
milli mənlik hisslərindən uzaq adamların ölkə rəbərliyinə
gəlməsi, hakimiyyət davası, daxili didişmə,
özbaşınalıq ölkəmiz üçün tam səciyyəvi
olan reallıq idi. Nəticədə ölkədə
qardaş qardaşla üz-üzə dayandı, vətəndaş
müharibəsi alovlanmaq həddinə çatdı. Belə
bir şəraitdə xalqın son ümid və inam yeri
ümummilli lider Heydər Əliyev oldu. Ziyalılar, alimlər,
tanınmış şəxslər, əhalinin digər təbəqələrindən
olan insanlar ulu öndərə müraciət edərək
ölkəyə rəhbərliyə razılıq verməsini
təkidlə xahiş edirdilər. Qürur hissi ilə demək
istəyirəm ki, o vaxt böyük tarixi şəxsiyyət
Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsini təkidlə
xahiş edən məşhur “91-lər”dən biri də mən
idim. Xalqın ümidlərini puça çıxarmayan,
ömrünün qalan hissəsini millətin, Vətənin tərəqqisinə
həsr etməyə razılıq verən ümummilli lider
Heydər Əliyev yenidən siyasi hakimiyyətə
qayıdaraq Azərbaycanı dağılmaqdan,
parçalanmaqdan və məhv olmaq təhlükəsindən
xilas etdi. Müstəqil Azərbaycanın inkişaf tarixi məhz
elə həmin dövrdən başlandı.
Ümummilli lider Heydər
Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi
altında 1995-ci ildə müstəqil Azərbaycanın ilk
Konstitusiyası hazırlandı və ümumxalq səsverməsi
yolu ilə qəbul edildi. Bu tarixi hadisə Azərbaycanda
demokratik təsisatların yaranması, insan hüquq və
azadlıqlarının qorunması, bütün sahələr
üzrə islahatların aparılması kimi proseslərin
intensiv surətdə həyata keçirilməsinə
böyük zəmin yaratdı.
Həmin vaxtdan
başlayaraq müstəqilliyimiz möhkəmləndi, ölkəmiz
inkişaf yoluna qədəm qoydu. Digər sahələrdə
olduğu kimi, təhsilin inkişafında da ciddi
dönüş yaradıldı. Təhsil sahəsində
islahat proqramının hazırlanması üçün
1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı
ilə Dövlət Komissiyası yaradıldı. Çox
qısa vaxt ərzində bu komissiya “Azərbaycan
Respublikasının təhsil sahəsində islahat
proqramı”nı hazırladı. Azərbaycan təhsilinin
dünya təhsil sisteminə sürətli inteqrasiyası,
inkişaf etmiş ölkələrlə təhsil sahəsində
əməkdaşlıq əlaqələrinin intensiv şəkildə
genişləndirilməsi, əslində, ümummilli liderimizin
beynəlxalq aləmdə böyük nüfuzu ilə əlaqədar
idi.
Ulu öndərin təhsil
sahəsindəki ən böyük və ciddi yeniliklərindən
biri də yeni əlifbaya — latın qrafikalı əlifbaya
keçilməsi oldu. Latın qrafikalı əlifbanın tətbiqi
azərbaycançılıq ideyasının, milli dəyərlərimizin
möhkəmləndirilməsindən xəbər verirdi. Böyük
fəxrlə və qürurla qeyd edilməlidir ki, ulu öndərin
latın əlifbası ilə bağlı tarixi
çağırışı və bununla əlaqədar
xüsusi fərman imzalaması təhsil sistemində bu məsələnin
tamamilə həlli ilə nəticələnmişdir. Sonrakı
illərdə də təhsilin inkişafı, milli ənənələrə
sadiq, ümumbəşəri dəyərlərə söykənən,
xalqına, Vətənə dövlət və dövlətçiliyə
bağlı vətənpərvər gənclərin tərbiyə
edilməsi daim dövlətin diqqət mərkəzində
olmuşdur. Gənclərimizin vətənpərvərlik tərbiyəsində,
milli şüurun formalaşmasında Heydər Əliyev siyasi
kursu mühüm rol oynamışdır. Ümumiyyətlə,
Azərbaycan təhsilində millilik, azərbaycançılıq
ruhunun ön plana çəkilməsi Heydər Əliyev siyasətinin
strateji kursunu təşkil etmişdir.
Ümummilli lider Heydər
Əliyev ideyalarının layiqli davamçısı, ulu
öndərin siyasi kursunun ana xəttini “Mən hər bir Azərbaycan
vətəndaşının Prezidenti olacağam” kimi əsas
müddəa təşkil edən möhtərəm İlham Əliyevin
ötən beş illik prezidentlik fəaliyyətində təhsilin
inkişafında sanki sıçrayış yarandı. Bu illər
ərzində təhsildə fundamental islahatlar həyata
keçirildi. Prezidentlik fəaliyyətinin ilk vaxtlarından
başlayaraq dövlət başçısı bir-biri
ardınca imzaladığı bir neçə fərmanda,
verdiyi konkret tapşırıqlarda təhsil sahəsinə
xüsusi diqqət yetirdi, ulu öndərimizin bu sahədə
müəyyənləşdirdiyi inkişaf strategiyasını
uğurla davam etdirdi. Məktəb şəbəkəsinin tam
şəkildə kompyuterləşdirilməsi, ümumtəhsil
məktəblərinin pedaqoji kadr təminatı, məktəblərin
ən müasir ləvazimatlarla təchizatı kimi vacib məsələlər
öz həllini tapdı. Prezidentin imzaladığı “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın böyük hissəsi
birbaşa dövlət sektorunun inkişafına istiqamətlənmişdir.
Məktəb tikintisi ilə bağlı qəbul olunmuş qərar,
Təhsil haqqında Qanunun yekunlaşdırılması ilə
əlaqədar verilmiş konkret tapşırıq və irəliyə
doğru atılan digər zəruri addımlar dövlət
başçımızın təhsil sistemini strateji əhəmiyyətli
çox vacib sahə kimi daim diqqət mərkəzində
saxlamasına bariz nümunədir.
Prezident İlham Əliyevin
fəaliyyəti həm də onun ulu öndərimiz Heydər Əliyevin
əsasını qoyduğu müstəqil elm və təhsil ənənələrini
uğurla davam etdirdiyini və yeni dövrün tələblərinə
uyğun zənginləşdirdiyini göstərir. Bu gün
milli təhsilimizin inkişafı məsələsi öz məzmununu
dəyişərək, həm də Azərbaycanın gələcək
inkişaf modelinin əsasını formalaşdıran
başlıca amil kimi gündəmə gətirilmiş, insan
kapitalının formalaşmasına xidmət edən ümumtəhsil
hərəkatı güclənmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqətlə
yanaşması həm də respublikamızın sürətli
iqtisadi inkişaf yolunda olması, geniş maliyyə
imkanları qazanması ilə şərtlənir. Dövlət
büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil
sahəsində məhz maliyyə
çatışmazlığı səbəbindən
yığılıb qalmış bəzi problemlərin
hazırkı mərhələdə həlli məsələlərini
aktuallaşdırdı, dövlət investisiyalarının həcminin
artımını təmin etdi və bu sahənin dünya
standartları səviyyəsinə qaldırılmasına
geniş imkanlar yaratdı. Ötən beş il ərzində
elmin və təhsilin problemlərinin həlli
üçün bir sıra fərman və sərəncamlar,
mühüm əhəmiyyətli dövlət proqramları
imzalayan Prezident İlham Əliyev respublikanın iqtisadi
imkanlarının genişlənməsi müqabilində bu sahəyə
diqqətin daha da artırılacağını təsdiqləmişdir.
Uzun illər idi ki, şagirdlər köhnə, yararsız məktəblərdə,
sinif otaqlarında təhsil alırdılar. Bəzi rayonlarda isə
məktəblər qəza vəziyyətində olduğundan
valideynlər uşaqlarını məktəbə qoymurdular. Bu
da təhsilin inkişafına mənfi təsir edirdi. Artıq
bu problem, demək olar ki, aradan qaldırılıb. Hətta
ucqar kəndlərdə hər cür zəruri ləvazimatlarla
təchiz olunmuş beynəlxalq standartlara cavab verən məktəblər
inşa olunmuşdur. Bəzi məktəblərdə əsaslı
tikinti-təmir işləri aparılmış, əlavə
sinif otaqları tikilmişdir. Müasir tipli yeni təhsil
ocaqlarının inşası regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında mühüm vəzifələrdən
biri kimi müəyyənləşdirilmişdir.
Təhsilin səviyyəsini
müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə
tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək,
təhsil sahəsində mövcud problemləri
vaxtaşırı təhlil edərək, müvafiq tədbirlərin
görülməsinə nail olmaq məqsədi ilə dövlət
başçısı 30 may 2005-ci il tarixdə “Azərbaycan
Respublikasının Prezidenti yanında təhsil üzrə
xüsusi komissiya”nın yaradılması haqqında sərəncam
imzalamışdır. Komissiya təhsilin strateji inkişaf
istiqamətləri ilə bağlı təkliflər verir,
fundamental islahatların həyata keçirilməsi mexanizmlərini
irəli sürür. Dövlət
başçısının digər fərmanı ilə
“Bilik günü” təsis edilmiş, təhsil müəssisələrində
iş rejimi tənzimlənmişdir. Bununla yanaşı, fərmanda
ölkəmizin təhsil müəssisələrində təlimin
keyfiyyətinin yüksəlməsinə xidmət edən səmərəli
fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir
sıra tədbirlərin görülməsi də nəzərdə
tutulmuşdur.
Qeyd etmək
lazımdır ki, son beş ildə ölkəmizdə 1600
yeni məktəb tikilib istifadəyə verilmiş və bu məktəblərin
hamısı ən müasir ləvazimatlarla təchiz
olunmuşdur.
Təhsil müəssisələrinə
diqqət və qayğıdan söhbət düşərkən
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın əməyini xüsusi qeyd etmək
istərdim. Fondun təşkilatçılığı ilə
respublikamızda 280-dən çox yeni məktəb binası
inşa olunmuşdur. Beynəlxalq standartlara cavab verən bu məktəblər
ən müasir ləvazimatlarla təchiz edilmişdir. Bununla
yanaşı, “Yeniləşən Azərbaycana yeni məktəb”
proqramı çərçivəsində yeni məktəblər
tikilmiş, məktəbəqədər uşaq tərbiyə
müəssisələri tam təmir olunmuş, xəstə
uşaqların müalicəsi ilə əlaqədar
mühüm əhəmiyyətli tədbirlər
görülmüşdür. Ümumilikdə isə təhsil
müəssisələri dövlət
başçımızın daim diqqət mərkəzində
olmuş, milli təhsilimizin inkişafına xüsusi diqqət
göstərilmişdir. “Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin avadanlıqlarla təmin olunmasına
dair İnkişaf Proqramı” bu sahədə mühüm rol
oynamışdır. “Azərbaycan Respublikasında texniki
peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı” ölkəmizdə peşə təhsilinin
inkşafı məsələlərinin həyata keçirilməsi
məqsədini daşıyır. Bütün bu və ya digər
sərəncamların icrası və həyata keçirilməsi
ölkədə təhsilin inkişafına xidmət edir.
Sevindirici haldır ki, bu
gün Azərbaycan təhsili yeni inkişaf mərhələsinə
qədəm qoyub. Ümid edirik ki, təhsilimiz gələcəkdə
inkişaf etdirilərək, dünya standartlarına tam
uyğunlaşdırılması istiqamətində də
mühüm qərarlar qəbul olunacaqdır.
Mən bir kollec direktoru
kimi rəhbərlik etdiyim kollektivin problemlərindən də
danışmaq istərdim. Kollecin tədris korpusunun əsaslı
təmirə ehtiyacı var. Ən vacibi isə məktəbin
idman zalı əsaslı təmir olunmalıdır. Düzdür,
orta məktəblərin təmir və təchizatı üzrə
Dövlət Proqramı qəbul olunur. Yaxşı olardı
ki, kolleclərin də təmiri və təchizatı üzrə
əlavə proqram qəbul olunsun.
Heydər HÜSEYNOV,
Bakı İdarəetmə və
Texnologiya Kollecinin
direktoru, fizika-riyaziyyat
elmləri namizədi, dosent
Xalq qəzeti.- 2009.- 21 mart.- S. 8.