Peşəkarlar ölməzlik qazanırlar
1961-ci ilin
payızında jurnalist diplomu və təyinatla “Kommunist” qəzetinə
arıq, ucaboy, gülərüz bir oğlan gəldi. İlk
gündən kollektivə və işə bələdliklə
fəaliyyətə başladı. Tələbə ikən
redaksiyada təcrübələrdə olduğundan, qəzetdə
bir sıra yazıları çap olunduğundan nə adamlarla
ünsiyyətdə, nə də verilən
tapşırıqların yerinə yetirilməsində
heç bir çətinliyi olmadı.
Günlər, aylar
keçdikcə respublikanın avanqard qəzetinin yetik-bitik əməkdaşları
və müəllifləri içərisində “Bariz Əsədov”
imzası da sıx-sıx görünməyə
başladı, sahibinə nüfuz qazandırdı. Savadı,
bacarığı, davranışında və işində ədəb-ərkanlı
olması ilə bu gənc yazar Azərbaycanın baş milli qəzetində
sayılıb-seçilən jurnalistlərdən oldu.
Bariz müəllim
kollektivə elə bağlandı, elə sevilib-seçildi
ki, gələcək ömür-gün yoldaşı Rəfiqə
xanımla tale ortaqlığını da burada tapdı. Redaksiyanın
2 gənc əməkdaşının toyu “Kommunist” qəzetinin
həyatında yaddaqalan günlərindən biri oldu. Oğlu Əsəd,
qızı Nigar dünyaya gələndə, iş yerindən
təzə mənzil alanda kollektiv gənc ailəyə
gözaydınlığı verdi, Bariz müəllimlə, Rəfiqə
xanımla birlikdə sevindi.
Sonradan ikinci qızları Fidan doğuldu. Uşaqlar gecə-gündüz
qələm-kağız, kitab-dəftər
arasında çalışan
ata-ananın halal qazancı ilə böyüdülər, milli
ziyalılıq mühitində
tərbiyələndilər. Dost-tanışlar çoxaldı, cəmiyyətin
müxtəlif dairələri
ilə mötəbər
əlaqələr yarandı.
Oğlu mühəndis, qızları
həkim ixtisasına yiyələndilər. Bariz
müəllim, Rəfiqə
xanım uşaqlıqdan
üzləşdikləri ağrı-acıları
unutdular, nəvələrin
dünyaya gəlməsi
onları əsl xoşbəxtliyə qovuşdurdu...
Bariz Əsədov
dünyaya qədim türk yurdu İrəvan şəhərində
göz açmışdı. Milli adət-ənənələrə
bağlılığı, ziyalılığı ilə
seçilən Kamallı nəslindən idi. 1948—50-ci illərin
dəhşətli deportasiyası Barizi də 10 yaşında
doğma ocağından qoparıb Yevlaxa atmışdı. Orta
məktəbi burada bitirib, 1956-cı ildə Bakı Dövlət
Universitetinin jurnalistika şöbəsinə daxil olmuşdu.
Təhsil illərində
Nəsir İmanquliyev, Həsən Şahgəldiyev, Nurəddin
Babayev, Şirməmməd Hüseynov kimi tanınmış
jurnalist nəzəriyyəçilərdən
sevib-seçdiyi ixtisasın incəliklərini öyrənmişdi.
Qəzet-jurnallarda ilk qələm təcrübələrini
çap etdirməklə tanınmış jurnalistlərdə
böyük ümidlər doğurmuşdu. “Kommunist” qəzeti
kimi mötəbər nəşrə də auditoriyadan
birbaşa belə bir etimadla göndərilmişdi. Burada 40 ilədək
qüsursuz fəaliyyət göstərdi, ədəbi
işçi, müxbir, baş müxbir bölgə
müxbiri, vəzifələrində peşəkarlıqla
çalışdı.
Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində oxuyarkən,
1979-cu ildə qrup yoldaşım, hazırda “Azərbaycan” qəzeti
baş redaktorunun müavini olan Amil Novruzlu ilə “Kommunist” qəzetinə
təcrübəyə göndərilmişdik. İnformasiya
şöbəsinin müdiri, respublikanın
tanınmış jurnalistlərindən olan Hidayət Zeynalov
təcrübə rəhbərimiz oldu. Canlı jurnalistika məktəbi
olan Hidayət müəllim otağın bir küncündəki
baş stolu göstərib dedi ki, indi Muğan bölgəsində
müxbir işləyən Bariz Əsədov orada əyləşirdi.
Əgər jurnalistikanı onun kimi sevsəniz və bu
redaksiyanın zəngin təcrübəsini öyrənsəniz
həyatda yolunuz açıq olacaq. Mən fəxr edirəm
ki, Bariz Əsədov kimi peşəkar bir jurnalistin yetişməyində
mən də nəsə eləmişəm.
Təcrübəli
jurnalistin bu sözlərindən sonra redaksiyaya daha ürəklə,
ərklə, bir az da gələcəklə bağlı
ümidlərlə gəlib-getdik. Bariz Əsədovun
yazılarını isə ardıcıl və diqqətlə
izləməyə başladıq. Onun müxtəlif janrlarda
yazılarından çox şey öyrəndik. Universiteti
bitirib Azərbaycan Televiziyasında reportyor işləyəndə
Biləsuvarda, Cəlilabadda, Salyanda müxtəlif tədbirlərdə
tanış olub həmkar kimi yaxınlaşdıq. Hidayət
müəllimin bir vaxt dediyi sözləri xatırlamaqla daha
mehriban olduq. 1988-ci ildə “Kommunist” qəzetinə işə
dəvət olundum, 10 il bir kollektivdə
çalışdıq. 1990-cı ildə redaksiyanın
boşalan mənzilinə köçəndən sonra üzbəüz
qonşu olduq. Onun yaradıcılığı kimi, şəxsiyyəti,
cəmiyyətdə davranışı da sirayətedici idi.
Bariz müəllim gözütoxluğu, qüruru ilə
seçilən, özündən sonra gələn jurnalist nəslinə
nümunə olan nadir qələm sahiblərindən biri idi.
Dövlət müstəqilliyi
qazanmağımız Bariz müəllimi nə qədər
sevindirirdisə, həyatda ilk böyük zərbə
aldığı ermənilərin törətdiyi fəlakətlər
bir o qədər ağrıdırdı, üzürdü. Jurnalistikada
baş alıb gedən qeyri-peşəkarlıq, üzdəniraq
adamların söz meydanında törətdiyi nalayiq hərəkətlər
onun peşə qüruruna toxunurdu. Yaxşını-pisdən
seçə bilməyən oxucu və məmurların kobud
münasibətindən getdikcə sarsılırdı. Bir dəfə
redaksiyada dedi ki, daha dözə bilmirəm. Səhərisi
eşitdik ki, ərizəsini yazıb işdən gedib. Nə
qədər təəssüflənsək də artıq gec
idi.
Mətbuata qayıtmaq
istəməsə də, 8 ay işsiz qalsa da, qürurunu
qoruyurdu, jurnalistikasız isə yaşaya bilməzdi. Son illərdə
vaxtilə “Xalq qəzeti”ndə birlikdə
çalışdığı bir qrup jurnalistlə “Azərbaycan”
qəzetində fəaliyyətini davam etdirdi. Redaksiyamıza
doğma olan bu kollektivin də sevimlisinə çevrildi. Bir
sıra aktual mövzularda hazırladığı yazılarla
əsl peşəkar olduğunu, çağdaş oxucu tələbatını
həssaslıqla cavablandırdığını bir daha
sübut etdi.
Amansız xəstəlik
bu il fevralın 16-da tanınmış jurnalist, vicdanlı qələm
sahibi, gözəl ziyalı Bariz Əsəd oğlu Əsədovu
70 yaşının tamamına 18 gün qalmış
sıralaramızdan apardı. Yubileyində şərəfinə
deyiləsi layiqli sözlər yas mərasimində səsləndi.
Bu xəbəri eşidənlərin qəlbi göynədi,
gözləri yaşardı.
Jurnalistikamıza xidmətləri,
xoş əməlləri, unudulmaz xatirələri dilə gətirildikcə
doğmalarına və yaxınlarına, bütün
tanıyanlara təsəlli olacaq bir fikir yarandı: Nəcib
insanlar, peşəkar sənət adamları həyatda qoyduqları
silinməz izlərlə ölməzlik qazanırlar.
Xalqına yarım əsrlik müddətdə qələmi ilə
ləyaqətlə xidmət etmiş, uzun illər
çoxsaylı oxucuların ehtiramını qazanmış
jurnalist Bariz Əsədovun da xatirəsi həmişə
xoş duyğularla, dəyərli sözlərlə
anılacaq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.-21 mart.-
S. 9.