Dövlətimiz qüdrətləndikcə mədəniyyətimiz daha yaxşı qorunur

 

Azərbaycan mədəniyyəti özünün əsl intibah dövrünü yaşayır. Mənim bu sətirləri qələmə almağımın bir-birindən əsaslı olan xeyli səbəbi vardır. Təxminən bir ay əvvəl “Bakı-İslam mədəniyyətinin paytaxtı—2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimində iştirak etdik. Ötən həftə isə Azərbaycan paytaxtında keçirilən ”Muğam aləmi" adlı beynəlxalq muğam festivalı uğurla başa çatdı. Hər iki tədbir beynəlxalq aləmdə müstəqil Azərbaycanın qazandığı nüfuzun, inam və etimadın parlaq təzahürü oldu. Ancaq son beş ildə, xüsusən, ümummilli liderimizin adını daşıyan Fondun xətti ilə keçirilən bir-birindən dəyərli, bir-birindən əhəmiyyətli tədbirlər saysız-hesabsızdır. Bir sənət adamı, ali məktəb müəllimi kimi xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında, təbliğində və gələcək nəsillərə çatdırılmasında misilsiz əhəmiyyətə malik olan həmin tədbirlər haqqında iftixarla söz açmağı özümün vətəndaşlıq borcum hesab etdim.

Fevral ayında Bakıda Mədəniyyət ilinin açılışına həsr olunmuş iki günlük tədbirdə Avropa və İslam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru, İslam Konfransı Təşkilatı baş katibinin müavini, çoxsaylı diplomatlar və xarici qonaqlar iştirak edirdilər. Mərasimi izlədikcə bir azərbaycanlı kimi fəxr edirdim. Bu iftixar hisslərimi çalışdığım Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi kafedrasında və auditoriyalarda dərs dediyim tələbələr qarşısında dönə-dönə danışdım. Universitet müəllimlərinin və tələbələrin də bu qəbildən olan tədbirlərin Azərbaycan mədəniyyətinin qorunmasında və təbliğində müstəsna əhəmiyyəti olduğunu söyləməsi mənim sevincimi ikiqat artırdı. Yəni bütövlükdə xalqımız dəyərli olan hər şeyi layiqincə qiymətləndirir. Bu, xoşbəxtlikdir, səadətdir.

Xüsusilə qeyd edilməli bir neçə məqam vardır. Əvvəla, Azərbaycan müasir dünyada dönməz xarakter almış qloballaşma prosesində öz milli-mənəvi dəyərlərini nəinki qoruyub saxlamağı bacarır, üstəlik həmin dəyərləri ümumbəşəri irs kimi bütün dünyada təbliğ etməyin qayğısına qalır. Mən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamının, aşıq sənətimizin, Qobustan qayaüstü rəsmlərinin, Qız qalasının, İçəri Şəhərin və bir çox başqa mədəniyyət nümunələrimizin YUNESKO xətti ilə təbliğ edilməsini nəzərdə tuturam. Bir ali məktəb müəllimi kimi yeri düşdükcə xaricdəki həmkarlarımızın həyatı, fəaliyyəti ilə maraqlanır, bəzi materialları əldə edirəm. Məlum olur ki, indi adını çəkmək istəmədiyim bəzi ölkələrdə ali məktəb müəllimləri vay-şivən qaldırır, etiraz səslərini ucaldırlar ki, qloballaşma bizim milli-mənəvi dəyərlərimizin aşınmasına səbəb olur. Azərbaycanda isə tamamilə əksinədir. Mehriban xanımın təşəbbüsü ilə bir neçə mədəniyyət nümunəmiz YUNESKO-nun “xüsusi mühafizə edilən irs” siyahısına salınıbdır. Bakıda “Muğam” mərkəzinin təntənəli açılışı olub, müxtəlif telekanallar xalq musiqimizlə bağlı dəyərli müsabiqələr keçiriblər. Bu işlər uğurla davam etdirilir.

Yeri gəlmişkən, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi və himayəsi ilə ərsəyə gəlmiş “Qarabağ xanəndələri” kitab-albomunun həm respublikamızda, həm də muğamla bağlı olan xarici ölkələrdə yüksək qiymətləndirilməsi ölkənin mədəni ictimaiyyətinin yadından heç zaman çıxmayacaqdır. Həmin məsələ ilə bağlı mənim yaddaşıma əbədi həkk olmuş bir ifadəni muğam dünyamızın görkəmli simalarından, Azərbaycan xalq musiqisinin böyük təəssübkeşlərindən olan xalq artisti Habil Əliyev söyləmişdi: “Mehriban xanım mənim qızımdan və bəlkə də nəvəmdən də kiçikdir. Ancaq o, bizə — 70, 80, 85 yaşlı muğam ustalarına və bütövlükdə Azərbaycan muğamına analıq elədi. Allah onu övladları və ailəsi ilə daim xoşbəxt eləsin”. Mən müəllimim və ömürlük ustadım olan Habil Əliyevdən bu sözləri eşidəndə onun gözlərindəki yaşı da gördüm. Bu, sevinc yaşları idi. Çünki Mehriban xanım “Qarabağ xanəndələri” kitab-albomunu ərsəyə gətirəndə, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə ümumrespublika muğam müsabiqəsi keçirilməsi barədə təkliflə çıxış edəndə ölkədə muğama münasibət tamamilə başqa idi. Habil müəllimin gözlərini yaşardan həmin dərdin arxa plana keçməsindən yaranan sevinc idi.
Bu məqamda görkəmli Azərbaycan mütəfəkkiri Nəriman Nərimanovun çox böyük ibrət nümunəsi olan bir kəlamı mənim yadıma düşür. Ədib sual verir: “Bizim uşaqlarımızın Şekspiri, Puşkini, Tolstoyu oxuması vacibdirmi?” Elə dərhal cavabı da özü verir: “Əlbəttə lazımdır, amma, Nizamini, Füzulini, Vaqifi oxuduqdan sonra”. Yəni mən yuxarıda “müğama münasibət tamamilə başqa idi” — deyəndə gənclərimizin əcnəbi musiqiyə daha çox meyl göstərməsindən narahatlığımı ifadə edirdim. Eyni zamanda qətiyyən əcnəbi musiqinin əleyhinə deyiləm. Amma, əvvəl öz musiqimizə, öz mədəniyyətimizə bağlı olmalıyıq.

İkincisi, yuxarıda qeyd etdim ki, qloballaşma dövründə öz milli-mənəvi dəyərlərimizi qorumağı və təbliğ etməyi bacarırıq. Bu, o demək deyil ki, mənsub olduğumuz islami dəyərlərə, Şərq mənəviyyatına qapılaraq qalmalıyıq. Əsla yox. Heydər Əliyev siyasi kursunun mühüm elementlərindən olan milli və dini tolerantlıq, mədəniyyətlərarası dialoqa hörmət Azərbaycan xalqında və dövlətimizdə həmişə yüksək səviyyədə olubdur. “Bakı—İslam mədəniyyətinin paytaxtı — 2009” Mədəniyyət ilinin təntənəli açılış mərasimində nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən bir çox tədbirlərin İslam Konfransı Təşkilatı, İSESKO və Avropa qurumları ilə birgə təşkil edildiyini söyləyib: ”Bəzən bu tədbirlər birgə keçirilir. Bu da çox önəmlidir. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir". Bu, yeni əsrin yeni təfəkkürüdür və xalq öz liderinin bəşəri siyasətini daim dəstəkləyib, yenə də dəstəkləyəcəkdir. Cənab İlham Əliyevin siyasi uzaqgörənliyi Azərbaycan dövlətini gündən-günə qüdrətləndirir. Dövlətimiz qüdrətləkdikcə isə milli-mənəvi dəyərlərimiz daha yaxşı qorunur, Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə daha geniş miqyasda təbliğ edilir.

Təsəvvür edin ki, “Muğam aləmi” beynəlxalq muğam festivalı üzrə Bakıdakı yeni memarlıq incisi — Beynəlxalq Muğam mərkəzində və paytaxtın mədəniyyət ocaqlarında keçirilən silsilə tədbirlərdə bir çox beynəlxalq musiqi tədqiqatçıları yaxından iştirak edirdi. Tədbirlərə YUNESKO-nun baş katibi Koişiro Matsuura, habelə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan qonaqlar təşrif gətirmişdilər. Beynəlxalq simpozium və muğam müsabiqəsi ən yüksək səviyyədə xeyir-duasını alaraq uğurla davam etdi və Azərbaycanın şöhrətini bir daha dünyaya yaydı. Bu tarixi tədbirlər, heç şübhəsiz, Azərbaycan muğamının inkişafına və dünyada populyarlaşmasına, dünyanın müasir musiqi müstəvisində özünəməxsus önəmli yer tutmasına geniş imkanlar yaradacaq.

Bütün bunlar bizim qürur hissimizi daha da artırır. Özümüzü son dərəcə xoşbəxt hiss edirik.

 

 

Ruzə İBİŞOVA,

xanəndə, Azərbaycan

Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin

müəllimi

 

 

Xalq qəzeti.- 2009.- 30 mart.- S. 6.