Bu günlərdə
G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində
zəmanəmizin görkəmli bəstəkarı, professional
musiqi salnaməmizə bir sıra ölməz əsərlərin
müəllifi kimi daxil olmuş gözəl pedaqoq, ictimai
xadim, xalq artisti, Dövlət mükafatları laureatı Arif
Məlikovla görüş keçirilmişdir.
Görüşdə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin məsul şəxsləri, eləcə
də bəstəkarın sevimli tələbələri —
Bakı Musiqi Akademiyasının müəllimləri Ceyhun və
Asif Allahverdiyev qardaşları iştirak etmişlər.
Tədbiri giriş
sözü ilə açan məktəbin direktoru əməkdar
müəllim Yusif Vəliyev öncə məktəbin pedaqoji
kollektivi adından qonaqları salamlayaraq məktəb
haqqında onlara ətraflı məlumat verdi. O, məktəbin
respublikamızda ən qocaman musiqi təhsili ocaqlarından biri
olduğunu və bu gün burada 20-yə yaxın ixtisas üzrə
400-ə yaxın gənc musiqiçinin təhsil
aldığını, 8 şagirdin beynəlxalq müsabiqə
laureatı, 1 tələbənin isə prezident təqaüdçüsü
olduğunu qeyd etdi.
Tədbirin
aparıcısı, məktəbin müəllimi
musiqişünas Fazilə Nəbiyeva dünya şöhrətli
bəstəkarın həyat və zəngin
yaradıcılıq yolundan söz açdı. Sevimli bəstəkarın
anadan olmasının 75 illiyi ilə əlaqədar Prezident
İlham Əliyevin sərəncam imzaladığını və
ötən il noyabr ayının 19-dan 30-a kimi Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Beynəlxalq Musiqi Festivalı keçirildiyini, həmçinin
musiqi Akademiyasında təşkil olunmuş elmi konfransın
da festival proqramına daxil edildiyini qeyd etdi. Bəstəkarın
dünya səhnələrindən düşməyən “Məhəbbət
əfsanəsi” baletinin festival günlərində onun öz vətənində
də səhnə təcəssümü tapmasının əlamətdar
hadisə olduğunu dedi.
1959-cu il Arif Məlikovun
yaradıcılıq həyatında əlamətdar hadisə
ilə bağlı olmuşdur. Zəmanənin dahi bəstəkarı
Qara Qarayev müstəqil yaradıcılıq yoluna qədəm
qoymuş sevimli tələbəsinə “Məhəbbət əfsanəsi”
baletini yazmaq üçün S.M.Kirov adına Leninqrad Dövlət
Opera və Balet Teatrının sifarişini verir. Baletin libretto
müəllifi məşhur türk şairi və dramaturqu
Nazim Hikmət, baletmeysteri Yuri Qriqoroviç, tərtibatçı
rəssamı S.Virsaladze, dirijoru isə maestro Niyazi olmuşdur.
Baletin ilk tamaşasına baxan Nazim Hikmət o vaxt öz
arzusunu belə ifadə edir: “Mən istərdim ki, bu əsərə
Paris və Dehlidə, London və Qahirədə, Vyana və
Pekində, Nyu-York və İstanbulda tamaşa edəydilər”.
N.Hikmətin bu arzusu reallaşdı. “Məhəbbət əfsanəsi”
dünyanın 60-dan çox ölkəsində tamaşaya
qoyuldu.
Daha sonra Fazilə Nəbiyeva
Arif Məlikovun Qara Qarayevi özünün mənəvi
atası hesab etdiyini və bu gün də Q.Qarayevin tələbəsi
olduğu ilə fəxr etdiyini toplaşanların diqqətinə
çatdırdı: “İndi də bəzən əsər
yazanda fikirləşirəm ki, Qara müəllim onun
haqqında nə deyərdi, bu gün də meyar olaraq öz əsərimə
Q.Qarayevin gözü ilə baxıram, bu irsi
bağlılıq bu gün də davam edir”.
A.Məlikovun kinofilmlərə
və teatr tamaşalarına yazılmış musiqilərin də
müəllifi olduğunu açıqlayan Fazilə Nəbiyeva
muəllifin “Sehirli xalat”, “Rüstəm haqqında dastan”,
“Rüstəm və Söhrab”, “Könül əhvalatları”,
“Axırıncı aşırım”, “Qərib cinlər
diyarında” və digər filmlərə yazdığı
musiqilərin milli kino salnaməmizdə özünəməxsus
yer tutduğunu qeyd etdi. Çıxışının sonunda
A.Məlikovun bəzi simfoniyalarını görkəmli ictimai
xadimlərə, dahi bəstəkarlara həsr etdiyini dedi. “Əbədiyyət”
adlanan 8-ci simfoniya (2004) ulu öndər H.Əliyevə həsr
olunmuşdur.
Bəstəkarın Azərbaycan
musiqi mədəniyyətinə göstərdiyi böyük
xidmətlər dövlətimiz tərəfindən çox
yüksək qiymətləndirilib. O “istiqlal” və
“Şöhrət” ordenlərinə layiq görülüb.
Arif Məlikov müəllimlərin
və şagirdlərin suallarına cavab verdi. Görüşdə
gənc musiqiçilərin ifasında Arif Məlikovun əsərləri
səsləndi.
Tədbirin sonunda
dünya şöhrətli bəstəkar bu gözəl
görüş üçün məktəb rəhbərliyinə
və pedaqoji kollektivə dərin minnətdarlığını
bildirdi. Əsərlərindən ibarət kitablar toplusunu məktəbə
hədiyyə edərək, o, məktəb kollektivi ilə
xatirə şəkli çəkdirdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 30 mart.- S. 6.