Mənbələr azərbaycanlıların
1905-1906-cı illər soyqırımı haqqında
Ermənilər
havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə
XIX-XX əsrlərdə müəyyən mərhələlərlə
azərbaycanlılara qarşı kütləvi
qırğınlar və soyqırımlar törətmiş,
deportasiyalar həyata keçirmişlər. Həmin
soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri
əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman
qırğınları” kimi düşən bu qanlı faciələri
hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı
soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir.
Terminologiya kimi
“soyqırım”, yaxud “genosid” anlayışı BMT-nin Baş
Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq
olunmağa başlamış, həmin qurumun 1948-ci il 9 dekabr
tarixli konvensiyasında isə genosid siyasətinin
qarşısının alınması və ona görə cəza
müəyyənləşdirilmişdir. 1905-1906-cı illər
qırğınları planlı şəkildə, azərbaycanlıların
milli və dini mənsubiyyətlərinə görə, etnik
təmizləmə məqsədilə həyata keçirildiyi
üçün soyqırım mahiyyəti daşıyır.
1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara
qarşı törətdikləri və o dövrdə “milli
qırğınlar” kimi tarixə düşən cinayətlər
də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə
ermənilər yenə də havadarlarının köməyi
ilə Dağlıq Qarabağda və onun ətraf
rayonlarındakı ərazilərdə azərbaycanlılara
qarşı soyqırım həyata keçirmişlər.
“Azərbaycanlıların
soyqırımı haqqında” Azərbaycan Respublikası
Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi
kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən
bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş
bütün soyqırım faciələrini yad etmək məqsədilə
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü elan edilmişdir.
Məlumdur ki, sovet
hakimiyyəti illərində ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımlar, kütləvi
qırğın və zorakılıqlar, repressiya və
deportasiyalar saxta beynəlmiləlçilik pərdəsi
altında ört-basdır edilmiş, sovet
tarixşünaslığında bu tip mövzuların tədqiqinə
yasaq qoyulmuşdu. Yalnız Azərbaycan XX əsrin sonunda yenidən
müstəqillik əldə etdikdən sonra tarixi
keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı
əldə edilmiş, xalqımızın başına gətirilən
faciələr ayrı-ayrı tədqiqatçılar tərəfindən
elmi tədqiqat dövriyyəsinə daxil edilmişdir. Xalqımıza
qarşı erməni təcavüzünün əsas məqsədi
etnik təmizləmə siyasəti həyata keçirmək
yolu ilə tarixi Azərbaycan torpaqları hesabına erməni
dövlətinin əsasını qoymaqdan və sonradan
müxtəlif yollarla onu genişləndirməkdən ibarət
olmuşdur. Ermənilərin bu niyyətlərinin
reallaşması istiqamətində Rusiya və bəzi Qərb
dövlətləri də mühüm rol oynamışlar.
1905-1906-cı illərdə
Rusiyada baş verən iğtişaşlardan fürsət kimi
istifadə edən ermənilər əvvəlcə Bakıda,
sonra İrəvanda, Naxçıvanda, Gəncədə,
Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara
qarşı qırğınlar törətmişlər. Erməni
silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ
istiqamətində və Qazax-Gəncə istiqamətində
yerləşən azərbaycanlı yaşayış məskənlərinin
əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə
erməniləri məskunlaşdırmaqla gələcək
Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər.
Sayları on min silahlıdan artıq olan erməni birləşmələri
əvvəlcə Bakıda, sonra İrəvan şəhərində
və onun ətraf kəndlərində, Eçmiədzin
(Üçkilsə), Şərur-Dərələyəz və
Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə)
quberniyasının Zəngəzur qəzasının Gorus,
Qafan və Qarakilsə (Sisyan) nahiyələrində,
Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında,
Tiflis şəhərində kütləvi qırğınlar
törətmiş, 200-dən artıq yaşayış məntəqəsini
viran qoymuşlar.
İndiyədək
1905-1906-cı illər qırğınları kifayət qədər
tədqiq edilməmiş, heç də bütün mənbələr
və dövri mətbuat materialları tədqiqata cəlb
olunmamış, habelə bu mövzuda yazan erməni və
xarici müəlliflərin tədqiqatlarına, demək olar
ki, müraciət edilməmişdir.
Çar Rusiyası
dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası
Tarix Arxivinin fondlarında saxlanılan sənədlər,
ayrı-ayrı müəlliflərin Azərbaycan, rus, erməni
və ingilis dilində faktik materiallar əsasında
yazdıqları əsərlər və dövri mətbuat
materialları mövzunun mənbə və qaynaqlarını
təşkil edir. Lakin təəssüf ki, mövcud olmuş
arxiv sənədlərinin bir qismi vaxtilə Azərbaycan arxivlərində
kök salmış qeyri-azərbaycanlılar tərəfindən
məhv edilmişdir. Bir neçə il öncə mövzu ilə
bağlı Tarix Arxivinin fondlarında araşdırma apararkən
Yelizavetpol dairə məhkəməsinin prokurorunun dəftərxanasına
aid siyahıda 1906-cı il yanvarın 2-də ermənilərin
Haqqıxlı (o zaman Qazax qəzasının kəndi
olmuşdur, hazırda İcevan rayonunun ərazisinədədir
və ermənilər onun adını dəyişdirərək
Hovk qoymuşlar- N.M.) kəndinə hücumları haqqında
12 vərəqlik işin olduğunu gördüm. Həmin sənədi
sifariş etdim. Lakin cavab gəldi ki, həmin sənəd 25
dekabr 1959-cu ildə arxivin məsul işçisi Portnovanın
imzası ilə maklatura kimi çıxdaş edilmişdir.
XIX əsrin sonu, XX əsrin
əvvəllərində keçirilən siyahıyaalmaların
materialları, illik nəşr olunan “Kavkazskiy kalendar”lar tədqiqat
dövründə regionda sosial-demoqrafik vəziyyətin mənzərəsini
açmağa imkan verir. Bakıda dərc olunan “Kaspi” (rus
dilində) və “Həyat” (Azərbaycan dilində) qəzetlərində,
Tiflisdə rus dilində işıq üzü görən
“Tiflisskiy Listok”, “Kavkaz”, “Novoe Obozrenie” qəzetlərinin səhifələrində
XX əsrin əvvəlində Cənubi Qafqazda baş verən
hadisələr öz əksini tapmışdır. “ Kaspi” və
“Həyat” qəzetlərində dərc olunan yazıları həmin
dövrün salnaməsi adlandırmaq olar. Həmin dövrdə
rus dilində çap edilən qəzetlərin bir çoxunun
redaksiyası ermənilərə məxsus idi və yaxud
onların sifarişini yerinə yetirirdi. Erməni dilində
çap olunan qəzetlərin əksəriyyəti milli ədavəti
qızışdırır, erməniləri türklərə
qarşı qanlı toqquşmalara təhrik edirdilər. “Mşak”(“Əməkçi”),
“Ardzaqank” (“Əks-səda”), “Nor dar” (“Yeni əsr”), “Bakvi dzayn”
(“Bakının səsi)”, “Kayç” (“Qığılcım)”
qəzetləri, “Murç”(“Çəkic”), “Ararat”, “Taraz”
jurnalları ermənilərin millətçilik əhval-ruhiyyəsini
qızışdırmağa xidmət edirdilər. Bakıda
bir üzü erməni, bir üzü türkcə çap
olunan “Qoç dəvət ” qəzeti millətlərarası ədavəti
söndürməyə, barışıq əldə
olunmasına xidmət edirdi. Həmin dövrdə Rusiyada və
xarici ölkələrdə çap olunan qəzetlərin və
teleqraf agentliklərinin müxbirləri Cənubi Qafqaza gəlmiş,
hadisə yerindən reportajlar hazırlayaraq dərc
etdirmişlər. Onların yazılarında çox zaman
xristian təəssübkeşliyi özünü göstərmiş,
obyektiv mənzərənin yaradılmasına mane olmuş,
hadisələrin mahiyyətinin təhrif olunmasına gətirib
çıxarmışdır.
1905-1906-cı illərdə
baş vermiş hadisələrin bilavasitə şahidi
olmuş müəlliflərin əsərləri həmin
dövr tarixşünaslığı üçün
mühüm mənbə hesab olunur. Bu əsərlər istifadə
olunmuş metod və prinsiplər nöqteyi-nəzərindən
sırf elmi-tədqiqat xarakteri daşımasa da, hadisələrin
mahiyyəti bəzən təhrif edilsə də,
dövrün hadisələrinin xronoloji ardıcıllıqla
işıqlandırılması və müəyyən
ümumiləşdirmələr aparmağa imkan verdiyi
üçün etibarlı mənbələr hesab oluna bilər.
Məmməd Səid Ordubadinin “Qanlı illər” (1905-1906-cı
illərdə Qafqazda baş vermiş erməni -müsəlman
davasının tarixi) və Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
davası” əsərləri tarixi gerçəkliyin
düzgün dərk edilməsi və faktiki materialların zənginliyi
baxımından mühüm əhəmiyyət kəsb edir.
M.S.Ordubadi 1911-ci ildə
çap etdirdiyi “Qanlı illər” (“Qanlı sənələr”)
kitabını o dövrün müxbirlərinin toplayaraq ona
göndərdikləri 254 məktub əsasında
yazdığını qeyd edir. İrəvan quberniyasında
baş verən faciəli hadisələri isə müəllif
məşhur İrəvan ziyalısı Mir Abbas
Mirbağırzadənin topladığı jurnal və sair
materiallar əsasında qələmə
aldığını yazır.
S.Ordubadi öncə
1905-ci ildə Naxçıvan qəzasında, sonra İrəvan
şəhərində, daha sonra isə Qırxbulaq və
Üçkilsə mahallarında erməni silahlı dəstələrinin
törətdikləri qırğınların miqyasını
oxuculara təqdim edir. Müəllif 1906-cı ildə
Yelizavetpol quberniyasının Zəngəzur qəzasında
ermənilərin törətdikləri kütləvi
qırğınlar barəsində ətraflı məlumat
vermişdir. Müəllif ermənilərin Yelizavetpol quberniyasının
digər qəzalarında, habelə Bakıda və Tiflisdə
törətdikləri qırğınlar və faciələr
haqqında ətraflı bilgi verməklə yanaşı, “erməni-müsəlman
davasının” baş verməsinin səbəblərini də
göstərmişdir. M.S.Ordubadi səbəblərdən
birincisi kimi “Daşnaksutyun” partiyasının qanlı əməllərini
göstərir və Qafqazda oynadığı “qanlı
teatrolara” dair 400-dən artıq yazılı məlumatın
onun masası üzərində olduğunu qeyd edir. Lakin nədənsə
M.S.Ordubadi 1905-1906-cı illər
qırğınlarının digər baiskarı olan və
heç də “Daşnaksutyun”dan az qanlı əməllər
törətməyən “Hnçak” partiyasının
silahlı dəstələrinin törətdikləri
qırğınlara bir o qədər də yer
ayırmamışdır. İkinci səbəb kimi M.S.Ordubadi
məhəlli hökumət məmurlarının
etinasızlığını göstərir və qeyd edir
ki, Böyük Rusiya inqilabına görə mərkəzi
hökumətin başı özünə
qarışdığından xırda məmurlar
özbaşınalığa üz qoydular və erməni-müsəlman
iğtişaşlarının sakitləşməsi
üçün bir tədbir görmədilər, ermənilərin
terrorları qorxusundan bir tərəfi əldə saxlayıb,
digər tərəfə növbəti vicdansızlıqlar
etməkdə idilər. M.S.Ordubadi bu səbəbdən də
Qafqazın gözəl şəhərlərinin
dağıdılıb yandırıldığını,
yurdlarımızın qan çalasına döndərildiyini
qeyd edir. “Erməni-müsəlman davasının”
üçüncü səbəbi kimi M.S.Ordubadi müsəlmanların
elmsizliyini, silahsızlığını və müasir
işlərdən xəbərsiz olmalarını göstərir.
Qırğınların dördüncü səbəbi kimi
ermənilərin muxtariyyət iddiasında olmaları göstərilir.
Ermənilər İrəvan quberniyasını, Gəncə
quberniyasının yaylaq və dağbasar bölgələrini
və Qars sancağı (vilayəti) ilə birləşdirib
“Erməni səltənəti” qurmaq istəyirlərmiş.
Bütün bunlarla
yanaşı, qeyd etmək lazımdır ki, M.S.Ordubadinin
göstərilən əsərində heç də
bütün hadisələrin xronologiyası öz əksini
tapmamışdır. Müəllif 1905-ci ilin fevralında
baş verən Bakı qırğınlarından sonra ermənilərin
may ayında Naxçıvanda qırğınlar törətdiklərini,
orada məğlub olduqlarını, bundan sonra
qırğınların İrəvan şəhərinə
sirayət etdiyini yazır. Lakin digər mənbələr
göstərir ki, Bakı qırğınlarından heç
iki həftə keçməmiş — fevralın 21-23-də ermənilər
İrəvan şəhərində qırğınlar
törətmişlər. M .S .Ordubadi “Qanlı illər”də
Şərur-Dərələyəz və Sürməli qəzalarında
ermənilərin törətdikləri qırğınlar barədə
heç bir məlumat verməmişdir. Görünür, M .S
.Ordubadiyə göndərilən müxbir məktubları
içərisində həmin qəzalarda qırğınlar
törədilməsinə aid materiallar olmamışdır. Bütün
bunlara baxmayaraq, M .S .Ordubadinin “Qanlı illər”i
1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara
qarşı törətdikləri kütləvi
qırğınlar haqqında ən dolğun məlumat verən
mənbə hesab olunur.
Mir Möhsün Nəvvabın
“1905-1906- cı illərdə erməni-müsəlman
davası” adı altında çap edilən “Qafqaz erməni
tayfası ilə müsəlmanların vuruş və
iğtişaş tarixləri” əsəri həm XX əsrin
birinci onilliyində xalqımızın başına gətirilən
faciələrin miqyasını açıb göstərmək,
həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin
mahiyyətini öyrənmək baxımından qiymətli mənbə
hesab olunur. M.M.Nəvvab haqlı olaraq İrəvan
quberniyasında qırğınların İrəvan şəhərindən
başladığını, sonra Naxçıvana sirayət
etdiyini yazır. Müəllif erməni qmdatxanalarının
(terror təşkilatlarının) muzdlu qatillərinin
neçə-neçə günahsız insanların, o
cümlədən rusların və ermənilərin də
ölümünə bais olduğunu yazır. Həmçinin
M.M.Nəvvab dövlətin başının rus-yapon
müharibəsinə qarışdığına görə
baş verən iğtişaşlara məhəl
qoymadığını qeyd edir. M.M.Nəvvab öz əsərində
Bakı, İrəvan, Şuşa şəhərlərində,
İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Zəngəzur
qəzalarında erməni silahlı dəstələrinin
törətdikləri qırğınlar və müsəlmanların
gördükləri əks tədbirlər haqqında
yığcam olsa da məlumat vermişdir.
1905-1906-cı illərdə
törədilmiş qırğınlara aid erməni müəlliflərinin
bir neçə əsəri mövcuddur. Erməni müəlliflərindən
A-donun 1907-ci ildə İrəvanda çap edilən “Qafqazda
erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli,
statistik, topoqrafik izahlarla” əsərində, S. Zavaryanın
1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən
“Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər
aclığı”, İ. Alibekovun 1906-cı ildə Tiflisdə
rus dilində çap olunan “Yelizavetpolun qanlı günləri
cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində
1905-1906-cı illər qırğınlarının mahiyyəti
təhrif edilsə də, bu əsərlər faktoloji
baxımdan tədqiqatçılara xeyli material verirlər.
A-do “Qafqazda erməni-türk
toqquşmaları” əsərində 1905-1906-cı illərdə
Cənubi Qafqazın 12 qəzasında (İrəvan,
Naxçıvan, Şərur-Dərələyəz,
Eçmiədzin, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur,
Gəncə, Qazax, Ərəş, Borçalı) və 7
şəhərində ( Bakı, İrəvan,
Naxçıvan, Şuşa, Gəncə, Qazax, Tiflis) baş
verən qırğınlar barəsində xronoloji
ardıcıllıqla məlumat verir. A-donun bu əsərinin
üstün cəhəti odur ki, o, baş verən hadisələrin
şərhindən öncə hər bir qəza və yaxud
şəhər haqqında topoqrafik təsvir və həmin
dövrün siyahıyaalmalarının nəticələrinə
istinadən statistik məlumatlar verir. Müəllif bu əsərdə
özünün subyektiv mülahizələri əsasında
erməni-türk qırğınlarının baş verməsi
səbəblərini və nəticələrini göstərir.
A-do yazır ki, bəzi
erməni ziyalıları erməni-türk
toqquşmalarının səbəbini tarixin ötən əsrlərində
axtararaq irqi düşmənçilikdə görsələr
də, əslində, belə toqquşmalar keçmiş
zamanlarda olmayıb. Digər bir qrup erməni
ziyalılarının isə bu toqquşmaların türk millətinin
yıxıb-dağıtmaq psixologiyasından
qaynaqlandığını iddia etdiklərini qeyd edir. A-do
türk ziyalılarının mövqeyini
işıqlandıraraq yazır ki, onlar hesab edirlər ki,
qırğınların bütün baiskarı erməni komitəçiləridir.
Eyni zamanda, onlar bir qrup erməni və ermənipərəst
yazarları təqsirləndirirlər ki, onlar erməni kütləsində
türklərə qarşı nifrət aşılayırlar.
Digər bir mülahizənin - iqtisadi bərabərsizlik
üzündən qırğınların baş verməsi
mülahizəsi üzərində dayanaraq A-do qeyd edir ki, belə
mülahizənin əsası yoxdur. Çünki erməni
burjuaziyası tərəfindən istismar olunan türklər,
türk ağaları və bəyləri tərəfindən
istismar olunan erməni kəndlisinin üzərinə hücum
etməz. A-do iddia edir ki, guya qırğınların
başlıca səbəbi türk əhalisinin mövcud
üsul-idarədən, qayda-qanundan
narazılığıdır ki, həmin problemlər Qafqazda
baş qaldıran inqilabi hərəkatdan öncə
yığılıb qalmışdır. Müəllif
qırğınların digər səbəbini türklərin
rus inqilabından faydalanmaq cəhdlərində görür. Onun
yazdığına görə türklər ermənilər və
gürcülərə nisbətən hüquqdan daha çox
məhrum idilər və rus inqilabının nəticəsindən
mənfəət götürmək istəyirdilər.
A-do qırğınların
ermənilərin müsəlman yaşayış məntəqələrini
ələ keçirmək, onların var-dövlətinə
sahib çıxmaq məqsədilə törədildiyini
yazmaqla, qırğınların əsl səbəbini
ört-basdır etmək istəyir. Onun iddiasına görə
erməni-türk qırğınlarının baş verməsində
türk bəylərinin, ağalarının və
sahibkarlarının da çox böyük rolu olmuşdur. O,
Cənubi Qafqazın iqtisadiyyatının böyük bir hissəsinin
türk sahibkarlarına məxsus olduğunu, İrəvan və
Gəncə quberniyalarının bütün qəza və
mahallarında kəndlərin böyük bir qisminin türk bəylərinin
və ağalarının əlində cəmləşdiyini
yazır. Müəllif əlavə edir ki,
istismarçılara qarşı türk kəndlilərinin hərəkatı
labüd idi və bunun qarşısının alınması
üçün iki xalq arasında düşmənçiliyi
qızışdırmaq lazım gəlirdi. A-do mənafelərin
üst-üstə düşməsinin iki sinfin - rus
burjuaziyasının və türk sahibkarlarının iş
birliyinə gətirib çıxardığını iddia
edir. Müəllif yazır ki, guya türk ağaları və
bəyləri türk kütləsini inandırmışlar
ki, onların bədbəxtliklərinin baiskarı ermənilərdir,
onlar hərəkətə keçmişlər, ermənilər
də əks reaksiya vermişlər. Guya müsəlmanlar
öz avamlıqları ilə reaksion qüvvələrin əlində
alətə və inqilabın önündə maneəyə
çevrilmiş, Qafqazın salnaməsinə qanlı səhifələr
yazmışlar.
A-do öz əsərinin
sonunda 1905-1906-cı illərdə baş vermiş
qırğınlar zamanı Cənubi Qafqazın 7 şəhərinin
böyük dağıntılara məruz
qaldığını, 12 qəzada 252 kəndin
yandırıldığını və viran qoyulduğunu,
100 min ailənin qəzalardan, bir neçə min nəfərin
şəhərlərdəki ev-eşiklərindən didərgin
düşdüyünü, 10 min nəfərin məhv edildiyini
göstərir.
S.Zavaryan
“Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər
aclığı”əsərində Qarabağ və Zəngəzurda
müsəlmanların ermənilərə nisbətən
böyük torpaq mülkiyyətçiləri
olduqlarını qeyd edir . S. Zavaryanın verdiyi məlumata
görə həmin dövrdə Şuşa qəzasında
12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında
5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd)
müsəlman kəndi dağıdılmışdır. O,
bu əsərində 1905- 1906-cı illər
qırğınlarının Qarabağ və Zəngəzurda
törətdiyi fəsadları sosial-iqtisadi parametrlər
baxımından təhlil edir. O, bu əsərin
yazılmasında A-donun əlyazmalarından istifadə etdiyini
qeyd edir. S.Zavaryan da qırğınların
qarşısının alınmasında çar
Rusiyasının hakim dairələrinin cinayətkar
etinasızlığını vurğulayır və təxribatçı
hərəkətlərə baş vurduğunu qeyd edir.
İ.Alibekov
“Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi
qarşısında” əsərini Gəncədə baş
verən hadisələrin Qafqaz mətbuatında birtərəfli
işıqlandırılmasına cavab olaraq
yazdığını bildirir. Qərəzli mətbuat dedikdə,
İ.Alibekov “Vozrojdenie”, “Kavkaz”,"Kaspi" qəzetlərini
və Yelizavetpolda (Gəncədə) baş vermiş
qırğınlara dair həmin qəzetlərdə dərc
edilmiş yazıları nəzərdə tutur.
İ.Alibekov Əhməd
bəy Ağayevi “yalançı publisist”, S .Çrelayevi və
Ə.Xasməmmədovu isə onun davamçıları
adlandırır. Ona görə də İ. Alibekov ikinci ad
kimi öz kitabını “Yalançı publisist və onun
ictimai davamçıları” adlandırır. S.Çrelayev
Tiflis şəhər dumasının katibi və
qlasnısı olmuşdur. O, Tiflis şəhər
qlasnısı A. Xatisov və şəhər idarəsinin
üzvü N. Kokçaevlə birlikdə Gəncəyə
ezam edilmişdilər ki, düşmənçilik edən tərəfləri
barışdırsınlar. S. Çrelayev Gəncədən
qayıtdıqdan sonra “Vozrojdenie” qəzetinin 36-39-cu
saylarında (1905-ci il) “Yelizavetpol qırğınları”
başlıqlı silsilə məqalələrlə
çıxış etmiş və qırğınların
səbəbkarı kimi erməniləri
günahlandırmışdı.
Əhməd bəy
Ağayevin “Peterburqskie Vedemosti” (¹98, 1905-ci il) qəzetində dərc
olunmuş “Bakı hadisələri haqqında həqiqət” məqaləsinə
cavab olaraq B. Doluxanov və S. Taqianosov həmin qəzetdə
(¹126, 1905-ci il) və “Bakı” qəzetində (¹51, 1905-ci il) məqalə
dərc etdirmişdilər. İ. Alibekov Əhməd bəy
Ağayevi Veliçko və Kruşevanovun
formalaşdırdıqları “insana nifrət, yalan və
böhtan məktəbinin yetirməsi olan məşhur tip”
adlandırır.
İ. Alibekov heç
bir istinad göstərmədən iddia edir ki, guya müxtəlif
emissarlar İrəvan quberniyasında müsəlman əhalinin
milli hissləri ilə oynadıqdan və vəhşi dəstələr
Türkiyədən bu tərəfə keçdikdən sonra
erməni kəndləri atəşə tutulmuşdur. Guya
hakimiyyətin müsəlman casusları Bakıdan və
Naxçıvandan Cənubi Qafqazın və İranın
müxtəlif yerlərinə gedərək ermənilərin
yeni qırğınlarını hazırlamaq
üçün fəaliyyət göstərmişlər. İ
Alibekov ermənilərin təsir dairəsində olan “Novoe
Obozrenie” qəzetinə istinad edərək Bakıda, İrəvanda,
Naxçıvanda, Gəncədə baş verən qırğınların
təqsirini türklərin üzərinə yıxmağa
çalışır.
O.A.Arutyunyanın
1956-cı ildə rus dilində İrəvanda dərc
olunmuş “Xatirələr” kitabında daşnakların
“mümkünsə daha çox öldür, talan et, heç
kimə rəhm etmə” şüarı altında 1905-ci ildə
Qəmərlidə törətdikləri vəhşiliklərdən
bəhs edir. O, daşnakların erməni kəndlərini gəzərək
əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini
qırdıqlarını, kəndləri
yandırdıqlarını yazır. O.Arutyunyan
daşnakların silah sarıdan korluq çəkmədiklərini,
canişin Vorontsov-Daşkovun xüsusi icazəsi və erməni
yepiskopları Xoren və Suren tərəfindən müvəkkil
edilmiş şəxslər vasitəsilə təmin edildiklərini
qeyd edir.
İtalyan diplomatı,
yazıçısı, səyyahı və tarixçisi
Luici Villari 1906-cı ildə Londonda çap etdirdiyi “Qafqazda
alov və qılınc” (“Fire and Sword in the Caucasus”) əsərini
Qafqaza etdiyi səyahətin nəticəsi olaraq
yazmışdır. 1905-ci ilin yay və payız aylarında
Qafqazın qaynar nöqtələrində, milli münaqişələrin
törədildiyi yerlərdə olan müəllif əsərinin
IX və X fəsillərini Bakıda gördüklərinə,
XI fəslini İrəvanda baş verən hadisələrə,
XIV fəslini isə Naxçıvandakı hadisələrə
həsr etmişdir. L. Villarinin yazdığına görə,
onu İrəvanda əvvəlcədən ünvanı ona bəlli
olan yerli erməni müşayiət etmişdir. Onun tərcüməçisinin
erməni olması, İrəvanda və Naxçıvanda
olduğu müddətdə erməni ziyalılarının və
din xadimlərinin əhatəsində olması əsərin məzmununa
öz təsirini göstərmişdir.
L. Villari İrəvanda
və Naxçıvanda qırğınların baş verməsinin
təqsirinin tatarlarda olduğunu yazır. Onun iddiasına
görə, Vorontsov-Daşkovun Qafqazın canişini təyin
edilməsinədək və prins Lui Napoleon Bonapartın 1905-ci
ilin iyununda İrəvanın general-qubernatoru təyin edilməsinədək
İrəvanın sabiq qubernatorları ənənəvi rus
bürokratiyasına sadiq olaraq canişin Qolitsının siyasətini
davam etdirir, faktiki olaraq ermənilərə qarşı
müharibə aparır, tatarları hücuma təhrik edirlər.
L. Villari
Naxçıvan qəzasında baş verən
iğtişaşlar zamanı 47 kənddə
toqquşmaların olduğunu, 12 kəndin viran edildiyini və
boşaldıldığını, 10 kəndin qismən
dağıdıldığını, hər iki tərəfdən
239 nəfərin qətlə yetirildiyini yazır.
L. Villari
Naxçıvanda olarkən şəhərin
başçısı Cəfərqulu xan Naxçıvanski və
onun qardaşı, ehtiyatda olan rus zabiti Rəhim xanla
görüşlərinə xüsusi yer
ayırmışdır. O, Naxçıvanskilərin kürəkəni,
general Maqsud Əlixanov-Avarskinin İrəvan qubernatoru olarkən
tatarların tərəfini saxladığını, təqsirkarların
cəzalandırılmadığını iddia edir.
L. Villari bu əsərində
İrəvan şəhərinin 28 min nəfər əhalisindən
yarısının, Naxçıvanın isə əhalisinin
dörddə üçünün türklərdən ibarət
olduğunu yazır. Müəllifin həmçinin o dövrdə
İrəvanda mövcud olmuş, lakin sonralar yer üzündən
silinmiş böyük Göy məscid, Sərdar sarayı və
digər tarixi-memarlıq abidələri, İrəvan
bağları haqqında geniş təsviri məlumatlar verməsi
İrəvanın tipik Azərbaycan şəhəri olması
haqqında dolğun təəssürat yaradır.
“Qafqazda alov və
qılınc” əsəri Azərbaycan tədqiqatçıları
tərəfindən indiyədək tədqiq edilməmişdir.
Sovet hakimiyyəti illərində
yazılan əsərlərdə 1905-1906-cı illər
qırğınlarının səbəbkarı kimi, birtərəfli
olaraq çar Rusiyası hökuməti göstərilmiş,
ermənilərin Azərbaycan torpaqlarına silah gücünə,
kütləvi qırğınlar və soyqırım törətməklə
yiyələnmək sahəsindəki fəaliyyətləri
ört-basdır edilmişdir. Həmin dövrdə Azərbaycan
mühacirətinin ayrı-ayrı nümayəndələrinin
yazdıqları əsərlərdə qırğınlar
haqqında daha obyektiv məlumat verilmişdir. Cahangir
Zeynaloğlu 1924-cü ildə İstanbulda çap edilən
(1992-ci ildə Bakıda təkrar çap edilmişdir)
kitabında çar hökumətinin müsəlmanların qəflətindən
istifadə etdiyini, Peterburqdan 130 xəfiyyə məmuru
göndərərək ermənilərlə müsəlmanları
bir-birlərinə silah işlətməyə təşviq
etməklə, iki milləti biri digərinə
qırdırdığını yazır. C.Zeynaloğlu
1905-1906-cı illər qırğınlarının millətin
gözünün açılmasında, dost və
düşməni tanımasında, Rusiya siyasətini
anlamasında mühüm rol oynadığını qeyd etməklə
bərabər, maarif və tərəqqiyə əhəmiyyət
verməyə başladığını göstərir.
Türkiyədəki Azərbaycan
mühacirlərinin digər bir nümayəndəsi Hüseyn
Baykara “Azərbaycan istiqlal mücadiləsi tarixi”
(İstanbul-1975, Bakı-1992) əsərində çar
Rusiyasının rus-yapon müharibəsində məğlubiyyətindən
və 1905-ci il yanvarın 9-da Qış sarayının
önündə üsyançıların güllələnməsindən
sonra Rusiyanı bürüyən üsyanların Qafqaza da
yayıldığını qeyd edir. H. Baykara da C.
Zeynaloğlu kimi, 1905-1906-cı illər erməni-müsəlman
qırğınlarının təqsirini çar hökumətində
görür. H. Baykara yazır ki, imperiyanın zəiflədiyi
bir vaxtda Qafqaz xalqlarını inqilabdan uzaqlaşdırmaq
üçün çar bu regionda olan yüksək məmurlarına
gizli göstəriş vermiş, erməniləri müsəlmanlara
qarşı qırğına sövq etmişdir. “Daşnaksutyun”
partiyasının yarandığı gündən Türkiyə
torpaqlarında Ermənistan dövləti yaratmaq
proqramını hazırladığını qeyd edən
müəllif, bu partiyanın 1904-cü ildə “Qafqaz Ermənistanı”nı
da öz proqramına daxil etdiyini, Qafqazda olan yüksək vəzifəli
rus məmurları tərəfindən silahlandırılan və
gizli tapşırıq alan ermənilərin Bakı, İrəvan,
Naxçıvan, Ordubad, Qarabağ, Gəncə və
Şirvanda yaşayan silahsız türklərə
qarşı hücumlar edib, onları öldürməyə,
qılıncdan keçirməyə
başladıqlarını, öldürə bilmədikləri
türkləri öz torpaqlarından qovaraq həmin ərazilərdə
çoxluq təşkil etmək istədiklərini qeyd edir.
Rus müəllifi N.
Şavrovun 1911-ci ildə Sankt-Peterburqda çap edilən
“Novoya uqroza russkomu delu v Zakavkazye: predistoriya i rasprodajı
Muqani inorodtsami” əsərində göstərdiyinə
görə, 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə
1301000 erməni yaşamışdır. Deməli, təkcə
bu dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi.
1908-ci ildə Rusiya Daxili İşlər Nazirliyi polis
departamentinin sənədlərində (bu sənəd
1990-cı ildə Bakıda “Daşnaki (iz materialov departamenta
politsii)” adı ilə çap edilmişdir) göstərilirdi
ki, “Türkiyədəki məlum hadisələrdən sonra Cənubi
Qafqaza yarım milyon erməni gəlmişdir. Bu ermənilər
dərhal öz qara əməllərini göstərdilər”.
Bundan sonra indiki Ermənistan ərazisində ”Daşnaksutyun”
partiyasının sıraları daha da artmış, Qafqazda
anti-türk təbliğatı xeyli güclənmişdi. “Novoya
vremya” qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin
verdiyi məlumata görə, törədilən cinayətlərin
80 faizi Türkiyədən gəlmiş ermənilərin,
muzdlu qatillərin payına düşürdü. 1905-1906-cı
illərdə Qafqazda erməni-müsəlman
qırğınları haqqında polis departamentinin həmin sənədində
deyilir: ”Daşnaksutyun” öz qüdrətini göstərdi,
müsəlmanlar cəfasını çəkdilər. Burada
ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda
olan qisasın bir qismini almaq, digər tərəfdən
baş verən hadisələrin günahını mətbuat
və təbliğatın köməyi ilə rus hökumətinin
üzərinə yıxmaq, bununla da təkcə erməniləri
deyil, Qafqazın digər sakinlərini də inqilabiləşdirmək
üçün güclü təbliğat materialı əldə
edilmiş olurdu. Nəticədə ermənilərə
münasib olmayan bir çox rus məmurları və
ayrı-ayrı şəxslər terror qurbanı oldular: general
Əlixanov (Maqsud Əlixanov-Avarski - müəllif), qubernatorlar
Nakaşidze, Andreyev (birincisi Bakının qubernatoru, ikincisi
Yelizavetpolun (Gəncə) vitse- qubernatoru - müəllif),
polkovniklər Bıkov və Saxarov və başqa dövlət
məmurları (partiyanın hesabatından). Onların qismən
nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki,
Zaqafqaziyada ermənilərlə müsəlmanların
yaşadıqları ərazilər bir-birindən
ayrıldı, Türkiyədən və qismən İrandan
köçən ermənilərin məskunlaşdırılması
üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə
onların sayı yarım milyona çatmış, 200 min nəfər
isə rus idarələrinin vəkaləti ilə təbəəlik
əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində
ərazilərin qismən ayrılmasına nail olunmuş,
torpaqların müəyyən hissəsi
boşaldılmış, həmin ərazilərdən bir
çox müsəlmanlar qaçaraq canlarını
qurtarmışdılar".
Ümumiyyətlə,
1905-1906-cı illər erməni-müsəlman
iğtişaşları nəticəsində İrəvan və
Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən
artıq azərbaycanlı yaşayış məntəqəsi
viran edilmiş, əhalisi soyqırıma məruz
qoyulmuşdur.
Erməni müəllifi
A-donun verdiyi statistik məlumatlar göstərir ki,
1905-1906-cı illər qırğınları ərəfəsində
İrəvan quberniyasında mövcud olmuş 1301 kəndin
959-da, Zəngəzur qəzasında mövcud olmuş 406 kəndin
isə 314-də türklər yaşamışlar. O dövrdə
təkcə İrəvan quberniyası və Zəngəzurda
mövcud olmuş 1273 türk kəndindən bu gün,
Naxçıvan qəzası istisna olmaqla bütün kəndlər
azərbaycanlılardan təmizlənmişdir. Deməli, həmin
ərazilərdə 1905-1906-cı illərdən başlayaraq
silah gücünə etnik təmizləmə siyasəti həyata
keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım deməkdir.
Nazim MUSTAFA,
Azərbaycan MEA A.Bakıxanov
adına Tarix İnstitutunun elmi işçisi
Xalq qəzeti.- 2009.- 31 mart.- S. 4.