Suraxanı rayonunda
milli təhlükəsizlik
orqanlarının yaradılmasının
90 illiyi qeyd olunmuşdur
Dünən Suraxanı
Rayon İcra Hakimiyyətində milli təhlükəsizlik
orqanlarının yaradılmasının 90 illiyi münasibətilə
tədbir keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə MTN-nin əməkdaşı,
Milli Qəhrəman Nadir Əliyev adına 282 saylı orta
ümumtəhsil məktəbində qəhrəmanın
adı yazılmış lövhənin önünə
gül dəstələri qoymuşlar. Sonra N.Əliyevin təhsil
aldığı dərs otağına MTN-nin Suraxanı rayon
şöbəsi tərəfindən kompyuter hədiyyə
edilmişdir.
Ulu öndərimizin
Suraxanı Rayon İcra Hakimiyyətinin foyesində qoyulmuş
büstünün önünə gül dəstələri
düzüldükdən sonra mərasim
başlanmışdır.
Tədbiri giriş sözü
ilə açan rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasov bildirmişdir ki, bu
gün ölkəmizin milli təhlükəsizlik orqanları
üzərlərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlir, müstəqilliyimizin
qorunması, möhkəmlənməsi naminə vətənpərvərlik,
igidlik nümayiş etdirirlər.
Mərasimdə
çıxış edən MTN-nin Suraxanı rayon şöbəsinin
rəisi Vahid Zeynalov bildirmişdir ki, milli təhlükəsizlik
orqanları şərəfli bir inkişaf yolu
keçmişdir. 1919-cu il martın 28-də ADR-in kəşfiyyat
və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi
bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana
qarşı ərazi iddialarının və azərbaycanlılara
qarşı soyqırımı siyasətinin, ölkə
daxilində müxtəlif təxribatların
qarşısının alınması ilə başladı. Ulu
öndərimiz Heydər Əliyev təhlükəsizlik
orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət
orqanlarının Azərbaycanın gələcəyinə
hesablanmış milli təməllər üzərində
formalaşdırılması, xalqımızın milli
maraqlarının qorunması məqsədilə bir sıra
mühüm tədbirlər həyata keçirdi.
Natiq daha sonra bildirdi ki,
ölkəmizdə dövlət müstəqilliyi bərpa
edildikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü,
separatizm və dövlətçiliyin itirilməsi təhlükəsi
ilə, dərin siyasi-iqtisadi böhranla, qanunsuz silahlı dəstələrin
və cinayətkar qrupların tüğyan etməsi ilə
üzləşdi. Məhz belə bir şəraitdə ulu
öndərimiz Heydər Əliyev xalqın təkidi ilə
siyasi rəhbərliyə qayıtdı. Yalnız bundan sonra
ölkə vətəndaş müharibəsindən xilas
edildi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına
nail olundu, demokratik, hüquqi dövlətin bünövrəsi
qoyuldu.
Ulu öndərimiz
ölkəmizin milli maraqlarının qorunmasında təhlükəsizlik
orqanlarının əhəmiyyətini nəzərə
almış, onların fəaliyyətinə daim xüsusi diqqət
və qayğı ilə yanaşmış, eyni zamanda
müstəqil Azərbaycanın milli təhlükəsizlik
siyasətinin əsas prioritetlərini müəyyən
etmişdir. Bütün bunlarla yanaşı, dahi şəxsiyyət
xüsusi xidmət orqanlarının fəaliyyətində
köklü islahatlar həyata keçirmiş, kadr
potensialının daim yeniləşdirilməsi
üçün Milli Təhlükəsizlik
Akademiyasını təsis etmişdir.
Natiq
çıxışının sonunda
vurğulamışdır ki, hazırda dövlət
başçımız İlham Əliyev də milli təhlükəsizlik
orqanlarının fəaliyyətinə xüsusi qayğı
ilə yanaşır, bu qurumun daha da gücləndirilməsi məqsədilə
müvafiq tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir
ki, bu gün təhlükəsizlik orqanları Azərbaycanın
siyasi-iqtisadi maraqlarının təmin olunmasında,
konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat,
transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizə və digər sahələrdə mühüm
nailiyyətlər əldə etmişdir. Bu uğurlar
özünü xarici qüvvələrin ölkəmizə
qarşı yönəlmiş destruktiv fəaliyyətinin
qarşısının alınmasında daha çox göstərir.
Tədbirdə
çıxış edən milli təhlükəsizlik
nazirinin müavini, general-mayor Əli Şəfiyev milli təhlükəsizlik
orqanlarının əməkdaşlarının öz fəaliyyətlərini
bundan sonra da gücləndirəcəklərini,
taleyüklü vəzifələrin həyata keçirilməsində
fəal iştirak edəcəklərini bildirmişdir.
MTN-nin keçdiyi
çətin və şərəfli yol haqqında film
göstərilmiş, nazirliyin rayon şöbəsinin bir qrup əməkdaşı
və veteranı fəxri fərman, habelə qiymətli hədiyyə
ilə mükafatlandırılmışdır.
Mərasimə yekun vuran rayon icra hakimiyyətinin
başçısı İ.Abbasov milli təhlükəsizlik
orqanlarının əməkdaşlarını bir daha yubiley
münasibətilə təbrik etmiş, onlara işlərində
yeni-yeni nailiyyətlər arzulamışdır. Qeyd
olunmuşdur ki, Prezident İlham Əliyevin söylədiyi “Mən
çox sevinirəm ki, Milli Təhlükəsizlik Nazirliyi
qarşısında duran vəzifələri layiqincə icra
edir” fikri ölkənin milli təhlükəsizlik
orqanlarının işinə verdiyi ən yüksək qiymətdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 31 mart.- S. 6.