Xilaskarın səhnə
zəfəri
Son illərdə bir
sıra maraqlı səhnə əsərini
tamaşaçı auditoriyasına uğurla təqdim
etmiş C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrı mayın 3-ü və 4-də Teatr Xadimləri
İttifaqının tamaşa salonunda
yazıçı-dramaturq Aqşin Babayevin ümummilli lider
Heydər Əliyevə həsr etdiyi “Xilaskar” əsərini ulu
öndərin ad günü ərəfəsində paytaxt sənətsevərlərinə
hədiyyə etdi.
Respublika Mədəniyyət
və Turizm Nazirliyinin və Binəqədi Rayon İcra Hakimiyyətinin
hamiliyi ilə hazırlanmış bu əsərdə müəllif
1991-93- cü illərdə respublikamızda yaranmış
ziddiyyətli hadisələrin və Heydər Əliyevin siyasi
fəaliyyətinin uğurlu səhnə təcəssümünə
nail olmuşdur. Tamaşanın quruluşçu rejissoru və
bədii tərtibatçısı əməkdar incəsənət
xadimi, “Qızıl Dərviş” mükafatı laureatı
Oruc Qurbanovdur. Teatrın daha bir sanballı işi kimi diqqəti
çəkən və tamaşaçı marağına səbəb
olan bu əsər ulu öndərin parlaq obrazının səhnəyə
gətirilməsi istiqamətində ölkəmizdə
atılmış ilk addımlardandır. O illərdə cərəyan
edən hadisələrin canlı şahidi olmuş, bilavasitə
ulu öndərin rəhbərliyi altında işləmiş
Aqşin Babayev hadisələrə heç bir boya vermədən
olduğu kimi tamaşaçıya çatdırmağa nail
olmuşdur.
1991-93-cü illərdə
ölkədə tüğyan edən hakimiyyətsizlik, xaos,
Azərbaycanın dünya xəritəsindən silinmək,
parçalanmaq qorxusu... Gəncədə baş vermiş
qardaş qırğını... Lənkəranda qondarma
“Talış-Muğan Respublikası” yaratmaq cəhdi...
O vaxt “Xalq – Heydər”,
“Heydər – Xalq” şüarının yaranması, əslində,
xalqın Heydər Əliyev kimi siyasi xadimə, liderə
böyük ehtiyacı olduğundan xəbər verirdi. Bu səbəbdən
də xalq öz xilaskarını sevir, onun hakimiyyətə gəlişini
səbirsizliklə gözləyirdi. Bütün bu xronikanı
son dərəcə ustalıqla qələmə alan Aqşin
Babayev vəzifə kürsülərini itirməkdən
qorxan, vəziyyətdən asılı olaraq ayrı-ayrı
partiyalara qoşulan, ikiüzlü, hiyləgər insanları
“Saqqal Həmzə” obrazında tamaşaçıya
çatdırmağa nail olmuşdur. Müəllif tamaşa boyu
hər bir personajın portretini yaratmasa da, tamaşaçı
hadisələrin gedişindən onları tanıyır.Bu da əsərin
daha real faktlara əsaslandığından və peşəkar
aktyor oyunundan irəli gəlir.
Mir Cəlalın “Dirilən
adam”, Əziz Nesinin “Şəhərdə manyak var”, Tofiq Əl-Hakiminin
“Hərraca qoyulmuş Sultan”, C.Məmmədquluzadənin
“Ölülər” və digər əsərlərə səhnə
həyatı verən Oruc Qurbanov tamaşaya səhnə tərtibatını
da özü vermişdir. Meydan xalq hərəkatı fonunda əsərin
dahi Üzeyir bəyin “Koroğlu” operasının
üverturası ilə başlaması hamımızı
yaxın keçmişimizdə yaşadığımız
ağrı-acılı günlərə qaytarır. İlk dəfə
olaraq publisistik əsərə müraciət edən rejissor
dramaturji ənənələrdən kənara çıxaraq
ötənlərin epik dillə təsvir olunmasına nail
olmuşdur. Baş qəhrəman Heydər Əliyev rolunun
ifaçısı əməkdar mədəniyyət
işçisi, İrəvan teatrının direktoru İftixar
Piriyevdir. On illik fasilədən sonra Heydər Əliyev
obrazının uğurlu ifası ilə səhnəyə
qayıtmış bu aktyor 1981-ci ildə Milli Akademik Dram
Teatrında fəaliyyətə başlamış, teatr səhnəsində,
eləcə də televiziya tamaşaları və filmlərdə
onlarla yaddaqalan, xalq tərəfindən sevilən obrazlar
yaratmağa müvəffəq olmuşdur. Aktyor zahirən ulu
öndərə bənzəməsə də,
çıxışlarındakı qətiyyət, sözlərin
düzgün tələffüzü,
çıxışı zamanı müxalif qüvvələrin
üzünə şax baxışı
tamaşaçıları Heydər Əliyev əzəmətinin
bədii əksi ilə üz-üzə qoyur.
Bu baxımdan aktyorun
gözəl oyunu, səhnəyə hər gəlişi
sürəkli alqışlarla qarşılanır. Tamaşa
zamanı digər yaddaqalan personajlardan biri də xalq artisti
Elmira İsmayılovanın – xanım sədr, Süleyman Nəcəfovun
– Saqqal Həmzə, Tamilla Abdullayevanın – deputat rolları və
digər aktyorların uğurlu çıxışları
yaxın keçmişimizin tarixi, bədii salnaməsinin
yazılması işinə müəllifin və teatr
kollektivinin töhfəsidir.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 7 may.-
S. 7.