Heydər Əliyev
və Azərbaycanda qadın siyasəti
Bu ilin martında Yeni Azərbaycan
Partiyasının təşəbbüsü ilə
keçirilən referendum ölkəmizdə demokratik proseslərin
dərinləşdirilməsi istiqamətində ciddi addım
oldu. Ümumxalq səsverməsində xalqın tam əksəriyyətinin
iştirakı bir həqiqəti təsdiqlədi: referendumun
keçirilməsi ilə bağlı cəmiyyətin siyasi
avanqardı YAP düzgün və məsuliyyətli qərar qəbul
etmişdir. Səsvermənin siyasi nəticəsi belədir: Azərbaycan
xalqı Prezident İlham Əliyevin iqtisadi çiçəklənməyə
və cəmiyyətin rifahının yüksəlişinə
yönəlmiş siyasətini dəstəkləyir və
himayə edir. Elin gözü tərəzidir, deyiblər. Ana
qanunumuzda edilən dəyişikliklər ölkənin idarə
edilməsində xalqın rolunu artıracaq, dövlətimizi
daha da möhkəmləndirəcəkdir.
Bəli, dövlətimizi
möhkəmləndirəcək, çünki xalqla dövlətin
birliyi üçün daha geniş imkanlar yaranacaq. Buna bizim
ciddi ehtiyacımız vardır. Son günlər Türkiyə
ilə Ermənistanın sərhədlərinin
açılması barədə narahatedici xəbər də
bizim cəmiyyətin milli vəhdətə, dövlətimiz ətrafında
daha sıx birliyə çox ehtiyacı olduğunu göstərir.
Bəzi Qərb dövlətlərinin himayə etdiyi erməni
təcavüzkarlığı qarşısında
xalqımız, ilk növbədə, öz qüvvələrinə
güvənməli, müstəqil dövlətimizin, milli
ordumuzun daha qüdrətli olması naminə addımlar
atmalıdır. Romantik qardaşlıq şüarları və
ritorikası bizi çaşdırmamalıdır.
Torpaqlarımızın 20 faizini itirəndə biz tək idik.
Bu həqiqət anı idi. Yaxşı dost çətin
gündə tanınar. Dövlət və xalq
anlayışlarını eyniləşdirmək bizə baha
başa gələ bilər. Türkiyə dövləti bir
şeydir, Türkiyə xalqı başqa. Hər dövlətin
öz maraqları var. Xalqı isə öz dövləti
qorumalıdır.
Yeni Azərbaycan
Partiyasının Qadınlar Şurası hakim siyasi
partiyanın mübariz bir dəstəsidir. Heydər Əliyevin
partiyasında Azərbaycan qadınlığının
yüksək siyasi şüurlu və mübariz hissəsi
toplanmışdır. YAP Qadınlar Şurası dövlətimizin
və xalqımızın həyatında baş verən
bütün taleyüklü proseslərdə yaxından
iştirak edir. 1993-cü ildə böyük öndər yenidən
hakimiyyətə qayıdandan sonra xalq onun milli qurtuluş
strategiyasını dəstəklədi. Bu strategiyanın əsas
qayəsi ölkəmizdə sülh və əminamanlıq,
siyasi sabitlik və tərəqqi yaratmaq idi. Biz analara isə
bunlar övladlarımızı böyütmək, ərsəyə
gətirmək, xoşbəxt görmək üçün zəruri
olan əsas siyasi şərtlərdir.
Tarixən Azərbaycan cəmiyyətində
ağbirçəklərin, anaların xüsusi hörməti
və nüfuzu olub. Ona görə 1995-ci ildə böyük
öndərin tövsiyəsi ilə YAP-ın tərkibində
qadın şuralarının yaradılması bizim milli
mentalitetimizə uyğun bir hadisə idi. Qədim mənəvi
dəyərlərdən cəmiyyətimizi
sağlamlaşdırmaq və möhkəmləndirmək
üçün istifadə etmək təşəbbüsü
idi.
Yaşadığı
zamanın və məkanın xarakterindən asılı
olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi
dəyərləri, mental xüsusiyyətləri qoruyub
saxlayan, taleyini, gələcəyini inandığı, etimad bəslədiyi
siyasi qüvvəyə etibar edən Azərbaycan
qadınlarının qabaqcıl hissəsi bu təşəbbüsü
nəinki bəyəndi, hətta şüurlu surətdə
ona qoşulmaq və onun fəaliyyətində iştirak etmək
qərarına gəldi. 1993-1996-ci illərdə Yeni Azərbaycan
Partiyasının sıralarına minlərlə qadın daxil
oldu.
Bu gün yarım
milyonluq möhtəşəm YAP ordusunun 43,5 faizini qadınlar
təşkil edir. Onlar təhsil və səhiyyə, mədəniyyət
və incəsənət işçiləri, alimlər,
Qarabağ müharibəsi əlilləri, qaçqın və
məcburi köçkünlər, təqaüdçülər,
evdar qadınlar, ali və orta ixtisas məktəblərinin tələbələri,
kənd təsərrüfatında, istehsal sahələrində
işləyən qadınlardan ibarətdir.
Bu insanları Heydər Əliyev
partiyasının sıralarına öz əqidələri,
müstəqil dövlətimizi möhkəmləndirməkdə,
sosial yönümlü siyasət yeritməkdə ona köməkçi
olmaq istəkləri gətirmişdir.
Bu istəklər təsadüfi
deyildir. Azərbaycan qadınını mütəşəkkil
bir qüvvə kimi səfərbər edib ümumxalq
mübarizəsinə ruhlandırmaqda, onu böyük
cahanşümul işlərə qoşmaqda, cəmiyyətdə
və dövlətdə ona layiq olduğu yeri təmin etməkdə
biz hər kəsdən əvvəl siyasi miqyas və
nüfuzuna görə heç bir dövlət rəhbəri
ilə müqayisəyə gəlməyən böyük
hakimiyyət ustadı milli öndərə borcluyuq. Son 16 ildə
qadınların dövlət qurumlarında və ümumiyyətlə
ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli
dərəcədə genişlənməsi ulu öndərimizin
əsasını qoyduğu liberal gender siyasəti nəticəsində
mümkün olmuşdur.
Bu gün Heydər Əliyev
həyatda yoxdur. Amma Azərbaycanın qadınları ölkədə
gedən geniş quruculuq işlərində daha böyük fəallıq
göstərir. Çünki ölkəmizin birinci
xanımı və hörmətli prezidentimizin silahdaşı
Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə
qadın hərəkatını nəinki canlandırdı, mən
deyərdim ki, onun tarixində yeni bir mərhələ
açdı. Mehriban Əliyevanın fəaliyyəti ilə
qadın hərəkatının forma və metodları
müasirləşdi. Mehriban xanım bütün layihələrində
həm zadəgan dəyərlərinin davamçısı, həm
də birinci xeyriyyəçi kimi müqəddəs
analığın xidmətindədir.. Onun təşəbbüsü
ilə əlil və valideynsiz uşaqlara sosial himayə
göstərilməsi həqiqətən bir ənənəyə
çevrildi. Bu gün hətta gənc tələbə
qızlar belə, vəsait toplayıb uşaq evlərinə,
internat məktəblərinə, fiziki cəhətdən
qüsurlu uşaqların tərbiyə aldığı mərkəzlərə
gedirlər. Bunlar Mehriban Əliyevaya təqliddir, amma mən belə
təqlidi alqışlamaq istəyirəm. Çünki bu təqlid
cəmiyyətimizdə ana şəfqətini, milli dəyərlərə
pərəstişi artırır. Bunlar mənəvi dirçəliş
və yüksəliş əlamətləridir.
Mehriban Əliyeva
qadın hərəkatının yönünü həm də
təhsilə, məktəbə, səhiyyəyə,
uşaqların sağlamlığına, mədəniyyət
və idman proqramlarına çevirdi. Nəticədə onun fəaliyyəti
beynəlxalq miqyasda diqqəti cəlb etdi. Bu gün YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfirinin fəaliyyəti
Azərbaycan qadınlığının təntənəsinə
çevrilib. Hazırda Mehriban Əliyevanın humanist və mədəni
layihələri onlarla ölkələr tərəfindən dəstəklənir.
Onun nüfuzu və işgüzarlığı sayəsində
Azərbaycan YUNESKO tədbirlərinin mərkəzinə
çevrilib. Bu silsilə tədbirlər artıq 5 ildir ki,
davam edir və Azərbaycan həqiqətlərinin dünyada
yayılmasına xidmət göstərir.
Mehriban Əliyevanın
Azərbaycan maarifinin dirçəldilməsi istiqamətində
miqyası görünməmiş məktəb tikintisi və
yenidən qurulması layihələri xüsusilə ucqar
bölgələrimiz üçün həqiqi bir mədəni
inqilabdır. Xalqın gələcəyi,
balalarımızın xoşbəxt sabahı
üçün yeni məktəblər tikməkdən, onlara
cəmiyyətin ümumi qayğısını təşkil
etməkdən səmərəli heç nə ola bilməz.
Müasir ağbirçəklik
və analıq ölkə qadınlarının ümumi iradəsidir.
Bu iradə ölkədəki qadın hərəkatında və
qadın qurumlarındadır.
Əslində, cəmiyyətdə
dünyaya övlad gətirib böyütməkdən daha vacib
heç nə ola bilməz. Geniş baxanda cəmiyyət,
bütün ölkə, onun bütün qurum və sahələri
də bu işdə köməkçidir. Bağça da, məktəb
də, ali təhsil də, elm və mədəniyyət də,
fabrik və zavodlar da bu hədəfə xidmət edirlər. Bəlkə
elə ona görə də bütün dünyada
qadınların rolunun artımı hiss olunur. Feminist hərəkatlar
bunun üzdə olan hissəsidir. Ən mühümü
başqa cəhətdir: cəmiyyətləri idarə edən
səlahiyyətli adamlar arasında qadınların sayı
artır: siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə,
mətbuatda bunu hər addımda görüb duymaq olar. Bizim
ölkəmiz də istisna deyil: hökumətdə, nazirliklərdə,
milli məclisdə qadınlarımız fəaldır. Lakin
bütün bunlar azdır.
Biz analar ölkədə
və dünyada ilk növbədə sülhün və əminamanlığın
möhkəmlənməsinə gənc nəslin sabahı
üçün işıq və ümid yeri olmasına
çalışmalıyıq. Bu gün dünyada baş verən
sürətli proseslər, regional konfliktlərin səngiməməyi
məni bir ana kimi çox narahat edir. Ermənilərlə sərhəddə
atəş səsləri kəsilmir. Ona görə biz
möhtərəm Prezidentimiz İlham Əliyevin Qarabağ
problemini dinc, diplomatik vasitələrlə həll etmək xəttini,
onun humanist mahiyyətini himayə etməli, insanlara
çatdırmalıyıq. Dünya qadın təşkilatlarının
böyük bir hissəsi sülh problemi, beynəlxalq təhlükəsizlik
məsələləri ilə məşğul olur. Biz onlarla
əlaqələrimizi daha da gücləndirməli, sülh
uğrunda ümumdünya qadın hərəkatının
işinə öz töhfələrimizi verməliyik.
Hər bir ana istəyir
ki, evndə ruzi və bolluq olsun. Övladlarımız
sağlam, zəkalı formalaşsınlar, müasir məktəblərdə
təhsil alsınlar. Ölkədə və məişətdə
yaşayış rahat, gözəl olsun. Ali təhsil almaq,
iş yeri tapmaq imkanı genişlənsin. Bunlar bizim həyatımızın
mənası olan balalarımızın səadəti
üçün lazımdır, bizim onların həyatından
fərəhlənə bilməyimiz üçün gərəkdir.
Bu arzuların ölkədə uğurlu həllinin əsası
Prezident İlham Əliyevin iqtisadi siyasətindədir. Bu mənada
qadınların iqtisadi quruculuq prosesində fəal
iştirakı elə övladlarımızı himayə etməyin
bir yoludur. Amma bunun üçün biz fəal mövqe
tutmalı, ölkə rəhbərinin iqtisadi
proqramlarını diqqətlə izləməliyik. Bu
proqramın əsas hədəfi ölkədə əhalinin
alıcılıq qabiliyyətini, pensiya və əməkhaqlarını,müxtəlif
müvinətləri artırmaqla daxili bazarı
stimullaşdırmaqdır. Bu siyasətin reallaşması
üçün neft strategiyasının imkanlarından,
regionların inkişafı proqramlarının nəticələrindən,
maliyyə sabitliyi siyasətinin imkanlarından bacarıqla
istifadə olunur. Dünyadakı maliyyə
böhranının bizim iqtisadi həyatda ziyanlı nəticələri
demək olar ki, hiss olunmur. Bunlar ölkə rəhbərinin
iqtisadi siyasətinin uğurlarıdır. Buna görə də
Azərbaycan qadını İlham Əliyevin siyasi kursunu
öz sosial təhlükəsizliyinin və iqtisadi
rifahının alternativsiz təminatçısı kimi qəbul
edir və bu siyasi kursun cəmiyyətin uğurlu gələcəyini
təmin edəcəyinə qətiyyətlə inanır.
Zamanın mürəkkəb
prosesləri içində doğru mövqe tutmaq
üçün biz analara nə lazımdır? Həmişəki
kimi qadın praktikliyinə, sağlam düşüncəyə
üstünlük vermək. Qadının sağlam
düşüncəsi isə gurultulu, emosional, şirnikdirici
sözləri qəbul etmir, ancaq real əməllərə,
işlərə, öz həyatında hiss etdiyi nəticələrə
inanır. Məncə, İlham Əliyevin son beşillik rəhbərliyi
dövründə öz dolanışığının
yaxşılaşdığını hiss etməyən, əməkhaqqı,
pensiyası artmayan, doğma ölkəmizin hər yerində
gedən yeniləşmə və quruculuq işlərindən
fərəhlənməyən, cəmiyyətimizin yeni bir
inkişaf mərhələsinə qalxdığını
görməyən bir insanın tapılacağına
inanmıram. Məncə, ana və qadın meyarı ilə ən
yaxşı, ən islahatçı siyasət elə budur. Bu,
İlham Əliyevin real dəyişikliklər siyasətidir.
Onun yeraltı sərvətin insan sərvətinə
çevrilməsi istiqamətində yeritdiyi siyasətdir.
Vətəni modernləşdirmə
konsepsiyasının təşəbbüskarı olan Prezident
İlham Əliyev gələcəyin fəal həyat
mövqeyi, kamil vətəndaşlarını yetişdirmək,
gənc nəslə qayğını artırmaq məqsədilə
xüsusi proqramlar həyata keçirən dövlət əhəmiyyətli
sənədlər imzalayıb. Bunlar ictimaiyyətə
yaxşı məlum olan sərəncamlardır: Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaradılması (6 fevral 2006), “Xüsusi istedada
malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı (2006-2010)”, “Gənclərin
xaricdə təhsil alması”, “Avropa təhsil məkanına
inteqrasiya”, “Elektron Azərbaycan” və s. dövlət
proqramlarıdır. Bunlar ölkənin ana və
uşaqlarına qayğıya, orta təhsili modernləşdirməyə,
istedadlı gənclərə diqqət göstərməyə
və istedadları himayə etməyə yönəlmiş rəhbər
sənədlərdir. Azərbaycan qadını hələ
“Uşaq ili” elan edilmiş 2009-cu ilin sonunadək bu sərəncamların
yeni istiqamətlərinin şahidi və
iştirakçısı olacaq.
Bu günlərdə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq
edilməsi haqqında” sərəncam Azərbaycan vətəndaşının
həyatını kökündən dəyişəcəyinə
analar böyük ümidlər bəsləyir və ürəkdən
inanırlar, Azərbaycan qadını 2003-2008-ci illərdə
öz ölkəsinin iqtisadi cəhətdən ən sürətlə
inkişaf etmiş ölkə kimi tarixə düşməsindən
qürurlanmaya bilməz.
Müasir dövrdə
idman hər bir ölkədə sosial tərəqqinin ən
yaxşı göstəricisi sayılır.Gənc nəslin
fiziki və mənəvi sağlamlığı ölkə rəhbərinin
daim diqqət mərkəzindədir. Azərbaycanın bu
gün nüfuzlu idman ölkəsi kimi tanınması məhz
Prezidentimizin əməli siyasətinin nəticəsidir.
Həyatımızdakı sürətli dəyişikliklər
əsas bir şeyi bizə əyani göstərir: Prezidentimiz
praktikdir, qurucudur, siyasəti də konkret işləri
başlamaq, davam etdirmək və sona çatdırmaq kimi qəbul
edir. Bu, bizim ölkəyə, xalqa, başlıcası isə
övladlarının və deməli ölkənin gələcəyi
ilə nəfəs alan analarımıza lazım olan ən
doğru və səmərəli siyasətdir.
Son beş-altı ildə
ölkədə yarım milyondan artıq iş yeri
açılıb. Hər ailəni dörd-beş nəfərdən
ibarət saysaq, bu, üç milyona yaxın vətəndaşın
ailə büdcəsində artım deməkdir. Mən quru rəqəmlərdən
istifadə etmək istəmirəm: ailələrin
dolanışığındakı yaxşılaşmanı
hər bir ailə şənliyində, xeyir-şər süfrələrində
də görmək olur. Köhnə nəsillərin nümayəndələri
hətta israfçılıq hallarından gileylənirlər,
çünki onlar çörək-bərəkət
imtahanını və sınağını çox
görüblər. Süfrəmizdəki bolluq
xalqımızın öz zəhmətinin,
iqtisadiyyatımızın tərəqqisinin,ölkə rəhbərinin
müdrik siyasətinin nəticəsidir. Həyat diktə edir
ki, qəlbində torpaq, millət sevgisi olmayan insanlar xalqa tam
gücü ilə xidmət edə bilməzlər. Sürətlə
qloballaşan dünyamız da biz analardan məhz bunu istəyir.
Azərbaycanın təəsübü ilə, onun
bayrağının məhəbbəti ilə yaşayıb
yaradan zəka sahibləri istəyir.
Bu isə daha çox
ölkədə təhsilin keyfiyyətindən
asılıdır. 90-cı illərin əvvəllərində
məktəb, təhsil və səhiyyə sahəsindəki
böhranlı hallar ümumi iqtisadi vəziyyətlə
bağlı idi. Şagirdlər məktəbdən kütləvi
şəkildə yayınır, ali məktəblərə sənəd
verənlərin sayı azalırdı. İndi belə hallar
keçmişdə qalıb: gənclərdə orta və ali
təhsilə maraq əvvəlki dövrlərdən də
artıqdır. Elm sahəsinə gənclərin axını
müşahidə olunur. Bütün bunlar sosial böhran illərinin
sosial çiçəklənmə və kütləvi
optimizmlə əvəz olunduğunu nümayiş etdirir. Təhsilə
və elmə maraq gələcəyə inam və ümidlərin
ən yaxşı ifadəsidir. Bu ümidlər bizim cəmiyyətdə,
ev-ocaqlarımızda vardır.
Bu gün evi,
ocağı yaşadan qadınlığımız hər
şeyi görüb-bildiyi kimi, düzgün qiymət verməyi
də bacarır. Ölkəmizdə hər şey ideal halda
deyil. İmkanlarımız artdıqca iddialarımız da
artır. Biz neft gəlirləri hesabına böyük imkanlar
qazanmışıq. Amma analar istəyir ki, biz yalnız neftdən
asılı olmayaq, xüsusilə bölgələrdə ənənəvi
sənaye sahələri inkişaf etsin, daha çox iş yerləri
açılsın. Böyütdüyümüz övladlar
gedib yad ölkələrin tərəqqisi üçün
deyil, öz ölkəmiz üçün işləsinlər.
Bu gün ən
böyük sosial problemlərdən biri ərləri qazanc məqsədilə
xarici ölkələrə gedən qadınların
problemidir. Rusiyaya və digər ölkələrə gedən
kişilərin müvəqqəti gedişi sonradan bir
çox hallarda daimi mühacirətə çevrilir. Belə
ailələrdə böyüyən uşaqlar fərəhsiz
həyata məhkumdur. Bu uşaqlardan ölkənin tərəqqisinə
töhvə verən vətəndaşlıq səviyyəsi
gözləmək çətindir. Əksinə, onların əksəriyyəti
müxtəlif komplekslərdən əziyyət çəkirlər.
Ona görə də tənha anaların reablitasiyası
qadın təşkilatlarının maraq dairəsində
olmalıdır.
Mənə elə gəlir
ki, kəndlərimizdə qadınlar üçün iş
yerlərinin azlığı, qadın səhhəti ilə
bağlı xidmətlərin səviyyəsinin
yarıtmazlığı ciddi sosial nəzarətdə
olmalıdır.
Hazırda ana və
uşaqların sağlamlığı üçün
çalışmaq ən böyük dövləti vəzifələrdən
biridir. Hər bir millət və dövlət sağlam və
normal adamların, övladların sayəsində tərəqqi
edir.
Xaricdə sosial tərəqqinin
səbəblərini və şərtlərini
araşdıranlar bunu ilk növbədə, sağlam bədənli
və sağlam düşüncəli vətəndaşların
fəaliyyəti ilə bağlayırlar. Ona görə
qabaqcıl ölkələrdə istedadlı gənclər
üçün daha mürəkkəb təhsil proqramları
olan təhsil ocaqları yaradırlar. Avropa dövlətləri
və cəmiyyətləri belə məktəbləri bitirənlərə
xüsusi ümidlər bəsləyir və xüsusi
qayğı da göstərirlər.
Dövrümüzdə
gənc anaların təhsilli olması daha vacib məsələdir.
Uşaq anadan onun savadının genetik kodlarını da
alır. Demək istəyirəm ki, ananın təkcə
fiziki sağlamlığı yox, savadı və sağlam
düşüncə qabiliyyəti də onun övladına
ötürülür.
Tərbiyə və
sağlamlıq böyük, ayrılmaz amillərdir. Heydər
Əliyevi sadə bir qadın dünyaya gətirib tərbiyə
etmişdi. Bu tərbiyənin keyfiyyəti onu
xalqımızın xilaskarı, bütün millətin
güvənci və fəxri kimi yetişdirdi. Ulu
Atatürkün gözəl kalamı var: “Böyük
uğurlar qiymətli anaların böyütdüyü
oğulların əməllərinin bəhrəsidir”. Ona
görə qadın, ana sağlamlığı və tərbiyəsi
işlərinə formal məsələ kimi yox, millətin gələcəyi
kimi baxmaq lazımdır.
Hesab edirəm ki, YAP
qadın şuralarının ümdə vəzifələrindən
biri müvafiq bölgələrdəki hərbi hissələrin
komandirləri, psixoloji-tərbiyə işləri ilə məşğul
olan zabitlərlə sıx əlaqələr yaratmaqdır. Söhbət
hərbi hissələrin daxili işlərinə amiranə
şəkildə qarışmaqdan getmir. Bizim qadın
şuraları da hərbi hissələrdə ilk növbədə,
əsgər anası səlahiyyətlərindən istifadə
etməlidirlər.
Ana olan yerdə ədalət olur— deyiblər. Bu bizim
həyatımızın bütün
sahələrinə aiddir.
Görülən işlərdən, nəticələrdən arxayınlaşmaq
olmaz. Həyatımızın bütün sahələrində,
xüsusilə icra orqanlarında qadınların
rolunu və fəaliyyətini gücləndirmək
lazımdır. Cəmiyyətin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının rəhbərliyi,
bütün Azərbaycan
qadınlarının ictimai
həyata daha fəal cəlb olunmasına köməklik
göstərməlidir. Gənclərlə işi gücləndirmək,
cavan qız və gəlinləri partiyamızın sıralarına
daha fəal cəlb etmək bu günümüzün tələbidir.
İnanıram ki, cəmiyyətimizin
bugünkü durumu siyasi və ictimai fəallığımızın
artması üçün təkan olacaqdır. Cəmiyyətimizdə
Prezident İlham Əliyevin qətiyyətli və
ardıcıl siyasəti nəticəsində inkişaf və
sabitlik hökm sürür. Lakin sürətlə dəyişən
həyat da gözlənilməz problemlər və
müşküllər ortaya qoyur. Bu problemlərin,
müşküllərin operativ, ağıllı həlli
sağlam cəmiyyət anlayışını meydana
atır.
Heydər Əliyevin “Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi
tərbiyə keçmiş illərdən daha çox
lazımdır” – aktual fikri vətəndaşların mənəvi
tərbiyəsinin nə qədər əhəmiyyətli məsələ
olduğunu bir daha sübuta yetirir.
Cəmiyyətin
sağlam mənəvi dəyərlər əsasında
inkişafı milli dövlətçiliyin daha etibarlı təməl
üzərində intişar tapmasına, insanların şəxsi
maraqlar deyil, ümumi məqsədlər ətrafında səfərbər
olunmasına stimul yaradan ən ciddi amillərdən biridir. Elə
isə qadın – ana kimdir? Gəlin, bu barədə dərindən
düşünək...
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının
sədri, filologiya elmləri
doktoru, professor
Xalq qəzeti.- 2009.- 1
may.- S. 3.