Abadlıq-quruculuq
işləri geniş
vüsət alır
Yazın gəlişi
ölkənin təsərrüfat sahələrinin işində
böyük canlanmaya səbəb olub. İndi
respublikamızın bütün şəhər və
rayonlarında genişmiqyaslı tikinti-quruculuq və
abadlıq işləri aparılır, səliqə-sahman
yaradılır. Görülən işlər isə sadəcə
olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə
və kəndlərimizin simasının daha da
yaxşılaşdırılmasına, baxımlı
olmasına xidmət edir. Bu da təsadüfi deyil.
Çünki ölkə Prezidentinin tikinti-quruculuq və
abadlıq işlərinin zövqlə, günün tələbləri
səviyyəsində aparılmasına dair göstəriş
və tövsiyələri tərəssüfat subyektlərinin
üzərinə böyük məsuliyyət qoyur. Məhz
buna görədir ki, son zamanlar ölkədə aparılan
abadlıq-quruculuq və yenidənqurma işləri zövq
oxşayır, şəhər, kənd və qəsəbələrin
simasına əlavə yaraşıq gətirir. Bu baxımdan
paytaxtın Nizami rayonunda görülən işlər, həyata
keçirilən tədbirlər də diqqəti cəlb edir.
Son illər
abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra
hakimiyəti rəhbərliyinin ən çox diqqət
yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək
lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə
rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə,
müəssisə və təşkilatları ilə
yanaşı, sakinlər də yaxından iştirak edirlər.
Artıq rayonda şənbə-bazar iməcilikləri ənənəvi
xarakter alıb. Həftəsonu keçirilən iməciliklər
zamanı rayonun bütün küçə və
meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə
səliqə-sahman işləri aparılır, ağac və
dekorativ bəzək kolları əkilir, mövcud
yaşıllıqlara qulluq göstərilir. Yeri gəlmişkən,
Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübünün
yekunlarına həsr olunmuş iclasında ölkə
Prezidenti İlham Əliyevin paytaxtda yaşıllıqların
salınması ilə bağlı konkret göstərişi
bu məsələdə qarşıya yeni vəzifələr
qoyur.
Rayonun ən iri
yaşayış sahəsi sayılan Keşlə qəsəbəsinin
siması da son zamanlar xeyli dəyişmişdir. Ərazisi 37,4
kvadratkilometr, əhalisi isə qeydiyyatsız yaşayanlarla
birlikdə təqribən 40-45 min nəfər təşkil edən
Keşlə Bakının ən qədim yaşayış sahələrindəndir.
Hazırda irili-xırdalı 300-dək müəssisənin fəaliyyət
göstərdiyi qəsəbə, həm də paytaxtın iri
sənaye zonalarından sayılır. Ötən il qəsəbədə
genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma
işləri aparılmış, sakinlərin üzləşdikləri
sosial problemlərin əksəriyyəti aradan
qaldırılmışdır. Belə ki, 2008-ci ildə əhalinin
qaz, elektrik enerjisi, içməli su ilə təminatı xeyli
yaxşılaşmış, sakinlərə göstərilən
poçt-rabitə xidmətinin səviyyəsi yüksəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə təsdiq olunmuş
“Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı”nda Keşlə qəsəbəsi
üzrə nəzərdə tutulmuş işlərin
uğurla yerinə yetirilməsi isə bütövlükdə
sakinlərə göstərilən kommunal xidmətlərlə
yanaşı, təhsil, səhiyyə və digər sahələrin
də işinə müsbət təsir göstərmişdir.
Ötən il qəsəbədaxili yolların
asfaltlaşdırılması, ensiz küçələrin
genişləndirilməsi, səkilərin yaradılması,
müasir avtobus dayanacaqlarının
quraşdırılması sakinlərin dərin
razılığına səbəb olmuşdur. 2008-ci ilin
sentyabr ayında Keşlə qəsəbə nümayəndəliyi
üçün inşa olumuş üçmərtəbəli
inzibati bina istifadəyə verilmiş, burada işçilərin
fəaliyyəti üçün hər cür şərait
yaradılmışdır. Bundan əlavə, qəsəbədə
570 yerlik xeyir-şər evi, poçt şöbələri
üçün yeni binalar, seçki məntəqələri
və s. obyektlər istifadəyə verilmişdir.
Yeri gəlmişkən,
ötən il Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının 15 illiyinə həsr olunmuş “Mənim
həyatım, mənim işim, mənim təhlükəsiz əməyim”
devizi ilə ölkəmizin 500-dək kənd və qəsəbə
icra nümayəndəliyi arasında keçirilmiş
respublika baxış müsabiqəsində ikinci yeri tutan
Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbə
nümayəndəliyi xüsusi diplomla təltif edilmiş və
nümayəndəliyə televizor hədiyyə edilmişdir.
Qəsəbədə
aparılan abadlıq-quruculuq və yenidənqurma işləri,
kommunal sahədə həyata keçirilən tədbirlər
bu gün də davam etdirilir. Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin
yaxından köməyi və diqqəti sayəsində
bütün işlər yüksək səviyyədə və
operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin
dərin razılığına səbəb olur. Qəsəbənin
elektrik təchizatının daha da
yaxşılaşdırılması məqsədilə son
zamanlar Pəhləvan Fərzəliyev və Mikayıl Əliyev
küçələrində yeni transformatorlar
quraşdırılmış, köhnə işıq dirəkləri
yeniləri ilə əvəz olunmuşdur. Hazırda isə
Nizami Abdullayev və Abdulla Mirzəyev küçələrinin
axşam və gecə saatlarında
işıqlandırılmasını təmin etmək
üçün müasir dirəklər basdırılır.
Bundan əlavə, Sabir və Puşkin küçələrində
yaşayan sakinlərin “mavi yanacaq”la təminatının
yaxşılaşdırılması üçün yeni qaz
xətti çəkilmiş, bu işlər hazırda da davam
etdirilir. Qəsəbənin kanalizasiya şəbəkəsinin
yenidən qurulması istiqamətində də lazımi
işlər görülür. Uzunluğu 3 kilometr olan mərkəzi
kanalizasiya xəttinin Keşlədən keçən 700
metrlik hissəsinin çəkilişi bu yaxınlarda
tamamlanmışdır. Bununla da, uzun illər kanalizasiya sistemi
olmayan Qafqaz küçəsində bu problem öz həllini
tapmışdır.
Keşlə sakinlərinin
içməli su ilə təminatının
yaxşılaşdırılması da rayon icra hakimiyyətinin
xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Bu
yaxınlarda qəsəbədəki Qurban Sadıq
küçəsində 1500 metrlik yeni su xəttinin çəkilişi
başa çatdırılıb. Bundan əlavə, köhnə
su boruları yeniləri ilə əvəz olunub. Qəsəbə
nümayəndəliyi tərəfindən sakinlərin sosial
problemlərinin həlli ilə bağlı da lazımi işlər
görülür. İlin əvvəlindən üç
şəhid ailəsinin evinin dam örtüyünün dəyişdirilməsi
üçün onlara lazımi materiallar verilib.
Xalqımızın ən
sevimli bayramı olan Novruzu yüksək səviyyədə
qarşılamaq üçün qəsəbədə
böyük abadlıq işləri görülmüş,
küçə və yollarda səliqə-sahman
yaradılmış, bardürlər rənglənmiş,
ağacların gövdələri
ağardılmışdır. Bununla yanaşı, bayram
günlərində qəsəbə sakinlərinin istirahətinin
təşkili üçün lazımi tədbirlər həyata
keçirilmiş, konsert proqramı təşkil olunmuşdur.
Qəsəbədə
yaşıllaşdırma tədbirlərinin həyata
keçirilməsi, küçə və prospektlər boyunca
xeyli sayda ağac və bəzək kolları əkilmişdir.
Təkcə Babək prospekti boyunca 4 minədək
ağacın əkilməsi burada yaşıllaşdırma
işlərinə böyük diqqət yetirilməsindən xəbər
verir.
Sakinlərə göstərilən
telefon rabitəsinin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində son
zamanlar xeyli iş görülmüş və bu tədbirlər
hazırda da davam etdirilir. Bu yaxınlarda isə Yafər Səfərov
küçəsində yeni elektron tipli ATS istifadəyə
veriləcək.
Son zamanlar qəsəbədaxili
yolların asfaltlaşdırılmasına diqqət getdikcə
artırılır. Təkcə ötən il ərzində
rayonun daxili imkanaları hesabına qəsəbənin A.Mirzəyev,
M.Ağayev, N.Abdullayev, K.Əfkari, Yenikənd, İ.Həbibov,
Y.Səfərov, 1-ci və 2-ci Köndələn küçələrinə
ümumilitkdə 50 min kvadratmetr asfalt örtüyü
salınmışdır. Yaxın günlərdə isə
digər küçələrə də asfalt
örtüyünün vurulmasına başlanılacaq. Bütün
bu tədbirlər paytaxtın qədim və iri
yaşayış sahələrindən olan Keşlə qəsəbəsini
daha abad, daha yaraşıqlı bir guşəyə çevirəcək.
Mirbağır YAUQBZADƏ
Xalq qəzeti.- 2009.- 1 may.- S. 5.