Yeni Dövlət
Proqramı — Azərbaycan
səhiyyəsi genişmiqyaslı
inkişaf yolunda
Artıq 2004—2008-ci illər
üçün qəbul edilən regionların sosial- iqtisadi
inkişafı Dövlət Proqramı uğurla həyata
keçirilmiş və ölkənin sosial-iqtisadi
inkişafı üçün yeni mərhələnin
başlanğıcı qoyulmuşdur. Əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəlməsinə nail olmaq məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası
regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında fərman imzalamışdır. 2004-cü ildə qəbul
edilən, ölkənin inkişafına müsbət təsir
göstərən Dövlət Proqramında, 2006—2007 - ci illərdə
Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
təkan verən Tədbirlər Planında və
regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilən digər sənədlərin uğurlu icrası nəticəsində
ölkədə bütün sahələrdə köklü
dəyişikliklər baş vermişdir.
Yeni iş yerləri və
müəssisələr yaradılmış, regionlarda kommunal
xidmət və sosial infrastruktur təminatının həcmi
və keyfiyyəti yüksəldilmiş, sahibkarlıq
mühiti daha da yaxşılaşdırılmış,
iqtisadiyyata investisiya qoyuluşları artmış, əhalinin
məşğulluq səviyyəsi yüksəlmiş və
yoxsulluq səviyyəsi azalmışdır.
Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş və bu
gün uğurla davam etdirilən sosial yönümlü siyasətin
tərkib hissəsi olan insanların
sağlamlığının qorunması dövlətimizin rəhbərinin
daim diqqət mərkəzindədir. Bütün sahələrdə
olduğu kimi, səhiyyə sahəsində də uğurlar əldə
edilmişdir. Qəbul edilən yeni Dövlət Proqramında
deyilir: “Azərbaycan Respublikasında əhalinin
sağlamlığının qorunması, tibbi xidmətin
keyfiyyətinin daha da yaxşılaşdırılması həyata
keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən
olaraq daim dövlətin diqqət mərkəzindədir. Son
illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə
sahəsinə də öz təsirini göstərmiş və
bu sahədə aparılan islahatlar nəticəsində əhalinin
sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm işlər görülmüş, o
cümlədən tibb müəssisələrinin maddi-texniki
bazası əsaslı dərəcədə
yaxşılaşdırılmışdır”.
Bu, həqiqətən də
belədir. Səhiyyə sahəsində irimiqyaslı layihələr,
görülən tədbirlər, ilk növbədə, ən
vacib istiqamətlərə yönəlmişdir. Yeni tibb
müəssisələri yaradılmış, onların maddi-
texniki bazası gücləndirilmişdir. Uzun illər ərzində
tibb müəssisələrinin böyük əksəriyyətində
müasir tələblərə cavab verməyən
avadanlıqlardan istifadə olunurdu. Bu da öz növbəsində
müalicə- diaqnostika prosesinin təşkilinə mənfi təsir
göstərirdi. İndi vəziyyət kökündən dəyişib.
Müasir avadanlıqlar, son model aparatlarla təmin edilən səhiyyə
ocaqları əhalinin ixtiyarına verilib. Bu gün hər
hansı müayinə və müalicə üçün
uzun yol qət edib rayonlardan paytaxta gəlməyə ehtiyac
yoxdur. Regionlarda təmir edilmiş, yeni tikilib istifadəyə
verilmiş xəstəxana və poliklinikalar, müalicə-
diaqnostika mərkəzlərində bütün növ xəstəliklərin
müayinə və müalicəsi üçün hər
cür şərait yaradılmışdır. Lənkəran,
Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə,
Naxçıvan, Şirvan şəhərlərində yeni
müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə
başlamışdır. Bir çox yerlərdə yeni
sağlamlıq ocaqları istifadəyə verilmişdir.
Sumqayıtda “Real-Med” diaqnostika sağlamlıq mərkəzi,
Xaçmazda “N-KAYM Klinik” özəl klinikası, Sabirabadda
“Muğan” klinikası, Naxçıvan Muxtar
Respublikasının Culfa rayonunda Mərkəzi Xəstəxana,
Babək rayonunda “Duzdağ” Fizioterapiya Mərkəzi və bir
sıra digər yeni tibb ocaqları tikilmiş və lazımi
avadanlıq, tibbi ləvazimatlarla təchiz edilərək əhalinin
istifadəsinə verilmişdir.
Bakıda xeyli sayda
poliklinika və xəstəxanalar təmir olunmuş, Xocasən,
Əhmədli və Bülbülə qəsəbələrində
yeni poliklinikalar inşa edilmiş, Buzovnada Vərəm Əleyhinə
Dispanser üçün 125 çarpayılıq yeni korpus
tikilmişdir. Bakıda ən iri tibb müəssisəsi olan
Klinik Tibbi Mərkəzdə irihəcmli əsaslı təmir
və yenidənqurma işləri aparılmış və əhalinin
istifadəsinə verilmişdir. Uzun illərdən bəri
tikintisi yarımçıq qalan Akademik Zərifə Əliyeva
adına Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun tikintisi
başa çatdırılmışdır. Prezidentin Ehtiyat
Fondundan ayrılmış vəsait hesabına Respublika Klinik
Uroloji Xəstəxanasında müasir böyrəkköçürmə
mərkəzinin yaradılması, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü və bilavasitə dəstəyi ilə
Talassemiya Mərkəzinin tikintisinin başa
çatdırılması səhiyyənin ən
ağrılı problemlərinin həlli yolunda görülən
işlərdəndir.
Ötən il Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan
Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi
konsepsiyası” qəbul edilmişdir. 2008-ci il fevralın 1- dən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində
olan bütün müalicə-profilaktika müəssisələrində
pullu tibbi xidmət ləğv edilmişdir ki, bu da aztəminatlı
ailələrin durumuna müsbət təsir göstərmişdir.
Qəbul edilən bu qərar əhalinin
sağlamlığının qorunması sahəsində
çox mühüm addım kimi dəyərləndirilməlidir.
Xeyli vaxtdır ki, xəstəxanalar daim istifadə edilən dərmanlarla
ardıcıl olaraq təchiz olunur. Ötən illə
müqayisədə bu il dərman xərclərinə
ayrılan vəsait 28 faiz artırılmışdır. Səhiyyə
Nazirliyi tərəfindən əhalinin dərman təhlükəsizliyinə
də ciddi nəzarət edilir. Respublikada yerləşən
bütün xəstəxanalarda mərkəzləşdirilmiş
mətbəx fəaliyyət göstərir.
Əldə edilən
nailiyyətlər, qazanılan uğurlar bunlarla
yekunlaşmır. Artıq xeyli müddətdir ki, Dünya
Bankının vəsaiti hesabına respublikada bütün həkim
məntəqələri, feldşer-mama məntəqələri,
poliklinikalar inkişaf etdirilir. Bu təcrübə 5 pilot
rayonda sınaqdan keçirilib və nəticə müsbət
olduğundan digər rayonlarda da tətbiq edilir.
Tibb elmi inkişaf etdikcə,
yeni aparatların tətbiqinə və bu sahədə
çalışanlara tələbat artır. Dünya təcrübəsi
ilə tanışlıq məqsədi ilə son 3 ildə 130
həkim xarici ölkələrdə treninq və seminarlarda
iştirak etmişlər. Çox sevindirici haldır ki,
Prezident İlham Əliyev tərəfindən Azərbaycan həkimlərinin
böyük bir qrupunun dövlət vəsaiti hesabına təcrübələrini
artırmaq məqsədi ilə Almaniya, Avstriya, İsveç
kimi Avropa ölkələrinin ən tanınmış
klinikalarına göndərilməsinə göstəriş
verilib. Mən özüm də dövlət vəsaiti
hesabına xarici ölkələrin klinikalarında təcrübə
keçənlərdənəm və bilirəm ki, bu qərar
həm hər bir həkimin arzusu olan, amma elə arzu olaraq qalan
istəyinin həyata keçməsinə imkan yaradacaq, həm
də Azərbaycan səhiyyəsinə və tibb elminə əvəzsiz
kömək olacaqdır.
Yeni Dövlət
Proqramına görə dövlətin maliyyə imkanları
çərçivəsində pulsuz səhiyyə xidmətləri
genişləndirilməli və keyfiyyəti
artırılmalı, əhalinin sosial cəhətdən aztəminatlı
təbəqələrinə tibbi yardımın göstərilməsi
ilə bağlı tədbirlər sistemi hazırlanmalı və
həyata keçirilməlidir. Anaların və yeni doğulan
uşaqların sağlamlığının qorunması da bu
yeni Dövlət Proqramında diqqətdən kənarda
qalmayıb. Analar və uşaqlar arasında qidalanmanın və
mikro-nutrientlərlə təminatın
yaxşılaşdırılması bu mühüm sənəddə
dövlət siyasətinin əsas istiqamətlərindən
biri kimi göstərilir.
Yoluxucu xəstəliklərin
qarşısının alınması məqsədilə
görülən işlərə respublikada gündən-
günə diqqət artırılır və bu sahədə
xeyli iş görülmüşdür. Təqdir
olunmalıdır ki, proqramda tibbi profilaktika tədbirlərinin əhatəliliyinin
və keyfiyyətinin yüksəldilməsi də nəzərdə
tutulur. Ölkə inkişaf etdikcə səhiyyəmizin
dünya səhiyyəsinə inteqrasiyası
yönümündə çox işlər
görülür. Səhiyyə sektorunun tələblərinə
uyğun olaraq tibbi kadr hazırlığının
planlaşdırılması, bütün dünya təcrübəsində
mövcud olan ailə həkimlərinin hazırlanması məsələsi
də ön plana çəkilir.
Proqrama uyğun olaraq səhiyyə
müəssisələrinin dərman və avadanlıq təminatının
yaxşılaşdırılması məqsədilə tibb sənayesi
müəssisələrinin yaradılmasının və fəaliyyətinin
tənzimlənməsi dövlət tərəfindən dəstəklənəcək
və bu işə hər cür köməklik göstəriləcəkdir.
Bir çox rayonlarda yeni səhiyyə müəssisələri
inşa ediləcək, ehtiyacı olanlar təmir edilərək,
zəruri avadanlıqlarla təmin olunacaq ki, bu da əhalinin
yerlərdə keyfiyyətli müayinə və müalicəsinə
şərait yaradacaq.
Bütün bunlar onu deməyə
əsas verir ki, Azərbaycan səhiyyəsinin
inkişafında və keyfiyyətinin əhəmiyyətli dərəcədə
artmasında səhiyyənin ağrılı problemlərinin
həllinə yönəlmiş dövlət proqramları həmişə
çox böyük rol oynamış və qəbul edilən
yeni proqram da bu sahədə əldə edilən nailiyyətlərin
daha genişmiqyaslı olmasına kömək edəcək.
Rasim QƏHRƏMANOV,
Respublika Neyrocərrahlıq
Xəstəxanasının maqnit-rezonans
tomoqrafiyası şöbəsinin müdiri,
tibb elmləri namizədi
Xalq qəzeti.- 2009.- 1 may.- S. 5.