Sahibkarlığa dövlət dəstəyi güclənir

 

Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir ki, sosial-iqtisadi sahələrdə əldə edilən uğurlarımızın əsas səbəbi iqtisadi və siyasi islahatlar, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, ölkə daxilində yaranmış vətəndaş birliyi və xarici investorların Azərbaycana çox etibarlı ölkə kimi baxmalarıdır. Bunun növbəti əlamətini biz bu yaxınlarda Bakıda 300 milyon avrodan çox dəyərində yeni sement zavodunun təməlqoyma mərasimində gördük.

İndiki durumda bütün sənaye müəssisələri dayanır, ixrac dayanır, investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda likvidlik, demək olar ki, çox aşağı səviyyədədir. Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik. Sözügedən iclasda vurğulanmışdır ki, qlobal iqtisadi böhran əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsi ilə, o cümlədən ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin azalması, işsizliyin kütləvi xarakter alması, ciddi likvidlik çatışmazlığı kimi problemlərlə müşahidə olunur.

Lakin həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və ekspertlər Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi böhranına dayanıqlığını birmənalı ifadə etmişlər. Belə ki, Dünya Bankı mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşıladığını, böyük təsirlərə məruz qalmayacağını və maliyyə sektorunun böhrandan qaça bildiyini göstərmişdir. “Fitch Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini və yalnız Azərbaycanda iqtisadi artım olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə bu artımı 8 faiz proqnozlaşdırmışdır.

Maliyyə böhranının ölkəmizə belə zəif təsiri təsadüfi deyil. Çünki iqtisadiyyata yönəldilən resursların səmərəli istifadəsi, investisiya layihələrinin prioritetliyinin müəyyən edilməsi, sahibkarlığa dövlət dəstəyinin, istehlak bazarına nəzarətin və antiinhisar tədbirlərinin gücləndirilməsi, dövlət vəsaitlərindən istifadəyə nəzarət qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin azaldılmasına səbəb olmuşdur. Bu tədbirlərin həyata keçirilməsi, eləcə də əvvəlki illərdə aparılmış uğurlu siyasət nəticəsində cari ilin birinci rübündə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz artmışdır.

Yeri gəlmişkən, digər iqtisadi göstəricilərə də diqqət yetirək. Bu ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının istehsalı 4,3 faiz, ümumi yük daşımalarının həcmi 1,1 faiz, qeyri-neft yük daşımalarının həcmi 5 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz artmışdır. Yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 2 milyard 418 milyon dollar təşkil etmişdir. Bu dövrdə ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi isə 1 faiz azalmışdır.

Yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 2 milyard 522 milyon manat ya 92 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 537,6 milyon manat ya 27,1 faiz çox olmuşdur. Dövlət büdcəsinin xərcləri 2 milyard 345 milyon manat ya 97,9 faiz icra edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 972 milyon manat ya 70,8 faiz çoxdur.

Bu ilin birinci rübündə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir. Bundan başqa, əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır. Son aylar ərzində qiymətlərin aşağı düşməsi əhalinin real gəlirlərinin alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərmişdir.

Bundan başqa, yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə ya 521 milyon manat çoxdur. Hazırkı qlobal iqtisadi böhran şəraitində investisiya qoyuluşları, eləcə onun sahəvi regional strukturunun düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

İndiki dövrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Özəl bölməyə dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilir, iş adamlarının güzəştli kredit almaq şərtləri sadələşdirilir, süni maneələr aradan qaldırılır. Bunun nəticəsində rüb ərzində istehsal və emal sahələri üzrə 99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin 9,7 milyon manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən verilmiş kreditlərin məbləği 2 dəfə, investisiya layihələrinin sayı isə 3,6 dəfə artmışdır.

Son illər iqtisadiyyatın balanslaşdırılmış şəkildə inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi üzrə həyata keçirilən tədbirlər nəticəsində xüsusi müəssisələrin sayı artmış və bu, registrdə qeydə alınmış statistik vahidlərin 77,7 faizini təşkil etmişdir.

Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında türkiyəli sahibkarların payı 29,3 faiz təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 12,7 faiz, Rusiya üzrə 7,4 faiz, ABŞ üzrə 6,3 faiz, İran üzrə isə 6,4 faizdir.

Xatırladaq ki, həmin müəssisələrin 54,6 faizi Bakıda, qalan hissəsi isə regionlarda fəaliyyətə başlamışdır.

Bu ilin birinci rübündə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 278 minə çatmışdır. Hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 1 may.- S. 5.