Heydər Əliyev Azərbaycan dövlətçiliyində qadın siyasəti

 

Atatürk Mərkəzində Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (MİMHİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın siyasəti” mövzusunda elmi-praktik konfrans keçirdi.

Tədbiri giriş sözü ilə MİMHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq ulu öndərin Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən söz açdı, 10 may tarixini xalqımızın yaddaşında əbədi həkk edilən əlamətdar gün kimi qiymətləndirdi və dedi ki, gələcək nəsillər bizə həsədlə baxacaq. Çünki biz elə bir dahi şəxsiyyətlə eyni dövrdə yaşamış, işləmiş və həmin dahinin gördüyü işlərin şahidi olmuşuq ki, dünyada ona bərabər tutulan şəxsiyyət olmayıb. “Biz artıq neçə ildir ki, belə elmi-praktik konfranslar təşkil edirik. Gündən-günə Heydər Əliyevin necə fenomenal, müdrik bir siyasətçi, güclü lider olduğunu daha aydın görürük. O, hər şeyə diqqət yetirir və hər kəsin gördüyü işlə maraqlanırdı, o cümlədən qadınlarla. Hakimiyyətdə olduğu sovet dönəmində o, qadınlara çox böyük qiymət verir, onların müxtəlif vəzifələrə irəli çəkilməsini istəyirdi. Zavod rəhbərləri, institut rektorları, yerli və ali sovetlərə deputat yerlərinə qadınların seçilmələrini tövsiyə edirdi”.

C. Səttarova ümummilli liderin Azərbaycana ikinci dövr rəhbərliyində də qadınlara xüsusi diqqət ayırdığını qeyd etdi. Bildirdi ki, 1998-ci ildə Respublika Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadınlarımız beynəlxalq Pekin konfransında iştirak etdilər. Gender bərabərliyi məsələsi önə çəkildi. Qadın siyasətinə dair proqram qəbul edildi. Bütün bunlar isə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dünya dövlətlərinə Azərbaycanı məhz Heydər Əliyev tanıtdı, saydırdı və bir çox siyasi məsələlərdə öz qəti sözünü deyə bildi. Sonra natiq ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən danışdı, gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı, qadın siyasətinin hüquqi bazası, ulu öndərin bu istiqamətdə imzaladığı sənədlərin, qəbul edilmiş hüquqi aktların əhəmiyyəti, dahi şəxsiyyətin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanıb həyata keçirilən proqram və layihələrdən söz açdı.

Konfransda səslənən bütün məruzələrdə bir fikir ana xətt kimi keçirdi. Heydər Əliyev dahilərin dahisidir. Onun qurduğu dövlət, yaratdığı siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ulu öndərin “Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli, namuslu qadındır” kəlamı hər bir qadın üçün örnək deyimdir.

Konfransın sonunda Cəmilə Səttarova Azərbaycan qadınının cəmiyyətin həyatında oynadığı fəal roldan, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bir qadın, ana olaraq gördüyü böyük xeyriyyəçilik xidmətlərindən danışdı.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 1 may.- S. 5.